İdman uşaq və gənclərin sağlamlığına xidmət edir

İdman uşaq və gənclərin sağlamlığına xidmət edir

Cəmiyyətin inkişafı üçün insanların da inkişafı əsas şərtdir. İnsanların inkişafi dedikdə, onların fiziki və mənəvi cəhətdən sağlamlığı nəzərdə tutulur. İnsan resurslarının yaradılması və onlardan istifadənin düzgün təşkili üçün cəmiyyətin hər bir fərdinin hərtərəfli inkişafına şərait yaradılmalıdır. "Olimpiya dünyası” qəzeti uşaq və gənclərin fiziki və mənəvi inkişafını diqqətdə saxlayır. İstər yerli, istərsə də dünya praktikasında qeydə alınan maraqlı nəticələri bir araya toplayıb, oxucularımıza təqdim edirik.

Uşaqların gigiyenası:
sağlamlığın vacib şərti
Valideynlərin övladlarının sağlam böyüməsində fərqli yanaşmaları var. Bəzi valideynlər bildirirlər ki, uşaq və yeniyetmələrin təlim-tərbiyə müəssisələrində olması məqsədə uyğundur. Digərləri isə iddia edirlər ki, uşaq yalnız evdə sağlam olur. Bağçaya, məktəbə gedəndə tez-tez xəstələnir. Nəticədə onlar dərslərdən və məşğələlərdən geri qalırlar.
İnsanın gümrah və xəstəliklərdən uzaq olması üçün o, uşaqlıqdan sağlam həyat tərzində böyüməlidir. İdmanla məşğul olmalı, sağlam qidalanmalı, təmiz havada gəzməli və normal istirahət etməlidir. Bu isə insanın orqanizminin müqavimətini yüksəldir, xəstəliklərə şərait yaratmır. Valideynlərin fikrincə, tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olması, təlim-tərbiyə ocaqlarındakı şəraitlə bağlıdır. Belə ki, soyuq aylarda uşaq və yeniyetmələr bir-biri ilə yaxın təmasda olurlar. Otaqların sıxlığı, rejimin tam gözlənilməməsi, uşaqların immunitetinin zəifləməsinə gətirib çıxarır.
Həkimlərin fikrincə, infeksion xəstəliyə tutulmuş uşaqlar xəstəliyə meyilli həmyaşıdlarını da yoluxdura bilirlər. Yəni uşaq özündəki bakteriyaları otağın havasına ötürdüyündən, bu halda sağlam uşaq da xəstəliyə yoluxur. İnfeksion xəstəliyin 3 mənbəyi var: infeksiya mənbəyi (xəstə, ya da mikrob daşıyıcısı); mikrobları ötürən yollar; immuniteti zəif olan insan. Bunu nəzərə alaraq uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqaviməti artırılmalıdır. Qeyd etdiyimiz kimi, onlar rasional qidalanmalı, gigiyenik gün və dərs rejimində olmalı, təlim-tərbiyə ocaqlarında və evdə daim lazımi şəraitlə təmin olunmalıdırlar.
Hər birimiz həyatımızda mühüm rol oynayan məktəbi bu gün də xatırlayırıq. Həyəcan, fərəh...Məlumdur ki, birinci tədris ili hər bir uşaq üçün həm psixoloji , həm də fiziki cəhətdən gərgin keçir. Uşaq böyük və yeni kollektivin üzvünə çevrilir. Əgər uşaq məktəbə bağçadan sağlam gəlirsə, o, tədris illərində olan çətinlikləri asanlıqla dəhf edə bilir.
Uşaq orqanizminin möhkəmliyi nisbidir, belə ki, tədris illəri dövründə onlarda inkişaf prosesləri hələ də davam edir. Ona görə də, gələcək nəslin fiziki cəhətdən möhkəm, sağlam olması üçün ölkəmizdə lazımi şərait yaradılıb.


Uşaq orqanizmi həssas məsələdir
Müasir dövrümüzü texnika və texnologiyasız təsəvvür etmək mümkün deyil. Bunun mərkəzində isə təbii ki, kompyuter texnologiyası durur. Kompyuterlə məşğul olan uşaqlar daha həvəsli, daha intellektual olurlar. Lakin uzun müddət, fasiləsiz kompyuterlə məşğul olmaq uşaqlara mənfi təsir göstərə bilir. Belə ki, işlək kompyuter olan otaqda mikroiqlim, temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir. Hava bakteriyalarla zənginləşir. Belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrdə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarını dəyişir. Bununla da uşaqda süstlük, tez yorulma halları baş verir. Uzun müddət bu şəraitdə qalmaq uşaq və yeniyetmələrdə vacib funksiyalarından biri olan maddələr mübadiləsinə də mənfi təsir edir. Bədən zəifləyir, patoloji və yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Bu halların baş verməməsi üçün bir sıra tədbirlər həyata keçirmək lazımdır. Mütəxəssislərin fikirincə, bir kompyuter qarşısında bir neçə uşağın oturması qadağandır. Çünki bu halda uşaq və yeniyetmələrin görmə qabiliyyəti pozulur və gözləri yorulur.
Əgər uşaq və yeniyetmə gözlərinə eynək taxırsa, o, kompyuterlə məşğul olanda da eynəkdən istifadə etməlidir. Onların nə qədər və hansı məsafədə əyləşməsi də nəzarət altında olmalıdır.
Mütəxəssislər hesab edir ki, ekran uşaqların gözlərindən 55-65 sm aralı və göz həddindən 5-10 dərəcədən aşağı olmalıdır. Bunu tanınmış ekspert Nüsrət Ağayev təsdiq edir. Onun fikrincə, otaqlarda, ya da kompyuter zallarında işləyən zaman orada hava tez-tez və lazımi qədər dəyişdirilməlidir. Səs-küyün səviyyəsi 50 desibeldən yüksək olmamalıdır. Kompyuter olan otaqlar, zallar kifayət qədər təbii işıqlandırılmalıdır. Kompyuter olan otaqda, ya zalda hər bir uşaq və ya yeniyetmə üçün fərdi ərazi hesablamaqla, rahat iş yerləri olmalıdır. Displey ekranından istifadə edərkən 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etmək üçün uşaqlar, yeniyetmələr fasilə edərək idmanla məşğul olmalıdırlar. İdman kompleksi hər ayda bir dəfə dəyişdirilməlidir.
Displeyin bütün bərpa və təmir işləri uşaqlar olmayan vaxt aparılmalıdır, arxa qapağı çıxarılmış displeyin istifadəsi qəti qadağandır.

Fiziki tərbiyə
hormonik inkişafa
təkan verir
Uşaq və yeniyetmələrin sağlamlığı və iş davamiyyətinə mənfi təsir edən mühüm amillərdən biri də onların həddən çox yüklənməsidir. Bu halın baş verməməsi üçün onları aktiv həyat tərzinə cəlb etmək lazımdır. Fürsət tapan kimi onların ayağa qalxıb gəzişməsinə, qidalanmasına, həmin məkanın qısa müddətə tərk etməsinə, təmiz havada olmasına şərait yaradılmalıdır. Belə ki, rasional və rejimlə qidalanma uşaqların səhhəti üçün vacib və əsas sayılır. Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə xeyli təsir göstərir. Dietoloq Arzu Fərəcovanın fikrincə, düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır. Uşaq və yeniyetmələr hər gün meyvə, tərəvəz, göyərti və ağartı məhsullarından istifadə etməlidir.
Fiziki tərbiyə hormonik inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, baş-beyin tonusunu yüksəldir, insanda yaxşı emosiyalar yaradır. Fizioterapevt Səkinə Əzimli düşünür ki, uşaqlar və yeniyetmələr günə 15-20 dəqiqəlik gimnastika ilə başlamalıdırlar. Dərs və dərnəklərdə isə pəncərələr açıq olmaq şərti ilə, uşaqlar 1-2 dəqiqə idman hərəkətlərini yerinə yetirməlidirlər. Tənəffüs vaxtlarında bunların davamı olaraq, uşaqların təmiz havada aktiv hərəkətlərinin təmini çox vacibdir. Sağlamlığın fizioloji təsirinin effektliliyi hərəkətlərin mütəmadi və güclü olmasından asılıdır. Fiziki tədbirlər uşağın yaşına, sağlamlıq xüsusiyyətlərinə uyğun olmalıdır. Əks halda bu onların səhhətinə əks təsir edər.

Bütün araşdırmaların nəticələri eynidir
Dünyanın aparıcı elm ocaqlarında çalışan mütəxəssislərin fikrincə idman və bədən tərbiyəsi insan həyatının ayrılmaz hissəsidir. Onların rəyinə görə, sağlam həyat tərzi insan üçün məhz bu yolla təmin olunur.
ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. Qeyd olunur ki, əgər hər gün yüksək əhval ruhiyyədə, enerjili və sağlam bir həyat yaşamaq istəyiriksə, aşağıdakı məsləhətlərə riayət etməliyik. Belə ki, idman etməklə yüksək əhvala yiyələnmək mümkündür. Fiziki hərəkətlərdən sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman orqanizmdəki narahatlığı və gərginliyi aradan qaldırır. Xroniki xəstəliklərin qarşısını almaq, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlamaq üçün idmanla müntəzəm məşğul olmaq lazımdır.
İdman bədənimizin çəkisini qorumağa kömək edir. Fiziki hərəkətlər zamanı insan kalori itirir ki, bu da artıq çəkidən xilas olmağa şərait yaradır. İdman ürəyin və ağ ciyərin funksiyasını gücləndirir. Bədəni oksigenlə tam təmin edir. Damarlarda qan dövranını artırır. İdman, həmçinin yuxusuzluğu aradan qaldırır.
Türkiyənin Osmanqazi Universitetində (ESOGÜ) aparılan araşdırmalara görə televiziya qarşısında çox oturmaq, kompyuter və internet qarşısında həddindən artıq vaxt keçirmək və bu kimi digər məşğuliyyətlər uşaqlarda piylənmə və zəifləmə hallarına gətirib çıxarır. Bundan əlavə enerji, maye, duz balansının pozulması, damar və orqan xəstəliklərinə səbəb ola bilər. Uzun müddət bu xəstələrdə ürək, damar xəstəlikləri, görmə qabiliyyətinin zəifliyi, əl və ayaqlarda keyləşmə, gücsüzlük, ayaqlarda sağalmayan yaralar və böyrəklərin funksiyasını itirməklə nəticələnə bilər. Bu halların baş verməməsi üçün fiziki və mənəvi sağlamlığa ciddi riayət etmək lazımdır.
Təcrübələr göstərir ki, idman yalnız bədənimiz üçün deyil, zehni qabiliyyətimiz üçün də vacib sayılır. Orqanizmdə aktivlik və əhvalın yüksək olması serotonin hormonundan asılıdır. Norveç Səhiyyə Akademiyasının apardığı təcrübələrə əsasən, fitness və fiziki hərəkətlərlə məşğul olmaq insanı cavanlaşdırır. İdman orqanizmin qocalmasına mane olur.
Tibbi dildə desək, kapilyarların düzgün işləməsi üçün edilən fitness və yoqa məşğələləri oksigenin daxili orqanlara və hüceyrələrə vaxtında çatmasına kömək edir. Dərinin möhkəm və rənginin gözəl olmasını təmin edir.
Fitnessdən sonra üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyü problemini həll edir. Tədqiqatlar göstərir ki, üzgüçülük həm də massaj seanslarını əvəz edə bilər. Bel sümüyü və oynaqlarda yüklənmə, travma və zədələnmələri aradan qaldırır.
"Journal of the American College of Cardiology” elmi məcmuəsində dərc olunmuş hesabatda da idmanın faydası öz əksini tapıb. 12 illik tədqiqatın nəticəsinə əsasən aktiv həyat tərzi insanda xəstəliklərin yaranmasının qarşısını alır. Gün ərzində gəzmək, qaçmaq belə orqanizmə müsbət təsir göstərir. Amma bu hərəkətlərin normadan artıq icrası ağır fəsadlar törədə bilər.
Kopenhagendəki "Frederiksberg” xəstəxanasında çalışan tədqiqatçı Yakob Lyuis Marott bu barədə deyib: "Sağlamlıq üçün o qədər gərgin iş görüb, fasiləsiz hərəkət etməyə ehtiyac yoxdur. Bu qədər yüklənmək olmaz. Passiv həyatda tərzi keçirməmək üçün ağır idman daşları ilə məşğul olmaq elə də vacib deyil. Bəlkə də, bu mübaliğəli səslənə bilər, amma qısa məsafəli gəzinti də yaxşı idman sayılır”. Dünyada heç bir idman növündə heç kim təhlükədən sığortalanmayıb. Necə deyərlər, hər şey öz qədərində gözəl və effektlidir.


Uşağın fiziki
və mənəvi imkanları
nəzərə almalıdır

Bir daha qeyd edək ki, hər bir valideyn istəyər ki, övladı sağlam və güclü olsun. Buna görə də valideynlər uşaqların qidalanmasına və gündəlik rejimlərinin düzgün olmasına diqqət edirlər. Bir çox hallarda isə idmanının, bədən tərbiyəsinin uşağımız üçün nə dərəcədə vacib olmasını unuduruq.
İdman yalnız bədənin tərbiyəsi deyil, həm də düzgün qamətin təminatıdır. Övladımız üçün idman növü seçərkən öz arzu-istəklərinizi deyil, onun maraq və həvəs göstərdiyi idman növlərini nəzərdən keçirin. Biz onlar üçün effektiv idman məşğuliyyəti seçmək istəyiriksə, övladımızın bir sıra xüsusiyyətlərini nəzərə almalıyıq. Belə ki, uşağın arzusunu nəzərə almadan məşğul olduğu idman növündə heç bir nəticədən danışmaq olmaz. Biz bunun üçün əvvəlcə onları müxtəlif idman növləri ilə tanış etməliyik. Onlara seçim etmək hüququ verməliyik. Biz uşağın fiziki və mənəvi imkanlarını nəzərə almalıyıq.

İdman növləri
və onların təsiri...
Idman və tibb mütəxəssislərinin ortaq rəylərinə əsasən, bildirək ki, idman növləri uşaqlar üçün xarakterik olmalıdır. Məsələn, fiqurlu konkisürmə. Bu idman növü ortoped pediatrların rəyi ilə seçilməlidir. Çünki bu idman növü ilə məşğul olan uşaqlarda ümumi fiziki vəziyyət formalaşır. Tənəffüs və ürək-damar sistemi normallaşır, onlar düzgün və qüsursuz qamətə sahib olurlar.
Fiqurlu konkisürmə uşaqlarda koordinasiyalı hərəkəti inkişaf etdirir, elastiklik, çeviklik, xoreoqrafiya bacarıqları aşılayır. Zədə almadan düzgün tullanmaq vərdişlərini inkişaf etdirir, stress atmağa kömək edir, yuxunu və iştahanı yaxşılaşdırır.
Üzgüçülük- hiperaktivliyi və uşaqda aqresiyanı azaltmağa kömək edir. Əsəb sistemini sakitləşdirir, orqanizmini möhkəmləndirir. Onurğanın xəstəliklərinə qarşı da müsbət təsir göstərir. Üzgüçülük, həmçinin tez yorulan uşaqlar üçün məsləhətli idman növü kimi göstərilmişdir.
Atletika -uşaqlarda ahəngdar fiziki və psixoloji inkişafa imkan yaradır. Mənfi xüsusiyyəti isə odur ki, dizlər, baldırlar, pəncələr, başqa oynaqlar üçün təhlükə yarada bilər və ürək döyüntülərinə səbəb olur.
Gimnastika qızlarında cazibədar olmasına, incə bədən formasının yaranmasına kömək edir. Bədii gimnastika ilə məşğul olan qızlar hündürboylu, qamətli olurlar. Bu idman növü də əzələ sistemini bərkidir, koordinasiyanı inkişaf etdirir. Oynaq və onurğa xəstəlikləri olan uşaqlara bu idman növü ilə məşğul olmaq məsləhət görülmür.
Əlbəyaxa döyüş növləri uşaqlarda psixoloji və fiziki cəhətdən özünü qoruması üçün çox faydalı idman növüdür. Idmanın bu sahəsi ilə maraqlanan uşaqlar hərəkətlərin koordinasiyasını, reaksiyanı, dözümü, güclülük qabiliyyətlərini inkişaf etdirirlər. Lakin döyüş növlərinin insan orqanizminə təsir edəcək fəsadları da yetərincədir. Hətta həmin idman növlərinə həvəskar kimi maraq göstərən uşaqlar da zədələrdən sığortalanmayıblar.
İdman rəqsi cazibədar xarici görünüşə sahib olmaq üçün ən yaxşı vasitədir. Uşaqların xarici görünüşünə müsbət təsir edə bilən rəqs hərəkətləri onlarda psixoloji və fiziki narahatlığın aradan qalxmasına kömək edir. Ən əsası bədii zövqü formalaşdırır. Qızların bədən formasını, oğlanların qamətini daha da cazibəli edir.
Rəqs aerobikası da fiziki sağlamlığı bərkidir, yaradıcılıq qabiliyyətləri, uşaqlarda bədənin idarəçiliyini daha mükəmməlləşdirir. Komanda tipli idman növlərində uşaqlar elastikliyə öyrənirlər. Hələ orqanizmin inkişafa qədəm qoyduğu vaxtda diabet kimi xəstəliklərə yoluxma riskini azaldır. Bir sözlə sağlam həyat tərzinə öyrəşirlər. Onlar daha mehriban, daha ünsiyyətcil olurlar. Göründüyü kimi, idman doğrudan da insan həyatının ayrılmaz hissəsidir. Həyatı sağlam yaşamağa dəyər. Pis vərdişlərdən və passiv həyat tərzindən uzaq olmaq üçün bu ən yaxşı vasitədir.
Anar Əhmədov