Bakı daha bir möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır

Bakı daha bir möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır



Xəbər verdiyimiz kimi, Bakı şəhəri 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bununla bağlı İslam Həmrəyliyi İdman Federasiyasının Dəyərləndirmə Komissiyası paytaxtımızda səfərdədir.
Səfər çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin İşçi Qrupunun hazırlamış olduğu namizədlik kitabının geniş təqdimatı keçirilib. Qeyd edək ki, namizədlik kitabı Bakı şəhərinin oyunların keçirilməsində əsas məqsəd və vəzifələri, Azərbaycan Respublikasının siyasi və iqtisadi mühiti, oyunların keçirilməsi üçün hüquqi aspektlər, immiqrasiya və gömrük məsələləri, namizəd şəhərin ətraf mühit göstəriciləri, maliyyə, marketinq və kommunikasiya, yaşayış yerləri, nəqliyyat, şəhərin təhlükəsizliyinin qorunması və namizəd şəhərdə tibb müəssisələrinin vəziyyəti və anti-dopinq adlı hissələrdən ibarətdir. Eyni zamanda, namizədlik kitabında bir sıra dövlət və özəl strukturlar, o cümlədən, Azərbaycanın müxtəlif idman federasiyaları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı zəmanət məktubları da öz əksini tapıb. Artıq Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas şüarı da seçilib: "Həmrəylik bizim gücümüzdür”. Azərbaycanın milli ornamentləri və rəng çalarlarını özündə ehtiva edən ilkin loqotip də hazırlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama görə, Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.
Mayın 23-də "Hilton” hotelində Bakı şəhərinin 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı mətbuat konfransı keçirildi.
Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Feysəl Əbdüləziz Əl-Nəssar, İHİF-in İcraiyyə Komitəsinin üzvü, Misir Ərəb Respublikasının Milli Olimpiya Komitəsinin prezidenti Əhməd Fuli Səyyad, baş katibin müavini Əlyəssar İbrahim Saleh və digər qonaqlar iştirak edirdilər. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov giriş sözü ilə çıxış edərək 2017-ci il IV İslam Həmrəyliyi Oyunları ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyasının Dəyərləndirmə Komissiyasının keçirdiyi iclas barədə məlumat verdi:
- Bildiyiniz kimi, 2012-ci ildə Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən İslam Həmrəyliyi Oyunlarının İcraiyyə Komitəsində Azərbaycanın namizədliyi irəli sürülüb. Həmin iclasda Azərbaycan nümayəndə heyəti tərəfindən təqdimat hazırlanıb. Bunun nəticəsində İcraiyyə Komitəsinin qərarı ilə Bakı şəhəri yeganə namizəd şəhər kimi təsdiq olunub. Bu işlərlə bağlı son qərar iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək qurumun Baş Assambleyasında təsdiq olunmalıdır. Həmin mərasimdə də Azərbaycan öz təqdimatını nümayiş etdirəcək. Şübhəsiz ki, belə mötəbər tədbirlər ərəfəsində ekspertlər namizəd şəhərə səfər edərək, onun ümumi vəziyyəti ilə tanış olurlar. İHİF-in ekspert qrupu artıq Bakıdadır. Ekspertlər paytaxtımızda olan şərait və idman qurğuları ilə tanış olublar. Onların rəyindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan İslam Həmrəylik Oyunlarını keçirmək üçün tam hazırdır. Qeyd edim ki, bu oyunlardan əvvəl 2014-cü ildə Bakıda dünya idman jurnalistlərinin konqresi keçiriləcək. Bu da ölkəmiz üçün çox böyük bir təcrübədir. 2015-ci ildə Bakı həm Avropa oyunları, həm də şahmat üzrə Dünya kubokuna ev sahibliyi edəcək. 2016-cı ildə isə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarışda 170 ölkədən 230-dan artıq komandanın iştirakı gözlənilir. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Azərbaycanda təşkil olunacaq. Bu yarışlar bizim üçün çox böyük təcrübə olacaq. Bakıya gələn ekspertlərin rəyi bizim üçün çox vacibdir. Biz çalışırıq ki, növbəti konqreslərdə də Bakı şəhərinin yarışlara hazırlığı Ekspert Komissiyası tərəfindən yüksək səviyyədə qiymətləndirilsin. İslam Həmrəyliyi Oyunları kompleks idman yarışları hesab olunur. Yəni bu oyunlarda bir idman növü deyil, bir sıra idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Bu yarışlara həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri daxildir. Biz İslam Oyunlarının çərçivəsində islam ölkələrinin film və mətbəxt festivallarını da təşkil etməyi nəzərdə tutmuşuq. Çalışırıq ki, bu yarış təkcə idmana aid tədbir olmasın. Düşünürəm ki, burada islam ölkələrinin mədəniyyətləri və insanlarının birliyi mühüm rol oynayacaq. İslam Həmrəyliyi Oyunlarına gələn idmançılar və qonaqlar hotellərdə və universitetlərin şəhərciklərində məskunlaşacaqlar. Bunun üçün zəruri tədbirlər görülür. Azərbaycanda olan idman qurğuları bizim bir çox nüfuzlu yarışlara ev sahibliyi etməyimizə imkan yaradır. Hesab edirəm ki, İslam Oyunları ilə bağlı yeni qurğuların inşa edilməsinə ehtiyac olmayacaq.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Feysəl Əbdüləziz Əl-Nəssar Azərbaycanın qısa zaman ərzində böyük inkişaf yolu keçdiyini bildirdi. "Bakıda bunun şahidi oldum. Ölkənizdə idmana xüsusi diqqət var. İstənilən böyük miqyaslı yarışların keçirilməsi üçün Azərbaycan ən layiqli namizəddir. Biz inanırıq ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq. Ölkəniz buna layiq olmaqla yanaşı, həm də qadirdir. Sizə uğurlar arzulayıram”, - deyə baş katib əlavə etdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda cəmiyyət tərəfindən yüksək qarşılandığını bildirdi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu oyunların Bakıda keçirilməsi üçün seçim məsələlərinə hazırlıqla bağlı işlər aparılır. Keçən il Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının İcraiyyə Komitəsinin iclasında Bakının namizədliyi qəbul olundu. Biz istərdik ki, İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti kütləyə geniş şəkildə çatdırılısın, onlara bu oyunlar barədə məlumat verilsin. Şübhəsiz ki, bu, KİV nümayəndələrindən asılıdır. Qeyd edim ki, 57 ölkə İslam Həmrəylik İdman Federasiyasının üzvüdür. Bu ölkələrə İslam Oyunlarında iştirak emək üçün dəvətnamə göndərilir. İslam Oyunlarında hər bir ölkə komandasının heyətini özü müəyyənləşdirir. İstənilən idmançı bu yarışlarda mübarizə apara bilər. Bu yarışlarda iştirak etmək istəyən heç bir ölkənin qarşısına öhdəlik qoyulmur. Qəbul olunmuş ilkin razılığa əsasən, hələlik, voleybol, üzgüçülük, gimnastika, həndbol, ağırlıqqaldırma, cüdo, güləş, taekvondo, karate, stolüstü tennis, basketbol, futbol, tennis və atletika idman növləri oyunların proqramına daxil edilib. Biz bu yarışa paralimpiyanın atletika, cüdo və taekvondo növlərini də daxil etmişik. Yarışlarda həmçinin zorxana növü də olacaq.
Məlumat üçün bildirək ki, İslam Həmrəyliyi İdman Federasiyası 57 ölkəni özündə birləşdirən bir təşkilat olmaqla yanaşı, həm də İslam Həmrəyliyi Oyunlarını istiqamətləndirən və ona nəzarət edən bir qurumdur. İslam ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyi gücləndirmək məqsədini daşıyan oyunlar 4 ildən bir keçirilir.