“Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir”

“Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir”

Ümummilli liderimiz Heydər Əliyevin bünövrəsini qoyduğu bu islahatların onun uzaqgörən və bacarıqlı davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir, təhsil, elm və mədəniyyət yüksək nailiyyətlərə sahib olub, ümumxalq məhəbbəti qazanır.
Elm və təhsilə daim qayğı göstərən ulu öndər Heydər Əliyev vaxtilə deyirdi: "Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik".
Hər bir xalqın gələcəyinin müəyyənləşməsində təhsilin və elmin rolu mühümdür. İndi elə bir dövrdə yaşayırıq ki, dünyada yeni prioritetlər, yeni standartlar formalaşmaqdadır. Elm daha sürətlə inkişaf edir.
Bu baxımdan ölkəmizdə təhsilin və elmin inkişafı məqsədilə köklü islahatların həyata keçirilməsi olduqca vacibdir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri əksini tapıb. Elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından mühüm əhəmiyyətə malik olan fərmanda qarşıya yeni vəzifələr qoyulub.
Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.
Yəni “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Fərman ölkədə elm və təhsilin daha sıx inteqrasiyası, bu sahədə proseslərin birgə aparılması cəhətdən çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, uzun illər ərzində elm və təhsilin inkişafında belə bir inteqrasiyanın aparılması üçün müəyyən hazırlıq işləri həyata keçirilirdi. Əgər bu gün universitetlərdə elmi dərəcə verilən pillə varsa, magistrlər hazırlanırsa, mütləq onlar elmi tədqiqatla bağlı olmalıdır. Elmi tədqiqatlarla əlaqənin olması üçün isə artıq bunların vəhdət şəklində idarə edilməsi zəruridir. Fərmanın əhəmiyyəti təkcə bu gün bizim verdiyimiz qiymətlə bitmir, gələcəkdə onun qiyməti veriləcək və daha da qiymətləndiriləcək. Çünki fərmanda yetərincə mühüm məsələlər qarşıya qoyulub.
Elmlə təhsilin inteqrasiyası, birgə fəaliyyət və həyati baxımdan daha faydalı araşdırmaların aparılmasını səmərəli şəkildə yönləndirəcək. O, fərmanın ölkəmizdə elm və təhsilin daha sıx inteqrasiyası, elmdə və təhsildə gedən proseslərin birgə aparılması cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Elmlə təhsili bir-birindən ayırmaq mümkün deyil. Elm və təhsilin bağlılığının səbəbi hər ikisində bilik, məzmun və praktik bacarığın formalaşdırılmasındadır. Təhsili insan dünyaya göz açdığı gündən alır, elmə isə artıq qazanılmış olduğu biliklərin sonda gəldiyi nəticəsinə əsaslanmaqla sahib olur. Bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər zaman dəstəklənib. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz.
Bu gün müstəqil respublikamızda elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ölkəmizə gətirilir, onların əhalinin geniş kütlələri tərəfindən mənimsənilərək, ümumi işin səmərəsi üçün tətbiq edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müasir dünyada elm və təhsilin inteqrasiyası mühüm trendlərdən biri kimi çıxış edir.  Beləliklə, bu gün təklif olunan inteqrasiyanın iki istiqaməti - təhsildən elmə və elmdən təhsilə yeni deyildir, əksinə, onlar kifayət qədər yaxşı sınaqdan keçirilib. Şübhəsiz ki, informasiyanın artım sürəti yeni idrak metodlarını da diktə edir. Ona görə də bu gün elmlə təhsilin inteqrasiyası fonunda metodoloji yanaşmalar dəyişməlidir.
Bu baxımdan cənab İlham Əliyevin yeni fərmanı ölkədə elm və təhsilin idarəedilməsi sahəsində mühüm bir sosial-siyası hadisədir. Sevindirici haldır ki, yaşlı nəsil alimlərlə bərabər, gənc elm fədailəri də Prezidentin bu islahat ideyasını çoxdan gözlənilən və tam qanunauyğun hal kimi dəyərləndirirlər.
Artıq inanırıq ki, Prezidentin yeni fərmanının icrası buna bənzər halların hökmən aradan qaldırılmasına səbəb olacaq. Daha tətbiqi və fundamental elmlər üzrə işləri real dəyər daşıyan alim və mütəxəssislərin bədbinliyi yox olacaq. Məhz, fəaliyyət istiqaməti, baş verəcək dəyişikliklər biz alimlərin əlindədir. Yeni yaradılan Elm və Təhsil Nazirliyinin rəhbərliyində elm xadimlərinin olması da ciddi tələbdir. Elmin inkişafı üçün elm xadimlərinin önə çəkilməsi də vacib amildir. Əgər qurum¬lar birləşdirilibsə, təmiz imicli, təcrübəli və işgüzar kadrlar idarəçiliyə cəlb olunacaqlar.
İnanırıq ki, bu pedaqoji fəaliyyətin onların tabe olduqları və yeni yaradılan Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bilavasitə aparılması onun səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir.

 

Dilqəm Quliyev
pedaqogika üzrə elmlər doktoru,
professor