Peyintbol turnirinə Şüvəlan ev sahibliyi etdi

Peyintbol turnirinə Şüvəlan ev sahibliyi etdi


İyunun 30-da Şüvəlanda peyintbol üzrə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş "Arena” kuboku uğrunda turnir keçirilib. "Yaban store”, "Red Bull”, "Caspian Hunters”, "Mı Travel”, "oxu.az” və "Starfraame”nin təşkilati dəstəyi ilə keçirilən yarışda 48 peyintbolçu iştirak edib. Yarışlar 8 komandanın iştirakı ilə iki qrupda keçirilib. Turnirdə "Smert”, GOA, "Bad Boys”, "Westerham”, "Atilla”, "All Stars”, "Kamikadze” və "Freestaıl” komandaları yarışıblar. Yarışın qaydalarına əsasən hər qrupda birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə əldə ediblər. Qrup mərhələsini uğurla keçən "Smert” komandası yarımfinalda "Westerham”ı, GOA isə "Bad Boys”u məğlub edərək finalda yarışmaq hüququ əldə ediblər. Həlledici mərhələdə rəqbini məğlub edən "Smert” yarışın qalibi adını qazanıb. İkinci yerə GOA, üçüncü yerlərə isə "Westerham” və "Bad Boys” komandaları layiq görülüblər. Qaliblər və mükafatçılar kuboklar, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunublar.

Yarışdan sonra mütəxəsslər yarışla bağlı fikirlərini bizimlə bölüşdülər.

Zaur Kələntərli ("Peyintbol Arena Azərbaycan” idman klubunun sədri):
- Peyintbol oyunu idmanı, əyləncəni, hobbini, mübarizəni özündə birləşdirir. Burada silah - marker, güllələr isə zərərsiz boya şarlarıdır. Yarışın qaydaları da çox sadədir: iki boya şarı bədənə və ya bir boya şarı başa dəyərsə, iştirakçı oyunu tərk etməlidir. Lakin o, növbəti oyunda qayıdıb rəqibindən "qisas”ını ala bilər. Yarışın təşkil olunmasında əsas məqsəd peyintbol idman növünü Azərbaycanda inkişafını təmin etmək, gənclərin bu idmana marağını artırmaq və insanların asudə vaxtlarını maraqlı və səmərəli şəkildə keçirməsindən ibarətdir. "Peyintbol Arena Azərbaycan” idman klubu bu yaxınlarda ictimai klub kimi Gənclər və İdman Nazirliyinin və Ədliyə Nazirliyinin qeydiyatından keçib. Hazırda əsas məqsədimiz bu idman növünü Azərbaycanda Avropa səviyyəsində inkişaf etdirmək və gənclərdə hərbi vətənpərvərlik hisslərini oyatmaqdır. Peyintbol həm də gənclərin döyüş taktikalarına yiyələnməsinə və silahla davranmasına böyük təsir göstərir. Fikrimcə, bu idman növü müharibə şəraitində olan ölkəmizdə gənclərin döyüş hazırlığı üçün çox önəmli bir vasitədir. Biz Avropa Peyintbol Federasiyalar Birliyinə də müraciət etmişik. Onlar bizi qəbul etməyə razıdılar. Lakin bəzi məsələlər var ki, biz də həmin məsələlər üzərində işləyirik. Şərtlərə görə klubun müəyyən qədər üzvü olmalıdır. Düzdür, klubumuz hələ təzə yaranıb. Amma inanıram ki, bu problemlər gələcəkdə aradan qalxacaq. Hazırda əsas istəyimiz gələn il keçirilən peyintbol üzrə Avropa çempionatında ən azı 5 klubla təmsil olunmaqdır. Bu gün Şüvəlanda Silahlı Qüvvələrin yaranmasının 95 illik münasibəti ilə "Arena” kuboku yarışı təşkil etdik. Yarışda 4 peşəkar komanda - "Smert”, GOA, "Bad Boys”, "Freestayıl” və 4 həvəskar komanda yarışdı. Qeyd edim ki, yarışda iştirak etmək hüququ azad idi. Yəni cinsindən və yaşından asılı olmayaraq hər bir şəxs komanda yığaraq bu yarışda iştirak edə bilərdi. Burada iştirakçılar arasında müəyyən təşkilatlarda çalışan insanlar da yarışdılar. Bəzi həvəskar idmançılar var idi ki, onlar ilk dəfə peyintbol oynayırdılar. Yarışlara baş hakim Elşad Məmmədovun rəhbərliyi ilə 5 hakim nəzarət etdi. Fikrimcə, ədalət təmsilçiləri çoxsaylı gərgin və mübahisəli məqamların olmasına baxmayaraq, döyüşlərdə ədalətli qərarlar qəbul etdilər. İnanıram ki, bu turnir gələcəkdə peyintbol üzrə turnirlərin keçirilməsinə təkan verəcək. Əsas məqsədlərimizdən biri də regionlarda peyintbol üzrə klublar yaratmaqdır. Əgər klublar çox olarsa, onda klublararası çempionatlar da keçirmək mümkün olar.



İlqar Məmmədov ("Smert” komandasının kapitanı):

- Çox maraqlı bir oyun oldu. Finalda rəqibimiz GOA komandası idi. Onlar da finala qədər bütün rəqiblərini məğlub etmişdilər. Yəni çox güclü və təcrübəli komanda idi. Həlledici mərhələdə müəyyən qədər çətinliklərlə üzləşdik. Amma sonda yenə də qalib gələn komanda "Smert” oldu. Bizim qalibiyyətimizdə əsas səbəb hər komandaya uyğun düzgün taktika qurmağımız idi. Oyunun gedişatına əsasən taktikaları dəyişirdik. Əgər döyüşdə taktika düzgün seçilərsə onda qələbə qazanmaq daha asan olur. Yarışdan əvvəl də məşq etdiyimiz üçün bir birimizi daha yaxşı başa düşürdük. Bunun üçün də oyunda komanda birliyinə görə qalib gəldik. Bəlkə də həmin komandanın heyətindəki oyunçular ayrı-ayırılıqda götürsək bizdən çox güclü idilər. Lakin komanda birliyinə görə biz rəqiblərimizi məğlub etməyi bacardıq. Bundan əlavə, burada həm dəqiqlik, həm də cəldlik çox önəmli yer tutur. Əgər bunlar komanda üzüvlərində varsa, o zaman komanda qələbəyə bir addım daha yaxın hesab edilir.

Azər Əlizadə