İdmanın gənclərin həyatında rolu və onun mahiyyəti

İdmanın gənclərin həyatında rolu və onun mahiyyəti

Artıq bütün dünya Azərbaycan Respublikasını idman dövləti kimi tanıyır. Buna möhtərəm Prezidentimiz İlham Əliyevin idmanımıza və idmançılarımıza göstərdiyi qayğı nəticəsində nail olunub. Beynəlxalq miqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi və ilk Avropa Oyunlarının Bakıya həvalə edilməsi Azərbaycanın beynəlxalq nüfuzuna əyani sübutdur. Uzun illər boyu ömrünü idmana və idmanın tədrisinə həsr edən bir pedaqoq kimi, bu hal məni çox sevindirir. Ölkəmizin idman həyatında baş verən hadisələri daim izləyir və qazanılan uğurlara görə qəlbim qürurla döyünür. Çoxillik pedaqoji təcrübəyə əsaslanaraq, bəzi fikirlərimi bölüşmək istərdim.
Bu gün həyatımızın və məişətimizin bütün sahələrində sürətli inkişaf prosesi gedir. Yeni-yeni istehsal müəssisələri açılır, geniş miqyaslı inşaat işləri aparılır. Vətənimizin gələcəyini təmin etmək üçün elmin və texnikanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Gələcəyimizin təminatçısı olan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, bilikli, iradəli, vətənpərvər və cəsur yetişməsinə böyük önəm verilir. Bu məqsədlə ali və orta ixtisas məktəbləri açılır, ölkəmizin paytaxtında və bölgələrdə müasir tipli idman kompleksləri tikilir.
Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı ilə bərabər, onların fiziki inkişafının diqqətdə saxlanılması danılmaz bir faktdır. Ulu öndərimiz Heydər Əliyev gənclərin ölkənin ictimai və siyasi həyatında fəal iştirakı üçün 1997-ci ildə Gənclər Forumunu yaratdı. Ulu öndərimiz Milli Olimpiya Komitəsinin 10 illik yubleyi mərasimində Gənclər və İdman, eləcə də Təhsil Nazirliyinə məşğələ saatlarının sayının artırılmasını tövsiyə etdi. Heydər Əliyev ölkə gənclərinin fiziki inkişafına nail olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməyi əlaqədar qurumlar qarşısında vacib məsələ kimi qoyurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan marağı gənclərimizə örnək olmalıdır. Ölkə başçısının "Sağlam və güclü gəncləri olan ölkə hər şeyə qadirdir” ifadəsi bu gün gənc nəslimizin şüarına çevrilməlidir.
Gənclərin fiziki hazırlığı kimi, ideoloji hazırlığı da yüksək səviyyədə həyata keçirilir. Bu gün orduya cağırılan gənclərin fiziki cəhətdən hazırlığının aşağı səviyyədə olması müəyyən problemlər yaradır. Fiziki hazırlığı möhkəm olan gənclər hərbi xidmətə yollanarkən çətinliklərdən qorxmurlar. Ümumiyyətlə, gənclərin fiziki hazırlıq səviyyəsi daim diqqət mərkəzində olmalıdır.
Vətən torpağını azad etmək üçün, gənc nəslin qarşısında necə çətin, məsuliyyətli bir vəzifə durduğunu görürük. İstisnasız olaraq, hər bir gənc vətənimizin müdafiəsinə hazır olmalıdır. Bunu vətən, millətimiz, işğal altında qalan ata-baba yurdumız, ulularımızın ruhu tələb edir.
Avropalılar gənclərin fiziki və mənəvi cəhətdən formalaşmasında fiziki hərəkətlərin böyük əhəmiyyətə malik olduğuna xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən qeyd edək ki, Amerikada və Avropanın bir sıra ölkələrində qəbul imtahanlarına fiziki hazırlıq normativləri salınıb. Ona görə də həmin ölkələrdə valideynlər övladlarının erkən yaşlarından idmanla məşğul olmalarının qayğısına qalırlar. Bu da idmanla məşğul olanların sayının artmasına gətirib çıxarır. Bu ölkələrdə əhali parklarda, stadionlarda, zallarda və b. yerlərdə sərbəst məşq edir.
Bir sıra Avropa ölkələrində ali məktəblərin tələbələri hər semestr fiziki hazırlığa aid olan normativlərdən imtahan verirlər. Normativlərini yerinə yetirə bilməyən gənclər əlavə pul ödəməli olurlar. Bu proses ali məktəbi qurtarana qədər davam edir. Bu ali məktəblərin hər birində müxtəlif idman növləri üzrə zallar və futbol meydançaları vardır. Avropalı tələbələr ali məktəblərin idman klublarında məşğələlərin vaxtlarını özləri sərbəst seçirlər.
Şimal qonşumuz Rusiyada da idmanın inkişafına xüsusu diqqətlə yanaşılır və idmanın bütün sahələrində tədris illərinin və dərs saatlarının miqdarı artırılıb. Bu, ölkədə gənclərin fiziki hazırlığı və idmanın kütləviliyini təmin etmiş olur.

Azərbaycanın məşhur şəxsiyyətlərinin əksəriyyəti idmanla məşğul olub və uğur qazanıb. Dahi dirijor Niyazi bəstəkar olmaqla bərabər, həm də ağırlıqqaldırma üzrə Azərbaycan çempionu idi. Akademik, ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov voleybol, mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov voleybol, akademik Tofiq İsmaylov futbol, AzDBTİA-nın rektoru, millət vəkili Ağacan Abiyev boks növündə güclərini sınayıblar. Bir çox başqa görkəmli şəxsiyyətlərin də adını bu siyahıya salmaq olar.
Gənclərimiz belə insanlara oxşamağa çalışmalı, onları ideal kimi qəbul etməli, cəmiyyətdə layiqli yer tutmaq üçün, onların həyat və tdman fəaliyyətlərindən nümunə götürməlidirlər.
Bir şeyi unutmaq olmaz ki, gənclərin fiziki hazırlığının və milli ruhunun yüksək olması, hər mənada, dövlətimizin xeyrinədir. Fərqi yoxdur, həmin gənc idmançıdır, hərbçidir, yoxsa fəhlə. Təsiredici amillərdən geniş istifadə edilməsi də gənclər üçün çox faydalıdır. Çünki yüksək fiziki hazırlıq onların sağlamlığının artmasına kömək edir, gənclərə əlavə stimul verir, məşğələlərin keyfiyyətinə də müsbət təsir göstərir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq gənclərimizin sağlam və milli ruhda tərbiyə olunması, iradəli, mərd, vətənpərvər və cəsur böyüməsində orta və ali məktəblərdə idmanın tədrisinin rolu böyükdür. Şagirdlərin və tələbələrin müxtəlıf fənn dərsləri ilə yüklənməsi onları məcbur edir ki, vaxtlarının çox hissəsini bu fənnlərin öyrənilməsinə sərf etsinlər. Düşünürəm ki, onlar icbarı qaydada idman klublarının məşğələlərinə cəlb edilməsələr, könüllü şəkildə idmana maraq göstərməyə vaxtları və həvəsləri olmayacaq. Məhz bu səbəbdən də, ölkəmizdə təhsil müəssisələrinin hamısında gənclərin fiziki hazırlığı mühüm və əsas amillərdən biridir. Orta və ali məktəblərdə tez-tez müxtəlif idman yarışlarının keçirilməsi yeniyetmələrin və gənclərin idmana olan maraqlarını daha da artırar. Gənclər idmanla nə qədər çox məşğul olsalar, bir o qədər də sağlam ruhda böyüyər, mənfi xüsusiyyətlərdən, pis vərdişlərdən uzaqlaşarlar. Gənclər idmanla məşğul olmalıdılar həm də ona görə ki, yaşlaşanda sağlam olsunlar.
İdman və bədən tərbiyəsinin tədrisi sahəsində çalışan bir pedaqoq kimi hesab edirəm ki, gənclərimizin fiziki hazırlığının yüksəldilməsinə, onların sağlamlığının möhkəmləndirilməsinə zəmin yaradan kompleks tədbirlər həyata keçirilməlidir. Bütün bunlar gənclərin həyatında idmanın rolunu müəyyən edir və onun mahiyyətinin əhəmiyyətli olmasını göstərir.
Bir azərbaycanlı kimi, məni sevindirən odur ki, respublikamızın əksər bölgələrində Olimpiya idman kompleksləri, idman zalları yaradılıb. İnsanların istirahət etdikləri yerlərdə də idman etmək üçün hər cür şərait mövcuddur. Bakıda Milli Parkda quraşdırılan idman qurğuları buna əyani sübutdur. Gənclərin sağlam və milli ruhda tərbiyə olunmasına hamımız dəstək olmalıyıq. Çünki hər bir gəncin həyatının əsas mənası sağlam və xoşbəxt olmaq, cəmiyyətdə layıqli yer tutmaqdır. Dövlətimizin qarşısında duran vəzifələrdən ən önəmlisi sağlam gənclər yetişdirməkdir. Hər birimiz dövlətimizin prioritet saydığı bu məsələyə öz işimizlə və əməlimizlə töhfə verməliyik.
Zakir Məmmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, professor,
əməkdar bədən tərbiyəsi və idman xadimi,
əməkdar məşqçi