Yoqa və onun faydası

Yoqa və onun faydası


Müasir həyatın sürətli ritmində insan stresslərə tez- tez məruz qalır. Gəlin baxaq, bizi nə əhatə edir? Hər gün ünsiyyətdə olduğumuz insanlar, nəqliyyat, mobil əlaqələr, informasiya, internet, televiziya. Bunların hamısı insandan böyük diqqət tələb edir və bunlara böyük enerji sərf olunur. Bəs bu enerjini necə qaytarmaq olar? İnsanın psixikasına mənfı təsir edən əsəbiləşmə, qəzəblənmə, nifrət və qorxuların qarşısını necə almaq mümkündür? Bunu nə ailədə, nə məktəbdə, nə də universitetlərdə öyrədirlər.

Belə halda, yoqanın düzgün tətbiqi həyat və sağlamlıq üçün vacibdir. Yoqa nəinki insanı sağlamlaşdırır, həm də onu stresslərdən azad edir, dünya görüşünü genişləndirir. .
“Yoqa” sözü müxtəlif mənalar daşıyır və yuj (“yuc” oxunur) sanskrit sözünün kökündən əmələ gəlir. “Yoqa” sözünün əsas mənaları bunlardır: “qoşulmaq”, “möhkəm tutmaq”, “birləşmək”, “bağlamaq”. Qeyd edək ki, sanskrit sözləri çoxhəcmli və çoxmənalıdır. Məsələn, “yoqa” sözünün 20-yə qədər leksik mənası var.
Yoqa - psixofiziki bir sistemdir. O, öz üsullarının cəmi ilə vahid və bütöv şəxsiyyət yaratmağa imkan verir. Yoqa din deyil, əslində elmdir, çünki o, orqanizmdə gedən prosesləri, nəfəsin emosiyalara etdiyi təsiri, şüurun vəziyyətini, fikirlərin əmələ gəlməsini, zehnin inkişafını, hafizə, həm də beyinin istifadə olunmayan sahələrini öyrənir.


Yoqa çoxşaxəlidir və onun
istiqamətlərinin bəziləri bunlardır:
* Karma-yoqa - şəxsiyyətin sosial və ictimai münasibətlərinin harmonik inkişafı ilə bağlıdır. Hesab olunur ki, yoqanın bu növü ilə məşğul olan özünü mənfi enerjiden təmizləyir;
* Kriya-yoqa - insanın daxili və zahiri paklığına yönəldilib.
* Mantra (və ya Capa-yoqa) - səs vibrasiyalarının təsiri ilə təyin edilmiş saitləri və hecaları oxuması insan orqanizminə müsbət təsiri.
* Yantra-yoqa - həndəsi şəkillərin seyr edilməsi.
* Qhatastha-yoqa - bədənin təliminə yönəldilib.
* Hatha-yoqa - fıziki məşqlərlə (asana, pranayama) bədənin daxili əkslərinin tarazlaşdırılmasıdır.
* Sannyasa-yoqa - dünyanın cəzbedici şeylərindən imtina edilməsidir.
* Layya-yoqa - yerin biosferasına təsir edən kainatın ritmlərini və vibrasiyalarını, yəni mikro- və makrodünyanın bioritmlərini öyrənməklə harmoniyada yaşamaqdır.
* Dhyana-yoqa - meditativ üsulları tətbiq etməkdir.
* Kunta-yoqa - qrafik işarələrdə fikrin cəmləşdirilməsinin inkişafıdır.
* Nada-yoqa - musiqi və ya mahnı vasitəsilə meditasiyadır.
* Svara-yoqa - daxili enerjinin nadilərdə (Pinqala, İda) və narın səs vibrasiyaları ilə idarə edilməsidir.
* Urdhvareta-yoqa - seksual enerjini müxtəlif üsullarla mənəvi enerjiyə çevirmə üsullarıdır.
* Kundalini-yoqa - insanın gizli qüvvələrinin inkişafı və onlardan istifadə edilməsidir.
* Cnani-yoqa - insan təfəkkürünün inkişafı ilə bağlıdır və onun dərketmə imkanlarının həddini genişləndirir.
* Tantra-yoqa - təbiətdə əksliklərin qarşılıqlı təsirini öyrənir, hisslərin nəzarətinə və insanın harmonik həyat tərzinə nail olmağa kömək edir.
* Prana-yoqa - insan orqanizminə prana (enerji) ilə təsir etməkdir.
* Raca-yoqa - insanın yüksək psixiki funksiyalarının inkişafını təmin edir.
* Adhyatma-yoqa - insan “mənliyi”nin təzahürünün öyrənilməsidir.
* Bhakti-yoqa - Tanrıya məhəbbətin dərk edilməsidir.
* Şakti-yoqa - insan orqanizminin energetik vəziyyətləri öyrənmək və düzgün istifadə etmək yollarıdır.
* Aqni-yoqa - psixiki enerjinin idarə edilməsidir.
* Samadhi-yoqa - ekstatik (samadhi) vəziyyətinin meditativ təcrübə ilə dərinləşdirilməsidir.
* Abhasya-yoqa - yüksək mənəvi təcrübədir.
* Aştanqa-yoqa - 8 pilləli yoqadır.
* Brahma-yoqa - Brahmada fikrin cəmləşdirilməsidir.
* Buddhi-yoqa - mənəvi şüurun təkmilləşdirilməsi və ilahi şüurun inkişafıdır.
Bütün bu şaxələr Purna-yoqanı (vahid və ya tam yoqa) təşkil edir .
Aştanqa-yoqa (8 pilləli yoqa)
1. Yama - cəmiyyətin əxlaq qaydaları;
2. Niyama - həyat tərzinin qaydaları;
3. Asana - müxtəlif bədən hərəkətləri və duruşlar;
4. Pranayama - tənəffüs məşqləri, enerjinin toplanılması;
5. Pratyahara - nəzarət və həssaslığın zəifləməsi;
6. Dharana - fikrin cəmləşdirilməsi;
7. Dhyana - meditasiya (zikr) - idarə edilən şüurun axını;
8. Samadhi - şüurun ekstatik vəziyyəti

Yoqanın sədaqətli pərəstişkarlann sırasında görkəmli dövlət, elm və incəsənət xadimləri də olub. Mahatma Qandi, Cəvahirləl Nehru, İndira Qandi, ABŞ Prezidenti Con Kennedi, Konstantin Stanislavski (Rusiya), Nobel mükafatı laureatı akademik İvan Pavlov da hatha-yoqa məşğul olurdular.

Hazırda yoqa haqqında danışanda, çox vaxt hatha-yoqanı nəzərdə tuturlar. Hatha termini simvolik və dərin fəlsəfi məna daşıyır. “Ha” günəş, “tha” isə ay deməkdir. Yəni, iki əksin birliyi. Kainatda əkslərin əsasları eyni zamanda mövcuddur (məsələn, isti - soyuq, müsbət-mənfi, işıq - zülmət, kişi - zənan). Bu əkslər birliyi harmoniya və tarazlıq yaradır. Demək olar ki, hatha-yoqa insanın bədənində ayrı-ayrı sistemlər arasında harmoniya yaradır. Bu harmoniya müxtəlif üsullarla asanalar (duruşlar), nəfəs, hidroterapevtik üsullar və pəhriz) əldə edilir. Fiziki hərəkətlər yoqanın “əlifbası”dır, çünki yalnız fiziki cəhətdən tamamilə sağlam insan zəka, əxlaq və mənəvi kamilliyə nail ola bilər. Yoqa gimnastikası ilə sağlam və xəstələr, kişilər və qadınlar, müxtəlif peşə sahibləri, müxtəlif yaşlı (hər bir yaş həddi üçün mütəxəssis məsləhəti zəruridir) və ictimai təbəqələrdən olan insanlar məşğul ola bilər.
Yoqa ilə məşğul olmağın çox böyük faydaları var. Yoqa sağlamlıq, təmizlik, gümrahlıq prosesidir. Bu prosesin müxtəlif narahatçılıqların həllində effektivliyi sübuta yetirilmişdir. Yoqa ilə məşğul olarkən bədən elastikləşir. Burada elə hərəkətlər var ki, onları edən zaman, demək olar ki, heç vaxt hərəkətdə olmayan oynaqlar hərəkət etməyə başlayır. Həmin oynaqlarda açılmalar gedir, vətər və toxuma bağları möhkəmlənir. Hərəkətlər zamanı bədənin bütün orqanları masaj olunur. Araşdırmalar göstərir ki, yoqa, bəlkə də, yegənə məşğələ növlərindəndir ki, məşğələlər zamanı bütün daxili orqanlar masaj olunur. Bu isə bədəni yaxşı formada saxlayır və insanı gümrah edir. Bundan əlavə, orqanizmin müxtəlif hissələri tam qanla təmin olunur. Bu, da toksinlərin aradan qalxmasına kömək edir və nəticə etibarı ilə yaşlanmanın qarşısı alınır, enerji bərpa edilir, həyata böyük maraq hissi yaranır. Yoqanın həmçinində stresin azalmasında böyük əhəmiyyəti var. Belə ki, yavaş və ehtiyatlı hərəkətlər zamanı nəfəsalma məşqləri ilə birlikdə kombinasiya yaranır. Bu isə bədənin dincəlməsinə xidmət edir. Bir sözlə, yoqa sağlam ruhun keşikçisidir.


Türkay Niftəliyeva

 

Yoqa və onun faydası