İdmanla nəfəs alan millət

İdmanla nəfəs alan millət

15-20 günlük qədim tarixə malik olan, hələ orta əsrlərdən bütün Avropanın diqqətini özünə çəkən Türkiyənin qədimliklə müasirliyin qovuşduğu şəhərinə, turistlərin istirahət üçün seçdiyi birinci məkanlar sırasında olan Antalyaya üz tutdum. Həm də maşınla. Elə təyyarə ilə yox, məhz avtomobillə səyahət mənə yol boyu ölkələri, şəhərləri qismən də olsa müşahidə etməyə şərait yaradırdı.
Oxuyacağınız yazı gördüklərim, apardığım söhbətlər əsasında qardaş ölkə, daha dəqiq desəm və orada idmana qarşı münasibət barədə olacaq.
İlk növbədə onu deyim ki, Türkiyənin ərazisi kifayət qədər böyükdür. Bununla bağlı olaraq müxtəlif şəhərlərində də hava şəraiti tam fərqlidir. Trabzona girər-girməz gur yağışla qarşılaşdıq. Ta ki, Samsuna kimi həmin tutqun, buludlu hava bizi müşayət etdi. Səhəri gün isə Antalyada vəziyyət tamam fərqli idi-bu dəfə qızmar günəş insanlara çölə addım atmağa imkan vermirdi. Amma maraqlıdır ki, nə bir qədər obrazlı şəkildə desək, ucundan tutub göyə çıxılası yağış, nə də 45-46 dərəcə temperatur yerli vətəndaşların öz sağlamlıqlarının qayğısına qalmalarına əngəl törədə bilmirdi. Belə ki, mənzil başına çatana kimi hər bölgədə-Rizə, Trabzon, Girəsun, Ordu, Samsun, Ankara...və nəhayət, Antalyanın özündə yol qırağında quraşdırılmış trenajor alətlərində, basketbol, voleybol, tennis və futbol meydançalarında idmanla məşğul olanlara tez-tez rast gəlirdim. Kimiləri alətlərdə bədənin müxtəlif əzələlərinin inkişaf etdirilməsi üçün məşq edir, kimiləri də həmin meydançalarda topla oynayırdılar. Hələ bu nədir ki? Yolboyu qaçanlarla, velosiped sürənlərlə də az qarşılaşmadım. Bir şey də diqqətimi çəkdi ki, hamısının yanında ən azı bir şüşə su olur. Əlbəttə, bu, təsadüfi deyil. Mütəxəssislər də təsdiq edirlər ki, idmanla məşğul olanların məşq prosesində su içmələri itirilən enerjinin bərpa olunması baxımından olduqca faydalıdır. İkincisi də, hamıya yaxşı məlumdur ki, Antalya kimi isti bir şəhərdə susuzluqla mübarizə aparmaq heç də asan deyil. Amma, əlbəttə, su bir dəfəyə yox, az-az içilməlidir. Yəni yarım litrlik su təxminən iki saata çatmalıdır. Əgər bunun əksi olarsa, yəni idmançı suyu məşqdən əvvəl və ya sonra bir nəfəsə içərsə, mənfi nəticələr üzə çıxar: birinci halda idmançı ağırlaşar və normal məşq edə bilməz. İkinci variantda isə həmin şəxs daha gümrah olmaq əvəzinə, əksinə, süstləşər. Məhz bu səbəbdən də, hər kəs, xüsusilə professional idmançılar su içməyə həssaslıqla və diqqətlə yanaşmalıdırlar. Dahi Nizaminin dediyi kimi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd olur o da...
Türkiyə camaatı təkcə trenajor alətlərində idmanla məşğul olmaqla və komanda oyunları oynamaqla kifayətlənmir. Hər gün eyni saatda-hələ gün çıxarmamış yuxudan oyanıb bir neçə dövrə qaçanlar, ardınca da hovuzda üzənlər kifayət qədərdir. Yəqin ki, cəmi bir saat vaxt alır. Amma çox effektlidir. Həmin şəxslərin öz sözlərinə görə də onlar gün ərzində bir xeyli gümrah olur və necə deyərlər, yorulmaq nədi bilmirlər. Bunu yerlilər kimi əcnəbi turistlər də yaxşı anlayırlar.
Türkiyədə komanda idman növlərinə maraq çox böyükdür. Xüsusilə onların futbola olan həvəsləri və bu idman növü üzrə müxtəlif komandalara olan fanatikcəsinə azarkeşliyi bütün dünyada yayılıb. Qol vuranda o qədər sevinirlər ki...Sanki dünya topu qapıdan keçirən həmin oyunçunun olur. Bundan başqa dənizdə və hovuzda su topu oynayanlara da tez-tez rast gəlmək mümkündür. Habelə çimərliklərdə sahil boyu gəzənlər, çimərlik futbolu oynayanlar da öz tətillərini səmərəli keçirənlərdəndirlər. Təqdir ediləsi haldır ki, türklər hər işdə və hər yerdə kollektiv şəkildə davranmağı sevir-eyni məqsəd uğrunda birlikdə çalışırlar. Bax, bu da birbaşa elə komanda idman növlərinin insanda aşıladığı nəcib keyfiyyətlər sırasındadır.
Əlbəttə, Türkiyəyə gəlib Aralıq, Egey və Qara dənizə girməmək olmaz. Bunu yerlilər kimi əcnəbi turistlər də yaxşı bilirlər. O da yaxşı məlumdur ki, çimərlikdə hava kifayət qədər təmiz olur və dənizdə üzmək hovuzda üzməkdən qat-qat daha faydalıdır.
Yuxarıda vurğuladığım kimi, qardaş ölkə vətəndaşları velosiped sürməyi çox sevirlər. Demək olar ki, hər ailədə ən azı bir velosiped var. Elə ki, darıxdıqlarını görürlər asudə vaxtlarını səmərəli keçirmək üçün iki təkərli nəqliyyat vasitələrinə oturub kilometrlərlə məsafə qət edir, bir qəsəbədən, bir rayondan digərinə gedib-gəlirlər. Yerlilərin fikrincə, velosiped onlar üçün ən yaxşı və rahat nəqliyyat vasitəsidir. Səhv etmirəmsə, Türkiyədə olduğumun 4-cü günü yerli sakinlərin birindən soruşdum ki, niyə bu qədər çox velosiped sürürsünüz? 35-40 yaşı olardı. Konkret cavab vermədi amma dedi ki, biz idmanla nəfəs alırıq...
Bütün bunlar çox yaxşıdır. Bir az idmanla məşğul olanların kefinə soğan doğrayan tərəfi odur ki, beş dəqiqə hərəkət etməmiş, tərləyirlər. Hətta axşam saatlarında da qızmar günəş mübaliğə ilə söyləyəsi olsaq, nəfəs almağa imkan vermir. Lakin "bizdə çarə tükənməz" deyən türklər bunun da həll yolunu tapıblar. Xeyli müddət idmanla məşğul olduqdan dərhal sonra sərin hovuza tullanırlar. Beləliklə də, bütün yorğunluqları unudulur. Bu üsuldan istifadə edənlər deyirlər ki, yorucu idmandan sonra hovuzda üzmək insana böyük həzz verir. Nə qədər çox yorulurlarsa, suda özlərini bir o qədər yüngül hiss edirlər. Bir çox hallarda məhz həmin dincliyi təsəvvür edərək, ağır məşqlərin öhdəsindən gəlirlər.
Qonşu ölkədə apardığım müşahidələrdən gəldiyim ümumi nəticə bu oldu ki, Türkiyədə idmana həvəs kifayət qədər böyükdür. Müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında əldə olunanan nəticələr buna sübutdur. Ağırlıqqaldırma üzrə ən yüksək titullara sahib, o cümlədən Olimpiya, dünya və Avropa zirvələrini fəth edən Naim Süleymanoğlu Türkiyə idmanının əfsanəsidir. O, uzun illər şanlı türk bayrağını ən yüksəklərdə dalğalandırıb. Bununla da dosta da, düşmənə də göstərib ki, onların məğlubedilməz mərd oğulları, yenilməz dövlətləri var. Bu sözü təsadüfi demədim. Çünki bir ölkədə idmanın inkişafı birbaşa bütün sahələrin-mədəniyyətin, iqtisadiyyatın, turizmin, təhsilin...tərəqqisinə yol açır. Türkiyənin beynəlxalq arenalarda bu dövlətin himnini səsləndirən, bayrağını yüksəldən idmançıları kifayət qədərdir. Nə qədər ki, qonşu ölkədə idmana bu dərəcədə böyük maraq və həvəs var, nəticələr də bir o qədər çox olacaq. Türkiyə bayrağı bir o qədər əzmlə, şövqlə dalğalanacaq.
Elə yazımı yekunlaşdırmağa hazırlaşırdım ki, yadıma Türkiyənin böyük şairi Mehmet Akif Ersoyun "Istiqlal marşı"ndakı bir misra düşdü:
...Qorxma, sönməz bu şafaklarda süzən al sancaq...
Türkiyədə idmana və bədən tərbiyəsinə olan bu xoş və isti münasibət bizi ancaq sevindirə bilər. Nə yaxşı ki, qardaşımız məhz Türkiyədir!

Kənan Novrozov
Antalya-Bakı