Gənc məşqçi-müəllimlərə metodiki tövsiyyələr

Gənc məşqçi-müəllimlərə metodiki tövsiyyələr

Güləşçinin texniki hazırlığı
Güləşin baza texnikası
Güləşin baza texnikası və baza fəndləri dedikdə, müxtəlif təsnifat qruplarından olan mütləq hərəkətlərin və fəndlərin minimal həddi nəzərdə tutulur.
Baza texnikasına aşağıdakılar daxildir:
1. Duruşlar
2. Məsafələr
3. Yerdəyişmələr
4. Tutmalar
5. Fəndlər
6. Müdafiələr
7. Əks fəndlər
8. Kombinasiyalar
Müdafiələr
Müdafiələrin güləşin baza texnikasında özünəməxsus yeri vardır. Hər bir güləşçi hücuma keçib gözəl fənd işlədə bilər. Lakin o, lazım gəldikdə, güclü rəqiblərindən ağıllı müdafiə olunmağı da bacarmalıdır.
Əlbəttə, müdafiə texnikası da fəndlər kimi daim araşdırmalar tələb edir. Bu, yeni meydana gələn hər bir fəndə qarşı yeni-yeni müdafiə üsulları hazırlanması üçün vacibdir. Ona görə də müdafiə üsulları məşqlərdə daim öyrədilir və təkmilləşdirilir.
Güləşmədə müdafiə, rəqibin hücumlarının qarşısını almağa yönəldilmiş fəaliyyətdir.
Eyni zamanda, müdafiə rəqibin fəndinə, əks fəndinə və tutmasına qarşı maniçilik törədən texniki fəaliyyət kimi qiymətləndirilir.
Güləşmədə müdafiə iki cür olur:
a. Fəal müdafiə
b. Qeyri-fəal müdafiə
Fəal müdafiə rəqibin hücumlarını dəf etmək və əks hücum üçün əlverişli şərait yaratmağa yönəlmiş fəaliyyətdir.
Bu görüş ərzində aşağıdakı cəhətlərdə özünü biruzə verir:
- görüşdə rəqibə fəal mane olmaqla müdafiə;
- mübarizədə fənd işlətməyə cəhd etmək məqsədi ilə fəallıq göstərmək;
- ardıcıl hücumlarla rəqibi çaşdırmaqla müdafiə olunmaq;
- xalcada ərazi üstünlü əldə etmək üçün duruş vəziyyətlərini və tutmaları tez-tez dəyişməklə müdafiə olunmaq.




Qeyri fəal müdafiə:
- görüşdə fənd işlədirmiş kimi, bilərəkdən parter vəziyyətinə düşməklə qeyri-fəallıq göstərmək;
- aşağı duruş vəziyyətində durmaqla müdafiə olunmaq;
- görüşdə qeyri-fəallıq göstərərək aşkar şəkildə rəqibi itələyərək xalçadan çıxarmaq;
- rəqibin hər hansı bir bədən nahiyyəsindən (qolundan, ayağından, boynundan, belindən, barmaqlarından və s.) tutaraq durmaqla görüşdə qeyri-fəallıq yaratmaq.
Güləşmədə müdafiə texnikası mürəkkəbliyinə və müdafiə üsullarının, müdafiə hərəkətlərinin çoxluğuna görə iki qrupa bölünür.
1. Rəqibin məlum fəndinə qarşı müdafiə;
2. Rəqibin bütün fəaliyyətinə qarşı müdafiə
Rəqibin məlum fəndinə qarşı müdafiə qabaqcadan hazırlanmış müdafiə üsulu kimi diqqəti cəlb edir. Bu, işlədiləcək fənddən asılı olaraq, ayaq üstə və parter vəziyyətində həyata keçirilə bilər. Bu cür müdafiə üsulu (üsulları) məşqlərdə təkmilləşdirilərək icrası yüksək səviyyəyə çatdırılır. Əlbətə, fəndinə qarşı müdafiə olunmaq hər bir idmançıdan görüş zamanı rəqibi hiss etmək, sürət, cəldlik, kondinasiya və fiziki güc tələb edir. Müdafiənin lazımi səviyyədə alınması isə, müdafiənin vaxtında, düzgün və inamlı icrasından asılıdır.
Rəqibin bütün fəaliyyətinə qarşı müdafiə görüşdə tam qeyri-fəallıq kimi özünü biruzə verir. Belə halda, güləşçi, adətən, alçaq duruş vəziyyətində və rəqibdən uzaq məsafədə dayanmaqla müdafiə olunmağa çalışır. Bu, mütəxəssislər tərəfindən düzgün seçim sayılmır, daha doğrusu, güləşçinin rəqibdən qorxmasından xəbər verir.
Fəndən asılı olaraq, müfaiə işlədilən fəndin əvvəlində, ortasında və ya axırında tətbiq oluna bilər. Görüşlərdə, adətən, fəndin əvvəlində işlədilən müdafiəyə daha çox təsadüf olunur ki, adətən, onun tətbiqi çox güc tələb etmir. Belə müdafiələr bədənin müxtəlif hissələrinin (gövdəni, qolu, başı, ayağı və s.) vəziyyətlərini dəyişməklə və yaxud çox sadə bir müdafiə üsulu, sadə hərəkətlər edilə bilər. Bu zaman rəqibin fikrini duymaq, onu hiss etmək daha yaxşı nəticə verir.
Gənc məşqçi-müəllimlər və güləşçilər unutmamalıdırlar ki, sərbəst güləşdə əsas müdafiələrdən biridə güləşçini qıçından müdafiə olunma bacarığıdır. Onuda unutmaq olmaz ki, bu müdafiə çətin və çətin olduğu kimi ən vacib texniki-taktiki hərəkət sayılır.
Əgər güləşçi müxtəlif vəziyyətlərdən hər iki qıçını mükəmməl müdafiə etməyi bacarmırsa onda o, heç vaxt yüksək nailiyyətlər əldə etməyə ümüd bəsləyə bilməz. Bunun üçün güləşçinin qıçlarının güclü və dözümlü olması vacibdir.
Sərbəst güləşdə ayaq üstə üç üsulda müdafiə vardır.
a. Ayaqların köməyi ilə müdafiə
b. Əllərin köməyi ilə müdafiə
c. Gövdənin köməyi ilə müdafiə

Sərbəst güləşdə qıçların əsas müdafiə üsulları.
- Sağ qıçı geri çəkərək sağ qolla çiyindən rəqibi qarşılamaqla müdafiə.
- Sol qıçı geri çəkərək sol qolla çiyindən rəqibi qarşılamaq müdafiə.
- Qıçları eyni vaxta geri çəkərək müdafiə.
- İki əllə rəqibin sağ tərəfdən qolunu tutaraq yükləməklə müdafiə.
- İki əllə qəribin sol tərəfdən qolunu tutaraq yükləməklə müdafiə.
- Sağ tərəfli alcaq əyilmiş druşla müdafiə.
- Sol tərəfli alçaq əyilmiş duruşla müdafiə.
- Frontal duruş vəziyyətində alçaq əyilmiş duruşda müdafiə.
- Aktiv manevr etməklə müdafiə.

Hümbət Cavadov,
6 saylı Uşaq-gənclər
Güləş İdman
məktəbinin
təlimatçı-metodisti,
sərbəst güləş üzrə
SSRİ idman ustası