Ailədə uşaqların bədən tərbiyəsi və idmana marağının yaradılması yollar

Ailədə uşaqların bədən tərbiyəsi və idmana marağının yaradılması yollar

Ailədə fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır, cəmiyyətin aparıcı probleminə çevrilir.
Bədən tərbiyəsi və idmanın inkişafında illər boyu yığılıb qalmış çatışmamazlıqlar indi qabarıq şəkildə özünü büruzə verir. Hazırda bu prosesin inkişaf üzrə daha əlverişli şəraiti təmin edən yollar axtarılır.
Adətən. uşağın tez-tez xəstələnməsi valideynlərdə belə təsəvvür yaradır ki, uşaq təbiətən zəif və zərifdir. Əslində isə belə təsəvvürlər çox vaxt əsl həqiqətdən uzaq olur. Təbiət dünyaya normal gəlmiş hər bir uşağı "möhkəm” yaratmışdır. Əgər valideynlər uşağı körpə yaşlarından su proseduruna və fiziki hərəkətləri əhatə edən məşqlərə cəlb etsələr, o, çox sağlam böyüyər. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə yanaş, demoqrafik amillərlə də şərtlənir. Müşahidələr göstərir ki, demoqrafik amillərin pedoqoji nəticələri heç də bütün hallarda müsbət səciyyə daşımır. Məsələn, müasir ailələrin əksəriyyətində, adətən, həm ata, həm də ana istehsalatda çalışır. Bunun nəticəsində uşaqlar əksər hallarda dərsdən sonra evdə tək qalır, axşama qədər valideyn nəzarətindən kənarda olurlar. Onlar ciddi nəzarətin olmamasından istifadə edərək günlərini məhz küçələrdə, parklarda keçirirlər. Valideyn işdən qayıtdıqdan sonra diqqətini daha çox televiziya verilişlərinə (ata) yönəltməsi, ev işləri görməsi (ana) və s. ailənin kiçik üzvlərinə nəzarətin minimum həddə qədər azalmasına və onların fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edən fiziki hərəkətlərə tələbatın ödənilməməsinə səbəb olur. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli, tərbiyə prosesinin təşkilindən və imkanlarından, tərbiyənin mövcud kompleks şərait və vasitələrinin səmərəli şəkildə tətbiqindən asılıdır. Bunlara ailənin məişət şəraiti, ailə üzvlərinin sayı, ailənin quruluşu, buradakı mənəvi və emosional-psixoloji şərait, ailə üzvləri arasında olan münasibətlərin və ünsiyyətin xarakteri, əmək əhval-ruhiyyəsi, həyat təcrübəsi, ailədəki ağsaqqalların mədəni-maarif və dünyagörüşü səviyyəsi, asudə vaxtın həcmi, ailədə istirahətin təşkili xarakteri, valideynlərin fiziki tərbiyə sahəsindəki şəxsi nümunəsi, kütləvi informasiyadan istifadə etmə imkanı, ailə üzvlərinin ətraf mühitlə uyğunlaşması, valideynlərin peşə təcrübəsi və s. daxildir. Uşaqların bədən tərbiyəsi və idmana cəlb edilməsində nənə və babaların da rolu əvəzsizdir. Belə ki, nənələr uşaqları idman məşğələlərinə aparıb-gətirməkdə xüsusilə yaxından iştirak edə bilərlər. Ailə ictimai münasibətlərin, bir növ, küll halında daşıyıcısıdır. Məhz həmin münasibətləri dəqiq öyrənməklə ailədə fiziki tərbiyə ilə bağlı olan məsələlərin əsas xüsusiyyətlərini başa düşmək mümkündür. Çünki ictimai münasibətlər ailənin daxili həyatının məğzini təşkil edir və onun hərəkətverici qüvvəsidir. Deməli, ailə təklikdə fiziki tərbiyə məsələlərini həll edə bilməz. Odur ki, bu prosesin həllinə kompleks yanaşmaq, məktəbin, idman təşkilatlarının, ictimaiyyətin köməyinə arxalanmaq lazımdır.
Ailədə fiziki tərbiyənin təşkilinin başlıca qüsurlarından biri valideynlərlə uşaqlar arasında ailədaxili münasibətlərin yeksənəkliyidir. Bu münasibətlər çox vaxt kortəbii səciyyə daşıyır. Ailədə fiziki tərbiyə təcrübəsi, belə deməyə əsas verir ki, əgər bu iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Yalnız bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər. Qeyd edilməlidiri ki, ailədə fiziki tərbiyə məsələlərinin təşkili və idarə edilməsi mürəkkəb pedoqoji proses olub, valideynlərdən zəngin nəzəri və təcrübi bilik, bacarıq və hövsələ tələb edir.




 

Ailədə tərbiyə funksiyası
 

Bu funksiyanı yerinə yetirən zaman valideynlər bədən tərbiyəsi və idmanın təbliğatçılarına çevrilirlər.
 

Stimullaşdırma funksiyası
 

Bu funksiya valideynlərin fiziki tərbiyə və idmana böyük maraq bəsləyən uşaqların mənəvi və hətta, maddi baxımdan həvəsləndirmələrini nəzərdə tutur.
Hər bir uşaq idmanın bu və ya digər növünə yararlı olub-olmaması baxımından, özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də valideyn bədən tərbiyəsi müəllimi və məşqçinin köməyi ilə oğlunun (qızının) bu və ya digər idman növündə qabiliyyətini müəyyən etməlidir. Sorğuda iştirak edən uşaqların dərəcələrinin müxtəlifliyini nəzərə alaraq, biz digər tədqiqat metodlarından da istifadə etdik.
Təcrübə göstərdi ki, dəqiq məlumat toplamaq üçün tədqiqatda istifadə etdiyimiz üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür. Bununla yanaşı, anket sorğusu vasitəsilə qeyri-məhdud miqdarda empirak məlumat almaq və materiaları hesablama maşınına vermək imkanları mövcuddur. Digər tərəfdən, yazılı anket sorğusu yolu ilə elə obyektiv faktlara malik olmaq mümkündür ki, onları statistik metodlarla əldə etmək, sadəcə, imkan xaricindədir. Anket sorğusunda insanların bədən tərbiyəsi və idmana olan maraqlarında psixoloji mühit və münasibətlərin aşkar edilməsi o qədər də mümkün deyildir. Bu metodun köməyi ilə biz yalnız münasibətlərin ümumi xüsusiyyətləri və sosial qanunauyğunluqları haqqında məlumat ala bilərik.
Anket sualları üç qrupa bölünməklə ümumi suallarla başlanır. Buraya sorğuda iştirak edənin cinsi, yaşı, təhsili, ailə vəziyyəti, ixtisası, valideynlərin bədən tərbiyəsi və idmana münasibətlərini aşkara çıxaran suallar daxil idi. Sualların bir qismi şəxsiyyətin formalaşmasında bədən tərbiyəsi və idmanın əhəmiyyətinin valideynlər tərəfindən necə başa düşmələrinə və onların bu sahəyə necə münasibət bəsləmələrinə yönəldilmişdi. Suallar hər kəsə öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə şərait yaradırdı. Lakin bu növ anketlər həm də bəzi nöqsanlarla şərtlənir. Onlar aşağıdakılardan ibarətdir: cavabların heç də hamısı tam və dolğun olmurdu. Dəqiq, dərin məzmunlu cavablara da az təsadüf olunurdu ki, bunları da qruplaşdırmaq çətinlik törədirdi. Buna görə də, belə nəticəyə gəldik ki, sorğunu fərdi aparmaq daha məqsədəuyğundur. Söhbət zamanı kənar adamların sorğuda iştirak etməsi cavabların obyektivliyinə mane olur, sərbəst və açıq etiraf qaydaları hökmən pozulur.
Uşaqların bədən tərbiyəsi və idmana marağının aşkar edilməsində yaş dövrləri, yaş dəyişilməsi dərəcələri ilə əlaqədar marağın səviyyəsindəki dəyişiklik nəzərə alınmalıdır. Bu məqsədlə çətin xarakterə malik yeniyetmə məktəblilərdə bədən tərbiyəsi və idmana marağın məzmunu, xüsusiyyətləri və inkişaf dinamikası, eləcə də marağın vəziyyəti təhlil edilməli idi. Biz eyni vaxtda 200 N0-li məktəbdə təhsil alan 11-15 yaşında yeniyetmələrin bədən tərbiyəsi və idmana marağını öyrənmək üçün materialları hərtərəfli araşdırdıq. Bütün bunlarla yanaşı, uşaqlar və onların valideynləri üzərində də müşahidə və söhbətlər aparmış, idman bölmələrində məşğul olan şagirdlərə "Sənin həyatında idman” mövzusunda inşa yazdırmış və onları ümumiləşdirərək təhlil etmişik. Bundan əlavə, oğlanlar və qızlar üçün xüsusi xasiyyətnamə hazırlanmışdı ki, burada onların idmana münasibəti, maraq dairəsi, təhsildə və idman sahəsində qazandığı müvəffəqiyyətlər qeydə alınırdı. Bir ildən sonra, həmin uşaqların bir qismi ilə təkrar sorğu keçirdik ki, bu, bizə ətraflı müqayisə aparmaq imkanı verdi.
Valideynlər və ailənin digər üzvləri uşağın çıxışlarını vaxtaşırı izləyirsə, belə ailə qruplarında idmana maraq o biri ailə qrupları ilə müqayisədə iki dəfə yüksək olur. Ailə üzvlərinin hansısa yarışda iştirakı nəticəsində idmana maraq daha da mütəşəkkil xarakter alır. Belə ki, oğlan və qızlar ata və anasının, bacı-qardaşının, baba-nənəsinin idman yarışlarında iştirakını görərkən, onda ruh yüksəkliyi, özünəinam kimi çox mühüm mənəvi-psixoloji keyfiyyətlər inkişaf edir. Çətin xarakterli yeniyetmələrdə bədən tərbiyəsi və idmana marağın yaradılmasında ailədə uzun illər ərzində bərqərar olmuş idman ənənələri müstəsna dərəcədə böyük rol oynayır. Lakin heç də bütün ailələrdə belə ənənələr olmur.
Bunların uğurlu həlli bir sıra şərtlərin və vasitələrin həyata keçirilməsini tələb edir, həm də ailənin pedaqoji imkanları ilə sıx bağlıdır. Bura ailənin güzəranı, maddi rifah halı və məişət şəraiti, onun quruluşu, tərkibi, inkişaf səviyyəsi, ideya mənəvi və emosional-psixoloji iqlimi, ailə üzvlərinin idmana münasibəti, onların arasındakı ünsiyyətin və qarşılıqlı münasibətlərin xarakteri; ailənin yaşlı üzvlərinin həyat təcrübəsi və mədəni təhsil səviyyəsi; ailənin əmək mühitinin, asudə vaxtının və istirahətinin təşkili; valideynlərin şəxsi nümunəsi, ailənin yaşlı üzvlərinin pedaqoji mədəniyyət səviyyəsi; ailədə pedaqoji qüvvənin bölüşdürülməsi; kütləvi məlumat və idman vasitələrindən istifadənin imkanları; ailədə mövcud idman ənənələri; ailənin idman təşkilatları ilə əlaqəsi, bu əlaqənin xarakteri və sistemi; valideynlərin peşə təcrübəsi xüsusiyyətləri və s. daxildir. Ata-anaların pedaqoji mədəniyyətinin səviyyəsi pedaqoji maariflənmənin istiqamətindən, onun düzgün aparılmasından da çox asılıdır. Pedaqoji maariflənmə dedikdə, aparılmış sistemli, məqsədyönlü iş nəticəsində valideynləri fiziki tərbiyə məsələlərinə dair elmi-pedaqoji biliklərlə, bədən tərbiyəsi və idmana dair müəyyən bacarıq və vərdişlərlə silahlandırılması başa düşülür. Pedaqoji mədəniyyətin səviyyəsini bu və ya digər dərəcədə ata-ananın fərdi xüsusiyyətləri, həyat təcrübəsinin zənginliyi müəyyən edir. Ailə şəraitində fiziki tərbiyənin təşkili sahəsində müvafiq pedaqoji səriştəyə malik olmaq ata-anaların pedaqoji mədəniyyətinin mühüm tərkib hissəsidir və buraya müəyyən həcmdə pedaqoji-psixoloji, hüquqi, fizioloji-gigiyenik və övladlarının fiziki tərbiyəsinə dair zəruri biliklərə yiyələnmək və s. kimi məsələləri də daxil etmək mümkündür.
Ailə şəraitində fiziki tərbiyənin təşkili üzrə iş pedaqoji hazırlıq məsələsi ilə qırılmaz surətdə bağlıdır. Ata-anaların pedaqoji hazırlığı isə onların nəzərdən keçirdiyimiz məsələyə münasibətləri və bu istiqamətdə praktik fəaliyyətləri ilə sıx əlaqədardır. Öz övladının sağlamlığını düşünən hər bir valideyn pedaqoji ustalığa yiyələnməyə çalışmalı, övladında fiziki hərəkətlərin yerinə yetirilməsinə maraq yaratmalıdır. Bu vaxt, sözsüz, həm də pedaqoji takt gözlənilməlidir. Çünki pedaqoji takt pedaqoji ustalığın mühüm tərkib hissəsidir.
Ata-analara başa salınmalıdır ki, fiziki tərbiyə təkcə sağlamlığı təmin etmir, o, həm də sağlam həyat tərzinin və mənalı istirahətin əsasını yaradır. Bədən tərbiyəsi və idmana məhəbbət isə zəhmət, fəaliyyət tələb edir. Ata-analar övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana olan ilkin maraqları sönməsin. Bəzən uşaq bu və ya digər fiziki hərəkətləri yöndəmsiz yerinə yetirən zaman lağa qoyulur, nəticədə, həvəsdən düşür. Ata-anaların pedaqoji mədəniyyətinin yüksək səviyyəsi uşaqlara şüurlu valideyn məhəbbətinin ağıllı tələbkarlıqla uzlaşdırılmasını nəzərdə tutur. Bu, ailə şəraitində fiziki tərbiyənin təşkilini təmin edən başlıca amildir. Pedaqoji mədəniyyətin yüksəldilməsi həm də uşaqların fiziki tərbiyəsi prosesində baş verir. Ailədə valideynlər oğul və qızlarının fiziki tərbiyəsi ilə məşğul olarkən, eləcə də bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən onun pedaqoji ustalığı, səriştəsi daha da təkmilləşir, nəticədə yeni bacarıq və vərdişlər qazanırlar.
Müasir dövr bədən tərbiyəsi və idmanın yeniyetmələrin gündəlik məişətinə geniş daxil edilməsini, bu işdə ailənin oynadığı rolu nəzərə almağı tələb edir. Sorğuda iştirak edən valideynlər bu barədə müxtəlif fikirlər söyləyirlər. Həmin fikirləri üç qrupa bölmək mümkündür:
1. Valideynlərin 61,3 faizi yeniyetmələrin fiziki tərbiyəsində ailənin imkanlarının o qədər də geniş olmadığını göstərirlər.
2. Onların 24,4 faizi bədən tərbiyəsi və idmanın inkişafında ailənin və valideynlərin həlledici rolunu qeyd edirlər.
3. Valideynlərin 32,5 faizii isə uşaqların, xüsusilə yeniyetmələrin bədən tərbiyəsi tədbirlərində yaxından iştirakının yalnız ailə, məktəb və ictimaiyyətin əlbir işi səviyyəsində mümkün olduğunu söyləyirlər.
Əlbəttə, bunun başlıca səbəbi odur ki, ata-anaların əksəriyyəti bədən tərbiyəsi və idmandan sağlamlıq vasitəsi kimi istifadə etməyi bacarmır. Validenylərə kömək göstərmək, bədən tərbiyəsi və idmana dair bilik və məlumat vermək vacibdir. Bu məsələnin müsbət həlli ata-anaların bədən tərbiyəsi və idman haqqında nə kimi məlumata malik olmasından asılıdır. Valideynlərin nəzəri hazırlığını öyrənmək üçün aşağıdakı suallara cavab vermələrini xahiş etdik:

1. Uşağınızın fiziki inkişafı vəziyyəti haqqında nə bilirsiniz?
2. Övladınızın fiziki inkişafında hansı qüsurları müşahidə etmisiniz?
3. Uşağınız gün rejimini yerinə yetirməyə səy göstərirmi?
4. Övladınız bədəni möhkəmləndirən hansı proseduraları qəbul edir?
5. Uşağınızın normal fiziki inkişafı üçün bir valideyn kimi hansı tədbirləri yerinə yetirirsiniz?
6. Onların fiziki tərbiyəsində hansı çətinliklərlə qarşılaşırsınız?

Sorğudan aydın oldu ki, valideynlərin 67,4 faizi bədən tərbiyəsi və idmana dair səthi təsəvvürə malikdir. Onlar uşaqların gün rejiminə nəzarət etmir, bədəninin möhkəmləndirilməsi qayğısına qalmırlar. Biz valideynlərin cavablarını uşaq və yeniyetmələrin tibbi müayinə nəticələri ilə müqayisə etməyi qərara aldıq. Məlum oldu ki, ata-anaların bir çoxu övladının sağlamlığı və fiziki inkişafı haqqında adi təsəvvürə belə malik deyildir. Məsələn, 2-ci suala cavabda valideynlərin əksəriyyəti (71,3 faiz) oğul və qızlarının fiziki inkişafında heç bir qüsur olmadığını bildirdi. Halbuki tibbi müayinə sorğularında bəzi uşaqların fiziki inkişafında bir sıra qüsurların olduğu aşkar edilmişdi. Valideynlərin çoxu 6-cı suala cavabda (81 faiz) göstərmişdir ki, oğul və qızlarının fiziki tərbiyə məşğələlərinin təşkili metodikasını bilmir.
Pedaqoji mədəniyyətin zəruri amili özünütəhsildir. Özünütəhsil ailədə uşaqların fiziki tərbiyəsi məsələlərinə dair müvafiq ədəbiyyatı müntəzəm surətdə izləmək, televiziya verilişlərinə baxmaq və s. şəklində həyata keçirilir. Pedaqoji maariflənmənin köməyi ilə ata-analar fiziki tərbiyə sahəsində maraqlı məlumatlar alırlar. İctimai həyatın müxtəlif sahələrində əsaslı dəyişikliklər nəticəsində insanların, xüsusilə yeniyetmə və gənclərin psixologiyasında, onların maraq dairəsində ciddi dəyişikliklər baş verir. Tələbatlar, zövqlər, maraqlar, mədəni və estetik həyati səylər və s. əsaslı surətdə dəyişir. Odur ki, bütün bu cəhətlər dərindən təhlil olunmalı, müsbət və mənfi faktlar araşdırılmalıdır. İlk növbədə, uşağın idmanın hansı növünə maraq bəslədiyi və bu marağı yaradan səbəblər öyrənilməlidir.


Türkay Niftəliyeva