Psixoloji hazırlıq uğurun əsas hissəsini təşkil edir

Psixoloji hazırlıq uğurun əsas hissəsini təşkil edir

İnsan həyatını məqsədsiz təsəvvür etmək olmaz. Xüsusilə müəyyən peşə sahəsində çalışanlar daim vəzifədə irəli getmək, bilik və bacarıqlarını artırmaq istəyirlər.
Təmsil etdikləri ölkəni bütün dünyada tanıdan idmançılar da həmişə konkret hədəfə çatmağa can atırlar. Bu, həm məşq zamanı, həm də yarışlarda özünü göstərir. İdmançı çalışır ki, məşqçinin verdiyi tapşırığı nəinki dəqiq və vaxtında, həm də gözləniləndən daha yaxşı şəkildə yerinə yetirsin. Məqsəd isə böyük titullara sahib olmaq, Avropa, dünya, hətta Olimpiya çempionu adını qazanmaqdır. Yəni idmançı bu ali məqsədlərə çatmaq üçün dərk edir ki, əvvəlcə, kiçik hədəfləri dəf etmək lazımdır. Axı birdən-birə heç kim olimpiada qızılına layiq görülməyib. Bu, böyük səbr, iradə və dözümlülük tələb edir. Sadaladığımız amillər isə birbaşa olaraq psixoloji vəziyyətlə bağlıdır. Yəni psixoloji durum qaydasında olmasa, səbr, iradə, dözümlülük də, şübhəsiz ki, yerli-yerində olmayacaq.
Sevindirici haldır ki, bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir, bu və ya digər idman növü ilə məşğul olurlar. Şübhəsiz ki, bütün idmançılar kimi yeniyetmə və gənclərin, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq xüsusi yer tutur.

İdmanla məşğul olmaq yeniyetmələrin
həyatında mühüm rol oynayır
Yarış zamanı idmançıların hərəkətləri hücum, əks-hücum və müdafiə ilə təzahür olunur. Yəni onlar ya birbaşa hücum edir, ya rəqibin öz gücündən istifadə edərək əks-fənd tədbiq edir, ya da sadəcə, müdafiə olunurlar. Maraqlıdır ki, bu davranış formalarının xarekterlə bir bağlılığı varmı?
Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi? Bunun üçün insanda hansısa xüsusi keyfiyyətlər olmalıdırmı? Psixoloji durumu yerində olmayan, illər əvvəl çox güclü sarsıntı keçirən və hələ də onun təsirində qalan idmançı çempion ola bilərmi? Bu və bizi maraqlandıran digər suallara cavab tapmaq üçün psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayevlə həmsöhbət olduq. Müşviq müəllim ilk növbədə yeniyetmə və gənclərin həyatında idmanın oynadığı mühüm roldan danışdı: "Yeniyetmə və gənclərin psixologiyasına bələdəm. Yeniyetməlik dövrü insan ömründə ən mühüm və mürəkkəb mərhələlərdən biri sayılır. İnsanın gələcək həyatı bir çox hallarda məhz yeniyetməlik dövründə atdığı addımlardan asılı olur. Bu mənada yeniyetməlik dövrü xüsusi həssaslıq, diqqət və valideyn nəzarəti tələb edən bir perioddur. Yeniyetmə və gəncin həyatı nə qədər sağlam, düzgün olarsa, bu, onun üçün bir o qədər yaxşıdır. Onlar günlərinin təqribən 20 faizini dərslərə sərf edirlər. Bəs, yerdə qalan boş vaxt? Axı yerdə qalan vaxt da necəsə keçməlidir. Bunun üçün yaxşı olar ki, şagird, tələbənin həvəs göstərdiyi, maraqlandığı bir və ya bir neçə məşğuliyyət sahəsi olsun. Məsələn, musiqi və rəssamlıqla məşğul olsunlar, dil öyrənsinlər. Bunlar arasında idmanla məşğul olmaq da xüsusi yer tutur. Yeniyetmə və gənclər saat yarım, iki saat zallarda idmanın hansısa növü ilə məşğul olurlar. Əlbəttə, enerji sərf olunur. Ona görə də nə olursa olsun, evə gəlib dincəlməyə, itirilmiş enerjini bərpa etməyə çalışırlar. Nəticədə bəzi həmyaşıdlarından fərqli olaraq tüfeyli həyat tərzindən, zərərli vərdişlərdən uzaq olurlar. Bu isə asudə vaxtın səmərəli keçirilməsi deməkdir. İdmanla məşğul olmağın növbəti müsbət cəhəti isə insanın xarakterində, davranışında özünü göstərir. Müşahidələr göstərir ki, idmanla məşğul olanlar daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər olur, böyük-kiçik yeri bilir, öz hərəkətlərində nizam-intizamı, səliqəni gözləyirlər. Bu, çox yaxşı haldır. Təcrübəmdən bir faktı deyim, bəzən qrupda görürsən ki, tələbələrdən bir qismi digərlərindən fərqlənir-dərsə heç vaxt gecikmir, səliqəli geyinir, zərərli vərdişlərdən istifadə etmir, nizam-intizam qaydalarını gözləyir və s. Sonradan məlum olur ki, həmin gənclər peşəkar idmanla məşğuldurlar. Bu mövzuda bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm: insanın tək olanda etdiyi davranışlarla, kollektiv arasında olan davranışları çox zaman üst-üstə düşmür. Bu, psixoloji təsir vasitələri ilə, daha dəqiq desək, təqlidlə bağlıdır. İnsan müəyyən qrup arasında olarkən istər-istəməz ətrafdakıların etdiyini edir. Məsələn, biz ekran qarşısında futbol matçlarını çox rahat, stadionda isə böyük coşğu, emosiya ilə izləyirik. Lakin çalışmaq lazımdır ki, təqlid edəndə də mümkün qədər müsbət halları təqlid edək və hansı kollektivə düşdüyümüzü dərk edək”, - deyə müsahibimiz bildirdi.


"Həm qələbə, həm də məğlubiyyət 
birbaşa psixoloji faktorla bağlı olan məsələdir”
Aydındır ki, idmançılar həmişə qələbə üçün çalışırlar. Lakin danılmaz faktdır ki, idman yarışlarında həmişə qalib gəlmək mümkün deyil. Hər bir idmançı qələbə sevinci kimi, məğlubiyyət acısını da yaşamalıdır. Sözsüz ki, məğlubiyyətə səbəb olan əsas vasitələr arasında texniki-taktiki, fiziki və ya psixoloji göstəricilər də əsas götürülür. Bu sadaladığımız hallar yarış zamanı idmançının rəqibdən geri qalmasına təsir edir. Mütəxəssislər təsdiq edirlər ki, idmançıda texniki-taktiki, fiziki və psixoloji hazırlıq paralel inkişaf etməlidir. Elə Müşviq müəllim də bu fikirdədir. O, bu üç hazırlıq arasındakı əlaqəni üçayaqlı masaya bənzədir. Əgər bir yerdə çatışmazlıq varsa, bu, mütləq özünü göstərəcək. "İlk növbədə onu deyim ki, idmançının həmişə qələbə arzulaması heç də təsadüfi deyil. Bu xüsusiyyət təkcə idmançılara yox, bütün insanlara aiddir. Hər birimiz istəyərik ki, çəkdiyimiz əziyyətin qarşılığını görək. Gündəlik həyatımızda qarşımıza müəyyən məqsəd qoyaraq ona çatmaq üçün əzmkarlıqla çalışırıq. Psixologiyada bu hal xoşxassəli aqressiya ilə müşahidə olunur. Əlbəttə, xoşxassəli aqressiya idmançılara da şamil olunur. Onlar həmişə qalib olmaq istəyir, qələbə üçün çalışırlar. Çox idmançı təsdiqləyə bilər ki, onların bəzi çıxışları, qələbələri heç bir çətinlik çəkmədən, asanlıqla başa gəlir. Məsələn bəzən basketbolçu çox rahatlıqla topu səbətdən keçirir, atıcı bütün güllələri "12”yə vurur, boksçu rinqdə elə hərəkət edir, zərbələrdən o qədər ustalıqla yayınır ki, elə bil, qarşısındakı idmançı deyil. Əslində bunların hamısı düzgün hazırlığın gətirdiyi özünəinamla bağlıdır. İdmançının qələbəsi isə daha çox hücum taktikası ilə mümkün olur. Yəni hücuma daha çox meyilli olanlar, müdafiə mexanizmini tədbiq edənlərə nisbətən daha üstün olurlar ki, bu da tam təbiidir. Hətta belə deyirlər ki, inam qələbənin yarısıdır. Doğrudan da, idmançının elə ilk dəqiqələrdən hücum etməsi onun özünə olan inamdan xəbər verir və bu, çox vaxt qarşı tərəfə psixoloji mənfi təsir edir. Ona görə də o, uduzur. Bəzən isə idmançılar öz arzularına çatmırlar. Bu, bir sıra hallarda məhz psixoloji durumun qaydasında olmaması ilə bağlıdır. İdmançının rəqiblə qarşılaşan zaman üzündə yaranan emosiya, o cümlədən gözlərdəki ifadə artıq çox şeydən xəbər verir. Bəzən rəqibin sadəcə, zahiri görkəmi, bəzən isə statusu qarşı tərəfdə qorxu yaradır. Ancaq bu, rəqiblə yox, qorxan idmançının özü ilə bağlı olan məsələdir. Belə ki, həmin idmançıda özünüqiymətləndirmə aşağı olur. Əgər idmançı özünü və düşdüyü situasiyanı düzgün qiymətləndirə bilmirsə onun uduzmağı heç də təəccüblü deyil. Bu vaxt psixoloqlar idmançının köməyinə gəlməlidirlər. Onlar xüsusi açar sözlərdən istifadə etməklə idmançıda özünəinam hissi aşılamalıdırlar. Məsələn psixoloq bir idmançı ilə onun rəqibini müqayisə edərək deməlidir ki, siz bərabər gücdəsiniz. "Hər ikinizin iki ayağı, iki əli, bir başı var. Hər ikiniz şüurlu və bacarıqlısınız”, - kimi sözlər əksər hallarda yardıma çatır. Həm qələbə, həm də məğlubiyyət birbaşa psixoloji faktorla bağlı olan məsələlərdir. Amma bir şeyi yadda saxlamaq lazımdır ki, özünəinamla lovğalığı eyniləşdirmək qətiyyən düzgün deyil. Lovğalıqla qələbə qazanmaq olmaz”, - deyə müsahibimiz bildirdi.
Müşahidər göstərir ki, çox zaman idmançılar vətəndə qalib gəlsələr də, xarici ölkədə həmin rəqiblərinə uduzurlar. Bu hal daha çox futbol qarşılaşmalarında olur. Müşviq Mustafayevin fikrincə, bu da məhz düşdüyün situasiyaya gec uyğunlaşmaqdandır. "İnsan evində özünü necə rahat, sərbəst, təhlükəsiz hiss edirsə, bu, idmanda da belədir. Ancaq çalışmaq lazımdır ki, hər mühitə adaptasiya olunmağı bacarasan. Məsələn, mən bir müəllim kimi həm öz fakültəmizdə, həm də digərlərində, o cümlədən jurnalistika fakültəsində dərs keçirəm. Əlbəttə, mühitlər fərqlidir. Lakin bilirəm ki, keyfiyyətli nəticə üçün hər mühitə uyğunlaşmaq lazımdır”, - deyə psixologiya elmləri doktoru fikirlərini bildirdi.


"İdman sahəsində fəaliyyət
göstərən psixoloqlar
kifayət qədərdir”
Yarış zamanı idmançıya psixoloji dəstək olmaq vacib şərtdir. Bu vəziyyətdə daha çox məşqçi-müəllimin dəstəyinə ehtiyac duyulur. Məşqçilərin həm yarışaqədərki müddətdə həm də yarış zamanı necə həyəcan keçirdiklərini idmanla az-çox əlaqəsi olan hər kəs yaxşı bilir. Onlar öz yetirmələrini fiziki, taktiki və psixoloji cəhətdən hazırlayırlar. Müşviq müəllim isə düşünür ki, hər işi məşqçi-müəllimin üzərinə atmaq o qədər də düzgün deyil. Onun fikrincə, hazırlıq zamanı komandaya xüsusi psixoloqlar cəlb olunmalıdır. "İnsan çox mürəkkəb varlıqdır. Buna görə də ki, insana aid olan elmlər, elə psixologiyanın özü də insan qədər mürəkkəbdir. Təsadüfi deyil ki, psixoloqlar peşə fəaliyyətlərinə başlamazdan əvvəl xüsusi kurslarda iştirak edirlər. Bunu demək demək istəyirəm ki, hər kəs psixoloq ola bilməz. Ümumiyyətlə, hərənin öz işi olmalıdır. Psixoloq məşq keçə bilmədiyi kimi, məşqçi də psixoloqun işinə müdaxilə etməli deyil. Sadəcə, məşqçi-müəllimlər idmançılarla çox işlədikləri üçün onlarla profilaktik söhbətlər apara bilərlər. Bu isə hələ psixoloji hazırlıq demək deyil. Onda psixoloq nəyə lazımdır ki? Təsadüfi deyil ki, Qərbdə bu sahəyə xüsusi diqqət göstərilir. Xüsusilə böyük yarışlar ərəfəsində komandalara təcrübəli psixoloqlar dəvət edilir. Hətta ayrıca bir idman psixologiyası sahəsi var. Belə ki, hər psixoloq da idmançı ilə işləyə bilməz. Bunun üçün onun idman sahəsində olması məqsədəuyğundur. Bu tendensiya yavaş-yavaş ölkəmizdə inkişaf edir. Çox sevindirici haldır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu gün həm də psixologiya ilə bağlı xüsusi sahə tədris olunur. Hazırda idman psixoloqu kimi fəaliyyət göstərən mütəxəssislərimiz kifayət qədərdir. Bu, olduqca yaxşıdır. İdmançılarımızın qazandığı qələbələrdə psixoloqlarımızın da rolu az deyil”, - deyə təcrübəli psixoloq qeyd etdi.


Şəxsiyyətlərarası
münasibətlər necə dəyişə bilər?
Yaxşı, bəs idmançı-məşqçi münasibətləri necə tənzimlənməlidir? Məşqçi necə etməlidir ki, yetirməsi ona inansın? Bunun üçün o, ilk növbədə özü idmançıya nümunə olmalıdır. Həmsöhbətimizin fikrincə, "yüz eşitməkdənsə, bir görmək yaxşıdır” prinsipi burada da özünü doğruldur. "Tərəflər arasındakı münasibəti psixologiyanın geniş və vacib bir hissəsi olan "şəxsiyyətlər arası münasibətlər” öyrənir. Şəxsiyyətlərarası münasibətlər tərəflərin cəmiyyətdə oynadığı rola, tutduğu statusa görə dəyişə bilər. Həm valideyn-övlad, həm də məşqçi-idmançı münasibətlərində vəziyyət təxminən eynidir. Böyüklər həmişə öz məsləhətləri ilə seçilirlər. Ancaq bu, azdır. Gərək böyüklər onlara nümunə olsunlar. Məsələn, əgər məşqçi özü məşqə gecikirsə, tələbəsindən tez gəlməyi necə tələb edə bilər? Bu, nəinki düzgün deyil, həm də ədalətsizlikdir. Bəzən biz tələblərimizə etinasız yanaşıb, qarşı tərəfdən buna əməl etməyi istəyirik. Bu isə uşaqlar çıxılmaz vəziyyətə salır. Ümumiyyətlə belə bir hal var ki, uşaq və yeniyetmələr çox vaxt böyüklərin hərəkətlərini təqlid etməyə çalışırlar. Biz bəzən uşaqlarımıza, tələbələrimizə "olmaz” deyərək nəyi isə qadağan edirik. Əslində bu da düzgün hal deyil. Təcrübələr göstərir ki, "olmaz”lar uşaqları daha çox cəlb edir. Ona görə də həmin "olmaz”ın nəticəsini əyani şəkildə göstərmək lazımdır.
Müəllimlə tələbə arasındakı münasibət əsas meyardır. Bu münasibətdə balans qorunmalıdır. Məsələn, idmançı məşqçisindən qorxmamalı, ona etik normalarla yanaşmalıdır. Müəllim isə tələbəsini ağır formada cəzalandırmalı deyil. Bu, psixoloji travmalara səbəb ola bilər. İdmançının öz müəlliminə inanması da olduqca vacib məsələdir. Məşqçi elə etməlidir ki, idmançı həm müəlliminə, həm də özünə inansın. Amma bu, təlqindən fərqli olaraq məntiqi arqumentlərə əsaslanmalıdır”, - deyə Müşviq müəllim bildirdi.


Potensialın
müəyyənləşdirilməsi
vacibdir
Bəzən elə olur ki, idmançı bir məğlubiyyətə görə depressiyaya düşür. Bu, hal onun məşqlərdən soyumasına və karyerasını yarımçıq qoymasına gətirib çıxarır. Əgər idmanda məğlubiyyət qaçılmazdırsa, onda necə etmək olar ki, idmançı depressiyaya düşməsin? Sualımıza cavab verən Müşviq müəllim bu barədə dedi: "Psixoloqlar depressiyanı "ruhun soyuqdəyməsi”adlandırırlar. Bu, ona görədir ki, depressiya hər insanda ola bilər, lakin onu dəf etməyi də bacarmaq lazımdır. Etiraf etməliyik ki, idmançının depressiyaya düşməsi o qədər də arzuolunan deyil. Çünki o, bir yarışdan bir müddət sonra başqa bir yarışda gücünü sınaya bilər. Həmin müddət isə depressiyanı aradan qaldırmaq üçün o qədər də çox deyil. Bunun üçün ilk növbədə məğlubiyyətin səbəbləri müəyyənləşdirilməlidir. Nəticədə iki variant ola bilər. Birincisi odur ki, idmançının bu sahəyə həvəsi çox olsa da, potensialı yoxdur. İkinci halda isə həmin potensial lazımi səviyyədə olmur. Belə vəziyyət onlara məsləhət görərdim ki, özlərinin bacarıqlarını müəyyənləşdirsinlər, yalnız həvəsləri olan istiqamətdə formalaşsınlar. Ola bilsin ki, kiminsə idmana həvəsi var. Amma yaxşı idmançı olmaq üçün potensial kifayət etmir. Unutmamalıyıq ki, hər bir insan onu digərlərindən fərqləndirən müəyyən xüsusiyyətlərə malikdir. Əsas məsələ həmin "sirr”i ortaya çıxarmaq və ondan yararlanmağı bacarmaqdır”.
Söhbətimizin sonunda psixologiya üzrə elmlər doktoru Müşviq Mustafayev idmançılara maraqlı tövsiyə ünvanladı. "İdmançıların işləri heç də asan deyil. Onlar nəinki rəqibləri ilə, həm də bəzən özləri ilə mübarizə aparmalı olurlar. İllərlə çalışıb, yüksək nəticələr əldə edirlər. Ancaq bir məsələ də var ki, idmançıların bir qismi böyük nailiyyətlərdən sonra bununla kifayətlənib, idmandan uzaqlaşırlar. Yaxşı olar ki, onlar yenə çalışsınlar, daha yaxşı nəticə və ya həmin nəticəni təkrarlamaq üçün mübarizə aparsınlar. Hətta Olimpiya çempionu olduqdan sonra da ikinci dəfə eyni zirvəni fəth etmək mümkündür. Onlar əzmkar, mətin olmaqla yanaşı, həm də gənc nəslə nümunə olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirdi.
Müşviq müəllimlə söhbətimizdən məlum oldu ki, idmanda psixoloji hazırlıq olduqca mühüm amildir. İdmanla məşğul olmaq insanı psixoloji cəhətdən iradəli, xarakterli etməklə yanaşı, psixoloji durumun qaydasında olması da birbaşa yarışda idmançıya kömək olur.

Kənan Novruzov