İdmanı təbliğ edən və işıqlandıran vasitə

İdmanı təbliğ edən və işıqlandıran vasitə

 

KİV idman üçün
nə deməkdir?


Son 15-20 ildə Olimpiya Hərəkatının inkişafında, Olimpiya oyunlarının işıqlandırılmasında mətbuatın, radio və televiziyanın gördüyü işlər çox yüksək qiymətləndirilir. Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri (KİV) iri miqyaslı yarışlarının, birinci növbədə Olimpiya oyunlarının bərabərhüquqlu və fəal iştirakçılarına çevriliblər. Bu gün dünyanın ən möhtəşəm idman bayramının uğurla keçib-keçməməsini təkcə yarış iştirakçılarının sayı, göstərdikləri nəticələr, habelə rekordların miqdarı ilə deyil, həm də yarışları mavi ekranlardan izləyənlərin, radio dalğalarında dinləyənlərin və akkreditasiyadan keçmiş jurnalistlərin sayına görə müəyyən edirlər.

 

Onların rolu əvəzsizdir


KİV ayrı-ayrı idmançıların və idman növlərinin populyarlaşmasında, onların texnika və taktikasının işıqlandırılmasında, yarış mübarizəsinin əsas xüsusiyyətlərinin əks etdirilməsində, qeyri-idmanı hərəkətlərə, əxlaqi problemlərə və nöqsanlara münasibətdə və nəhayət, son nəticədə Olimpiya Hərəkatının tərəqqisində müstəsna rol oynayır. Təsadüfi deyildir ki, əvvəllər o qədər də məşhur olmayan bir çox idman növlərinin populyarlaşması məhz, mətbuat, radio və televiziyanın adı ilə bağlıdır. Kütləvi informasiya vasitələri, xüsusi ilə də televiziyanın köməyi sayəsində idman böyük ictimai rezonans qazanmış, onun yeni maliyyə mənbələri aşkar edilmiş və idmançılara yardım proqramlarına və reklama geniş yer verilmişdir.
Müasir imkanlara malik KİV az tanınmış idmançını çox qısa bir vaxtda bir nömrəli ulduza çevirmək iqtidarına malikdir. Kütləvi İnformasiya Vasitələri dünyanın müxtəlif ölkə və şəhərlərində yarışları canlı translyasiya etməklə tamaşaçı ilə idmançı arasında ünsiyyət yaradır, insanları, azarkeşləri idmançılarla birgə həyəcanlanmağa, sevinməyə vadar edir, onların kədərinə şərik olmağa çağırır.
Olimpiya oyunları və KİV arasında qarşılıqlı əlaqənin yaranması yay və qış Olimpiadalarının televiziya üçün kommersiya əhəmiyyəti daşımağa başladığı 70-ci illərə təsadüf edir.
Beynəlxalq Olimpiya Komitəsi və oyunların təşkilat komitələri Olimpiya yarışlarının televiziya ilə translyasiya edilməsindən böyük məbləğdə gəlir götürürlər. Statistik göstəricilərə görə, müxtəlif illərdə Olimpiya oyunlarından əldə olunan gəlirin artım səviyyəsi aşağıdakı kimidir: yay Olimpiya oyunlarından 1984-cü ildə 297 milyon, 1992-ci ildə 636, 2000-ci ildə 1100, qış Olimpiya oyunlarından isə 1984-cü ildə 103, 1992-ci ildə 292, 1998-ci ildə 509 milyon dollar.

KİV və Olimpiya oyunları


Teleşirkətlərin Olimpiya oyunlarına təsiri Olimpiya proqramına yeni idman növlərinin daxil edilməsi, kommersiya əhəmiyyətli yarış növlərinin planlaşdırılması, turnirlərə daha çox peşəkarların cəlb edilməsi və nəticədə bu yarışlara tamaşaçı və sponsorların marağının artmasına gətirib çıxarır.
Televiziyanın Olimpiya oyunlarının açılışı və bağlanışı mərasimlərinə böyük təsir var. Olimpiya təşkilat komitələri hər növbəti Olimpiadanı əvvəlkindən daha yaxşı və daha rəngarəng keçirmək üçün “dəridan-qabıqdan” çıxırlar. Təşkilatçılar bunu Olimpiya mərasimlərinə böyük marağı olan çoxsaylı tamaşaçı auiditoriyasının istəyini nəzərə alan teleşirkətlərin tələbinə uyğun edirlər. Əlbəttə ki, bu da öz növbəsində onlara böyük pul vəsaiti hesabına başa gəlir. Məsələn, 1996-cı il Atlanta Olimpiya Oyunlarının təşkilat komitəsi açılış və bağlanış mərasimi təşkil olunması üçün 20 milyon dollar vəsait xərcləməli olmuşdu.
Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri peşəkar idman ənənələrinin Olimpiya arenasında əks etdirilməsində də əhəmiyyətli rol oynayırlar.


 

İdman biznesi və
televiziya


Şou-biznesin idmana təzyiqi ildən-ilə nəzərəçarpacaq dərəcədə artır. Bu hər şeydən əvvəl televiziya və sponsorların şou-biznesə qoyduğu böyük maliyyə vasitələri ilə izah olunur. Son vaxtlar televiziyanın sifarişi ilə təşkil olunmuş idman yarışlarının sayı artmışdır. Buna görə də Olimpiya Hərəkatı kimi Kütləvi İnformasiya Vasitələrinin qarşısında da Olimpiya strategiyasının işıqlandırılması sahəsində böyük vəzifələr durur. Olimpiyanın və peşəkar idmanın insan fəaliyyətinin müxtəlif sahələri olduğu heç kimə sirr deyil. Peşəkar idmana məxsus geniş təcrübənin Olimpiya idmanına tətbiq edilməsi böyük əhəmiyyətə malikdir. Olimpiya növlərinin inkişafında maliyyə məsələlərinin rolu danılmaz faktdır. Televiziya, mətbuat və radionun Olimpiya oyunları və digər idman yarışları ilə sıx qarşılıqlı əlaqəsi hər iki tərəf üçün bir növ maliyyə mənbəyi rolunu oynayır. Lakin unutmaq olmaz ki, Olimpiya oyunları və KİV-in birliyi birinci növbədə cəmiyyətin mənafeyinə xidmət edən mənəvi sahə çərçivədən kənara çıxmamalıdır.
2000-ci il Sidneydə keçirilən XXVII Yay Olimpiya və Solt-Leyk-Siti-2002 XIX Qış Olimpiya Oyunlarının televiziya ilə translyasiya edilməsi hüququ uğrunda mübarizədə Amerikanın məşhur En-Bi-Si teleşirkəti qələbə qazanmışdı. Teleşirkət Atlanta-1996 Olimpiadasından dərhal sonra Solt Leyk Siti Oyunları başlanana qədər Olimpiya Hərəkatına həsr olunmuş yarım saatlıq proqramın efirə verilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə razılıq əldə etdi. Proqramda Sidney, Solt Leyk Siti şəhərlərinin oyunlara hazırlıq işləri barədə ümumi informasiyadan başqa, olimpiyaçı idmançılar haqda süjetlərə böyük yer verilirdi.
Olimpiya ideallarının təbliğ olunması və olimpiyaçı idmançıların həyatının işıqlandırılmasında bir çox ölkələrdə fəaliyyət göstərən tədris xarakterli televiziya kanalları da əvəzsiz rol oynayır. Bundan başqa həmin tele kanallar idmançıların Olimpiya oyunlarına hazırlıq prosesinin sistemli şəkildə işıqlandırılması istiqamətində əvəzsiz xidmət göstərirlər. Bu cür verilişlər də öz növbəsində idmançının şəxsiyyətinə və onun idman nəticələrinə müsbət təsir göstərir.
İdman və kütləvi informasiya vasitələrinin sıx əlaqəsi qarşılıqlı fayda və mənfəət prinsiplərinə əsaslanır. Bu əlaqə idmançı üçün populyarlıq baxımından əhəmiyyət daşıyırsa, digər tərəf üçün iqtisadi gəlir mənbəyidir. Lakin idman və kütləvi informasiya vasitələrinin maraqları heç də həmişə üst-üstə düşmür. 80-ci illərə qədər KİV və idman nümayəndələri ümumi bir vəzifəni yerinə yetirsələr də, müxtəlif istiqamətlərdə çalışırdılar. Bu müxtəliflik istər-istəməz özünü əhalinin idmana olduğu kimi, mətbuat, radio və televiziyaya münasibətinə də öz mənfi təsirini göstərirdi.
BOK-un təşəbbüsü ilə 1986-cı ildə “İdman, kütləvi informasiya vasitələri, olimpizm” mövzusunda keçirilən I Beynəlxalq simpoziumda KİV-in idman sahəsindəki fəaliyyəti geniş təhlil olunub. Bu simpoziumda KİV-in Olimpiya idman növlərinin inkişafına böyük təsiri, mətbuat, radio və televiziyanın idmanla qarşılıqşı əlaqəsinin xarakteri, faydalı əməkdaşlığın inkişaf perspektivləri məsələlərinə konkret qiymət verilib. Bundan başqa simpoziumda KİV-in fəaliyyətində təhlükəli meyllərin mövcudluğu, idmanın maraqları baxımından kütləvi informasiya vasitələrinin problemləri, bütövlükdə idmanın, o cümlədən onun humanist və əxlaqi-etik dəyərlərinin təbliği problemlərinə toxunulub.

 

Bəzən belə də olur


Son illərdə Olimpiya oyunlarının kommersiya məqsədi daşıyan televiziyalardan get-gedə asılı vəziyyətə düşməsi və onun bütövlükdə idmana aid olan sahələrə müdaxiləsi KİV və idman nümayəndələrini narahat edən əsas məsələlərdəndir. Bu istiqamətdə mövcud faktlardan ən acınacaqlısı Seul-1988 Olimpiya Oyunlarında qeydə alınıb. Belə ki, idmançıların rəyini nəzərə almayan Olimpiadanın Təşkilat Komitəsi yarışların proqram cədvəlində Seul-1988-ə sponsorluq edən məşhur teleşirkətlərin tələbi bəzi dəyişikliklər etmişdi. Belə şirkətlərdən biri olan Amerikanın En-Bi-Si teleşirkəti bu məsələ ilə bağlı təzyiqlərə və iradlara baxmayaraq, yarışları planlaşdırdığı kimi yayımlamağa nail ola bildi. Boks, güləş, müasir beşnövçülük, avarçəkmə, atçılıq, atıcılıq və şose velosiped idmanı səhər saatlarında, basketbol, yüngül atletika, gimnastika, üzgüçülük, kişilər arasında voleybol yarışları, yelkən idmanı gündüz vaxtı nümayiş etdirildi. Avropa tamaşaçıları bu idman növləri üzrə Olimpiya oyunlarının gedişini gecədən keçmiş və ya səhər-səhər izləsələr də, idmançılar adət etmədikləri bir şəraitdə və vaxtda yarışmalı oldular.

 

Paris konqresində


O vaxtdan çox illər keçib və KİV-in fəaliyyətində çatışmazlıqlar hələ də qalmaqdadır. İdmanın kütləviliyi və onun intensiv kommersiya xarakteri alması prosesi Kütləvi İnformasiya Vasitələrinin peşəkar və əxlaqi-etik problemlərinin həllində ziddiyyətlərə gətirib çıxarırdı. 1994-cü il BOK-un Parisdə keçirilən konqresində xüsusi - “İdman və Kütləvi İnformasiya Vasitələri” adlı cərəyan yaradıldı.
Paris konqresində idman və mətbuatın qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə toxunulub və son 100 ildə idmanın təbliğində KİV-in məhsuldar və konsturktiv köməyi xüsusilə qeyd olunub. Burada müzakirə edilən məsələlərdən biri akkretitasiyadan keçmiş jurnalistlərin yarış yerlərinə maneəsiz, sərbəst buraxılması və onlar üçün əlverişli iş şəraitinin yaradılması idi. Konqresdə jurnalistin peşə etikasına riayət etməsi, yarışlarda göstərilən hər hansı təzyiqə qarşı mübarizə aparması, saf və ədalətli oyunların təmin edilməsi üçün mümkün qədər cəhd göstərmək qabiliyyəti onun ən ümdə və müqəddəs vəzifə borcu kimi vurğulanıb. Konqresin qərarına görə jurnalistlərin Olimpiya oyunları haqda hazırladığı reportajlar ümumdünya sərvətinə çevrilməli, onların Olimpizm prinsiplərinin və dəyərlərinin təbliği və genişləndirilməsi istiqamətində səlahiyyətləri artırılmalıdır.
Müasir Olimpiya Hərəkatının 100 illik yubileyinə həsr olunan XII Olimpiya konqresinin işində (1994-ci il, Paris) dörd əsas məsələ müzakirə olunurdu.
1. Müasir cəmiyyətdə Olimpiya Hərəkatının rolu (olimpizm və onun etika qaydaları, Olimpiya Hərəkatının strukturu, idman və ətraf mühit, Olimpiya oyunlarının gələcək inkişafı və proqramı, Olimpiya Hərəkatı və beynəlxalq qarşılıqlı anlaşma və s.)
2. Müasir idmançı necə olmalıdır? (idmançının formalaşması, onun cəmiyyətdə yeri və rolu, yüksək səviyyəli idmanın təşkili, idmanda elmi və müasir məşq prosesi, idmançı üçün potensial təhlükə və s.)
3. İdman sosial kontekstdə (idman və siyasət, idman və iqtisadiyyat, inkişaf etmiş ölkələrdə idman, idman hamı üçün və s.)
4. İdman və kütləvi informasiya vasitələri (Olimpiya Hərəkatında Kütləvi İnformasiya Vasitələrinin rolu, idmanın Kütləvi İnformasiya Vasitələrinə təsiri, idmanın televiziya və digər informasiya vastələri ilə qarşılıqlı əlaqəsinin inkişafı və s).


 

Mətbuatdan ən böyük dəstək


Öz dövründə mətbuatdan ən böyük dəstəyi müasir Olimpizmin banisi Pyer de Kuberten alıb. Kuberten mətbuatın köməyi ilə hər biri 500 səhifədən ibarət 120 kitabını nəşr etdirməklə bəşər mədəniyyətinin inkişafında əvəzsiz xidmət göstərmişdir.
Bu gün mətbuat, radio və televiziyanın fəaliyyətində idmançıların, idman təşkilatlarının, Olimpiya oyunlarının və idmansevərlərin maraqlarına zidd olan bir çox mürəkkəb məsələlər, nöqsan və qüsurlar hələ də öz həllini gözləyir.



Azər Əlizadə