Səbr, zəhmət və mübarizlik əzmi ilə Olimpiya tarixinə yazılan uğur hekayəsi

Səbr, zəhmət və mübarizlik əzmi ilə Olimpiya tarixinə yazılan uğur hekayəsi

Pandemiya bu gün dünya ölkələrinə çox böyük mənfi təsirlər göstərir. Təəssüf ki, Azərbaycan da pandemiyanın yayıldığı ölkələr sırasındadır. Ölkəmizdə bu virusa qarşı ciddi şəkildə mübarizə tədbirləri həyata keçirilir. COVİD-19 pandemiyasının zərər vurduğu sahələrdən danışarkən idmanı qeyd etməmək düzgün olmazdı. Planetin ən mötəbər idman bayramı olan Olimpiya Oyunları, dünya, Avropa və bir sıra nüfuzlu beynəlxalq yarışlar məhz koronavirus pandemiyasına görə təxirə salındı. Ancaq "Olimpiya alovu dünyanın indi olduğu qaranlıq tunelin sonunda işıq ola bilər” ifadəsi Olimpiya Hərəkatından dünyaya müsbət və ümidverici bir mesaj oldu. İllərlə çəkilən zəhmət, zallarda tökülən tərlər, qələbə, məğlubiyyət, sevinc, kədər və nələr-nələr. Təsəvvür edin ki, bir günün içində neçə idmançı ən böyük arzusuna çatır, neçə idmançı isə üzülərək növbəti olimpiadanı gözləmək məcburiyyətində qalır. Neçə idmançı isə ümumiyyətlə karyerasının sonuncu olimpiadası olduğu üçün sadəcə təəssüflənir. Olimpiya Oyunları -  zəhmətin, səbrin və uğurun kəsişdiyi həmin o möhtəşəm və həyəcan dolu gün. Bu günü hər bir idmançının həyatında açılan yeni parlaq səhifə və ya kiçik bir uğur hekayəsi kimi də adlandırmaq olar. Dahilərdən birinin dediyi kimi, "min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır”. Bu fikri nəzərə alaraq qətiyyətlə demək olar ki, idmançıların da uğur hekayəsi məhz məşqə gəldiyi ilk gündən başlayır. Təsadüfi deyil ki, səbr, zəhmət və mübarizlik əzmi ilə adını Olimpiya tarixinə yazdıran idmançılarımızın hər kəsə danışacağı kiçik bir uğur hekayəsi var. O hekayə ki, özündən sonra idmana yeni başlayan uşaq və gənclər üçün bir nümunədir. Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı uğuru artıq bütün dünyaya məlumdur. Atletlərimiz bu günə qədər Olimpiya Oyunları tarixində müxtəlif idman növləri üzrə 45 (8 qızıl, 12 gümüş, 25 bürünc) medal qazanıblar. Bu isə 45 fərqli uğur hekayəsi deməkdir. Bu hekayələrinin qəhrəmanları mübarizəsini sona qədər davam etdirib, adını Olimpiya tarixinə yazdırmağı bacarıblar. Bu yazıda 45 uğur hekayəsindən birinin müəllifi olan Pekin-2008 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının bürünc mükafatçısı Mövlud Mirəliyev haqqında danışacağıq. Onun da digər Olimpiya mükafatçılarımız kimi, hər kəsə fəxrlə danışacağı özünəməxsus uğur hekayəsi var.

İdmana sambo növü ilə başlayan M.Mirəliyev bir sıra yarışların qalib və mükafatçısı adını qazandı. Lakin Olimpiya Oyunlarında iştirak etmək və 4 illiyin zirvə yarışlarının mükafatçısı olmaq həvəsi onu sambodan cüdoya gətirdi. 2002-ci ildən cüdo üzrə yığma komandanın üzvü olan Mövlud Mirəliyev tezliklə Afina-2004 Olimpiadasına lisenziya əldə etdi. Lakin o, səbirsizliklə gözlədiyi ilk olimpiadada bürünc medal uğrunda görüşdə almaniyalı rəqibinə məğlub olaraq beşinci yerlə kifayətləndi. Bu yarışdan sonra çox sarsılan Mövlud aylarla Afinadakı uğursuzluğu yuxusunda görür. Məğlubiyyətin ona yaşatdığı stressdən çıxa bilməyən cüdoçu sonrakı illərdə həmin almaniyalı idmançı üzərində üç dəfə qələbə qazanır. Lakin bu qələbələr ona nə Afina Olimpiadasında keçirdiyi stressləri unutdurdu, nədə ki, son anda əlindən verdiyi bürünc medalı geri qaytardı. Gücü yalnız özünü qınamağa çatırdı. Uğur insana bəlkə çox şeyi öyrətmir, amma uğursuzluq hər şeyi öyrədir. Afinadakı məğlubiyyət də, sözün əsl mənasında, istedadlı cüdoçuya bir dərs oldu.

"Hər uğursuzluqda bir qələbə arzusu yatır” 

Sonradan özündə güc tapan idmançı məqsədinə çatmaq üçün əzmlə çalışmağa başladı. Tale ona karyerasının sonlarında Olimpiya mükafatçısı olmaq üçün ikinci dəfə şans yaratdı. Özü də 34 yaşında... O, yaşının çox olmasına baxmayaraq, fiziki cəhətdən hələ də çox güclü formada idi. Elə bu amilə görə də əksər insanlar ondan Pekində medal gözləyirdi. Ən azından onun təcrübəsi və fiziki hazırlığı bunu deməyə əsas verirdi. Avqustun 14-də tatamiyə çıxan cüdoçumuz Elnur Məmmədlidən sonra komandamızın aktivinə növbəti medalı yazdırdı. "Pekin-2008 karyeramın son Olimpiadası idi. Təcrübəm artıq sərbəst güləşməyimə imkan verirdi. Beş idmançı ilə qarşılaşdım. Yarımfinalda özümdən 10 yaş kiçik olan monqolustanlı cüdoçu ilə üz-üzə gəldim. Onunla demək olar ki, 9 dəqiqə güləşdik. Amma bu görüşdə qızıl xalla rəqibimə məğlub oldum. Bu məğlubiyyətdən sonra yenə də çox stress keçirdim. Həmin an Afinada yaşadığım uğursuzluqlar gözümün qabağına gəldi. Özüm-özümə dedim: "Bu nədir, mən nə etdim? Yəni 2004-cü ildə başıma gələnlər yenidən təkrarlanacaq? Yox, bu, belə olmaz. Hər kəs məndən medal gözləyir. Özümdə güc toplayıb üçüncü yer uğrunda mübarizə aparmalıyam. Bu dəfə medalı əldən verə bilmərəm. Çünki bir daha belə şansım olmayacaq”. Üçüncü yer uğrunda görüşdən əvvəl Ağayar müəllim məni ruhlandırdı. Dedi ki, "bu, son deyil. Mübarizə hələ davam edir, sən güləşməlisən”. Doğrudan da bu məğlubiyyət mənə çox pis təsir etmişdi. "Görəsən, rəqibimə qalib gələ biləcəyəm? sualı məni rahat buraxmırdı. Artıq həm çox həyəcanlı, həm də çox əsəbi idim. Onu da etiraf edim ki, yarış vaxtı dincəlməyə çox vaxtım olmadı. Həm yaşımın kifayət qədər çox olması, həm də monqolustanlı cüdoçu ilə 9 dəqiqəlik gərgin görüş məni çox yormuşdu. Amma bəxtimdən bürünc medal uğrunda görüşümdən əvvəl qadın güləşçilərin yarışı da bir qədər gec başa çatdı. Dincəlmək üçün müəyyən qədər vaxt qazandım. Düzdür, görüşün ilk dəqiqələrdən xəbərdarlıqla uduzurdum. Lakin özümdə güc taparaq rəqibimə fənd tətbiq etdim və irəli çıxdım. Görüşün başa çatmağına 6 saniyə qalmış isə "ippon”la qalib gəldim. Həmin gün, bəlkə də, məndən xoşbəxt insan ola bilməzdi. Görüş başa çatdıqdan sonra əlimi tatamiyə çırpdım. Bununla demək istəyirdim ki, axır ki, arzuma çatdım, axır ki, bunu bacardım. Bu zərbə ilə sanki çəkdiyim bütün çətinliklərin, stresslərin əvəzini çıxdım. Əgər finala çıxa bilsəydim, qızıl medal qazana bilərdim. Çünki çempion olan idmançını əvvəlki yarışlarda bir neçə dəfə məğlub etmişdim. Nə etmək olar? Görünür, qismət belə imiş. Bununla belə şükr edirəm ki, Olimpiya tarixinə öz adımı yazdıra bildim və medal kolleksiyama Olimpiya medalını əlavə etdim. Dəfələrlə cüdo və sambo üzrə beynəlxalq yarışların qalib və mükafatçısı olmuşam. Lakin bu bürünc medal mənim üçün bütün medallarımdan üstündür. Bu, mənim üçün sadəcə bir medal deyil. Bununla sanki həyatı yenidən qazandım, yenidən dünyaya gəldim. Üzümü gənclərə tutub demək istəyirəm ki, məğlubiyyətə uğrayanda, çətinliyə düşəndə heç vaxt ümidsizliyə qapılmasınlar. Çünki hər uğursuzluqda bir qələbə arzusu yatır. Səbrli olaraq sona qədər mübarizə aparsınlar”, - deyə M.Mirəliyev xatirələrini bölüşüb.

Mövlud Mirəliyevin uğur hekayəsindən bir daha məlum olur ki, uğur səbrli olaraq sona qədər mübarizə aparanlarındır. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Lev Tolstoyun da dediyi kimi, "uğurun asılı olduğu yeganə şərt səbrdir”. Hər bir şəxs yalnız səbr, zəhmət, ümid, istək və qarşısına qoyduğu məqsəd sayəsində zirvəni fəth edir. İdman zallarında məşq edən, xüsusilə də hazırkı gündə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, məşqlərini ev şəraitində davam etdirən gənc idmançılara tutduqları yolu sona qədər davam etdirməyi tövsiyə edirik. Evdə qalsalar da, idmansız qalmasınlar. Çünki bu ölkənin qəhrəman İdmançıları - Nazim Hüseynov, Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov və digərləri Olimpiya zirvəsini fəth etmək üçün zamanla müxtəlif çətinliklərdən keçiblər. İnanırıq ki, bu idmançılarımızın uğur hekayələri ilə tanış olan, onları özlərinə örnək bilən yeniyetmə və gənclərimiz qarşıdakı olimpiadalarda öz uğurları ilə yeni hekayələr yazacaqlar. Uğurun sirri işi bayrama çevirməkdir, - deyiblər. Biz də öz növbəmizdə beynəlxalq arenalarda ölkəmizi təmsil edən hər bir idmançımıza uğurlar və qələbələrini bayram etməyi arzulayırıq.

 

Azər Əlizadə

 

Qeyd: Yazı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirdiyi "Olimpiya Oyunları – uğur hekayələri” mövzusunda yazı müsabiqəsinə təqdim etmək üçündür

Səbr, zəhmət və mübarizlik əzmi ilə Olimpiya tarixinə yazılan uğur hekayəsi