Unudulmaz anlar

Unudulmaz anlar

Olimpiya oyunları keçirilmə məkanından, zamanından və şəraitindən asılı olaraq, bir-birindən fərqlənir və hər kəsin yaddaşında özünəməxsus iz buraxır. Yarışlarda baş verənlərlə bağlı təəssüratlar, razılıq və narazılıqlar da müxtəlif olur. Dörd ildən bir keçirilən möhtəşəm oyunlarda istər idmançı, istər məşqçi, istər komanda rəhbəri, istərsə də tamaşaçı kimi iştirak edənlər uzun müddət olimpiadanın təsirindən çıxa bilmirlər. Həmin oyunlarda keçirdiyi həyəcan, maraqlı, unudulmaz anlar onun üçün ömrü boyu ən əziz xatirəyə çevrilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan komandası indiyədək 5 olimpiadanın iştirakçısı olub. Azərbaycan nümayəndə heyətinin tərkibində olimpiadaya yollananların bəzisinə ardıcıl olaraq bir neçə olimpiadada iştirak etmək nəsib olub. Bəs görəsən, bu olimpiadalarda iştirak onlarda nə kimi təəssüratlar oyadıb, onlar qeyri-adi hadisələrlə rastlaşıblarmı?
Bu sayımızdan başlayaraq "Olimpiya xatirələri” rubrikasının qonaqları Olimpiya oyunları ilə bağlı xatirələrini bizimlə bölüşəcəklər. Budəfəki qonağımız Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi Azərbaycan nümayəndə heyətinin tərkibində 4 dəfə olimpiadanın iştirakçısı olmuş Xəzər İsayevdir.

"Sidney Olimpiadası yaddaşımda ən maraqlı Olimpiya oyunları kimi qalıb”
- İndiyədək Sidney, Afina, Pekin, London olimpiadalarında Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi iştirak etmək mənə nəsib olub. Belə möhtəşəm yarışda iştirak etdiyimdən və milyonlarla insanın pərəstiş etdiyi məşhur idmançılarla bir yerdə olmağımdan qürur duyuram. 2000-ci ildə keçirilən Sidney Olimpiadası yaddaşımda ən maraqlı Olimpiya oyunları kimi qalıb. Sidney Olimpiadasının açılış və bağlanış mərasimi, olimpiadanın Təşkilat Komitəsinin gördüyü işləri yüksək səviyyədə idi. Baxmayaraq ki, iştirak etdiyim digər üç olimpiadanın da özünəməxsus açılış mərasimi olmuşdu, Sidneydə bu məqam xüsusi qeyri-adiliyi ilə diqqəti çəkirdi. Avstraliya tarixinin mərhələlərini özündə əks etdirən açılış mərasimində suda, quruda, atmosferdə olan bütün canlı varlıqlar insanlar tərəfindən qeyri-adi şəkildə canlandırılmışdı. Orada atlar, quşlar, balıqlar, müxtəlif dəniz heyvanlarını müxtəlif tərzdə görmək mümkün idi. Mərasim Avstraliya xalqının dənizlə sıx əlaqəsini nümayiş etdirirdi. Həmin görüntülər indiyədək gözlərimin önündədir. Bu heyrətamiz mənzərəni birbaşa izləmək insana sözlə ifadə edilməyəcək hisslər bəxş edirdi.
Bundan başqa, yarışların keçirilməsi, hakimlik, dopinqlə bağlı məsələlər, təyyarədən düşən andan olimpiadanın bağlanış mərasiminə kimi insanlara göstərilən diqqət və qayğı məni heyran etmişdi. Sidney-2000 bu günə qədər gördüyüm ən gözəl Olimpiya bayramı, olimpiadanın gözəlliyini özündə təfərrüatı ilə nümayiş etdirən Olimpiya oyunları idi.


"Küçədə nümayəndə heyətimizin üzvlərindən biri vedrəni əlinə alıb nağara çalmağa başladı”
- Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan komandasının qatıldığı ikinci olimpiada Sidney Olimpiadası idi. Bu oyunlarda Azərbaycan komandası tam püxtələşmiş formada iştirak edirdi. Sidneydə Azərbaycan idmançılarının 2 qızıl, 1 bürünc medal qazanması 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyinə cənab İlham Əliyevin seçilməsindən sonra baş verən ən uğurlu hadisələrdən biri oldu. İlham Əliyev cəmi üç il idi ki, Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəlmişdi. Qısa müddət ərzində bu cür möhtəşəm uğurun əldə olunmasına Olimpiya Hərəkatında heç bir ölkənin təcrübəsində rast gəlinməmişdi. Cənab İlham Əliyevin Azərbaycan Olimpiya Hərəkatı rəhbərliyinə gəlişindən sonra bütün yerli idman qurumları səmimi şəkildə eyni nöqtəyə vurmağa başladı, federasiyalar bütün qüvvələrini səfərbər etdilər. Olimpiadada bu səmimiyyəti daha açıq-aydın görmək mümkün idi. Qazanılan hər bir medala görə insanlar bir-birini qabaqlayır, öpüb bağrına basır, şənlənirdilər. Sidneydə əsl bayram ab-havası var idi. Namiq Abdullayevin Sidneydəki qələbəsindən sonra hamı "Tanrıya şükürlər olsun”, - deyərək idman arenasından çölə çıxdı. Küçədə nümayəndə heyətimizin üzvlərindən biri vedrəni əlinə alıb nağara çalmağa başladı. Biz hamımız həvəslə Azərbaycanımız üçün rəqs etməyə başladıq. Elə Olimpiya oyunlarının əsas amalı da müxtəlif ölkələrdən olan insanları birləşdirmək, onları yaxınlaşdırmaqdır.
Maraqlı məqamlardan biri də indiyədək xatirimdədir. Olimpiya oyunlarında yarışlara hazırlıq prosesində Namiq Abdullayevdə bir qədər ruh düşkünlüyü yaranmışdı. Zemfira Meftəhətdinovanın Olimpiya çempionu adını qazandığını eşidəndə çox sevindik. Onun yarışlarda çıxış etdiyi arena bir qədər uzaqda yerləşirdi. İndi əsas diqqət Namiq Abdullayevə yönəlmişdi. Mən də bir güləşçi kimi Namiqə məsləhətlərimi vermək üçün sevincli halda məşq zalına tərəf gedirdim. Artıq idmançıların çəki prosesi başlamışdı. Gördüm ki, Namiq çəkisi bir qədər artıq olduğundan bir küncə çəkilib bikef halda oturub. Şəxsi məşqçisi Yaqub müəllim də Namiqin başının üzərində dayanıb ona öz məsləhətlərini verirdi. Yaqub müəllimə yaxınlaşıb dedim ki, Namiqlə söhbət etmək istəyirəm. Namiq göz yaşlarını birtəhər saxlayırdı. O, çəkisini azalda bilmədiyi üçün çox məyus olmuşdu. Vəziyyət elə gətirmişdi ki, o, döşək üzərinə belə çıxmaq istəmirdi. Namiqin dünya ikincisi və Avropa çempionu, Olimpiya mükafatçısı olmasına baxmayaraq həmin anda peşəkar məsləhətinə ehtiyacı olduğunu hiss etdim. Onunla qısa, səmimi söhbətimiz oldu. Əvvəlcə dedim ki, hələ vaxta var, çəkidir də, salarsan. Sonra əlimi boynuna salıb davam etdim: "Təbrik edirəm səni! Əsas rəqiblərindən olan Valentin Yardanov yarışa qatılmayacaq. Bu, sənin Olimpiya çempionu olmaq şanslarını artırır. Namiq həmişə yarışlarda bu idmançıya uduzurdu”. Ona təklif etdim, yüngül hərəkətlər etsin, bu onun çəkisinin azalmasına kömək edər. "Cəmi dörd görüş keçirməlisən. İndiyədək karyeran ərzində nə qədər döyüşlər keçirmisən?”-deyə ona sual verdim və dedim: "Qoy bu dörd görüş yarım saat çəksin. Bu müddət ərzində özünü toparla və çempionluq uğrunda mübarizə apar”. Zemfiranın artıq Olimpiya çempionu Namiq Abdullayevdə birdən-birə ruh yüksəkliyi yarandı. Sözsüz ki, həmin vaxt Namiq artıq titullu idmançı idi, olimpiadaya hazırlıq dövründə böyük əziyyət çəkmişdi. Amma yarış zamanı psixoloji məsləhətə ehtiyacı var idi. Bəzən yarışlarda bir söz belə qarşılaşmanın taleyini həll edir. Bu sözləri ona deməyi özümə borc bildim. Namiq üç görüşdə qələbə qazanandan sonra artıq biz hamımız özümüzə gəldik.

"Belə bir fantastik görüntü ilə dünyanın heç bir yerində rastlaşmamışam”
Sidney Olimpiadasında bizim narazılığımıza səbəb olan məqama, demək olar ki, rast gəlmədik. Oranın böyük ticarət mərkəzində sadə insanlar üçün metrlərlə ölçüsü olan ekranlarda Olimpiya oyunlarını birbaşa izləmək imkanı yaradılmışdı. Qeyd edim ki, Olimpiya oyunlarına biletlər çox baha idi. Ən ucuz biletin qiyməti 25 Avstraliya dolları idi. Avstraliyalıların bir-birinə və gələn qonaqlara olan münasibəti çox səmimi idi. Yerli ölkə nümayəndələri qonaqlara Avstraliyada qalmağı təklif edirdilər. Onlar insanları, ən azı, turist kimi öz ölkələrinə cəlb etməyə çalışırdılar. Orada müxtəlif xalqların nümayəndələri çoxluq təşkil edirdi. Avstraliyada yüksək səviyyəli mədəniyyətin şahidi oldum. Qeyd edim ki, Avstraliyada dünyanın ən böyük akvariumlarından biri yerləşir. Okeanın altındakı və hər növdə balina, akula, nadir balıqlara birbaşa tamaşa etmək mümkündür. İndiyədək dünyanın bir çox ölkəsində olmuşam. Amma belə bir fantastik görüntü ilə dünyanın heç bir yerində rastlaşmamışam. Akvariuma giriş ödənişli idi. Amma elə piyada keçidləri var ki, orada həmin görüntünü pulsuz izləmək mümkündür. Olimpiya iştirakçıları həmin keçidlərdən keçərək idman obyektlərinə getmək imkanına malik idilər. Sidney Olimpiadasından 13 il ötür. Amma onun gözəlliyi hələ də gözlərimin önündədir. Orada nəqliyyat sistemi yüksək səviyyədə idi. Nadir hallarda yollarda tıxaclara rast gəlinərdi. Şəhərin mərkəzində maraqlı, ikimərtəbəli dəmir yolları var idi. Biz olimpiadanın keçirildiyi yerdən 20 km aralıda qalırdıq. Hər gün yarış yerinə avtobusla 1 saat yol gedirdik. Qaldığımız yerdən 30 km aralıda Avstraliyadakı yerli xalqın nümayəndələri - aborigenlər yaşayırdılar. Təbiətin qoynunda kök salan bu insanların həyat tərzini canlı izləmək çox maraqlı idi. Səhər saat 8-də avtobusa minəndə ayaqyalın, əlində ağac olan və üzəri yarpaqla örtülmüş aborigenin 1 saatlıq yolu hər gün piyada qət etdiyinin şahidi olurduq. Sonradan öyrəndik ki, bu Avstraliya sakinləri hər gün şəhərin mərkəzinə nəsə almaq üçün gedirlərmiş. Elə vaxt olurdu ki, bizimlə gedən aborigeni axşam bizimlə qayıdan görürdük. Maraqlıdır ki, onlar şəhər camaatına qarışmırlar. Olimpiya oyunlarının açılış mərasimində də biz onların ifasında maraqlı rəqslərin şahidi olduq.

"Afinada Amerika və holland gəmilərində qalırdıq”
Afina oradakı adaların çoxluğu ilə diqqəti çəkirdi. Sözsüz ki, orada ilk yada düşən məsələ Afinanın ilk Olimpiya oyunlarının vətəni olmasıdır. Oradakı qədim Olimpiya stadionu, şəhərin mərkəzindəki Olimpiya oyunları ilə bağlı abidələr şəhərin qədim tarixini özündə əks etdirir. Şəhərə ayaq basdığın andan Olimpiya Hərəkatının orada başladığını, Olimpiya oyunlarının ilk dəfə Afinada keçirildiyini hiss edirsən. Afinada biz Amerika və holland gəmilərində qalırdıq. Afinanın özündə qonaqların qalmaları üçün böyük hotellər yox idi. Olimpiya kəndində isə yalnız idmançılar qalırdılar. Olimpiadaya gəlmiş rəsmi qonaqlar və bəzi idmançılar gəmilərdə qalırdılar. Həmin gəmilərdə insanın normal yaşaması üçün hər cür şərait yaradılmışdı. Orada dükan, hovuz və s. var idi. İkinəfərlik kayutların pəncərəsi dənizə baxırdı. Bizə gündə üç dəfə yemək verilirdi.
Afinada xoşa gəlməyən amil idman obyektlərinin bir-birindən çox uzaq məsafədə yrləşməsi idi. Biz hər bir Olimpiya bazasına, ən azı, 1 saat yol getməli olurduq. Bəzən yarışlara vaxtında çata bilmirdik. Nəqliyyat sisteminin qeyri-dəqiqliyi insanı çaş-baş salırdı.

"Pekin Olimpiadasının açılışı günü bütün stadiona duman çökmüşdü”
Pekin Olimpiadasında Təşkilat Komitəsi müəyyən problemlərlə üzləşdi. Rütubətin çox olması əlavə 3 milyon manat vəsaitin ayrılmasına səbəb oldu. Səhər tezdən mənzillərin içərisinə kimi dumanla dolu olurdu. Açılış günü bütün stadiona duman çökmüşdü. Göz gözü görmürdü. Bir tərəfdən isti, digər tərəfdən rütubət, o bir tərəfdən stadiona çökən duman olimpiadanın açılışına əngəllər törədirdi. Təşkilat Komitəsi hərbi qurğular vasitəsilə dumanı stadiondan uzaqlaşdırmağa nail oldu. Çin xalqı çox fəal və işləyən xalqdır. Orada kommunist rejimi, nizam-intizam hiss olunurdu. İnsanlar çox mehriban, gülərüzdürlər. Onların arasında olmaq, söhbət etmək insanı sevindirirdi. Könüllülərin bəzisi rus dilini bilirdi. Dili bilməyənlər isə əl-qol hərəkətlərinin köməyi ilə insana nəyi isə başa salmağa çalışırdılar. Çinlilər, əsasən, küçələrdə onlara məxsus mərcanlardan düzəldilmiş suvenirləri reklam edirdilər. Onlar istiotlu yeməkləri çox sevirlər. Amma həmin yeməkləri yedikdən 1-2 dəqiqə sonra yeməyin istiotlu olduğunu sanki unudursan. Dəniz yosunları, dəniz ağaclarının kökləri, sarımsaq, müxtəlif otlar Çin mətbəxində üstünlük təşkil edir. Maraqlıdır ki, bu qidalar istiotlu və duzlu olmasına baxmayaraq, insanda susuzluq yaratmır. Hətta bəzi kafe və restoranlarda yeməkləri sənin gözünün qabağında bişirirlər. Onlar yemək yeyərkən xüsusi çöplərdən istifadə edirlər. Pekində Çinin qədim tarixini əks etdirən keçmiş imperatorların sarayları da bu ölkəyə gələn qonaqların diqqətini cəlb edir. Pekində turistlərin ən çox maraq göstərdiyi tarixi yerlərdən biri də 5000 km məsafə boyunca uzanan Çin səddidir. Oranın ən yüksək qülləssindən seyr etdiyimiz mənzərə heyrətamiz idi. Bir nöqtədən hər yeri görmək mümkün idi.
Pekin Olimpiadasının ən həyəcanlı məqamlarından biri cüdoçumuz Elnur Məmmədlinin Olimpiya çempionluğu titulunu qazanması oldu. Elnur tatamiyə tərəf gələn zaman onda yüksək psixoloji hazırlıq, ruh yüksəkliyi dərhal hiss olunurdu. Həmin vaxt dedim ki, baxın, Olimpiya çempionumuz gəlir. Elnur Olimpiya çempionu titulunu özünəməxsus tərzdə qazandı. Düzdür, Londondakı məğlubiyyətindən sonra çoxları Elnur Məmmədlini qınamağa başladı. Amma unutmaq olmaz ki, Olimpiya çempionluğu yüksək titul, qəhrəmanlıqdır. O, bundan sonra idmanda çıxış etməsə də, yenə də Olimpiya çempionu olaraq qalacaq.
London Olimpiadasında insanlara qarşı laqeydlik var idi. Tıxacları Olimpiya oyunlarının rahat keçirilməsinə mane olurdu.
Olimpiya oyunları təkcə idman mübarizəsi deyil. Maraqlıdır ki, vaxtilə bir-birinə rəqib olan idmançılar Olimpiya oyunlarında bir-birilə dost kimi görüşmək imkanı əldə edirlər. Dəfələrlə Olimpiya oyunlarında köhnə dostlarımla rastlaşmışam.

"Kaş ki, mən də nə vaxtsa Olimpiya çempionu olardım”
Olimpiya oyunlarında insanı həyəcanlandıran əsas məqam idmançıların çempionluq və məğlubiyyət hisslərini qeyri-adi tərzdə keçirməsidir. Namiq Olimpiya çempionu olanda hamı çox sevinirdi. Kənardan Namiqin sevinc hisslərini necə keçirməsi ilə bağlı mənzərəni izləmək insanı çox həyəcanlandırırdı. Çempion olduqdan sonra onun yerə yıxılması, qələbəsini qeyd etməsi maraqlı anlar idi. Peşəkar idmançı kimi onun hərəkətlərində özümü görürdüm. Mənə elə gəldi ki, idmançı olsa idim, mən də onun kimi edərdim. Vaxtilə qələbə qazananda xalqıma öpüşlər göndərmişəm. Görüşü başa vurandan sonra ayaqlarım yer tutmurdu. Bu məqamları ancaq yaşamaq lazımdır. Bu hissləri sözlərlə ifadə etmək mümkün deyil.
Sözsüz ki, Olimpiya oyunlarında məni ancaq bir məsələ hər zaman düşündürürdü. Kaş ki, mən də nə vaxtsa Olimpiya çempionu olardım. Olimpiya çempionu olmaq həyatımda ən əlçatmaz arzulardan biri oldu. Söhbət ondan getmir ki, mən buna layiq deyildim, birincilərdən biri deyildim, olimpiadaya gedə bilməzdim. Bunun üçün bütün şərait var idi. Amma reallıq bundan ibarətdir ki, mən Olimpiya oyunlarının iştirakçısı ola bilməmişəm. Əgər mən Olimpiya oyunlarının iştirakçısı olsa idi, Olimpiya çempionu da olardım. Nailiyyət əldə etməsəm də, fəxr edirəm ki, Olimpiya çempionlarımızın qələbəsi mənim Milli Olimpiya Komitəsinin vitse-prezidenti olduğum dövrə təsadüf edir. Məncə, bizim üçün ən böyük qələbə Azərbaycan nümayəndə heyətinin Olimpiya oyunları kimi mötəbər yarışda iştirak etməsi və Olimpiadada bayrağımızın dalğalanmasıdır.