“Möhkəm xarakterə sahib olmayan idmançı ilk məğlubiyyətdə ruhdan düşəcək”

“Möhkəm xarakterə sahib olmayan idmançı ilk məğlubiyyətdə ruhdan düşəcək”

Yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafında idmanın mühüm rolu var. Gələcək bugünkü uşaq və gənclərin əlindədir. Hazırkı yeniyetmələrin kamil, vətənə layiqli şəxs kimi yetişməsində idmanın mühüm rolu var. İdmanla məşğul olan yeniyetmə və gənclər vətənpərvər, sağlam böyüyür, həmçinin ədalətli və dostluğa sadiq olurlar. Müşahidələr göstərir ki, idmançılar həmyaşıdlarına nisbətən daha prinsipial, əzmkar olur, məğlubiyyəti sevmir, həyatın bütün sahələrində yalnız qələbə üçün çalışırlar. Sevindirici haldır ki, bu gün ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Paytaxt və bölgələrdə fəaliyyət göstərən yüzlərlə idman məktəbi, cəmiyyət və klublarda uşaq, yeniyetmə və gənclər müxtəlif idman növləri ilə məşğul olurlar.


"Məşqçi-müəllim sadəcə
idmançıya istiqamət
verə bilər”
Hazırda paytaxt və bölgələrdə onlarla cüdo klubu fəaliyyət göstərir. Onlardan biri də Bakının Yasamal rayonunda yerləşən "Şahin” cüdo klubudur. Bu yaxınlarda klubun təsisçisi və baş məşqçisi Azər Bağırovla görüşdük. Klub haqqında məlumat verən Azər müəllim bildirdi ki, bu idman ocağının əsası 1998-ci ildə qoyulub. "Mən 1985-ci ildən məşqçi-müəllimliklə məşğulam. Müxtəlif idman cəmiyyətlərində, o cümlədən "Zenit”, "Neftçi”cəmiyyətlərində, DİN İC-də çalışmışam. Sonradan, yəni məşqçi-müəllim kimi kifayət qədər təcrübə yığdıqdan sonra qərara gəldim ki, öz klubumu açım. Beləliklə, 1998-ci ildə "Şahin” klubunun əsasını qoydum. Əlbəttə, ilk vaxtlar müəyyən çətinliklər oldu. Amma onların hər birinin öhdəsindən gəldik. İndi klubumuzda məndən əlavə 5 müəllim 100-ə yaxın yeniyetmə və gəncə cüdo idman növünün sirlərini öyrədir. Qeyd edim ki, bu yaxınlarda klubumuzun filialını açdıq. Əlbəttə, bu da təsadüfi deyil. Bir tərəfdən cüdoya olan tələbat, ikinci tərəfdən isə bir müəllim kimi mənim qarşıya qoyduğum məqsəd "Şahin”in filialının açılmasını zəruri edirdi. Belə ki, bir cüdo mütəxəssisi kimi həmişə qarşıya qoyduğum yeganə hədəf vətənpərvər, sağlam gənclərin yetişdirilməsidir. Düşünürəm ki, filialımızın açılması kütləviliyin təmin olunmasına kömək olacaq” - deyə, Azər Bağırov bildirdi.
Hər bir müəllimin tələbələri onun təcrübəsinin, bacarığının göstəricisidir. Müsahibimizin fikrincə, qazanılan hər bir uğurun yarısı müəllimin, yarısı isə idmançının payına düşür: "Mənim titullu, o cümlədən bu gün məşqçi-müəllim kimi çalışan tələbələrim kifayət qədərdir. Məsələn "Zenit” idman klubunun cüdo bölməsinin məşqçisi Emin Fətullayev, onun qardaşı Azər Fətullayev, dünya çempionatının gümüş mükafatçısı Kəramət Hüseynov, illərdir ki, cüdo müəllimi kimi çalışan Vahid Tarverdiyev və digərləri məhz "Şahin” idman klubunun yetirmələridir. Klubumuzda adını çəkdiyim yetirmələrimin uğur yolunu davam etdirən idmançılar yetişirlər. Yeniyetmə cüdoçularımızdan Samir Əliquliyev ötən il DİN İC-in 100 illiyinə həsr olunmuş yarışda çempion adını qazandı. O, 2017-ci ildə Ümumilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş turnirdə bürünc medala layiq görüldü. Əminliklə deyə bilərəm ki, Samir çox perspektivli idmançıdır, o, hətta Olimpiya çempionu da olmağa qadirdir. Belə ki, cüdoçumuz builki Azərbaycan birinciliyində ilk dəfə olaraq 46 kq çəki dərəcəsində qüvvəsini sınadı. Həm də özündən iki yaş böyüklərlə güləşdi. Doğrudur, Samir bu yarışı beşinci yerdə başa vurdu. Əsas odur ki, yetirməmiz öz gücünü ortaya qoydu, bir neçə rəqibi məğlub etdi və əsl idmançı xarakterinə sahib olduğunu göstərdi. Tələbələrimizdən Səməd Əliyev bu il 52 kq çəki dərəcəsində sambo üzrə respublika birincisi oldu. O, eyni zamanda dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısıdır. Amin Kərimov 3 ildir ki, məşğul olmasına baxmayaraq artıq Bakı birinciliyinin gümüş mükafatçısıdır. Amin həm də 13 saylı İxtisaslaşdırılmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbinin (İOUGİM) açıq birinciliyini fəxri kürsünün ikinci pilləsində başa vurub.
Ümumiyyətlə, məşqçi-müəllim sadəcə idmançıya istiqamət verə bilər. Əgər uşaq, yeniyetmə və ya gəncdə idmana həvəs yoxdursa, o, hər dəfə məşqə çempion olmaq eşqi ilə gəlmirsə, onda ən yaxşı halda cüzi nəticələrlə kifayətlənməli olacaq. Məşqçi ilə idmançının eyni məqsədi varsa, onlar vahid məqsəd uğrunda birlikdə çalışmalıdırlar.”
Söhbət zamanı məlum oldu ki, Azər Bağırov həm də 158 saylı tam orta məktəbdə "Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənnini tədris edir. O, müharibə iştirakçısı olub, göstərdiyi xidmətlərə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Maraqlıdır ki, Azər müəllimin eyni zamanda hərbçi olması yetirmələrinə vətənpərvərlik hisslərinin aşılanmasında hansı rola malikdir? Bu barədə danışan müsahibimiz bildirdi ki, istənilən idmançı üçün ən əsas keyfiyyət onun vətənpərvərliyidir. Əgər idmançıda vətən, bayraq, himn sevgisi yoxdursa, onun beynəlxalq arenalarda qalib gəlməsi olduqca çətindir. "Yüzlərlə idmançı var. Əlbəttə, onların hər biri fərqli xüsusiyyətlərə, xarakterlərə malikdir. Ancaq mən belə düşünürəm ki, hər bir idmançı hamı kimi vətənini sevməlidir. Məni həm idmandakı yüksək zirvələrə, həm də döyüşə aparan qüvvə məhz vətəndaşlıq qüruru olub. Bu səbəbdən də çalışıram ki, yetirmələrimi ilk növbədə layiqli vətəndaş kimi böyüdüm. Ən çətin anlarda əsgər kimi idmançıya da güc verən amil onun vətəndaşlıq mövqeyidir. Məğlubiyyət ehtimalı ilə üz-üzə gələndə idmançı heç nə düşünmür-nə özünü, nə valideynlərini, nə də məşqçisini. Sadəcə bir anlıq bayraq gözü qarşısına gəlir və həmin bayrağı dalğalandırmaq üçün bütün gücünü ortaya qoyur. Dediyim kimi, əsgərlər də belədir. Onlar da döyüşə gedəndə vətəndən başqa heç nə düşünmürlər. Bu mənada əsgərlə idmançını müqayisə etmək olar. Fəxr edirəm ki, milli qəhrəmanlarımız Mübariz İbrahimov, Çingiz Qurbanov hərbi xidmətə hazırlıq müddətini məhz "Şahin” cüdo klubunda keçiblər. Mən də valideynəm. Yaxşı bilirəm ki, ana-ataların sevinci də, kədəri də ilk növbədə övladla bağlıdır. Əgər yeniyetmə və gənclər sağlam, vətənpərvər olub, həm təhsildə, həm də idmanda nailiyyətlər qazanarlarsa, valideyn də sevinər” - deyə, həmsöhbətimiz fikirlərini bölüşdü.


"İlk edilən səhvə xəta,
ikinciyə seçim deyilir”

Bütün idman növlərində, eləcə də, cüdo da məşqin əsas hissəsi başlanmazdan əvvəl isinmə hərəkətləri yerinə yetirilir. Bəzi idmançılar bu məsələyə laqeyd yanaşırlar. Azər müəllim isə bildirdi ki, heç bir məşqi isinmə hərəkətləri olmadan təsəvvür etmək olmaz. "İdmançı üçün isinmə hərəkətləri olduqca mühümdür. Doğrudur, məhz məşq prosesesinin sonrakı mərhələlərində idmançılar öz bacarıqlarını təkmilləşdirir, konkret tapşırıqlara müvafiq olaraq bir-birlərini sınağa çəkirlər. Lakin əgər isinmə hərəkətləri düzgün, dəqiq yerinə yetirilməzsə idmançı bu və ya digər formada zədə ala bilər. Gimnastika və akrobatik hərəkətlər birbaşa olaraq bədənin isinməsinə, elastikləşməsinə xidmət edir. Sevindirici haldır ki, bizim məşq prosesimizdə, demək olar ki, zədə alma hallarına rast gəlinmir. Bu, təsadüfi deyil. Birbaşa olaraq gimnastikanın, akrobatikanın nəticəsidir. Əslində standart məşq müddəti bir saat yarımdır. Lakin "Şahin”də məşq iki saat davam edir. Çünki mən məşq prosesinin 40 dəqiqəsini ancaq isinmə hərəkətlərinə sərf edirəm. Dediyim kimi, gimnastika və akrobatika çox vacibdir. Məhz akrobatika sayəsində idmançı bilir ki, yıxılan zaman əli qabağa uzatmaq yox, mayallaq aşmaq lazımdır. Bəzi həvəskar idmançılar elə bilirlər ki, əllərini yerə uzadarkən özlərini yıxılmaqdan qoruya bilərlər. Bu, düzgün deyil. Bədənin çəkisi qollardan ağırdır. Nəticədə bədənin bütün ağırlığı qolların üzərinə düşür və burxulma hallarına rast gəlinir. Hər məşq akrobatikanı düzgün icra edən idmançı bilir ki, konkret vəziyyətlərdə nə etmək lazımdır. İkinci bir tərəfdən, təcrübəmə əsasən deyə bilərəm ki, bəzi uşaq və yeniyetmələr yıxılmaqdan qorxurlar. Əlbəttə, bu da səhvdir. İdmançı qorxaq olmamalıdır. Yıxılırsa, təmkinlə ayağa qalxmalı və daha böyük əzmlə mübarizə aparmalıdır. Belə olanda idmançıda tədricən xarakter formalaşacaq. Xarakter idmançı üçün çox mühümdür. Möhkəm xarakterə sahib olmayan idmançı ilk məğlubiyyətdə ruhdan düşəcək. Xarakteri formalaşdırmaq üçün isə gərək bəzən arzuolunmaz hallarla da rastlaşasan. Hər bir insanın, eləcə də, idmançıların həyatını ziqzaqa bənzətmək olar. Yəni eniş olduğu kimi, yoxuş da var. Əsas məsələ odur ki, niyə uduzduğunu bilib, növbəti dəfə həmin səhvi təkrarlamayasan. Rus mütəfəkkiri Fyodor Dostoyevskinin yaxşı bir sözü var: "İlk edilən səhvə xəta, ikinciyə seçim deyilir. Gərək səhv seçimə çevrilməsin” - deyə, Əməkdar məşqçi vurğuladı.

"Mübarizədə qalib gəlmək
üçün gərək peşəkar
olasan”
Etiraf etmək lazımdır ki, bu gün qadınların idmanla məşğul olması bəzən müzakirələrə səbəb olur. Bir çoxları öz fikirlərini əsaslandırmağa çalışaraq deyirlər ki, idman zərif cins nümayəndələrini kobudlaşdırır. Azər Bağırovun fikrincə, təkmübarizlik idman növləri, eləcə də, cüdo ilk növbədə müdafiə vasitəsidir. Özünümüdafiə cinsindən asılı olmayaraq hər kəs üçün vacibdir. Cüdo bunun üçün ən yaxşı vasitədir. Bir anın içində dəqiq yerinə yetirilmiş fənd bütün vəziyyəti dəyişə bilər. Mənim idmançı kimi güləşdiyim vaxtlarda olduğu kimi, indi də cüdoçulardan çəkinirlər. Əgər belə demək mümkünsə, bu, cüdo idman növünün nüfuzu, çəkisi ilə bağlıdır. Ancaq bilmək lazımdır ki, cüdo hücum yox, yalnız müdafiə üçündür. Adətən təkmübarizlik idman növləri ilə məşğul olan idmançıların "sevimli fənd”ləri olur. Yəni idmançı konkret fəndi digərlərinə nisbətən daha uğurlu tətbiq edir. Hətta müşahidələrdən məlum olur ki, bəzən idmançı özünün "sevimli fənd”inə arxayın olub, digər fəndlərə laqeyd yanaşır. Bu məsələ haqqında danışan "Şahin” idman klubunun baş məşqçisi vurğuladı ki, əsl idmançı bütün fəndləri maksimum dərəcədə yaxşı tətbiq etməyi bacarmalıdır. " "Sevimli fənd” anlayışından xüsusilə cüdoda daha çox istifadə olunur. Bu, o deməkdir ki, idmançı bir fəndi daha yaxşı bacarır. Məsələn ola bilər ki, bir idmançının ağrıdıcı fəndləri daha effektlidir, digəri boğucu fəndləri daha yaxşı bacarır. Bu, həmin idmançının silahı hesab olunur. Lakin bir fəndlə ən yaxşı halda bir neçə yarışda qalib gəlmək olar. Çünki sonradan rəqiblər "sirr”i tapıb, əks fənd tətbiq edəcəklər və ya sadəcə həmin fəndin icra edilməsi üçün şəraitin yaranmasına imkan verməyəcəklər. Belə ki, bu və ya digər fəndi tətbiq etmək üçün, əvvəlcə, lazımi situasiya yaradılmalıdır. Bacarıqlı idmançı həmin situasiyanı yaradaraq, "sevimli fənd”ini tətbiq edəcək. Peşəkar idmançı isə hər vəziyyətdən uğurlu istifadə etməyi bacarır. Mübarizədə qalib gəlmək istəyirsənsə, gərək peşəkar olasan. Ona görə də çalışırıq ki, bütün idmançılarımız bütün fəndləri eyni dərəcədə mənimsəsinlər. Lakin yadda saxlamaq lazımdır ki, hər idmançının öz güləş üslubu var. Bu, belə də olmalıdır. Mən deyərdim ki, idmançının üslubu onun imzasıdır” - deyə, Azər müəllim əlavə etdi.


"İdmançılara
sərbəstlik vermək
lazımdır”
Həyatın bütün sahələrində nizam-intizam olduqca mühümdür. Şübhəsiz ki, bu, idmanda da belədir. İdmançılar verilən komandalara dəqiq əməl etməli, məşqçi-müəllimlərinin bütün tapşırıqlarını qüsursuz yerinə yetirməlidirlər. Azər Bağırovun bu məsələ ilə bağlı fikirləri maraqlıdır. "Bəzən idmançıya sərbəstlik vermək lazımdır ki, o, müstəqil qərar verməyi bacarsın. İdmançı nəyin düz, nəyin səhv olduğunu bilməklə yanaşı, konkret addımı atmaq üçün müəllimin tapşırığını gözləməməlidir. Məsələn, tələbə görəndə ki, müəllimin əlində jurnal yoxdur cəld gedib jurnalı gətirməli və ya bunun üçün icazə almalıdır. Gözləmək lazım deyil ki, müəllim kiməsə müraciət etsin. Bu, yarışda da belədir. İdmançı bu və ya digər fəndi yerinə yetirmək üçün məşqçinin üzünə baxaraq, necə deyərlər, həsrətlə "et!” komandasını gözləməli deyil. Bəzən elə olur ki, yarışda eyni vaxtda müxtəlif tatamilərdə bir məşqçinin iki idmançısı güləşir. Əlbəttə, müəllimin onların ikisinə də nəzarət etməsi çətin olur. İdmançı özü məşqdə keçilənləri yada salmalı, müstəqil mübarizə aparmalıdır. Məşqçi-müəllimin də hər bir köməyini hədiyyə kimi qəbul etmək lazımdır. Yəni idmançı arxayın olmamalıdır ki, müəllimim mənə kömək edəcək. Dediyim odur ki, idmançını robot kimi yetişdirmək düzgün deyil. Onu daim nəzarətdə saxlamaq şərtilə sərbəst olmasını təmin etmək lazımdır.”
Azər müəllimlə söhbətin sonuna yaxın həvəslə məşq edən idmançılardan bir neçəsi diqqətimi cəlb etdi. Onlarla da söhbət etməyi qərara aldım. 3 ildir ki, "Şahin” cüdo klubunda bu idman növü ilə məşğul olan Amin Kərimov bildirdi ki, o, Rio-2016 Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucovu özünə kumir seçib: "Rüstəm Orucov kimi bir idmançı olmaq istəyirəm. Onun qazandığı nailiyyətlər göz qabağındadır. Həm də sadə, mehriban və səmimi insandır. İndiyə kimi bir neçə açıq birinciliyin, beynəlxalq turnirin qalib və mükafatçısı olmuşam. Ancaq çalışacağam ki, gələcəkdə Rüstəm Orucovun fəth etdiyi zirvələrə qədər qalxım. Bununla da həm valideynlərimi sevindirim, həm də məşqçilərimin etimadını doğruldum.”
Hələ bir ildir ki, cüdonun sirlərinə yiyələnən Ümid və Süleyman Şamilov qardaşları isə dedilər ki, onlar ilk növbədə sağlam olmaq üçün cüdo bölməsinə yazılıblar. Qardaşların fikrincə, əgər sağlamlıq olarsa gələcəkdə bütün nəticələri əldə etmək mümkündür.
Göründüyü kimi, idman ocaqlarından biri olan "Şahin” cüdo klubunda uşaq və yeniyetmələr həvəslə məşq edir və nəticədə müxtəlif turnirlərdə əldə etdikləri uğurlarla həm özlərini, həm valideynlərini, həm də məşqçi-müəllimlərini sevindirirlər. Eyni zamanda, şübhəsiz ki, idmanın kütləviliyi artır, sağlam gənc nəsil yetişir. Bu istiqamətdə idman klublarının, məktəblərinin, cəmiyyətlərinin danılmaz rolu var. Əgər onların hər birində məşq prosesi, müəllim-idmançı-valideyn əlaqələri düzgün qurulsa, əlbəttə, gələcəkdə də idman Azərbaycanda özünün kütləviliyi ilə seçiləcək. Bu gün "Şahin” idman klubunda olduğu kimi, digər klublarda da təcrübəli idman mütəxəssisləri öz işlərinin öhdəsindən layiqincə gəlməlidirlər ki, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişsin.

Kənan Novruzov