“Gələcəyə birlikdə” layihəsinə həsr olunmuş tədbir keçirildi

“Gələcəyə birlikdə” layihəsinə həsr olunmuş tədbir keçirildi


İyunun 29-da Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbində Milli Olimpiya Komitəsinin, Ədalətli Oyunlar Komissiyasının və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Gələcəyə birlikdə” layihəsi çərçivəsində tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Mərasimi giriş sözü ilə açan MOK-un vitse-prezidenti Xəzər İsayev tədbir iştirakçılarını salamlayaraq idmanın inkişafından danışdı.
"Bildiyiniz kimi, Azərbaycanda Ədalətli Oyunlar Hərəkatı çox geniş mövqedə öz işini həyata keçirir. Ədalətli Oyunlar Komissiyası həyatda, təhsildə və idmanda ümumiyyətlə, ədalət prinsiplərinə sədaqətlə qulluq etmək, sadiq olmaq, nizam-intizam qaydalarına riayət etmək istiqamətində inkişaf edən bir təşkilatdır. Bu hərəkat dünyada da çox geniş yayılıb. Biz Avropa Ədalətli Oyunlar Assambleyasının XV konqresini Bakıda keçirmişik. Bu böyük tədbir Avropanın 26 ölkəsinin nümayəndəsini Bakıya toplamışdı. Ədalətli Oyunlar Komissiyası həm də Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən bir təşkilatdır. Azərbaycan Respublikasının Prezidentı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu hərəkata çox böyük diqqət yetirir. İnsanların hər birinin atdığı addım, həyatda tutduğu mövqeyə ədalət naminə baxılır və qiymət verilir. Möhtərəm Prezidentimiz respublikamızın quruculuğunda və idman aləmində çox mühüm addımlar atıb. Bunun üçün də qeyd etdiyim konqresdə cənab İlham Əliyevə ilk dəfə təsis olunmuş Avropa Ədalətli Oyunlar Komissiyasının ordeni verildi. Bu cənab prezidentimizlə yanaşı xalqımıza verilən dəyərdir. Biz hər il Avropa Ədalətli Oyunlar Hərəkatında çıxış edirik. Mən və məsul katibimiz Səlhət Abbasova birlikdə bu tədbirlərdə iştirak edirik və Azərbaycanda gedən bu ədalətli oyun prinsiplərini həm yazılı, həm də şifahi şəkildə orada iştirak edən insanlara çatdırırıq. Ədalətli Oyunlar Komissiyasının rəhbəri kimi çalışırıq ki, Azərbaycanda da tez-tez belə tədbirlər keçirək. Bunun üçün də ali təhsil məktəblərində görüşüb və özümüzün təsis olunmuş nominasiya və diplomları veririk. Bu tədbirdən əvvəl də qol-bol oyununu izlədik. Milli Olimpiya Komitəsinin vitse-prezidenti olaraq bu oyunu çox bəyəndim. Hesab edirəm ki, bu idman növünü respublikada genişləndirmək lazımdır. Bundan əlavə, bu oyun paralimpiya idman növünə aiddir. Bunun üçün də bu oyuna bir qədər də diqqət ayırmaq lazımdır. Əsas məqsədimiz bir məktəblə deyil, bir neçə məktəblə əməkdaşlıq edərək, imkanları genişləndirməkdən ibarətdir. Bu gün bu tədbirdə bizimlə birgə iştirak etdiyi üçün ikiqat paralimpiya çempionu İlham Zəkiyevə təşəkkürlərimi bildirirəm. İlham Zəkiyev vətən üçün öz sağlamlığından keçib. O, Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda və paralimpiya oyunlarında yüksək səviyyədə təmsil edir. Bunun üçün də biz İlham Zəkiyevə borcluyuq. Onu da qeyd edim ki, Heydər Əliyev Fondu tərəfindən İlham Zəkiyevə yeganə idmançı olaraq "Qızıl çinar” mükafatı təqdim olunub. Bu da Milli Paralimpiya Komitəsinin idman sahəsində əldə etdiyi uğurlardan biridir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova Ədalətli Oyunlar Komisiyası ilə ikitərəfli müqaviləyə qol çəkdiyi üçün təşəkkürümü bildirirəm. İnanıram ki, bu gün burada qoyulan bünövrə, gələcəkdə bizi bir-birimizə daha da yaxınlaşdıracaq.
Daha sonra çıxış üçün söz ikiqat paralimpiya çempionu İlham Zəkiyevə verildi. İlham Zəkiyev də tədbir iştirakçılarını salamlayaraq, tədbirlə bağlı fikirlərini bildirdi.


- Ümummilli liderimiz Heydər Əliyev tədbirlərin birində çıxışı zamanı belə bir söz işlətmişdi: "Mən elə bir sahə tanımıram ki, Azərbaycanın atributlarını idman kimi təmsil eləsin”. Biz, o peşənin sahibiyik. Bunun üçün də bütün gücümüzlə çalışırıq ki, Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyaq. Bu gün Azərbaycanda idmana yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu diqqət və qayğı məhz idmançıların yaxın dostu cənab İlham Əliyevin adı ilə bağlıdır. Hər zaman yarışlardan vətənə dönəndə bizi yüksək səviyyədə qarşılayırlar, qələbələrimizə qiymət verirlər. Bu da biz idmançıları yeni qələbələr qazanmağa sövq edir. Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandırdığım üçün qürur hissi duyuram.
Azərbaycan Ədalətli Oyunlar Komissiyasının baş katibi Səlhət Abbasova Əlillərin problemlərindən və onların həlli yollarından söz açdı. "Əlillərin problemlərinin həlli ölkəmizdə tam şəkildə dövlətimizin diqqəti altındadır. Fiziki və əqli cəhətdən məhdudiyyətləri olan insanların idman sahəsində əldə etdiyi uğurlar da bu diqqətin bilavasitə göstəricisidir. Aparılmış tədqiqatlar göstərir ki, əlillərin öz imkanlarını həyatda lazımınca göstərə bilməməsinin əsas səbəbi insanların onlara olan münasibətlərinə, mənəvi, maddi və fiziki dəstək olmamasıdır. Azərbaycan Milli Olimpiya Komitəsinin, Ədalətli Oyunlar Komissiyasının və Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Gələcəyə birlikdə” layihəsi imzalanıb. Layihənin əsas məqsədi əlillərin problemlərinə diqqət yönəltmək, onların əlilliyi olmayan digər insanlar kimi mövcud hüquqlarından səmərəli şəkildə istifadə edə bilmələrini təmin etməkdir. Mövcud olan psixoloji, sosial və hüquqi sədlərin aradan qaldırılmasına çalışmaq, yetişməkdə olan gənc nəslin cəmiyyətin sosial ictimai həyatında bir vətəndaş kimi fəal iştirak etməyə sövq etmək, o cümlədən ədalətli oyun prinsiplərinin bərqərar olunması üçün şərait yaratmaq, əlilləri bədən tərbiyəsi və idman fəaliyyətlərinə cəlb etmək, onlarda ruh yüksəkliyi, özünə inam hisslərini yüksəltmək, eləcədə əlil idmanının inkişaf etdirilməsi və Paralimpiya milli komandasına layiqli idmançıların yetişdirilməsinə nail olmaqdan ibarətdir. "Gələcəyə birlikdə” layihəsinin 2 əsas iştirakçı tərəfi var. Burada hər iki kollektivin rəhbərləri, eləcə də nümayəndələri iştirak edirlər. 5- saylı Gözdən Əlillər üçün İnternat Məktəbinin direktoru Namidar Hüseynquliyev və Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov. Hər iki kollektivin rəhbərləri "Gələcəyə birlikdə " adlı layihəyə qoşularaq bədən tərbiyəsi və idman sahəsində sıx dostluq və əməkdaşlıq etməklə idmanın fiziki və mənəvi dəyərlərindən qarşılıqlı faydalanmaqdan məmnunluq duyduqlarını, bu sahədə əməkdaşlıq edəcəklərini bildirirlər”.
Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov bunları dedi: "Biz bu gün əlamətdar bir hadisənin şahidi oluruq. Bu cür təhsil müəssisələrində çox az oluruq. Dünyada enklüziv təhsil deyilən bir anlayış var. Sağlamlığı məhdud olan övladlarımızın cəmiyyətin digər üzvlərinin, təbəqələrinin arasında tez-tez olması çox vacib şərtdir. Milli Olimpiya Komitəsinin vitse-prezidentinin, paralimpiya çempionumuzun burada iştirakı, digər ictimai təşkilatların nümayəndələrinin, jurnalistlərin maraq göstərməsi buna sübutdur. Bu cür işlərin, belə layihələrin böyük gələcəyi var. Hesab edirəm ki, gələcəkdə yalnız idman yarışları yox, intellektual əyləncəli yarışlar da keçiriləcək.
Sonra söz 5 saylı gözdən əlillər üçün internat məktəbinin direktoru Namidar Hüseynquliyevə verildi. "Bizim məktəbimiz 1936-cı ildən fəaliyyət göstərir. Şagirdlərimiz paralimpiya yarışlarında qol-bol oyunu ilə ölkəmizi dünyaya tanıdırlar. Milli Olimpiya Komitəsinə əlillərimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.
Çıxışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi.
Azərbaycan İdmanında ədalətli oyunlar prinsiplərinə sadiqlik nümayiş etdirdiyinə görə ikiqat paralimpiya çempionu İlham Zəkiyev, idman hakimliyi fəaliyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə Şaiq Həmidova mükafat təqdim edildi. Digər bir mükafat isə paralimpiya hərəkatının yüksək inkişafını təmin etdiyinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinə verildi.
Tədbir bədii hissə ilə davam etdi.

Azər Əlizadə,
Fərid Ələkbərli