Azərbaycan idmançıları Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edəcəklər

Azərbaycan idmançıları Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edəcəklər

Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək sürətlə inkişaf edir. Paytaxtda və bölgələrdə biri-birindən gözəl, göz oxşayan müasir tipli Olimpiya idman komplekslərinin əhalinin istifadəsinə verilməsi, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında əldə etdikləri nailiyyətlər, ölkəmizin yüksək səviyyəli beynəlxalq yarışların mərkəzinə çevrilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində bütün sahələrdlə olduğu kimi, idmanda da böyük inkişaf və irəliləyişə nail olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən, ardıcıl və ağıllı siyasətin nəticəsində mümkün olmuşdur.
Humanist ideallar olimpizmin, Olimpiya Hərəkatının da ən vacib və əsas dəyərlərindən biridir. Məhz bu idealların əsasında formalaşan Olimpiya Hərəkatı Xartiyasında deyilir: "Olimpizm bədən, iradə və ağlın vəhdətini təmin edən və balanslaşdıran, onu yüksəklərə qaldıran həyat fəlsəfəsidir. Olimpizmin məqsədi insan ləyaqətinin qorunub saxlanması naminə sülhpərvər cəmiyyətin yaranmasına kömək etmək üçün şəxsiyyətin harmonik inkişafında idmandan səmərəli istifadə etməkdir”.
İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması günümüzün aktual problemlərindəndir. Bu gün uşaq və yeniyetmə idmanının inkişafı idmanın və Olimpiya Hərəkatının, dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Heç kimə sirr deyil ki, gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsi, intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində, yeniyetmə və gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək və onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və kompleks işlər görülür. Təcrübə göstərir ki, əksər idman növlərində böyük nailiyyətlər və uğurlar qazanmaq üçün möhkəm bazaya malik uşaq və yeniyetmə idmanına böyük ehtiyac duyulur. Sevindirici haldır ki, idmanın intibah dövrünü yaşadığı bir dövrdə ölkəmizdə bu sahə xüsusi dövlət qayğısı ilə əhatə olunur.
Təsadüfi deyildir ki, Olimpiya Xartiyasının prinsiplərini rəhbər tutan Avropa Olimpiya Komitəsi (AOK) öz məqsəd və vəzifələrini Beynəlxalq Olimpiya Komitəsi (BOK), Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və digər qitə Olimpiya komitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Avropa Olimpiya Komitəsinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də Olimpiya ideallarının Avropada yayılması və təbliğ olunması və eləcə də Olimpiya Hərəkatının inkişafına dəstək və yardımın göstərilməsidir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə Olimpiya oyunları arasındakı dövr ərzində müxtəlif çoxsaylı beynəlxalq idman tədbirləri keçirilir. Bu yarışlar arasında Avropa yeniyetmələrinin Olimpiya festivalları xüsusi yer tutur. Yeniyetmələr belə yarışlarda iştirak etməklə böyük idmanda təcrübələrini artırır, gələcəkdə Olimpiya oyunlarında çıxış etmələri üçün zəmin yaradırlar. Olimpiya festivalında müxtəlif ölkələrdən minlərlə yeniyetmə idmançı öz həmyaşıdları ilə yaxından tanış olur, potensial güc və bacarıqlarını sağlam və ədalətli idman mübarizəsi şəraitində həyata keçirir. Maraqlı faktdır ki, dünyagorüşü yenicə formalaşmağa başlayan 13-17 yaşlı yeniyetmələr üçün belə beynəlxalq tədbirlər yalnız onların fiziki cəhətdən sağlamlıqları üçün deyil, həm də mənəvi cəhətdən kamilləşmələri və onların dünyagörüşünün formalaşması üçün əvəzsiz rol oynayır. İdmanın kütləviləşməsi və Olimpiya Hərəkatının təbliği üçün əvəzsiz vasitə olan, BOK və AOK-un himayəsi altında keçirilən belə beynəlxalq yarışlarda Azərbaycan atletləri də uğurla çıxış edirlər.
Qeyd edək ki, Avropa Yeniyetmələrinin Olimpiya Günləri 1991-ci ildən keçirilir. Avropa Yeniyetmələrinin həm yay - 1991 - Brüssel, 1993 - Valkensvad, 1995 - Bazz; 1997- Lissabon, 1999 - Esbyorq, 2001 - Mursiya, 2003 - Paris, 2005 -Valkensvad, 2007 - Belqrad, 2009 - Tampere, 2011 - Trabzon və həm də qış 1993 - Aosta, 1995 - Andorra; 1997 - Sandsval; 1999 - Poprad-Tartu, 2001- Byokatti, 2003 - Bled, 2005 - Montey, 2007 - Caka, 2009 -Yuxarı Sileriya, 2011 - Liberets, 2013 - Braşov Olimpiya festivalı iki ildən bir təşkil edilir. Avropa Yeniyetmələrinin Olimpiya Festifalında Avropanın 48 ölkəsindən yeniyetmə idmançılar öz qüvvələrini sınayırlar.


Yeniyetmə idmançılarımız Olimpiya festivallarında uğurla çıxış edirlər

Yeniyetmələrin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün onların idmana cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə dünyada bir sıra idman tədbirləri həyata keçirilir. Bunlardan biri də Avropa Olimpiya Komitəsinin təşkilatçılığı ilə iki ildən bir keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalıdır (AYOF). Festivalın təşkilində məqsəd Olimpiya Hərəkatının daha da genişləndirilməsi və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsidir.
1991-ci ildən təşkil olunan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında Azərbaycanın yeniyetmə idmançıları 1993-cü ildən iştirak edirlər. Hollandiyanın Valkensvard şəhərində keçirilən yarışda 43 ölkənin idmançısı 10 idman növündə mübarizə aparıb. Həmin festivalda təmsilçilərimiz atletika və cüdo yarışlarında uğurla çıxış ediblər. Cüdoçularımız Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş medal qazanıb.
Atletimiz Elvira Cabbarova (100 metr məsafəyə qaçış) yarışların ikincisi olub. Yeniyetmələrdən ibarət komandamız ümumi hesabda 17-ci yeri tutub. 1999-cu ildə Danimarkanın Esbyorq şəhərində keçirilən Yeniyetmələrin V Avropa Olimpiya Festivalında 11 idman növü üzrə 48 ölkənin idmançısı qüvvəsini sınayıb. Yeniyetmə cüdoçularımız Tural Abbasov (50 kq), Kifayət Qasımova
(52 kq) Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu festivalda ümumi hesabda 34-cü yerlə kifayətlənib.
Yeniyetmələrin Mursiyada (İspaniya, 2001) təşkil olunan növbəti yarışında 48 ölkənin yeniyetmə atletləri 11 idman növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq), Samir Sərkərov (81 kq) isə bürünc medalla layiq görülüblər. Yığmamız ümumi hesabda 30-cu yerdə qərarlaşıb. 2003-cü ildə Fransanın paytaxtı Parisdə (48 ölkə,10 idman növü ) keçirilən VII festivalda təmsilçilərimizdən Nicat Şıxəlizadə (50 kq), Anar Əliyev (81 kq) gümüş, Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) isə bürünc medala sahib çıxıblar.
VIII festivalda (İtaliya, Liqnano, 2005, 48 ölkə, 11 idman növü) cüdoçularımızdan Zaur Bağırlı (55 kq) və Teymur Bağırlı (55 kq) qızıl, Samir Dadaşzadə (50 kq) və Asəf Əliyevin (73 kq) bürünc medal qazaması medal əldə edən ölkələrin komandaları sırasında komandamızı ümumi hesabda 19-cu pilləyə qaldırıb.
2007-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında idmançılarımız atletika, cüdo, velosiped idmanı, tennis, üzgüçülük, stolüstü tennis növlərində mübarizə aparıblar. Yeniyetmələrimiz bu festivalda uğurla çıxış edərək 7 qızıl (4-ü cüdo, 3-ü atletika) medal qazanıblar. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda yarışın ən yaxşı atleti adına layiq görülüb.
Belqrad festivalında keçirilən atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız 37 dövlət arasında 6-cı olub. Festivalın qızıl medalçısı Ramil Quliyev Pekin-2008 Yay Olimpiya Oyunlarında da iştirak edib.
Yeniyetmələrin X Olimpiya Festivalı 2009-cu ilin iyul ayında Finlandiyanın Tampere şəhərində təşkil olunub. Festivalda Avropanın 49 ölkəsindən yeniyetmə idmançılar 9 idman növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası festivalda uğurla çıxış edərək, 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb. Cüdoçularımızdan Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl, Şəfəq Muradzadə (52 kq) gümüş, Mahir Cəfərli (60 kq) isə bürünc medala layiq görülüb.
Yeniyetmələrin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Ümumi hesabda ölkəmiz 4 medalla 49 ölkə arasında 19-cu pillədə yer alıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla II yerdə qərarlaşıblar.
Rusiya komandası 18 qızıl, 10 gümüş, 8 bürünc medalla birinci, Almaniya idmançıları 10 qızıl, 8 gümüş, 7 bürünc medalla ikinci, İngiltərə atletləri isə 10 qızıl, 6 gümüş, 9 bürünc medalla üçüncü olublar. Maraqlıdır ki, ev sahibi Finlandiya 21-ci pillədə qərarlaşıb. İslandiya, Lüksemburq, Norveçvə s. kimi ölkələr medalçılar sırasına düşə bilməyiblər.
Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalı 2011-ci ildə iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. İdmançılarımız burada altı idman növü üzrə (cüdo, atletika, idman gimnastikası, velosiped, üzgüçülük, tennis) yarışlarda qüvvələrini sınayıblar.
Trabzon Olimpiya Festivalında ölkəmizi atletika üzrə yarışlarda 10 (7 oğlan, 3 qız), cüdoda 12 (6 oğlan, 6 qız), idman gimnastikasında 2 (hər ikisi oğlan), velosiped yarışlarında 3 (hər üçü oğlan), üzgüçülükdə 4 (3 oğlan, 1 qız) və tennisdə 4 (2 oğlan və 2 qız) idmançı təmsil edib. İdman gimnastikası və cüdo üzrə yarışların idarə edilməsində iki hakimimiz də iştirak edib.
Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçularımızdan Firudin Dadaşov (73 kq) qızıl, Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medala layiq görülüblər.
Müqayisə üçün bildirək ki, Azərbaycanın yeniyetmə idmançıları bu günədək keçirilmiş Avropa Yenyetmələrinin 9 Olimpiya Festivalından 8-ində iştirak edib və ümumilikdə 37 medal (13 qızıl, 9 gümüş 15 bürünc) qazanıblar. İndiyədək bu idman oyunlarında əldə olunmuş 37 medaldan 31-i cüdoçuların (10 qızıl, 8 gümüş, 13 bürünc), 6-sı isə atletlərin (3 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.
Qeyd edək ki, Olimpiya festivalları qitədə yalnız Olimpiya idmanının inkişafı, istedadlı idmançıların aşkar edilməsi və onların Olimpiya oyunlarına hazırlanmasını işini təmin etmir, həm də beynəlxalq əməkdaşlıq, dövlətlərarası ziddiyyətlərin aradan qaldırılması, qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişafı, insanların bədən tərbiyəsi və idmana kütləvi cəlb edilməsinə xidmət edir.


Utrext-2013 Olimpiya Festivalında
Yeniyetmələrin növbəti, XII Yay Olimpiya Festivalı bu ilin 13-20 iyulunda Hollandiyanın Utrext şəhərində keçiriləcək. Festivalda Avropanın 49 ölkəsindən 3300 idmançı qüvvəsini sınayacaq. Yeniyetmələrin Utrext-2013 Avropa Olimpiya Festivalının proqramına idmanın 9 növü - basketbol, velosiped (şose), voleybol, həndbol, cüdo, atletika, üzgüçülük, idman gimnastikası və tennis daxil edilib. Yarışın qaydalarına görə, voleybol və həndbol turnirləri 8 komandanın iştirakı ilə aparılacaq. Komandalar Avropa idman federasiyalarının reytinqinə görə müəyyən ediləcək.
Festivalın açılış mərasimi iyulun 14-də olacaq. Bağlanış mərasiminin təşkili isə iyulun 19-na planlaşdırılır.
XII Yay Olimpiya Festivalının yeniyetmə iştirakçıları və festivalın qonaqları üçün maraqlı olduğunu nəzərə alaraq, "Olimpiya dünyası” qəzeti Hollandiyanın Utrext şəhəri haqqında bəzi məlumatları sizə çatdırmağı məqsədəuyğun sayır.
Qeyd edək ki, Yeniyetmələrin XII Yay Olimpiya Festivalına ev sahibliyi edəcək Utrext Hollandiyada əyalət şəhəridir. Bu şəhər həm də ölkənin nəhəng dəmiryol qovşağıdır. Utrext Roma katolik kilsəsinin mərkəzi rolunu da oynayır.
2010-ci il yanvar ayının 1-nə olan məlumata görə, şəhərin əhalisi 306 min 731 nəfər təşkil edir. Əhalisinin sayına görə Utrext Amsterdam, Rotterdam və Haaqadan sonra ölkənin dördüncü şəhəri hesab olunur. Şəhərin yaranma tarixi b.e. I əsrinə təsadüf edir. Həmin dövrdə Reyn çayının sahilində qədim batav tayfalarının yaşadığı Traektum adlı yerdə taxtadan və torpaqdan hazırlanmış hərbi qala -istehkam inşa edilib. Qalaya Roma sərkərdəsi Korbulon rəhbərlik edib. Burada 500 nəfər əsgərdən ibarət qarnizon yerləşirdi. Bu gün həmin qalanın yerində Dompleyn meydanı və xristian kilsəsi fəaliyyət göstərir. 69-cu ildə baş verən məşhur batav üsyanı nəticəsində Traektum qalasında asayiş bərpa olunub və romalılar qalanı tərk ediblər. Romalıların qalanı tərk etməsindən sonra Traektum, başqa sözlə Utrext yaşayış məntəqəsi rolunu oynayıb. Qeyd edək ki, şəhər VI-VIII əsrlərdə ölkənin Friziya krallğının paytaxtı olub. 696-cı ildə burada yepiskop kafedrası yaradılıb, 1122-ci ildə isə Utrext şəhər statusu alıb.
Utrextdə şəhərin adını daşıyan peşəkar futbol klubu fəaliyyət göstərir. Qeyd edək ki, Hollandiyanın idman həyatında özünəməxsus yeri olan bu komanda ölkə çempionatında yüksək divizonda çıxış edir.







Səadət Hakıyeva,
Anar Əhmədov