“Bir gün onlar da “Kobra”nın gücünü görəcəklər”

“Bir gün onlar da “Kobra”nın gücünü görəcəklər”

Müsahibim kikboksinq idman növü üzrə tanınmış idmançı, "kobra” ləqəbi ilə rəqiblərini lərzəyə salan Pərviz Abdullayevdir. İdmançımızla olan səmimi söhbətimizi oxucularımıza təqdim edirik.

- Pərviz, biz sənin peşəkar kikboksçu olduğunu bilirik. Yaxşı olardı ki, oxucularımıza özün barədə ətraflı məlumat verərdin.
- Mən 1986-cı il yanvar ayının 5-də Ağdam rayonunun Qiyaslı kəndində dunyaya gəlmişəm. 1993-cü ilə qədər doğma yurdumuzda rahat yaşayırdıq. 1993-cü ildə bədnam ermənilərin torpaqlarımıza etdiyi təcavüz nəticəsində yurd-yuvamızdan didərgin düşdük. 1993-cü ildə məcburən Bərdəyə gəldik. 1994-cü ildən isə Bakıda yaşayırıq. Onda mənim 8 yaşım var idi. Torpaqlarımızdan, ev-eşiyimizdən didərgin düşəndə isə 6 yaşında idim... 6 yaşlı bir uşaq yurdunu, ev-eşiyini necə xatırlayırsa, mən də elə xatırlaya bilirəm.

- Deməli, Bakıya gələndə 3-cü sinifə gedirdin?
- Bəli. Üçüncü sinifdən Nizami rayonunda yerləşən 250 saylı orta məktəbdə oxumuşam.

- Bəs, dərslərini necə oxuyurdun?
- Düzünü deyim ki, dərslərimə həmişə böyük həvəs göstərirdim. Bir çox idmançılar idmana meyl edəndə dərslərini ikinci plana atırlar. Məndə isə belə olmayıb. Əlaçı idim. Müəllimlərim məndən razı idilər.


- Ən çox hansı fənni sevirdin?
- Ən çox tarix fənnini sevirdim. Elə məktəbi bitirəndə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmağımın da səbəbi tarixi çox sevməyim idi. Universiteti də yaxşı qiymətlərlə bitirmişəm. Heç kimdən kömək istəməmişəm.
- Maraqlıdır, bəs idmanla məşğul olmağa necə vaxt tapırdın? Ümumiyyətlə, idmana gəlişin necə olub?
- İdmana uşaqlıqdan marağım var idi. Döyüş sənətini çox sevirdim. 12 yasımda idman həyatına qədəm qoymusam. Əvvəllər güləşlə məşğul olurdum. Sonra kikboksinqə maraq göstərdim.

- Bəs necə oldu ki, kikboksinq idman növünü seçdin?
- Güləş məni özünə çəkmədi. Döyüşmək mənə daha maraqlı görünürdü. Döyüşərkən ayaqlarımdan, yumruqlarımdan istifadə etmək istəyirdim. Bütün bu xüsusiyyətlər isə kikboksinqdə var idi. Odur ki, böyük həvəslə bu idman növü ilə məşğul olmağa başladım.
- Pərviz, idmançı olmaq istəyinə valideyinlərinin münasibəti necə olub?
- Əvvəllər ailə üzvlərim idmançı olmağımı istəmirdilər. Atam deyirdi ki, ay oğul, universitet diplomun var, bəlkə, ixtisasın üzrə işləyəsən. Anam da zədə almağimdan qorxurdu. Sonralar valideynlərim idmançı olmağıma etiraz etmədilər. Qardaşım isə hər zaman mənə mənəvi dayaq olub, hətta balaca olanda da.

- Yeri gəlmişkən, ailədə neçə övladsınız?
- İki qardaşıq. Evin böyük oğlu mənəm. Qardaşım Elgiz məndən kiçikdir.

- Bəs o, idmanla məşgul olur?
- O da kikboksinqlə məşğul olub. Elgiz kikboksinq üzrə iki qat Azərbaycan çempionudur. İndi idmandan bir az uzaqlaşsa da, idman onun da , mənim də yaşam tərzimizdir. Mənim üçün idmanın çox böyük mənası var. İdmançı həm sağlam insan, həm igid əsgər, həm də bayrağını zirvələrə qaldıran vətənpərvər insandır.

- Yarışlarda bayrağımızı qaldıranda hansı hissləri keçirirsən?
- Rəqibə qalib gəlmək, bayrağımızı dünya ölkələrinin bayraqları arasında yüksəklərə qaldırmaq mənim üçün böyük fəxrdir. Belə hissləri sözlə ifadə etmək çətindir... Böyük fərəh və qürur hissləri keçirirəm.

- Övladlarının da idmançı olmağını istəyərdinmi?
- Əlbbətə, çox istəyərdim. Amma qız övladımın peşəkar idmanla məşğul olmasını istəməzdim. Qız uşağının əzab-əziyyət çəkməsinin tərəfdarı deyiləm. Çünki bu sənət çox çətin sənətdir. Oğlan uşaqları daha dözümlü olurlar. Bir neçə gündür, ata olmuşam. Oğlumun idmançı olmağını çox istəyərdim. Hər şey Allahın qismətidir. Əslində, hər birimizin taleyini, həyat yolunu Allah yazıb. Hər şey onun istədiyi kimi olur. Mən hər yarışdan qabaq Allaha dua edirəm. O, mənə güc verir.

- İbadət edirsən?
- Bəli. Çox şükür ki, ibadətimi edirəm. Həm də çalışıram ki, namazlarımı vaxtında qılım. Bu, mənə güc verir. Allah mənim ən böyük dayağımdır. Çox şükür ki, onun sayəsində hər çətinlikdən çıxıram. Şəxsi həyatımda, idman karyeramda qazandığım uğurlarım üçün uca Allaha borcluyam.

- Oxucularımız üçün bir az idman nailiyyətlərindən bəhs edərdin.
- 12 yaşımdan ciddi şəkildə idmanla məşğulam. Pesəkar idmana 2006-cı ildə gəlmişəm. Kikboksinq üzrə ölkə və beynəlxalq yarışlarda uğurla çıxış etmişəm və qalib adını qazanmışam. Peşəkarlar arasında 4 qat dünya cempionu və dünya kəmərinin sahibiyəm. 2010-cu ildə Pekində ilk dəfə keçirilən Döyüş Növləri Olimpiadasının qalibi, elə həmin ildə Dünya kubokunu qazanmısan. 2010-cu ildə həm də ilin ən yaxşı 10 idmançısından biri oldum. Keçirdiyim 28 peşəkar döyüşün 26-sı qələbə əldə etmişəm. 6 döyüşüm isə nakautla nətəcələnib. Bundan sonra da yalnız qələbə qazanmaq arzusundayam və bunun üçün əlimdən gələni edirəm.

- Yarışlarda qalib gələrkən ilk sevincini kiminlə bölüşürsən?
- İlk sevincimi hər zaman qardaşımla bölüşürəm. O, yanımda olanda mənə mənəvi dayaq olur. Yanımda olmayanda isə birinci ona zəng vururam. Çünki qardaşım mənim uğurlarıma öz uğuru kimi sevinir.

- Pərviz, bir çox sayda ölkələrdə döyüşlər keçirirsən. Maraqlıdır, əcnəbi ölkədə rəqiblə üz-üzə gəlmək daha asandır, yoxsa öz vətənimizdə?
- Maraqlı sualdır. Düzünü deyim ki, öz ölkəmizdə yarışmaq daha məsuliyyətlidir. Çünki hər kəsin diqqəti məhz sənin üzərindədir və azarkeşlər , sənə inanan insanlar səndən yalnız qələbə gözləyirlər. Əcnəbi ölkələrdə yarışlarda çıxış etmək isə bu baxımdan bir az daha asandır.

- Yəqin ki, azarkeşlərin də qələbə qazamanğında öz rolu var.
- Əlbəttə, belədir. Azarkeşlərin varlığı çox önəmlidir. Bu, idmançıya müsbət enerji, stimul verir.

- Qələbə qazanmağında fiziki hazırlığınla bərabər, psixoloji hazırlığının da rolu varmı?
- Mən psixoloji cəhətdən heç vaxt əziyyət çəkməmişəm. Təcrübəli məşqçim Mehman Umudov məni həm fiziki, həm də mənəvi cəhətdən böyük ustalıqla hazırlayır. Məşqçilərin idmançıların üzərində böyük əməyi var. Bunu danmaq olmaz. Mənim bütün uğurlarımda Mehman müəllimin böyük əməyi, zəhməti var. Yarışda isə əsas hazırlıq fiziki hazırlıqdır. Günki fiziki hazırlıq aylarla vaxt tələb edir. Psixoloji hazırlığa isə az vaxt lazımdır. Yarışqabağı bir neçə günlük psixoloji hazırlıq mənə bəs edir. Danılmaz faktdır ki, idmançılar onlara göstərilən diqqət və qayğıdan böyük güç alırlar. Mən də gördüyüm diqqətdən çox razıyam. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmana böyük qayğı göstərilir. Qazandığım nailiyyətlərə görə ölkə rəhbərimiz məni mənzillə təmin edib. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin də mənə olan diqqət və isti münasibətini xüsusi vurğulamaq istəyirəm. Bütün bunlar idmana, idmançıya verilən yüksək diqqətdir. Onu da qeyd etmək istəyirəm ki, buyaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətində işə başlamışam. Burada idmançılara xüsusi qayğı ilə yanaşırlar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun idmançılara olan gözəl münasibəti, diqqəti danılmazdır. Burada həm özümə, həm də ölkəmizi beynəlxalq arenalarda təmsil edən digər idmançılara böyük diqqət, mehribanlıq, qayğı görürəm. Bu, məni olduqca sevindirir. Sevinirəm ki,vətənimizin qədirbilən, dəyərli övladları biz idmançılara daim dayaqdırlar. FHN-in İdman Saglamlıq Mərkəzinin rəhbəri Füzuli Musayevin də daim diqqət və qayğısı əhatəsindəyəm. Çevrəmdə belə vətənpərvər insanların olduğunu görmək, onlarla bir mühitdə çalışmaq mənə qürur verir.

- Yəqin ki, azarkeşlərdən də dəstək görürsən.
- Azarkeşlərimin varlığı mənə böyük dayaqdır. Onlar arasında Hollandiyada yaşayan həmyerlimiz, doktor Musa İsayevin adını çəkmək istəyərdim. O, nəinki mənə azarkeşlik edir, hətta Hollandiyada olan bir çox təşkilatı işlərimə də rəhbərlik edir. Musa müəllim mənim yaxın dostumdur. O, Hollandiyada qarşımıza çıxan maddi problemləri də həll etməkdə mənə böyük köməklik göstərir. Qohumlarım arasında da təşkilatı işlərimdə mənə yaxından kömək edənlər var. Yaxın dostum, əmim oğlu Faiq Abdullayev bu baxımdan mənə hər zaman dayaqdır. O, lazım olan işləri böyük həvəslə yerinə yetirir. Buna görə bütün dostlarıma minnətdaram.

- Bundan sonra qarşına hansı məqsədləri qoymusan?
- Bundan sonra da uğurlarımın davam etməsi üçün çalışacağam. Lakin kikboksinqin "Glory” təşkilatında güçümü sınamaq istəyirəm. Hollandiyada "Super Pro” klubunun rəhbəri, eyni zamanda, təşkilatçı olan Dennis Krauvelin dəvəti ilə oradakı yarışlara qatılmaq niyyətindəyəm. Onu da deyim ki, "Glory”də yarışmaq bir qədər çətindir. İnşallah burada da güçümü göstərmək, uğur qazanmaq istəyirəm. Çünki orda azərbaycanlı idmançı yoxdur. Ermənilərdən isə 3 idmançı "Glory”də döyüşür.

- Yeri gəlmişkən, rəqiblərin arasında erməni idmançılar olubmu?
- Heç vaxt olmayıb. Amma istərdim ki, olsun. Bir gün onlar da " Kobra”nın gücünü görəcəklər....

- Maraqlı və səmimi söhbət üçün sağ ol.
- Mən də "Olimpiya dünyası” qəzetinə və sizə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
Jalə Rzabəyli