Dünyanın diqqəti Bakıya yönələcək

Dünyanın diqqəti Bakıya yönələcək

Nəhayət, çoxdan gözlənilən, hər bir Azərbaycan vətəndaşının arzusunda olduğu möhtəşəm idman yarışının başlanmasına çox az vaxt qalır. Söhbət tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarından gedir.
Bildiyiniz kimi, hər il dünyada idmanın müxtəlif növlərin üzrə çoxsaylı turnirlər təşkil olunur. Beynəlxalq idman qurumları bu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışır. Xüsusilə Beynəlxalq Olimpiya Komitəsi bu istiqamətdə əhəmiyyətli işlər görür. Sülh, əmin-amanlıq və dostluq kimi humanist ideyaları özünün əsas amalı sayan Beynəlxalq Olimpiya Komitəsi planetimizin hər yerində bu ideyaların həyata keçirilməsi üçün səy göstərir.
Artıq 100 ildən çoxdur ki, müasir Olimpiya oyunları təşkil olunur. Hər 4 ildən bir keçirilən bu ali və möhtəşəm idman tədbiri dünya xalqları arasında əsl bayram əhval-ruhiyyəsi yaradır. Son illər istər yay, istərsə də qış Olimpiya oyunlarını izləyən tamaşaçıların sayı milyonlarla deyil, artıq milyardlarla göstərilir. Bu, olimpiadanın necə böyük və möhtəşəm idman yarışı olduğunun göstəricisidir.
Təkzibolunmaz faktdır ki, dünyada idmanla məşqul olanların sayı ildən-ilə artır. Müxtəlif regionlarda baş verən ictimai-siyasi proseslər nəticəsində yeni dövlətlərin yaranması da bu istiqamətdə daha geniş işlər görməyi zəruri edir. Qeyd edək ki, öıtən əsrin 90-cı illərindən Avropada 32 dövlət mövcud idisə, hazırda qitə ölkələrinin sayı 53-dür. Planetin digər qitələrində də belə artımlar var. Bir məsələni də diqqətə çatdırmaq vacibdir. Əgər ayrı-ayrı idman növləri üzrə dünya çempionatlarında 80-90, bəzən isə yüzdən bir qədər artıq ölkə təmsil olunursa, Olimpiya oyunlarında bu rəqəm artıq 200-ü ötür. Sonuncu Olimpiya Oyunlarında - London Olimpiadasında 204 ölkədən olan atletlərin mübarizə apardığını yada salaq. Bu da heç şübhəsiz, idmanın dünyanın hər yerində daha da geniş inkişaf etməsinin və bu sahəyə getdikcə artan marağın təsdiqidir. Məhz bu amili nəzərə alan beynəlxalq idman təşkilatları ilə yanaşı, Avropa Olimpiya Komitəsi də zaman-zaman yeni yarışların təşkili üçün əməli tədbirlər həyata keçirir. Elə yaxın günlərdə Bakıda start götürəcək 1-ci Avropa Oyunları - qitədə ilk dəfə keçiriləcək kompleks idman yarışı da Avropa Olimpiya Komitəsinin təşəbbüsüdür.
Xatırladaq ki, digər qitələrdə belə kompleks yarışlar mövcuddur: Panamerika Oyunları, Asiya Oyunları və s. Avropada da belə tədbirin təşkili qitənin hər bir vətəndaşı, xüsusilə idman adamları üçün əlamətdar hadisədir. Oyunların paytaxtımızda keçirilməsi isə bizim üçün ikiqat bayramdır.
Avropa Oyunlarının təşkil olunması Avropa Olimpiya Komitəsinin Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə apardığı müzakirələrdən sonra reallaşdı. Nəhayət, son qərar 2012-ci ilin sonunda verildi. Həmin ilin dekabrında İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin konqresində ilk oyunlara ev sahibliyi etmək istəyən namizəd şəhərlərin səsverməsi keçirildi.

Sevindirici haldır ki, böyük səs çoxluğu ilə Bakı ilk Avropa Oyunlarının ev sahib statusu qazandı. Bunu müstəqil Azərbaycan Respublikasının, xüsusilə ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü, düzgün xarici və daxili siyasətin qələbəsi kimi dəyərləndirmək olar. Bu həm də beynəlxalq qurumlarının ölkəmizə göstərdiyi yüksək etimaddır.
Doğurdan da, ilk Avropa Oyunlarının qitənin ən böyük və uzun illər bundan əvvəl müstəqillik qazanmış dövlətlərə deyil, Azərbaycana həvalə edilməsi hər birimiz üçün qürurverici hadisədir. Onu da nəzərə alaq ki, bu qərar elə-belə qəbul olunmayıb. Burada ölkənin mövcud vəziyyəti, inkişaf strategiyası, kommunikasiya, idman strukturları və obyektləri, sabitlik amili və digər məqamlar əsas götürülür. Fərəhlə qeyd etməliyik ki, bu gün respublikamız bütün sahələrlə yanaşı, idman istiqamətində də nəinki Avropada, həçminin dünyada böyük nüfuz sahibidir. Müstəqilliyinin cəmi 24 ilini yaşayan ölkəmiz hazırda dünyanın idman mərkəzlərindən sayılır. Bunun təməli isə ötən əsrin 20-ci illərinin ortalarında qoyulub. Müasir Azərbaycanın banisi və qurucusu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra böhran vəziyyətində olan idman sahəsində qısa zaman ərzində köklü dəyişikliklər baş verdi. Yeni idman obyektləri inşa olundu, köhnələri əsaslı təmir edildi, bütün idman növlərində islahatlar həyata keçirildi. Tezliklə əldə olunan ilk uğurlar gələcək yüksək nailiyyətlərin əsasını qoydu. 1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilən yay Olimpiya oyunlarında iştirakımız idman sahəsində aparılan işlərin doğru və düzgün istiqamətdə getdiyini təsdiq edirdi.
Hamımızın yaxşı yadındadır. Ümummilli liderimiz hər bir yarışdan əvvəl və sonra idmançıları, məşqçiləri qəbul edər, onların nəticələri, problemləri ilə maraqlanar, köməklik göstərərdi. Fərqlənən atletlər və onların məşqçiləri dövlət başçısı tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılır, ehtiyacı olanlara mənzil təqdim olunurdu.
Bu proses indi Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, əlamətdar haldır ki, ölkə rəhbəri Olimpiya oyunlarında idmançılarımızın çıxışlarını dəfələrlə izləyib və onlara dəstəyini nümayiş etdirib. Bu diqqət və qayğıya cavab olaraq idmançılarımız iştirak etdikləri bütün beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr qazanırlar. Müstəqillik illərində idmançılarımız təmsil olunduqları bütün Olimpiya oyunlarında fəxri kürsüyə qalxmağı bacarıblar. Fəxrlə deyə bilərik ki, əgər keçmiş SSRİ dönəmində dünya və Avropa çempionları olan atletlərimizi barmaqla saymaq olardısa, son 20 ildə bu titula layiq görülənlər onlarladır. Hazırda ayrı-ayrı növlər üzrə Olimpiya çempionlarımız var.
Bu gün respublikamızın müxtəlif bölgələrində 40-dan artıq müasir tipli, beynəlxalq standartlara uyğun, hər cür şəraiti olan Olimpiya İdman Kompleksi mövcuddur. Əlbəttə, respublikamızda idman sahəsində uğurlu inkişaf, idmançılarımızın nailiyyətləri beynəlxalq təşkilatların diqqətini cəlb etməli idi və belə də oldu. Son 15 ildə Bakıda bir sıra beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının, Dünya kuboku, Qran-pri, Olimpiya təsnifat mərhələsinin və digər turnirlərin keçirildiyinin şahidi olmuşuq. Bir qayda olaraq, bu tədbirlər yüksək səviyyədə keçirilib. Bunu nəinki yerli mütəxəssislər, həmçinin paytaxtımıza təşrif buyuran çoxsaylı xarici idmançılar, məşqçilər və rəsmi qonaqlar dəfələrlə vurğulayıblar. Şübhəsiz ki, sadalanan bu məqamlar da ilk Avropa Oyunlarına ev sahibliyimizin reallaşdırılmasında öz əksini tapıb. Əminik ki, bu irimiqyaslı kompleks yarış da ən yüksək şəkildə qitənin idman ictimaiyyətinə təqdim olunacaq.
Məlumdur ki, belə iri həcmli idman tədbirinin təşkil edilməsi üçün, ən azı, 6-7 il vaxt lazım gəlir. Amma inanılmaz faktdır ki, bu iş ölkəmizdə 2 ildən bir qədər artıq vaxtda həyata keçirilib. İşlər yüksək keyfiyyətlə görülüb. Bütün bunların yerinə yetirilməsində Avropa Oyunları Təşkilat Komitəsinin əməyi xüsusilə təqdirəlayiqdir. Paytaxtımız ev sahibi elan olunduqdan sonra ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin sədrliyinə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO -nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təyin olunması çox doğru addım idi. Belə ki, məhz Mehriban xanımın rəhbərliyi altında indiyədək həyata keçirilən tədbirlər, o cümlədən "Avroviziya” yarışının təşkili bu gün də yüksək qiymətləndirilir.
Təşkilat Komitəsi idman obyektlərinin tikintisi, yarışlara hazırlıqlarla yanaşı, eyni zamanda, Avropa Oyunlarının qitənin bir sıra böyük şəhərlərində təqdimat mərasimini də keçirib. Paris, Afina, İstanbul, Berlin, Kann, Moskva şəhərlərində baş tutan tədbirlərdə respublikamız haqqında geniş məlumatlar verilib. Oyunlara hazırlıqlarla bağlı videoçarxlar təqdim olunub. İsveçrənin Daves şəhərində dünya iqtisadi forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin tədbirdə Avropa Oyunlarının təqdimat mərasimində çıxışı xüsusilə yadda qalan əlamətdar hadisədir.
Onu da qeyd etmək lazımdır ki, Azvropa Oyunları ilk dəfə keçirildiyindən idmançılar arasında bu yarışa maraq həddən artıq böyükdür. Atletlər mübarizənin başlanmasını səbirsizliklə gözləyirlər. Qitənin ölkəmizin uğurlu inkişafına rəğbət bəsləyən bir sıra dövlətlərinin təmsilçiləri daha çox sevinirlər. Əvvəllər də Bakıya gələn insanlar yenidən şəhərimizin qonağı olacaqlarına görə çox məmnundurlar.
İnanırıq ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək, Bakı isə bu yarışların ilk paytaxtı kimi uzun müddət yaddaşlarda qalacaq.
Xatırladırıq ki, yarışlarda 6 mindən çox idmançı 20 növdə mübarizə aparacaq.

Xanlar Qurbanov,
Azərbaycan Olimpiya Akademiyasının vitse-prezidenti, professor