Depressiyadan azad olmaqda idmanın rolu

Depressiyadan azad olmaqda idmanın rolu

Gündəlik həyatımızda baş verən neqativ hadisələr və bəzi problemlər insanın psixologiyasına mənfi təsir göstərir. Bu isə öz növbəsində onlarda psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Belə psixoloji problemlərdən biri də depressiyadır. Ətrafımıza diqqətlə baxsaq, ailə üzvlərimiz və yaxud dostlarımızdan kiminsə depressiyada olduğunu görərik. Bu problemdən yaxa qurtarmaq üçün özümüz-özümüzün həkimi olmalıyıq. Əgər səy göstərsək, bunu rahatlıqla həll edə bilərik. Unutmayaq ki, depressiya insanın iş fəaliyyətini də minumuma endirir. İnsan getdikcə tənbəlləşir, orqanizmdə passivləşmə gedir. Bunun qarşısını almaq üçün mütləq fiziki hərəkətlər və idman etmək vacibdir. O zaman orqanlar öz normal funksiyasını bərpa edir, insanda dinamiklik yaranır və getdikcə depressiya halları aradan qalxır. Beləliklə, sizə idman etməyin depressiyaya faydasından danışacağıq.
Özünü kədərli, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması ruhi sarsıntının əlamətidir. Bundan başqa, insanda qərar vermək çətinliyi, yaddaş və diqqət pozğunluğu da depressiyaya aiddir. Daha əvvəl zövq aldığımız işdən artıq zövq ala bilməmək, işdə, məktəbdə, ailədə əsasız yerə problemlərin olduğunu düşünmək sizi narahat edirsə, deməli, ruhi sarsıntı içərisindəsiniz. Digər insanlardan uzaqlaşmaq, tək qalmaq istəyinin olması, özünə qapanmaq, enerji azlığı da bu səbəbdən yarana bilər. Yorğunluq hissi, tez əsəbiləşmək, yuxunun pozulması, iştahsızlıq və yaxud əksinə, çox yemək, bədənin baş, boyun, kürək kimi fərqli yerlərində səbəbi müəyyən olmayan davamlı ağrılar hiss etmək də depressiyadan xəbər verir. Son zamanlarda spirtli içkilərdən və siqaretdən istifadə edilməsi və ya sakitləşdirici dərmanlar qəbul etmək ehtiyacı, özünə zərər vermək istəyi bu xəstəliyin əlamətləridir. Gələcəyə ümidsizlik, işdən əlini üzmək və heç bir işə başlaya bilməmək də depressiyanın göstəricilərindəndir.

Depressiya insan üçün ciddi problemlər yaradır və onun həyatında müxtəlif xəstəliklərə yol açır. Bu, bəzən sarsıntılardan ibarət həyat tərzindən sonra başlayır. Depressiya, qısa və çox uzunmüddətli ola bilər. Bu şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini xoşbəxt hiss edə bilmirlər.
Depressiyaya qalib gəlmək üçün, fiziki fəallığı artırmaq çox vacibdir. İdmanın bu işdə xeyri isə böyükdür. Gəzmək, səhərlər qaçmaq belə hallarda insanlara yaxşı kömək edir. Səhər tezdən oyanmaq, açıq havada gəzmək, təmiz hava almaq, yüngülvari idman hərəkətləri etmək, insanın fiziki cəhətdən fəallığını daha da artırır. Bu zaman sinir sistemi sakitləşir, qan dövranı yaxşılaşır, orqanlar öz funksiyasını tam yerinə yetirir. Getdikcə insan öz aktivliyini bərpa edir, heç bir həkimin, dərmanın köməyi olmadan sağlamlığına qovuşur.
Depressiyada olduğunuzu bilmək üçün qeyd olunan əlamətlərin hamısının eyni anda sizdə olması vacib deyil. Onların bir neçəsi sizdə varsa, həkimə müraciət etməyiniz məsləhətdir.
Qeyd etdiyimiz kimi, depressiya zamanı insan fəallığı minumuma enir. O, heç bir hərəkət etmək istəmir. Amma, unutmayaq ki, sağlamlığın əsasını hərəkət təşkil edir. Buna görə də, bədəni hərəkət etməyə məcbur eləmək çox vacibdir. Düzdür ilk vaxtlar depressiyada olan insan bunu böyük bir maneə kimi qarşılayacaq. O, idman etməyə başladığı ilk vaxtlar fiziki hərəkətlər etməkdən zövq ala bilməyəcək, bu ona məcburi bir vəzifə kimi görünəcək. Hərəkət etməyə başlamamış dərhal bundan bezəcək. Elə etmək lazımdır ki, icra etdiyiniz fiziki hərəkətlər sizin üçün maraqlı olsun. Ən xırda maraq doğuran hər hansı fiziki hərəkəti etməklə əmin ola bilərsiniz ki, siz deprssiyadan yaxa qurtarmaq üçün ilk addımı atmısınız . Çalışın ki, etdiyiniz hərəkətlər sizi darıxdırmasın. Bu işdən mütləq zövq almağa çalışın. Özünüzü yaxşı hiss edənədək fiziki hərəkətləri davam etdirin. Nəzərinizə bir məlumatı çatdırmaq istərdik. Hipodinomiya ( latınca hipo - az, dinamo - hərəkət deməkdir) bir çox xəstəliklərin idarə olunan risk amilinə aid olub ömrü qısaldır. Qeyd edək ki, 20-ci əsrin axırında ekspertlər yaşlı insanlar üçün yeni təlimat hazırlayaraq, ona “ fiziki fəallığı- sağlamlıqdır” adı veriblər. Onlar məsləhət görürlər ki, hər bir yaşlı adam gün ərzində 30 dəqiqə fiziki fəaliyyətlə məşğul olmalıdır. Bir qrup yaşlı adam üzərində təcrübə keçəndən sonra onların həyatlarında fəallaşmanın olduğunu görüblər. Həmin modeli depressiyada olan insanlara da tədbiq eləməyə başlayıblar. Onların üzərində ciddi nəzarət və sırf fiziki hərəkətlərin köməyi ilə uğurlu nəticələr eldə edilib. Ekspertlər nəticələrə gəliblər: Fiziki hərəkərlər etmək depressiyadan çox gözəl müalicə vasitəsidir; İntensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya “xoşbəxtlik hormonu” yaranır. Bu, insanda sarsıntılara qarşı davamlılığı artırır, fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür. İdmanla məşğul olarkən, pis xolesterinin, triqliseridlərin səviyyəsi enir. Bu zaman insan özündə yüngüllük, rahatlıq hiss edir. Bundan əlavə, arterial təzyiq normaya düşür nəticədə ürək tutmaları riski azalır. İdman eyni zamanda iştahanın normallaşmasına və mübadilə prosesinin sürətlənməsinə də xidmət edir. Bu isə öz növbəsində bədənin çəksinin azalmasına kömək edir. İdman həm də insanın iradəsini inkişaf etdirir. Fiziki hərəkətlər əhvalı yüksəldir. Belə ki, idmandan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Bu zaman ürəyin və ağ ciyərin funksiyası güclənir, vücud oksigenlə tam təmin olunur. Fiziki hərəkətlər damarlardakı qan dövranını da yaxşılaşdırır. İdman yuxusuzluğu aradan qaldırmaqla yanaşı insana sağlamlıq və gümrahlıq da bəxş edir.

Məlumat üçün bildirək ki, insan bədənində 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə zülaldır. Əzələlər hərəkət zamanı öz elastikliyini bərpa edir. Sakit vəziyyətdə isə onlar boşalır. Lakin ən maraqlısı budur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər. Qeyd etdiyimiz kimi depressiya insanda əzələlərin tutulmasına səbəb olur. Amma idman etməklə bunun qarşısını almaq mümkündür. Hətta həkimlər insanlara elə ilk bunu məsləhət görürlər. Hər gün yüksək əhval ruhiyyədə olmaq, enerjili, sağlam bir həyat yaşamaq istəyirsinizsə idmanla məşğul olun. ABŞ-ın elm adamlarının araşdırmalarından da aydın olur ki, idmanın insan orqanizminə olan təsirləri ancaq müsbətdir. “Sağlam bədəndə sağlam ruh olar” ifadəsi əsl həqiqətdir.

 

Azər Əlizadə