“Qılıncoynatma çətin, lakin maraqlı idman növüdür”

“Qılıncoynatma çətin, lakin maraqlı idman növüdür”


İdmanın bütün növləri maraqlı və özünəməxsusdur. Bu idman növlərinin adı, hərəkət mexanizmi fərqli olsa da eyni məqsədə xidmət edir: sağlam həyat tərzinə və beynəlxalq arenalarda ölkəmizi təmsil etməyə. Olduqca maraqlı, istedad tələb edən idman növlərindən biri də qılıncoynatma idman növüdür. Bu idman növünün inkişafı üçün federasiya, klub və cəmiyyətlərin yaranması ölkəmizdə 1937-ci ildən başlayıb. Hazırda qılıncoynatma ilə nəinkli sağlam idmançılar, hətta əlil idmançılar da məşğul olurlar. Paralimpiyaçıların bu idman növü ilə məşğul olması üçün 2012-ci ildə Milli Paralimpiya Komitəsi tərəfindən təşəbbüs irəli sürülüb və o tarixdən etibarən paralimpiyaçılarımız idmanın bu növü ilə məşğul olmağa başlayıblar. Bu idmançılarla "Fencing” İdman Klubunun rəhbəri, məşqçi Asəf Məlikov məşğul olur. Asəf müəllim bizimlə söhbətində qılıncoynatma barədə danışdı:
- "Bu idman növü idmançıdan diqqət, cəldlik, özünəinam kimi xüsusiyətlər tələb edir. Hazırda idmançılarımız qılıncoynatmanın 3 növü: rapira, şpaqa və sabliya ilə məşğul olurlar. Paralimpiya Komitəsinin təşəbbüsü ilə 2012-ci ilin dekabr ayından fəaliyyət göstərən əlil arabasında keçirilən qılıncoynatma idman növünün ilk idmançıları Kamal Məmmədov və Qalib Əliyev oldu. Əlil arabasında qılıncoynatmaq idmançıdan xüsusi bacarıq tələb edir. Ümumiyyətlə, paralimpiayaçıların idmanla məşğul olması onlardan böyük əzm tələb edir. Daha sonra paralimpiyaçı idmançılardan Azadə Abdullayeva və Vüsalə Kərimova da bu idman növü ilə məşğul olmağa başladılar. Rapira üzrə idmançılarımızın məşqçisi olsam da, qeyd edim ki, qılıncoynatma üzrə yığma komandanın baş məşqçisi Rövşən Məmmədovdur. Paralimpiyaçılarımız hazırda bu idman növünün rapira və sabliya növü üzrə məşğul olurlar”. Vaxtılə idmanın güləş, boks kimi növləri ilə də məşğul olan Asəf müəllim qeyd etdi ki, qılıncoynatma üzrə yaxşı mütəxəssis olmağının səbəbi bu idman növünə olan böyük marağı və sevgisidir. Məşqçi onu da bildirdi ki, əlil arabasında qılıncoynatma ilə məşğul olan idmançılar bu idman növü ilə yeni məşğul olsalar da nailiyyətlər əldə ediblər. "Baxmayaraq ki, paralimpiyaçılarımız bu idman növü ilə hələ yeni məşğul olurlar, lakin onlar artıq beynəlxalq yarışlarda öz güclərini nümayiş etdirərək medal və diplomlara layiq görülüblər. Bu idman növü idmançıdan gündəlik məşq tələb edir. Yığma komandanın üzvləri bu məşqləri həvəslə edirlər. Lakin məşqçi hər idmançıya ayrı-ayrılıqda nəzarət edir və həmin idmançını öz xüsusiyyətlərinə görə qiymətləndirir. Amma bu o demək deyil ki, biz idmançıları hər gün eyni fiziki gərginliklə məşq etdiririk. Gedecəyimiz yarışların planını və vaxtını bildikdə hazırlıq işlərimiz və məşqlərimiz daha yaxşı keçirilir. Qılıncın cəkisi 300-700 qram ağırlığındadır. Bu qılınclarla məşq etmək idmançı üçün o qədər də çətin deyil. Burada bir az ağır olan idmançıların geyimidir. Çünki bu geyimlər xüsusi olaraq istehsal olunub və idmançıları zədələnmədən, yaralanmadan maksimun qorumaq üçündür. Qılıncoynadanların geydiyi bu geyim zirehli geyim hesab olunur. Belə ki, 5 metr məsafədən pnevmatik tapança ilə atılan güllə belə bu geyimləri deşə bilmir. İdmançıların mübarizə apardığı vaxt isə 3 dəqiqəyə və yaxud 5 xal qazanana qədərdir”, - deyə Asəf müəllim məlumat verdi.
Azərbaycanlı qılıncoynadanların SSRİ-nin yığma komandasının tərkibində də böyük uğurlar qazandıqlarını deyən məşqçi əlavə etdi ki, onlar arasında tanınmış idmançılar, Olimpiya cempionu adını qazananlar da var. İkiqat Olimpiya çempionu İlqar Məmmədov, Olimpiya çempionu Boris Koryevski, 3 qat dünya cempionu Elena Jimayeva , dünya cempionu Samir İbrahimov belə idmançılardandır.
"Qılıncoynatma çətin, lakin maraqlı idman növüdür. Rəqiblə üz-üzə döyüşən idmançı çox ani qərarlar qəbul etməyi bacarmalıdır. Bu, təyyarəçinin cətin anda qəbul etdiyi ani və düzgün qərar kimi zərərsiz və dəqiq olmalıdır. Mən 1987-ci ildən qılıncoynatma ilə məşğulam. Bəzi səbəblərə görə bir az idmandan uzaqlaşdım, lakin 2008-ci ildən bu günə kimi fasiləsiz olaraq bu işlə məşğulam. Mənim 3 qızım var. Onlar da bu idman növünə maraq göstərirlər. İstəyirdim ki, bu idman növü ilə onlar da məşğul olsunlar”, - deyə Asəf müəllim bildirdi.
İdmançılarımızın təlim-məşq prosesindən danişan baş məşqçi bunları dedi: "Yarışlarda iştirak etmək, rəqiblərinə qalib gəlmək hər idmançının arzusudur. Lakin bunun üçün idmançıların təcrübələri artırılmalıdır. Təcrübə isə təkcə məşq zalında hazırlaşmaqla olmur. Bunun üçün təlim-məşqlərdə, yoldaşlıq görüşlərində iştirak etmək lazımdır. Belə məşqlər nə qədər çox olarsa, idmançılar da o dəqər təcrübəli olar”. Məşqçi əlavə etdi ki, 2009-cu ildə paytaxtımızda qılıncoynatma üzrə turnir, 2010-cu ildə isə Bakıda yeniyetmələr və gənclər arasında dünya cempionatı keçirilib. "Klubumuzda sağlam idmançılarla yanaşı paralimpiyaçıların da məşq etməsi məni sevindirir. Onların qılıncoynatmanın sirlərinə yiyələnməsi, beynəlxalq yarışlarda iştirak etməsi üçün əlimdən gələni edirəm. Bir məşqçi kimi bu idman növünün daha da inkişaf etməsini arzulayıram”, - deyə Asəf Məlikov bildirdi.

O, qılıncoynatma ilə məşğul olan qızları barədə isə bunları söylədi : "Ötən il idmançılarımız iki turnirdə iştirak etdilər, lakin bunlar bizim öz vəsaitimiz hesabına oldu. Bu turnirin nəticəsidir ki, idmançılarımızdan Məryəm Məlikova Peteqorskidə keçirilən yarışda 3-cü yerə yiyələndi. Gürcüstanda keçirilən diğər bir yarışda isə Məryəm mükafatalayiq yer qazandı. Sevindirici haldır ki, qızlarım Nübar, Məhin və Məryəm qılıncoynatma ilə məşğul olurlar. Ailədə ata- övlad münasibətində olsaq da , məşqdə onlarla tələbələrim kimi davranıram. Qızlarımın 3-ü də qılıncoynatma ilə eyni vaxtda məşğul olmağa başayıblar. Məryəmin 14, Məhinin 17, Nübarın isə 19 yaşı var. Onlar qılıncoynatmanın 3 növü ilə də məşğul olurlar. Bacılar məşqlərdə, yarışlarda bir-birlərinə rəqib olsalar da həyatda çox mehribandırlar. Onlar keçirilən yarışlarda medal və diplomlar qazanıblar”.
Qeyd edək ki, qılıncoynadanlarımız avqust ayında Budapeştdə keçiriləcək dünya kubokuna hazırlaşırlar. Komanda üzvlərinin bu yarışa həvəslə hazırlaşdıqlarını deyən Asif müəllim idmançılarımızın nailiyyətlər qazanacaqlarına inanır.

P.S.: Qeyd edim ki, müsahibim bir neçə idman növləri ilə məşğul olmaqla bərabər hərbici olmaq arzusunda da olub. O, Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb , Sankt-Peterbruqda hərbi təhsilini davam etdirib. Qarabağ müharibəsi iştirakçısı da olan Asəf müəllim maraqlı məqalələrin, şer və hekayələrin də müəllifidir.
Jalə Rzabəyli