“Vətənin sabahı vətənpərvər yeniyetmə və gənclərin əlindədir”

“Vətənin sabahı vətənpərvər yeniyetmə və gənclərin əlindədir”


Bu gün ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetlərindəndir. Qazanılan nailiyyətlər, müxtəlif nüfuzlu idman yarışlarına uğurlu ev sahibliyi buna ən bariz sübutdur. Nəinki müxtəlif idman ocaqlarında, klublarda, eləcə də, təhsil müəssisələrində idmanın inkişafı diqqət mərkəzindədir. Belə ali təhsil ocaqlarından biri də Bakı Texniki Kollecidir. Bu ali məktəb 1996-cı ildə Bakı Politexnik və Bakı Maşınqayırma texnikumlarının birləşdirilməsi ilə yaradılıb. Tez bir zamanda kollecin maddi-texniki bazası gücləndirilib və digər ali məktəblər arasında öz mövqeyi, nəticələri ilə seçilməyə başlayıb.

"Heç vaxt işimə laqeyd yanaşmamışam”
Hazırda Azərbaycan Texniki Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində idmana maraq böyükdür. Bir neçə gün əvvəl kollecin "fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” fənn birliyinin sədri, sərbəst güləş üzrə SSRİ idman ustası, respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Aydın Kazımbəyovla görüşdük. Söhbət zamanı məlum oldu ki, tələbələrin idmana bu dərəcədə həvəs və maraq göstərmələri birbaşa olaraq görülən işlərlə bağlıdır. "Artıq 20 ildən çoxdur ki, kollecin idman müəllimiyəm. İlk vaxtlardan çalışmışam ki, tələbələrin idmana olan münasibətini daha da ciddiləşdirim. Şübhəsiz ki, bu, hər şeydən əvvəl dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün oldu. Mən də bir idman müəllimi kimi hələ o vaxtlardan yaradılan şəraitdən istifadə edərək yeniyetmə və gəncləri sağlam ruhda tərbiyə etməyə çalışıram. Əlbəttə, əslində bununla sadəcə, vəzifəmi yerinə yetirirəm. Heç vaxt işimə laqeyd yanaşmamışam. Düşünürəm ki, bu, müəyyən qədər mənim idman ruhlu insan olmağımla bağlıdır. Uşaq yaşlarımdan bu günə kimi idman mənim həyatımın ayrılmaz hissəsidir. Həmişə idmandan xeyir görmüşəm. Ona görə tələbələrimizdə də idmanın bu və ya digər növünə həvəs yaratmağa can atıram. Müntəzəm olaraq onlarla söhbət edir, idmanın faydalarından danışıram. Eyni zamanda mənim təşəbbüsümlə dəhliz boyu divara müxtəlif foto-stendlər vurulub ki, bu da yeniyetmə və gənclərin idmana cəlb olunmasında xüsusi təbliğat vasitəsidir. Sözsüz ki, bütün bu işlərin görülməsində kollecimizin direktoru Fərrux Məmmədovun xidmətləri danılmazdır. O, daim tələbə-idmançılarımızın qayğıları ilə maraqlanır, onlara hər cür köməklik göstərir. Buna görə Fərrux müəllimə öz təşəkkürümü bildirirəm”, - deyə müsahibimiz bildirdi.

"Hər şey nizam-intizamdan başlayır”
Filosofların fikrincə, hər bir uğurun təməlində maraq dayanır. Əgər maraq varsa, hər şey mümkündür. Əks halda isə heç bir nəticə əldə etmək olmaz. Bu barədə danışan həmsöhbətimiz dedi ki, müəllimin tələbəsinə diqqət və qayğı göstərməsi onda konkret sahəyə maraq və məsuliyyət yaradılması üçün çox mühümdür. "Həmişə tələbələrimin qayğısına qalmış və onlara qarşı tələbkar olmuşam. Bu zaman idmançı hiss edir ki, müəllimi ona etimad göstərir və həmin etimadı qorumağa çalışır. Məsələn, mən heç bir tələbənin məşqə formasız gəlməsi ilə razılaşa bilmərəm. Çünki bu etinasızlıqdan, diqqətsizlikdən başqa bir şey deyil. Eyni zamanda bu, məşqə, müəllimə və komanda yoldaşlarına hörmətsizlikdir. Əgər bir yeniyetmə bu gün məşqə qarşı laqeyd yanaşırsa, sabah yarışa, rəqibə, təmsil etdiyi komandaya qarşı da həmin münasibəti göstərə bilər. Bu isə məğlubiyyətin ən ciddi səbəblərindən biridir. Mən tələbələrimi qalib kimi yetişdirirəm, onları məğlub görmək istəmirəm. Doğrudur, bəzən tələbələr mənim tələbkarlığımdan narazı qalırlar. Lakin bir məsələni nəzərə almaq lazımdır ki, hər şey nizam-intizamdan başlayır. Məşqə forma gətirməyən, sıra düzülüşünü bilməyən, verilən komandanı vaxtında yerinə yetirməyən idmançı yarışda necə fərqlənə bilər? Bəziləri düşünür ki, bunlar əhəmiyyətsiz amillərdir. Lakin heç də belə deyil. Hər şey gördüyün işə münasibətdən, diqqətdən başlayır. İkinci bir tərəfdən məlum məsələdir ki, kollecin əksər tələbələri oğlanlardır. Onlar təhsillərini başa vurduqdan sonra hərbi xidmətə yollanırlar. Heç bir idman klubundakı, məktəbdəki rejim hərbi xidmətdəki qədər ciddi ola bilməz. Yəni onlar həm də, hərbi xidmətə hazırlıq keçirlər. Formanı cəld geyinib-soyunmağa, verilən komandanı həmin an dərk edib, etirazsız yerinə yetirməyə vərdiş edirlər. Təsadüfi deyil ki, tələbələrimin bir çoxu ordu sıralarından təxris olunduqdan sonra gəlib mənimlə görüşür, illər əvvəlki tələbkarlığa görə təşəkkür edirlər. Bu, məni çox sevindirir”, - deyə Aydın müəllim bildirdi.

Qələbəyə gedən yolda inam mühüm amildir
Mütəfəkkirlər belə hesab edirlər ki, hansı işə inamla başlayırsansa, o işdə uğur qazanmaq ehtimalı daha çoxdur. Başqa sözlə desək, əgər arzuladığın nəticəni qazanmaq istəyirsənsə, ilk növbədə özün-özünə inanmalısan. Bu, həyatın bütün sahələrində olduğu kimi, idmanda da belədir. Təcrübələr də göstərir ki, yarış zamanı meydana inamlı şəkildə çıxan idmançı adətən rəqibindən üstün çıxış edir. Qeyd etdiyimiz fakt idmanda psixoloji hazırlıqla müşahidə olunur. Təcrübəli mütəxəssislə söhbət zamanı bu mövzuya da toxunduq. O, bildirdi ki, psixoloji hazırlığın yüksək səviyyədə olması əslində göründüyündən daha vacibdir: "İlk növbədə onu deyim ki, insan, eləcə də, idmançı həmişə ən yüksək nəticəni arzulamalı, onun uğrunda mübarizə aparmalıdır. Yəni sən çempion olmaq üçün çalışmalısan ki, yarışı medalla başa vura biləsən. Hətta belə bir söz var ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Bu mənada idmançı ən maksimal nəticəyə can atmalıdır. Lakin hər insan bunu bacarmır. Gərək gücünə inanasan. Dərk edəsən ki, hər şey sadəcə, hazırlıq səviyyəsindən asılıdır. Özünə inanan idmançı həm də ona inananların, başqa sözlə desək, azarkeşlərinin sayını artırır. Beləliklə, yarışda həmin idmançını dəstəkləməyə gələnlər rəqib azarkeşlərinə nisbətən dəfələrlə çox olur. Psixoloji hazırlıq isə məhz bu zaman özünü daha yaxşı göstərir. Rəqibdə istər-istəməz özünə inamsızlıq yaranır və o, məğlub olur. Psixoloji hazırlıq yarışda çox mühümdür. Mən belə deyərdim ki, psixoloji hazırlığı yüksək olan idmançı artıq 50 faiz irəlidədir. Lakin nəzərə almaq lazımdır ki, psixoloji durumu inkişaf etdirmək heç də asan deyil. Bunun üçün bəzən hətta xüsusi metodlardan istifadə olunur. Həm də hazırlığın bu istiqaməti fiziki, texniki-taktiki hazırlığa nisbətən daha uzun müddət və səbr tələb edir. Deməyim odur ki, psixoloji durumu inkişaf etdirmək bəzən bu sahə ilə məşğul olmayan insanlara asan gəlsə də, heç də elə deyil. Bu həm çətin, həm də vacibdir”.

Bütün insanların olduğu kimi, yeniyetmə və gənclərin də zövqləri, maraqları müxtəlifdir. Onlar fərqli idman növlərinə maraq göstərirlər. Bu, müxtəlif amillərlə bağlı ola bilər. SSRİ idman ustası Aydın Kazımbəyovun fikrincə, müxtəlif idman növlərinə maraq olduqca təbiidir və burada heç bir məhdudiyyət qoyula bilməz. "Uşaq, yeniyetmə və gənclərin fərqli idman növlərinə maraq göstərməsinin bir neçə səbəbi ola bilər. Bu, ilk növbədə valideyn yönləndirməsi ilə bağlıdır. Ola bilsin ki, valideyn övladının cüdoçu olmasını istəyir, ona görə övladına bu idman növünün üstünlüklərindən danışaraq, ona cüdonu sevdirir. Yaxud ola bilər ki, valideyn bir idman növü ilə uzun illər məşğul olub və övladının onun yolunu davam etdirməsini istəyir. Başqa bir səbəb kimi fərdin hansısa məşhur idmançıya rəğbətini göstərmək olar. Məsələn, bir yeniyetmə hələ uşaq yaşlarından Messiyə rəğbət bəsləyirsə gələcəkdə futbolçu, Mayk Taysona bənzəmək istəyirsə boksçu olmaq istəyəcək. Düşünürəm ki, hansı idman növü ilə məşğul olmağın o qədər ciddi fərqi yoxdur. Ümumiyyyətlə, mən həmişə idman növlərinə fərq qoymağın əleyhinə olmuşam. Hər bir idman növünün öz üstünlükləri, özəllikləri var. Əsas odur ki, insan sağlam böyüsün, bədən quruluşunun qayğısına qalsın. Mövcud şəraitlə bağlı olaraq kollecimizdə isə atletika və dama idman növlərində uğur qazananların sayı daha çoxdur. Məsələn tələbələrimizdən Murad Paşayev olduqca perspektivli idmançıdır. O, 2015-ci ildə tələbələrin XIII Spartakiadasında 100 metr məsafəyə qaçışda 12.07 saniyə nəticə göstərərək birinci yeri tutub. Həmin il şahmat komandamız respublika spartakiadasında III yerin sahib olub. Həmçinin ötən il dekabrın 28-də orta ixtisas təhsil müəssisələri arasında keçirilən dama üzrə respublika birinciliyində oğlanlardan ibarət komandamız ikinci yerə layiq görülüb. Bundan başqa 2018-ci ilin aprelində yaz çağırışına həsr olunmuş poliotlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında komandamız 658 xal toplayaraq ən yaxşı nəticəni göstərib. Həmin yarışda tələbələrimiz Müslüm İbrahimov və Qədir Məmmədli çempion olublar. Ümumiyyətlə, düşünürəm ki, nəticələrimizi qənaətbəxş hesab etmək olar. Bütün bunlar görülən işlərin bəhrəsi olmaqla yanaşı, həm də kollecdə idmana olan maraqdan xəbər verir”, - deyə Əməkdar məşqçi əlavə edib.

Vətənpərvərlik hisslərinin
aşılanmasında idmanın böyük rolu var
İdmanın faydaları olduqca çoxdur. O, təkcə sağlamlığın qorunmasına, bədən quruluşunun formalaşmasına xidmət etmir. İdmanla məşğul olmaq eyni zamanda hər bir yeniyetmə və gənci vətənpərvərlik ruhunda tərbiyə edir. Təcrübələr göstərir ki, idmanla məşğul olanlar hərbi xidmətdə də öz yoldaşlarına nisbətən fərqlənirlər. Bu mövzu haqqında danışan Aydın Kazımbəyov Milli Qəhrəman Mübariz İbrahimovu gənc idmançılara nümunə göstərdi: "İdmanla məşğul olanların əksəriyyəti vətənpərvər olurlar. Bu, heç də təsadüfi deyil. Belə ki, onlar hələ məşq edən, yarışa çıxan vaxtdan bayrağın, himnin, gerbin nə olduğunu başa düşür, qələbə uğrunda mübarizə aparırlar. Əslində bu cür təbliğat işi orta məktəbin aşağı siniflərindən etibarən aparılmalıdır. Bu, olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, hər uşaq idmanla məşğul olmur ancaq hamı vətənpərvərvər ruhda böyüməlidir. Vətənin sabahı vətənpərvər yeniyetmə və gənclərin əlindədir. Bizim Mübariz İbrahimov kimi Milli Qəhrəmanımız var. Təsadüfi deyil ki, Mübariz də uzun illər idmanla məşğul olub”. Hələ aşağı siniflərdən şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyindən danışan Aydın müəllim vurğuladı ki, bu iş təhsillə paralel aparılmalıdır. "Doğrudur, məktəblərin əsas funksiyası təhsil verməkdən ibarətdir. Amma bütün müəllimlər, xüsusilə bədən tərbiyəsi və "Gənclərin çağırışaqədərki hərbi hazırlıq” fənni müəllimləri bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. İdman müəllimləri şagirdlərdə idmana maraq yaratmalıdırlar.

 Hər bir uşaq və yeniyetmə üçün təhsil qədər idman da vacibdir. Hətta bir çox hallarda idmanla məşğul olmaq təhsildə yüksək nəticələr qazanmağa kömək olur. Zənnimcə, saatlarla bir otaqda oturub dərs oxumaq, yazı yazmaq heç də düzgün deyil. Hər şeydən əvvəl ona görə ki, şagird və tələbələr oksigenlə lazımi qədər təmin oluna bilmirlər. Nəticədə verilən tapşırığı dərk etmir, məzmununu səhv başa düşürlər. Bunun üçün onların hər yarım saatdan, 45 dəqiqədən bir təmiz havaya çıxıb, yüngül gimnastika hərəkətləri etmələri vacibdir. Başqa bir tərəfdən uşaq və yeniyetmələrin böyük əksəriyyəti parta arxasında yazı yazan zaman bellərini əyirlər. Bu da sonrada skalioz kimi arzuolunmaz xəstəliklərin meydana çıxmasına səbəb olur. Ona görə də idmanla həvəskar şəkildə də olsa məşğul olmaq, zəruri fiziki hərəkətləri etmək lazımdır ki, qamət düzgün olsun”.

İdmançılara nəzəriyyə də başa salınmalıdır
Yeniyetmə və gənclər üçün bədən tərbiyəsi fənninin ideal səviyyədə aparılmasından danışan müsahibimiz qeyd etdi ki, sadəcə, konkret plan üzrə məşq keçməklə uğurlu nəticə əldə olmaz. İdmançı şagird və tələbələrə həm də təlim-məşq prosesinin nəzəriyyəsi haqda məlumat verilməli, bu və ya digər hərəkətin nəyə görə lazım olduğu başa salınmalıdır. O, həmçinin bildirdi ki, bu istiqamətdə də təhsil müəssisələrində tədris olunan bir neçə fənn xüsusi əhəmiyyətə malikdir. "İdman o sahələrdəndir ki, burada nəzəriyyə və təcrübə vəhdətdə inkişaf etməlidir. Mən belə düşünürəm ki, yetirməsinə yalnız, konkret hərəkət və ya fəndi göstərən məşqçi hələ məşqçi-müəllim deyil, o, sadəcə, təcrübəli idmançıdır. Əsl məşqçi-müəllim odur ki, bu hərəkətin nəyə görə lazım olduğunu, yaxud nə üçün təhlükəli olduğunu başa salsın. Mən güləşçi olduğuma görə bu idman növündən adi bir misal çəkim. Adətən yarış zamanı idmançılara tapşırırlar ki, başını aşağı salmaq olmaz. İdmançı bunun səbəbini bilmədiyinə görə məsələyə laqeyd yanaşır və növbəti dəfə yenə eyni səhvi təkrarlayır. Əgər məşqçi-müəllim bunun səbəbini başa salarsa, desə ki, başını aşağı əyəndə rəqibini görmürsən, eyni zamanda onun sənin boynundan yapışıb, fənd tətbiq etməsi daha asan olur, onda idmançı bir daha həmin hərəkətə yol verməz. Eyni zamanda bir sıra idman növlərində olduğu kimi, güləşdə də "güləşçi körpüsü” deyilən bir hərəkət var. Düzdür, yorucu hərəkətdir, dözümlülük tələb edir. Lakin bu hərəkətin çox əhəmiyyətli olduğunu bilən güləşçilər onu həvəslə yerinə yetirirlər. Belə ki, "güləşçi körpüsü” bədəni elastikləşdirir, boyun nahiyyəsini möhkəmləndirir. Beləliklə, görüş zamanı yıxılan idmançı "güləşçi körpüsü” edərək heç bir zədə almır. Əks halda bədənin bu və ya digər nahiyyəsinin, xüsusilə boyunun zədə alma ehtimalı var. Təcrübəmə əsasən bir faktı da deyim, bəzən idmançılar isinmə hərəkətlərinə etinasız yanaşırlar. Lakin yadda saxlamaq lazımdır ki, məşqdən əvvəl isinmə hərəkətlərinin edilməsi olduqca mühümdür. Adından da göründüyü kimi, isinmə hərəkətləri zamanı bədən qızışır, əzələlər oyanır, beləliklə, oynaqlarda burxulma kimi hallara daha az rast gəlinir. Məşqi isinmə hərəkətləri olmadan təsəvvür etmək olmaz. Kifayət qədər belə misal çəkə bilərəm. Bu nümunələrlə onu demək istəyirəm ki, məşqçi-müəllim ən kiçik nüansın belə səbəbini izah etməlidir. Belə olan halda idmançı növbəti dəfələrdə müəlliminin tapşırığını gözləmir, özü nə lazımdırsa, onu da edir. Qeyd etmək istərdim ki, orta məktəblərdə tədris olunan biologiya, anatomiya kimi fənlər də şagirdlərdə idmanla, sağlamlıqla bağlı ilkin təəssüratın yaradılması baxımından vacibdir. İdmanla məşğul olan tələbələrə məsləhət görərdim ki, həmin fənləri diqqətlə oxusunlar”, - deyə müsahibimiz vurğuladı.
Göründüyü kimi, Bakı Texniki Kollecinin idman həyatında nizam-intizamdan tutmuş psixoloji hazırlığa qədər bütün məsələlər diqqət mərkəzindədir. Bütün bunlar isə müxtəlif yarışlarda, turnirlərdə əldə olunan nəticələrdə özünü göstərir. SSRİ idman ustası, Əməkdar məşqçi Aydın Kazımbəyov indiyə kimi onlarla mükafata, fəxri fərmana layiq görülüb. Tələbələri də müəllimlərini özlərinə örnək götürərək, onun uğurlarını təkrarlamağa çalışırlar. Buna isə şübhə yoxdur. Çünki çəkilən zəhmət bəhrəsiz qalmır.
Kənan Novruzov