Gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsində ali təhsil müəssisələrinin rolu böyükdür

Gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsində ali təhsil müəssisələrinin rolu böyükdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində ölkəmizdə gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Şübhəsiz ki, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsində orta və ali təhsil müəssisələrinin rolu böyükdür. Gənc idmançıların təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) da öz işini günün tələbləri səviyyəsində qurur. 2015-ci ildən bu ali təhsil ocağına rəhbərlik edən Fuad Hacıyevin rəhbərliyi altında akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər aparılır.
Son illərdə akademiyanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, tədris, təlim-tərbiyə, nizam-intizam sahəsində mühüm irəliləyişlər əldə olunmuşdur. ADBTİA-da maddi-texniki təchizat sahəsində ən müasir texnologiyalardan istifadəyə üstünlük verilir. Tələbələr dərs və məşğələləri beynəlxalq standartlara uyğun auditoriya və laboratoriyalarda keçirlər. Müasir idman kompleksini xatırladan ali təhsil ocağında foye, iclas salonu, şahmat otağı, idman muzeyi, yeməkxana, kitabxana kompleksi, yüksək informasiya texnologiyalarına əsaslanan laboratoriya və tədris kabinələri, kompyüterlə təchiz olunmuş auditoriyalar fəaliyyət göstərir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası özünün zəngin və qədim ənənələri ilə seçilən və ölkədə bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali təhsil ocağıdır. Akademiyanın məzunları ali təhsilli bədən tərbiyəsi müəllimləri kimi özünün sağlam fiziki hazırlığı ilə yanaşı, fiziki tərbiyənin pedaqoji, psixoloji, fizioloji və tibbi aspektlərinə hərtərəfli yiyələnirlər.
Yarandığı gündən etibarən respublikamızı ixtisaslı kadrlarla təmin edən akademiya gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi üçün peşəkar müəllim-məşqçilər ordusunun hazırlanmasında misilsiz xidmət göstərmişdir. Sevindirici haldır ki, ölkəmizin bütün təhsil müəssisələrində, idman məktəbi və təşkilatlarında çalışan yüksək ixtisaslı kadrlar - bədən tərbiyəsi müəllimləri və müəllim-məşqçilər məhz idman akademiyasının məzunlarıdır. Bu təhsil ocağını bitirmiş 16 min nəfərdən çox mütəxəssis ordusu ölkəmizdə bədən tərbiyəsinin geniş təbliğ olunmasında, əhalinin kütləvi şəkildə idmana cəlb edilməsində, yüksək səviyyəli idmançıların yetişdirilməsində var qüvvəsini sərf ediblər.

Peşəkar idman kadrları hazırlayan ali təhsil ocağı

İdman tariximizə nəzər sal-saq, görərik kk, bütün idman növlərinin inkişaf yolu müəyyən mərhələlərdən keçmişdir. Bu mərhələlər olduqca çoxcəhətlidir. Belə ki, müstəqillik illərinə qədər və müstəqillik illərindən başlayaraq bu günə qədər akademiyanın tələbə və məzunları bütün idman növləri sahəsində öz bacarıqlarını müxtəlif formalarda nümayiş etdiriblər. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən iyirmi yeddi il ərzində digər ali təhsil müəssisələri kimi, ADBTİA-da kadr hazırlığı sahəsindəki fəaliyyətini daha da genişləndirmış, özünün strateji funksiya və prinsiplərinə, milli dövlətçiliyimiz və mənafeyimiz baxımından yanaşmışdır. ADBTİA yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri üzrə kadrlar hazırlamaqla yanaşı, ölkəmizdə bədən tərbiyəsi və idmanın şöhrətini daha da yüksəldilməsi, respublika gənclərinin ictimai fəallığının artırılması, onların dünya miqyasında tanınmaları, bayrağımızın beynəlxalq yarışlarda dalğalandırılması üçün bütün mümkün olan imkanlardan istifadə edir. Bütün bunlar, əlbəttə, ADBTİA-nın rəhbərliyinin, professor-müəllim heyətinin gərgin əməyi sayəsində başa gəlir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası təkcə idmançılar hazırlamır, eyni zamanda, burada yüksək ixtisaslı bədən tərbiyəsi mütəxəssisləri hazırlayan əsaslı tədqiqatlar aparılır, dərsliklər, dərs vəsaitləri və metodiki tövsiyələr işlənib hazırlanır. Bu idman ocağının professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə respublikanın yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər.

2017-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən akademiyada müəyyən işlər görülmüşdür. Təqvimdəki tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsində akademiyanın idman işləri şöbəsinin və idman kafedralarının əməyini xüsusi qeyd etmək lazımdır. Akademiyanın idman işləri şöbəsi başda olmaqla, akademiyanın kafedralarının birgə səyi nəticəsində rəsmi respublika və beynəlxalq yarışlara hazırlıqla bağlı bütün istiqamətlərdə aparılan səmərəli fəaliyyət tələbələrin təlim-tərbiyəsinə, uğurlu nəticələrinə zəmin yaratmışdır.

ADBTİA həm də müxtəlif idman tədbirlərinin məkanıdır. Təsadüfi deyil ki, 2017-ci ilin may ayında burada ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları olan tələbə idmançılarla görüş keçirilib. Akademiyanın tələbələri IV İslam Həmrəyliyi Oyunlarında 34 medal qazanıblar. Azərbaycan komandasının əldə etdiyi medallardan 27-si isə akademiyanın məzunlarının payına düşür.
Yarışlarda iştirak edən 28 (21 oğlan, 7 qız) tələbəmizin qazandığı 34 medaldan 19-u qızıl, 7-si gümüş, 8-i isə bürüncdür. Qalib və mükafatçı tələbələrlə görüş zamanı ADBTİA-nın rektoru Fuad Hacıyev onları qələbə münasibəti ilə təbrik edərək deyib: "Bu il ölkəmiz idman sahəsində növbəti böyük uğura imza atdı. Azərbaycan milli komandası 50-dən çox müsəlman ölkəsindən üç mindən çox idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında parlaq qələbə qazandı. Azərbaycan Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutdu. Bu uğurda akademiyanın tələbələrinin və məzunlarının da öz payı var. Sizin uğurunuz bizim uğurumuzdur. Bu gün sevinc hissi ilə deyə bilərik ki, sizin hər biriniz ölkəmizi layiqincə təmsil etdiniz. Biz sizin qələbələrinizlə fəxr edirik. Sizin uğurlarınız digər idmançılarımız üçün də yeni zirvələri fəth etmək baxımından çox yaxşı stimuldur”. Tədbirdə medal qazanan tələbələr fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular.


Gənclərimiz vətənpərvər ruhda tərbiyə olunurlar

Ötən il akademiya tələbələri yığmanın heyətində 7 müxtəlif beynəlxalq yarışda qüvvələrini sınayıblar. Tələbələrimiz Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda ümumilikdə, 76 medal (44 qızıl, 16 gümüş, 16 bürünc) qazanıblar. Bu müddət ərzində 95 nəfər idman ustası, 136 nəfər isə idman ustalığına namizəd adını alıb. Ötən il müxtəlif idman növləri üzrə yığma komandaların heyətində 76 nəfər idmançı təlim-məşq toplanışlarında iştirak edib.
Azərbaycan xalqının milli suverenliyinin təmin edildiyi vaxtdan indiyədək keçdiyimiz ağrılı-acılı yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsünü təqdirəlayiq hesab etmək olar. Akademiyada təlim-tədris işləri ilə paralel şəkildə aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tutmaq kimi keyfiyyətlər tərbiyə edir. Bu istiqamətdə ötən tədris ilində akademiyada "Aprel döyüşləri”nə həsr olunmuş atıcılıq yarışı keçirilib. ATGTİ dəstəyi və ADBTİA TGT -nin təşkilatçılığı ilə tələbələr arasında keçirilən yarışda 16 universitetin komandası iştirak edib. Hər komandada 4 nəfər yer alıb. Tədbirin açılış mərasimində bildirilib ki, 2016-cı ilin aprel ayında baş verən "Aprel döyüşləri” Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoydu. Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu bir daha sübuta yetirdi. Azərbaycan xalqının bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. O da bildirildi ki, müharibə zamanı ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mühüm rol oynayır. Bu, akademiyanın professor-müəllim heyəti və tələbələrimizin əsas işlərindən birinə çevrilib.


Kütləvi yarışların təşkili ənənə halını alıb

Tələbələr arasında kütləvi yarışların keçirilməsi artıq ənənə halını alıb. Belə yarışlardan biri 2017-ci il aprelin 21-də Əl Oyunları İdman Sarayında keçirilib. Ali məktəb tələbələri arasında təşkil olunan XIII Respublika Universiadasında ölkənin ali təhsil ocaqlarının min nəfərdən artıq tələbəsi qüvvəsini sınayıb. Açılış mərasimində çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, ali məktəb tələbələrinin XIII Respublika Universiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman nazirliyinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilir. XIII Respublika Universiadasında ölkənin 23 ali təhsil müəssisəsinin tələbələri iştirak edir. Yarışlar idmanın 11 növü üzrə keçirilir və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.
Universiadanın keçirilməsi ali təhsil müəssisələri arasında bədən tərbiyəsi və idmanı təbliğ edilməsi, idmanının kütləviliyinin artırılması, ali təhsil ocaqlarında idmançıların ustalıqlarının yüksəldilməsi, perspektivli idmançıların üzə çıxarılması, tələbə-gənclərin respublika və beynəlxalq səviyyəli yarışlara hazırlanması, onların vətənə, xalqa məhəbbət, dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasına xidmət edir. Universiadanın qalibi olan tələbələr Tayvanın paytaxtı Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasında iştirak etmək hüququ əldə etdilər. Qaliblər ötən ilin may ayında "Təhsil” Respublika İdman Mərkəzində mükafatlandırıldılar.
XIII Respublika Universiadasının nəticələrinə görə, I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri tutdular. II yerə Azərbaycan Texniki Universiteti, III yerə isə Dövlət İqtisad Universiteti layiq görüldü. İdman növləri üzrə qalib komandalar kubok və diplomlarla təltif olundu. Universiadanın proqramına 11 idman növü: dama, cüdo, sərbəst güləş,yunan- roma güləşi,şahmat,voleybol( oğlanlar və qızlar), stolüstü tennis ( oğlanlar və qızlar) ,basketbol , badminton (oğlanlar və qızlar), veloidman və atletika idman növləri daxil edilmişdi. Bu yarışlarda 24 ali təhsil müəssisəsindən 1028 nəfər tələbə yarışırdı.

Akademiyada hər il erməni faşizminin törətdiyi və yüzlərlə insanın qətlinə səbəb olmuş Xocalı faciəsinin qurbanları ehtiramla yad edilir. Ötən belə tədbir fevralın 24-də keçirildi. Qan yaddaşımızda dərin və kədərli iz buraxan Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbirdə akademiyanın Yaradıcılıq Birliyinin üzvləri fəal iştirak ediblər. Onlar Xocalı dəhşətini özündə əks etdirən şeirlər söyləmiş və birgə "İgid əsgər, möhkəm dayan!” mahnısını ifa etmişlər. Bundan başqa fevralın 20-23-də ADBTİA-nın əməkdaşları arasında Xocalı Soyqırımı qurbanlarının 25 illik xatirəsinə həsr olunmuş "Sərrast atıcı” yarışları təşkil olunub.

Akademiyanın
əməkdaşları seminarlarda fəal iştirak edirlər

Akademiyanın əməkdaşları mütamadi olaraq xarici ölkələrdə təşkil edilən seminar, simpozium, məşqçilik lisenziyalı kurslarda iştirak edirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 8 nəfərdən ibarət professor-müəllim heyətinin tərkibində "İdmanın oyun növləri” kafedrasının müdiri dosent İlqar Əliyev və kafedranın baş müəllimi Əli Muradov Türkiyə Respublikasının Ankara şəhərində Hacəttəpə Univeristeti ilə əməkdaşlıq çərçivəsində "İdman hərəkatında cari və ənənəvi məsələlərə həsr olunmuş” seminarda iştirak edərək sertifikata sahib olublar. İdmanin təkmübarizlik növləri kafedrasında çalışan əməkdaşlarından 16 müəllim 2016-2017-ci tədris ilində Azərbaycan və xarici ölkələrdə seminar, simpozium, məşqçilik lisenziya kurslarında iştirak ediblər.
Kütləvi-sağlamlıq idman növləri kafedrasının əməkdaşlarının Rəşad Əbdürəhmanov su idman növləri üzrə beynəlxalq məşqçilik seminarında, Azər Babayev beynəlxalq hakimlik seminarına qoşulublar. Bundan başqa, kafedranın baş müəllimi, beynəlxalq kateqoriyalı lektor Nemət Heydərov milli hakimlərin IV İslam Oyunlarına hazırlıqla bağlı seminarlara rəhbərlik edib. Musa Aşirov, Əli Ələkbərov, Əli İbrahimov, Sadıq Sadıqov, Rəhim Xəlilov, Xasan Xasanov, Balaqardaş Məcidov Balaqardaş, Qılınc Əhmədov, Cəfər Cəfərov həmin seminarlarda iştirak etməklə beynəlxalq hakimlik sertifikatını əldə ediblər.
Akademiyada idman infrastrukturunun yaradılması da xüsusi diqqət mərkəzindədir. Hazırda ADBTİA-da güləş, atıcılıq, ağır atletika, həndbol, boks, basketbol zalları, voleybol, gimnastika zalları, şahmat otağı, üstü açıq üzgüçülük hovuzu və 1500 tamaşaçı tutan stadion fəaliyyət göstərir. Xalqımız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan idmanının qarşısında da geniş imkanlar açılmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunları yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında müstəqil Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə layiqli töhfələrini vermiş və öz uğurlarını artırmaqdadırlar. Bu nailiyyətlərin əldə edilməsində akademiyanın tələbə məzunlarının xidmətləri danılmazdır.
Bu yazını yazmaqda məqsədimiz ADBTİA-nın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında iştirak etmiş tələbə və məzunlarının idman nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, onların fəaliyyətini təhlil etmək, habelə, idmanının inkişafı üçün səyləri bundan sonra da artırmaq, çempionlarımızın sayəsində uşaq və gənclərin idmana marağının artırılmasına şərait yaratmaqdır.