Sağlam həyat tərzi hər birimizin haqqıdır

Sağlam həyat tərzi hər birimizin haqqıdır

Uşaq və yeniyetmələrin, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi cəmiyyət üçün ən vacib şərtlərdən sayılır. Ölkəmizdə idmana böyük diqqət və dəstək var. Valideynlər övladlarının idmanla məşğul olmasına, uğurları ilə tanınmasına böyük həvəslə yanaşırlar. İstər oğlan, istərsə də, qızların idmanla məşğul olması üçün heç bir maneə yoxdur. Bunun nəticəsidir ki, Azərbaycan idmanını dünyada tanıtdıranlar arasında oğlanlarla bərabər, qız atletlərin sayı da az deyil. Dünya, Avropa və Olimpiya Oyunlarında, festivallarda və digər beynəlxalq yarışlarda iştirak edən xanım idmançılarımız böyük uğurlara sahib olublar.

Tarixə nəzər salsaq görərik ki, elm və incəsənət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də Azərbaycan qadınları çətin və mürəkkəb yol keçiblər. Vaxtı ilə bəzi qurumların rəhbərləri azərbaycanlı qadınların səhnəyə çıxmasına, yaxud idmanla məşğul olmasına hər vasitə ilə mane olurdular. Bu maneələri aradan qaldırmaq və bədən tərbiyəsi ilə məşğul olmaq hüququ qazanmaq üçün Azərbaycan qadınlarından böyük qüvvə, iradə və fədakarlıq tələb olunurdu.
Müstəqil və suveren Azərbaycanın bərqərar olması, gələcəkdə qüdrətli Azərbaycanı müdafiə edə biləcək sağlam gənc nəslin tərbiyə edilməsi müasir dövrün vacib vəzifələrindən biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyev özünün bir çox çıxışlarında bu vəzifəni idman fəalları və kollektivləri qarşısında bir vəzifə olaraq qoymuşdu. Fiziki tərbiyə sahəsində elmi tədqiqatlar aparmış görkəmli alimlər öz əsərlərində göstərmişlər ki, insanın fiziki kamilliyi onun əqli, mənəvi və estetik inkişafı ilə harmonik şəkildə əlaqədar olmalıdır.

Məlumdur ki, fiziki tərbiyənin xüsusi tapşırıqları idmançının məşq prosesinə tətbiq edildikdə fiziki qabiliyyətin inkişafına təsir edir. Bununla yanaşı belə bir iş idmançının mənəvi simasının formalaşmasında mühüm rol oynayır.
Hər hansı bir uşaq və yeniyetməni idmançı kimi o zaman yetişdirmək olar ki, onu mərdliyi aşkara çıxaran mürəkkəb bir şəraitdə qoyasan. O, öz dözümlülüyünü, mərdliyini, cəsarətini, zirəkliyini nümayiş etdirmək, fiziki imkanlarından düzgün istifadə etmək, qüvvəsini düzgün bölmək üçün yarış şəraitindən istifadə etməlidir. İdman yarışlarında idmançı daim fəallıq göstərir, qələbəyə can atır, zirəklik və qətiyyət nümayiş etdirir. Ona görə də idmana nahaq yerə "Mərdlik məktəbi” demirlər.


İnadkarlıq və dözümlülük
qələbəyə gedən yolu qısaldır
Müasir dövrdə idmançının estetik tərbiyəsinə, onda bədii zövqün formalaşmasına xüsusi diqqət yetirilməlidir. İdmanla estetik tərbiyənin inkişafı xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. İdmanın bütün sahələri, onun hər hansı bir növü idmançının estetik tələbatını ödəmək, onda estetik zövqü tərbiyə etmək üçün böyük imkanlara malikdir. Gözəlliyi başa düşmək, onu hiss etmək, hərəkətlərin texnikasını dərindən duymaq, daxili aləmin hissiyyatını hərəkətin icrası ilə uyğunlaşdırmaq, həm idmançının özündə, həm də tamaşaçılarda dərin zövq oyadır. Xüsusilə, hərəkətlər musiqinin müşayiətilə icra edildikdə idman insanlara daha böyük zövq verir.
Təcrübələr göstərir ki, müəllim-məşqçi idmançı qızlarda gözəlliyi başa düşmək bacarığını inkişaf etdirməyə ilk məşğələlərdən başlamalıdır. Bu prosesdə sağlamlığın möhkəmləndirilməsinə, qamətin şuxluğuna, yaxşı yerişə xüsusi diqqət verilməlidir. Gənc qızlarda mənəvi sifətlərin, əqli keyfiyyətlərin və estetik zövqün formalaşdırılması, "Vətən, millət, islam” ruhunun təlqin edilməsi birbaşa tərbiyəçilərdən, hər şeydən əvvəl, məşqçilərdən, hakimlərdən, həmçinin idmançını əhatə edən kollektivlərdən asılıdır.

Müstəqil Azərbaycan Respublikasında fiziki cəhətdən daha sağlam, daha güclü, daha kamil və bacarıqlı, müasir qadınların tərbiyəsinə diqqət artırılmışdır.
Bu gün ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirilir. Bunun sayəsində idmançılarımız yüksək nailiyyətlər əldə edirlər. İdmançılar uğurdan əvvəl öz fiziki və mənəvi bacarıqlarını səfərbər etməlidirlər. Məlumdur ki, yarışda həmişə yüksək dərəcədə əsəb gərginliyi və maksimum fiziki yükün öhdəsindən gəlmək tələb olunur. Ona görə də yarışlarda iradi keyfiyyətləri üstün olan idmançılar fərqlənirlər. İdmançının qələbəyə nail olması üçün mütəmadi məşq, rejim, gərginliyə dözüm əsas sayılır. Bütün bunların nəticəsində mərdlik, iradə qüvvəsi, inadkarlıq, mətinlik və s. kimi xüsusiyyətlər formalaşır. Belə böyük dözümlüyə malik azərbaycanlı qızlar idman tariximizə öz uğurları ilə səs salıblar. Onlardan stend atıcılığı üzrə dünya və Avropa, Olimpiya çempionu Zemfira Meftaxetdinova, güllə atıcılığı üzrə Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova, sambo idman növü üzrə 5 dəfə dünya və Avropa çempionu Zülfiyyə Hüseynova və başqalarını misal göstərmək olar.
Tarixdə ilk dəfə ölkəmizdə keçirilən Avropa Oyunları dünya idmanında yeni bir səhifə açdı. Azərbaycan idmançıları həmin yarışda uğurla çıxış etdilər. Milli komandamızın heyətində yer alan və mükafat əldə edən idmançılar arasında xanımlar öz bacarıqlarını nümayiş etdirdilər. Belə ki, qadın idmançılarımız 14 medal (3 qızıl, 5 gümüş, 6 bürünc) qazandılar. Qızıl medalçılar İrina Zaretska (karate), Mariya Stadnik (qadın güləşi), Anjela Doroqan (qadın güləşi), gümüş medalçılar Sevil Bunyatova (qılıncoynatma), Fəridə Əzizova (taekvondo), Nəzakət Xəlilova (sambo), Marina Durunda (bədii gimnastika, topla hərəkət), Səbinə Abdullayeva (paracüdo), bürünc medalçılar İlahə Qasımova (karate), Nataliya Sinişin (qadın güləşi), Patimat Abakarova (taekvondo), Anna Alimardanova(boks), Sevinc Bunyatova (qılıncoynatma), Yana Alekseyevna (boks) rəqibləri ilə mübarizədə uğura sahib çıxıblar.


Hər bir uğur böyük zəhmət və
diqqətdən qaynaqlanır
Hazırda idmançı qadınların hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişi idmançılar arasında bərabərliyin təmin edilməsi üçün eyni imkanların yaradılmasına beynəlxalq miqyasında, o cümlədən respublikamızda da dəstək verilir. Qadın idman siyasəti sahəsində mühüm strategiyalar uğurla davam etdirilir. Azərbaycanda idmançı qadınların inkişafı, beynəlxalq və respublikamızın idman yarışlarında fəal iştirakı, qələbə qazanması və kütləvi bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı, ölkə Prezidenti İlham Əliyev də bu strategiyaya sadiq qalaraq ölkədə gender balansının qorunub saxlanılması istiqamətində həm qanunvericilik bazasında, həm də praktiki yönümdə yeni islahatlara imza atıb. Prezident İlham Əliyev idmançı qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkib.

Məhz bu siyasi kursun məntiqi nəticəsidir ki, idmançı qadınlar yarışlarda fəal iştirak etməklə yanaşı, Olimpiya Oyunlarında da lazımi səviyyədə təmsil olunurlar. Son illərdə beynəlxalq yarışlarda təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarında qadın idmançılarımız 19 medal (12 qızıl, 4 gümüş, 3 bürunc) qazanmışdılar. Müstəqillik dövründə Azərbaycan qadınları Olimpiya, dünya və Avropa çempionatlarında, I Avropa Oyunlarında və IV İslam Həmrəylik Oyunlarında 135 medal (56 qızıl, 31 gümüş, 48 bürünc)) əldə ediblər - (1991-2017-ci illlər).
Müstəqillik illərindən əvvəl isə Azərbaycanın idmançı qadınları Olimpiya, dünya, Avropa çempionatlarında 31 (16 qızıl, 10, gümüş, 5 bürünc) medal qazanmışlar - (1920-1990).
Azərbaycanda idmanla məşğul olan qadınların sayı 1991-2005-ci illərdə ayrı-ayrı idman növləri üzrə 47791 nəfər təşkil edib. 2002-ci ildə ayrı-ayrı idman növləri üzrə 70647 nəfər qız məşğul olmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını 1933-2017-ci illərdə 3035 nəfər qadın bitirmişdir. Onlardan 1611-i azərbaycanlıdır. Təkcə üç il ərzində (2015-2017) 272 nəfər qadın məzun olmuşlar. Onlardan 248-i azərbaycanlıdır.
Bütün sahələrdə olduğu kimi, idmanda da gender bərabərliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdəndir. ADBTİA-da təhsil alanların sayı ilbəil artır. ADBTİA-da idmana qadınlar arasında böyük maraq yaranıb. Bunun əsas səbəblərindən biri akademiyada təhsilin keyfiyyətinin artırılması, yeni proqramların yaradılması və müasir yönümlü təhsil sisteminə keçid edilməsi üçün kineziologiya, kinezioterapiya, idman farmakologiyası, dietologiya, idman psixologiyası, fiziki reabilitasiya, idman menecmenti, idman jurnalistikası və s. kimi yeni fənlərin tədris proqramına daxil edilməsidir. ADBTİA-nın rəhbərliyi tərəfindən qızların idmanda uğur qazanmaları üçün hərtərəfli diqqət və qayğı göstərilir. Akademiyanın rəhbərliyinin məqsədi ADBTİA-da qızların idmana cəlb olunması, sağlam həyat tərzinin təmin olunması, eləcə də ictimai həyatda onların rolunun daha da artırılması istiqamətində kütləviliyi təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizi getdikcə möhkəmləndirmək naminə həyatımızın bütün sahələrində öz bilik, bacarıq və qabiliyyətini göstərə bilən insanların fiziki cəhətdən sağlamlığının təmin olunmasını cəmiyyətimizi təkmilləşdirməyin baş planı hesab edir. Azərbaycan DBTİA-nın pedaqoji fəaliyyət proqramına uyğun olaraq akademiyada fəaliyyətin islahatlar yolu ilə gedən inkişaf xəttini aşağıdakı kimi xarakterizə etmək olar. Hazırda pedaqoji fəaliyyət sahələrində nöqsanların elmi-metodik həllini tapmamağa mənəvi haqqımız yoxdur. Bunu bizdən xalqımız da, dövlətimizin təhsil siyasəti qarşısında cavabdehliyimiz də tələb edir. Odur ki, çalışdığımız sahədə bugünkü meyarlara uyğun gəlməyən cəhətləri islah etməkdən ötrü bir sıra amilləri mütləq nəzərə almalıyıq. Etiraf edək ki, bədən tərbiyəsi üzrə qadın mütəxəssislərin hazırlanması sahəsində işlər lazımi səviyyədə deyil. Qızların, qadınların bədən tərbiyəsi və idmana cəlb olunmasında bəzi nöqsanlar da var. Xüsusən, ümumtəhsil məktəblərində qızların bədən tərbiyəsi və idmana cəlb olunması dövrün tələblərinə cavab vermir. Sirr deyildir ki, hələ də bədən tərbiyəsi dərslərinə yerlərdə laqeyd münasibət bəslənilir. Bu işin yalnız pedaqoji yox, eyni zamanda sosial kökləri vardır: təbliğat işinin lazımi səviyyədə olmaması, bəzi valideynlərin dünyagörüşünün məhdudluğu, məktəb idman qurğularının, maddi-texniki bazanın müasir tələblərə cavab verməməsi və s.
Tələbələrin, müəllimlərin bilik və mədəni səviyyəsi ilə həmişə nümunə olmuş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası elmi-nəzəri bilik qazanmaq və pedaqoji-metodik səriştəyə yiyələnmək cəhətdən də ön sıralarda getməyə çalışır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında qoyulan vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hazırda akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər aparılır.
Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və idmançı qadınların səlahiyyətlərinin genişləndirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. İdmançı qadınlar üçün uyğun şəraitin yaradılması, ictimai-siyasi, sosial-iqtisadi həyatın müxtəlif sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Təbii ki, istənilən ölkədə, o cümlədən, azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər idmançı qadınların daha azad və xoşbəxt olması, onların cəmiyyətin bütün sahələrində böyük uğurlar qazanması, bunun nəticəsində bəşəri dəyərlərin yüksəlməsi üçündür.
Hazırda idmançı qadınların hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişi idmançılar arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına beynəlxalq miqyasda, o cümlədən, respublikamızda da önəm verilir. Qadın idman siyasəti sahəsində mühüm strategiyalar uğurla davam etdirilir, Azərbaycanda idmançı qadınların inkişafına, beynəlxalq və respublikamızın idman yarışlarında fəal iştirakına, qələbə qazanmasına, kütləvi bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət yetirilir.

Dilqəm Quliyev