Sərbəst güləşdə tutmalar

Sərbəst güləşdə tutmalar

Güləşçinin baza texnikası və baza fəndləri dedikdə müxtəlif təsnifat qruplarından olan mütləq hərəkətlərin və fəndlərin minimal həddi nəzərdə tutulur.
Güləşin baza tenikasına aşağıdakılar daxildir:
1. Duruşlar.
2. Məsafələr.
3. Yerdəyişmələr.
4. Tutmalar.
5. Fəndlər (sadə fəndlər).
6. Müdafiələr.
Güləşdə tutma rəqibin bədəninin hər hansı bir hissəsinin sərbəst hərəkətinin məhdudlaşdırılmasına deyilir. Bu, görüş vaxtı rəqibin bədəninin hər hansı bir nahiyəsinin tutulması ilə həyata keçirilir.
Tutmalar güləşçinin baza texnikasında olan duruşlar, məsafələr, yerdəyişmələr, istifadəçinin vacib hərəkət fəaliyyəti kimi qiymətləndirilir.
Bütün bunlar ibtidai hazırlıq qruplarında ( İHQ-1 il, 10 yaş) təlimin 1-ci ilinin ilk aylarından başlayaraq öyrədilir. Bunu, əlbəttə, baza fəndlərinin öyrədilməsinə hazırlıq kimi qiymətləndirmək də olar. Uşaqlar baza texnikasını tam mənimsədikdən sonra öyrətmədə ardıcıllıq düzgün gedərsə, demək olar ki, onlar baza fəndlərinin öyrənilməsində çox da çətinlik çəkmirlər. Əlbəttə, burada məşqçi-müəllimin keçirilən fəndlərə uyğun köməkçi hərəkətlər verməsindən, konkret olaraq, metodiki üsulların düzgün seçilməsindən çox şey aslıdır.
Güləşdə duruşlar, məsafələr, yerdəyişmələr və tutmalar güləşçini görüş vaxtı hər bir fəndin (müdafiənin, əks fəndin və s.) kombinasiyasının icrasına hazırlamaqla bu fəndlərin mükəmməl icrasına xidmət edir və qələbə üçün zəmin yaradır. Tutmalar yuxarı və aşağı ətrafla icra edilir.


Güləşdə tutmalar iki yerə bölünür:
a) Sadə tutmalar
b) Mürəkkəb tutmalar.
Sadə tutmalar güləşçinin əlləri ilə rəqibin bədəninin bir nahiyəsindən yapışmasıdır.
Mürrəkəb tutmalar güləşçinin əlləri ilə rəqibin bədəninin iki və daha artıq nahiyəsindən tutmasından ibarətdir.
Görüş vaxtı bu hərəkətlərin yüksək səviyyədə yerinə yetirilməsi, demək olar ki, mükəmməl tutmalardan çox asılıdır.
Güləşdə tutmalarda əllər müxtəlif cür formada birləşdirilə bilər:
- Rəqibin müxtəlif nahiyəsini (bel, ayaqlar, tək ayaq və s) əlləri birləşdirərək öz əlində tutmaq.
- "Qıfıl” formasında tutmaq.
- Rəqibi qucaqlayaraq əllərin içlərini bir-birinə birləşdirərək tutmaq.
- "Xac” şəkilli tutmaq.
Tutmalar bir və ya iki əllə icra edilə bilər. Görüşdə tutumaları tez-tez dəyişməklə rəqibin fikrini əsas məqsəddən yayındırmaq və hücuma keçmək üçün əlverişli şərait yaratmaq da mümkündür.
Bütün bunlarla yanaşı, güləşdə tutmalar əsas iki məqsədlə yerinə yetirilir:
a) Hücum məqsədi ilə tutmalar
b) Müdafiə məqsədi ilə tutmalar.
Güləşdə tutmalar üç qrupa bölünür:
1.Fəallığı saxlamaq üçün tutmalar.
2.Texnika və taktika ilə əlaqəli tutmalar.
3.Hücumu, müdafiəni, əks-hücumu və kombinasiyanı həyata keçirmək məqsədilə tutmalar.
Gənc məşqçi-müəllimlər və güləşçilər unutmamalıdırlar ki, görüşdə idmançların bir tutmadan digər tutmaya keçməsi elə-belə meydana gəlmir. O, güləşçinin həmin vaxt strateji mövqeyindən, qarşıya qoyduğu texniki-taktiki məqsəddən, konkret olaraq, görüşün vəziyyətindən və başqa amillərdən yarana bilər.
Ümumiyyətlə, güləş tutmalardan başlayır. Müşahidələr göstərir ki, bütün hücumlar, fəndlər, müdafiələr, əks fəndlər tutmalarla ərsəyə gəlir. Görüşdə mükəmməl tutma, mükəmməl hücumdan, mükəmməl fəndin, müdafiənin və əks fəndin icrasından xəbər verir. Tutmalarsız hücuma keçib fənd işlətmək və ya rəqibin həmlələrinin qarşısını almaq çox çətindir.
Rusiya güləş mütəxəssisləri apardıqları təhqiqatlara əsaslanaraq yazırlar ki, güləşi tutmalarsız təsəvvür etmək mümkün deyil.
"Güləşə aid dərsliklərdə və elmi-metodiki ədəbiyyatlarda tutmalar haqqında müəyyən məlumatlar verilib. Lakin, təssüflər olsun ki, bu haqda ümumi fikirlə açıqlanmır, konkret olaraq, hücum tutmaları haqqında ətraflı məlumat verilmir. Güləşdə bu bölmə (tutmalar) daha xırdalıqları ilə araşdırmalar tələb edir. Bu, güləşdə həlli gözlənilən vacib məsələlərdən biri kimi qalır”, - deyə rusiyalı tədqiqatçılar bildirirlər.
Uzun illər aparılan tədqiqatların, məşqlərin, görüşlərin və yarışların analizinin nəticəsinə əsaslanaraq sərbəst güləşdə ən çox işlənən, ən vacib 22 tutma üsulu müəyyənləşdirilib.
Bunların içərisində 6-sı hücum tutmasıdır. Sübuta yetirilib ki, məhz bu tutmalar vasitəsilə sərbəst güləşdə hücuma keçmək üçün ən əlverişli imkan yaranır.
Sərbəst güləşdə hücum tutmaları
- yandan qolu iki əllə tutmaq.
- üstdən başı və dirsəyi tutmaq.
- qoltuq altından və biləkdən tutmaq.
- üstdən başı və qolu tutmaq.
- beldən və biləkdən tutmaq.
- başı gövdəyə dayayaraq, iki əllə ayaqdan tutmaq.
Hücum tutmalarının üstün cəhədləri ondan ibarətdir ki, bu, hər hansı bir fəndin icrasına hazırlıq olmaqla yanaşı, həm də onun icrası üçün əlaqə yaradır.
Görüşdə rəqibin hər hansı hərəkətinə qarşı 6 hücum tutmasının birinin tətbiq edilməsi rəqibin fəallığının qarşısını alır. Bununla güləşçi rəqibin bədəninin praktiki olaraq 50 faizinin hərəkət fəaliyyətini məhdudlaşdırır.
Hücum tutmalarının üstün cəhətləri:
- güləşçi üçün geniş texniki-taktiki imkanlar yaranır;
- güləşçi rəqibin müdafiə və əks-hücumunu hiss etməklə onların qarşısını vaxtında alır.
- güləşçi hücum tutmasında 8-9 cür hərəkət etmək imkanı qazanır. Bu halda rəqibin yalnız 1-2 cür hərəkət etmək imkanı qalır.
- güləşçi tutmanı dəyişərək daha əlverişli hücum tutması ilə rəqibini daha çətin təhlükə qarşısında qoya bilir.
- güləşçi bu vəziyyətdə hücum güləşi nümayiş etdirərək rəqibə gərginlik yaşadmaqla, fənd işlətmək üçün imkanlar əldə edir və yarışda hakimlərin diqqətində fəallığı ilə qalır.
- rəqibin qeyri-fəallığından bəhrələnməklə fəal müdafiə əldə etmək və əks-hücuma keçmək üçün imkan yaranır.
Güləşdə nəyi tutmaq dedikdə yarış qaydalarına uyğun olaraq, rəqibin bütün nahiyələrindən (başından dabanına kimi) tutmaq nəzərdə tutulur.
Nə ilə tutmaq dedikdə rəqibi əl, əllər, qol büküşü ilə, qol və başla, qollar ilə əlləri birləşdirməklə, qucaqlamaqla, ayaq büküşü ilə, pəncə ilə (sarıma ilə) ayaqlar və s. ilə tutmaqdan bəhs olunur.
Necə tutmaq dedikdə birtərəfli, ikitərəfli, eyniadlı, müxtəlif adlı, düz, əksinə, tərəflərə görə dedikdə öndən, arxadan, sağdan, soldan, aşağıdan, yuxarıdan, daxildən, xaricdən, yaxından, uzaqdan və s. tutmaq nəzərdə tutulur.
Güləşdə rəqibin saçından, barmağından, boğazından, qulağından, ətindən, barmaqları biri-birinə keçirərək və iki əllə boynundan tutmaq olmaz.