“Qala”dan “Feyenoord”a gedən yol

“Qala”dan “Feyenoord”a gedən yol

Zöhrab Bayramov Şuşanın "Qala” futbol komandasında oyunlarını başa vurub, ordu sıralarına yollandı. Vladimir vilayətinin Suzdal rayonunda iki il hərbi xidmətdə oldu. O, artilleriya qoşunlarının yanğın söndürənlər briqadasında hərbi qulluq keçib. Eyni zamanda hərbi hissənin futbol komandasında çıxış edib, komandanlıq tərəfindən dəfələrlə mükafatlara və fəxri fərmanlara layiq görülmüşdür. 1987-ci ildə hərbi xidmətini çavuş kimi başa vurub, Şuşaya qayıdıb. Bir müddət sonra Rusiyaya, oradan da Hollandiyaya köçmüşdür. Avropada məskunlaşan Zöhrab orada yaşamış və futbolla məşğul olmuşdur.

Zöhrab Bayramov həmin günləri bu cür xatırlayır: "1992-ci il idi. Hollandiyanın Rotterdam şəhərinin yaxınlığında dostlarımla görüşdüm. "Feyenoord”da amerikalı Sean Vinston və qanalı Muqumba ilə birlikdə rayonlararası futbol yarışına yola düşdük. Biz həmin vaxt Maassluisun "Rainbov” klubunda oynayırdıq. Bizim rəqibimiz Harlemin "Patronaat” klubu idi. Çox həyəcanlı idim. Yol boyu dostlarımla bu görüşün planını qururduq. Plana görə mən hücumun sol tərəfdə, Sean dayaq müdafiəçisi, Muqumba isə mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edəcəkdik. Şübhə etmirdik ki, baş məşqçimiz Maks Çelberq buna etiraz etsin. Muqumbanın dediyinə görə o, bir vaxtlar Qana milli komandasının üzvü olub. Meydançaya yaxınlaşarkən atmosferin çox gözəl olduğunu gördük. Orada bütün komanda bir araya toplandı. Soyunub-geyinmə otağına keçib formaları geyindik. Bir az məşq etdikdən sonra oyun başlandı. Oyun bizim tam üstlüyümüzlə keçirdi. Həftənin şənbə günü olduğundan tamaşaçıların sayı çox idi. Sean və Muqumbanın mənə verdikləri gözəl ötürmələr məhsuldar idi. Anşlaq idi. İlk hissəni 5:0 hesabı ilə başa vurduq. Fasilədən sonra daha 3 qol vurub, qapımızda cəmi 1 qol gördük. Beləliklə, 8:1 hesablı qalibiyyətdə 7 qolu mən vurdum. Oyunda fərqlənənlər çox oldu. Qapıçımız Mark Zinger və müdafiəçimiz Piter Sulç öz gözəl oyunları ilə tamaşaçıları heyran etmişdilər. Oyun qurtardıqdan sonra tamaşaçılar bizi təbrik etdilər. Mənim sevincimin həddi-hüdudu yox idi. Oyun başa çatdıqdan sonra kənarda matçı müzakirə edirdik. Elə bu vaxt yerli sakinlərdən biri yaxınlaşıb, mənimlə söhbət etdi. Əvvəllər hansı komandada oynadığımı və hansı ölkədən gəldiyimi soruşdu. Mən Azərbaycandan gəldiyimi və Qarabağın mərkəzi sayılan Şuşanın "Qala” futbol komandasında oynadığımı söylədim. O məni və Muqumbanı "Feyenoord” komandasında məşq etməyə çağırdı. Mən gözlərimə inana bilmirdim. "Qala”dan sonra "Feyenoord”a keçmək mənim üçün gözlənilməz idi. Məşqlər və oyunlar zamanı öz-özümə fikirləşdim ki, Əbülqasım müəllim Şuşada kiçik meydançada, şəraiti olmayan bir yerdə bizə necə futbol oynamağı öyrədirdi, əziyyət çəkirdi. Hollandiyadakı şəraitə baxanda isə öz-özümə deyirdim: "Buradakı məşqçilər çətinlik çəkmədən bu gözəl stadionlarda komanda yaradırlar, yüksək səviyyəli futbolçular hazırlayırlar, indi gör Şuşada belə imkan olsa idi, Əbülqasım müəllim bizim üçün nələr yaradardı.(axı Azərbaycanda futbol stadionu olmayan yeganə rayon Şuşa idi-red.)
Çaston Tumen, Arnold Şolten, Yuzsef Kipriç, Con Metqod, Ed de Qoey, Peter Bosz, Con de Volf, Rob Vitçqe, Reqi Blinker və Henk Fredser ilə birlikdə bir komandada oynamaq böyük şərəf idi. 

Dostum Muqumba "Feyenoord” komandası ilə nə zaman bizim aramızda müqavilə bağlanmasını Hansondan soruşdu. O, gülərək, bunun tezliklə baş verəcəyini bildirdi. Mən həddindən artıq çox sevinirdim. Hər şeydən çox razı idim. Məni müqavilə deyil, bu super komandanın oyunçuları ilə birlikdə futbol oynamaq şansı həddindən çox həyəcanlandırırdı. Çərşənbə günü Muqumba ilə görüşüb, "Feyenoord” stadionuna məşqə gəldik. Hanson ilə görüşdükdən sonra, formanı geyinib meydançaya çıxdıq. Elə bil dünyanı mənə bağışlamışdılar. Hollandiyada super stadionlar adamı valeh edirdi. Əlbəttə ki, Şuşada aptekin arxasında olan kiçik stadionla bərabər tutmaq olmazdı. Amma, hərəsinin öz yeri və öz ləzzəti olduğunu başa düşürdüm. Hollandiyalılar dünyanın ən uca boylu millətidir. Bu hündür boylu, fiziki hazırlıqlı "Feyenoord” futbol komandasının üzvlərini indi də xatırlayıram. Bir saatdan çox məşq etdikdən sonra iki komandaya bölündük. Hanson mənə mərkəz hücumçusu kimi oynamağı tapşırdı. Elə bil bütün dünya mənə verilmişdi. Oynamağa başladıq. Bu oyun 3:1 hesabı ilə bizim xeyrimizə qurtardı. Oyunda 1 qolu da mən başımla vurdum. Bu qol mənim o vaxt Qarabağ çempionatında ermənilərə qarşı oyunda dostum Üzeyir Həsənovun ötürməsindən sonra qapıya vurduğum topa bənzədi. Oyundan sonra Hanson bizim məşqlərə mütəmadi gəlməyimizi söylədi. Bununla da biz daimi olaraq "Feyenoord”un 2-ci heyətində məşqlərə başladıq. Təxminən 2 ilə qədər mən həmin komandanın məşqlərində və yarışlarda iştirak etdim. "Feyenoord”un uğurları üçün çalışdığım üçün böyük şərəf duyurdum. Amma buna baxmayaraq Şuşadakı futbol oyunlarını unutmurdum. Tale elə gətirdi ki, mənim "Feyenoord” macəram tez başa çatdı. 1993-cü ilin sonlarında Böyük Britaniyaya köçdüm. "Feyenoord”la birlikdə "Qala” mənim futbol həyatımda silinməz iz qoyub, xoş xatirələr bəxş etdi. Bu günə qədər də mən Qarabağı və Şuşanı unutmuram.

Əbülqasım Novruzov