“Kölgədə qalan” idman növləri

“Kölgədə qalan” idman növləri



Bütün dünyada idman növləri yetərincədir. Amma o da məlumdur ki, bəzi idman növlərinin tarixi barədə məlumatımız kifayət qədər deyil. Məsələn, çox adam Avropa və Amerika futbolunun mövcudluğu barədə bilir. Amma Avstraliya futbolu barədə təsəvvür çox azdır. Çoxumuz bilmirik ki, bu ölkədə topu ayaqla vurmaqla yanaşı, onu ələ götürməyə də icazə verilir (söhbət qapıçıdan getmir).
Hamımız hesab edirik ki, artıq çəki bədən quruluşunu eybəcər hala salır. Yaponiyada isə əksinədir. Daha doğrusu, "əksinə” sözü sumoçulara aiddir. Sumoda naillyət qazanmaq, eləcə də "cazibəli” görünmək üçün, ən azı, yüz kilo çəki yığmaq lazımdır.
Məlumdur ki, Olimpiya oyunları 4 ildən bir keçirilir. Amma oimpiadalarda baş verən maraqlı hadisələr barədə nə bilirik?
Bu yazıda məhz yuxarıda qeyd olunanlar barədə oxuculara məlumat verəcəyik.


Serfinq

Bu idman növü ilə məşğul olmaq üçün yaxınlıqda mütləq okean və ya dəniz olmalıdır. Çünki serfinq xüsusi hazırlanmış taxta vasitəsi ilə dalğaların üstündə sürüşməkdən ibarətdir. Bu növ uzun əsrlər bundan əvvəl Polineziyada (Okeniyada yerləşən adalar qrupu) yaradılıb. Serfinq haqqında Avropa qitəsində ilk məlumat gəmi kapitanı Ceyms Kuk tərəfindən yayılıb. Sakit okean ərazisində yerləşən Polineziya adalarına səyahət edən Kuk yerli adamların çox qeyri-adi, həm də riskli bir əyləncə ilə məşğul olduqlarını görüb. Yerlilər ağacların kəsilmiş budaqlarını (1,5-2 m uzunluğunda) bir-birinə bağlayır və onu sahilə gələn dalğaların qoynuna atırdılar. Sonra isə özləri bu ağacların üzərinə çıxaraq dalğalarla bərabər sürüşürdülər.
Serfinqin Polineziyanın hüdudlarından kənara çıxması Havay adalarının tanınmış üzgüçüsü Dyuk Kahanamokunun (1890-1968) sayəsində mümkün olub. Dyuk bu növlə təkcə öz vətənində məşğul olmurdu. Həmçinin yarışlarda iştirak etdiyi ayrı-ayrı ölkələrdə serfinqi təbliğ edirdi. 1960-1970-ci illərdə serfinq çox populyarlıq qazanaraq gənclərin əsas əyləncəsinə çevrildi. Serfinqi sevənlərin hətta xüsusi üslubda musiqi janrları da yarandı: serf-rok, serf və s. Bu əyləncə-idman növü zaman-zaman kinematoqrafiya sahəsinə də daxil oldu. Artıq serfinqə azad və sərbəst həyat simvolu kimi baxıldı. Həmin illərdə Kalifoniya ştatının (ABŞ) çimərlikləri serfinqçilərin məskəninə çevrilmişdi. Onlar, demək olar ki, asudə vaxtlarını bütünlüklə serfinqə həsr edirdilər. Şübhəsiz ki, 70-ci illərdə dalğaların üzərində sürüşmək üçün polizeniyalıların ağaclarından istifadə olunmurdu: artıq "lanqbord” (ingilis dilində "uzun taxta” mənasını bildirir) adlı yeni taxtanın üzərində sürüşürdülər. 70-ci illərin sonlarında "uzun taxta” dəbdən düşdü. Serfinqçilər "şortboard” (ingiliscə "qısa taxta”) adlanan taxtalara üstünlük verirdilər. Taxtanın qısa olması sürüşmənin sürətini, sürüşənlərin manevr etmək qabiliyyətini xeyli artırırdı. Bir müddət sonra serfinqin əsasında akrobatik serfinq yaradıldı (taxtanın üzərində dönmələr, müxtəlif tryukların yerinə yetirilməsi).
Hazırda serfinqlə Havay adalarında, Kaliforniya ştatında (ABŞ), Avstraliyada və Avropa qitəsində kütləvi şəkildə məşğul olurlar. Maraqlıdır ki, serfinqçilərin xüsusi ifadələri (jarqon sözlər) yaranıb. Məsələn, serfinq üçün münasib olan yerə "ləkə”, güclü dalğaya "çəllək”, yaxşı havaya "klassik” deyilir. Müasir dövrümüzdə ən yaxşı serfinqçi amerikalı Kelli Speyter hesab olunur. O, 9 dəfə dünya çempionudur. Amma ən şöhrətli serfinqçi, yəqin ki, katiforniyalı Qreq Holl (ləqəbi "öküz”) qalacaq. Çünki o, ən təhlükəli tryukları yetirməklə ad çıxarıb. Kaliforniyada doğulan Holl Havay adalarına köçüb. Ona görə ki, burada olan dalğaların hündürlüyü bəzən 9 metrə çatır.


 

Avstraliya futbolu


Avstraliya futbolu bu ölkədə hər ilin mart-sentyabr aylarında keçirilir. Ölkə hüdudlarından başqa, Avstraliya futbolu Yeni Zelandiya, Cənubi Afrika Respublikası, ABŞ, Böyük Britaniya, Kanada, Danimarka, İsveç və digər ölkələrdə oynanılır. Ümumilikdə ayrı-ayrı ölkələrdə Avstraliya futbolu üzrə 20 milli liqa fəaliyyət göstərir. Bu liqalar peşəkarları deyil, həvəskar futbolçuları öz ətrafında birləşdirir.

Avstraliya futbolu bu ölkənin cənub-qərbində yerləşən Viktoriya ştatında yaradılıb. 1858-1859-cu illərdə isə Melburn ştatında Avstraliya futbolunun yeni qaydaları hazırlanıb və təsdiqlənib. Bu futbol dairəvi meydançada dairəvi topla oynanılır. Hər iki iştirakçı komandanın iki qapısı olur və bu qapılar yan-yana yerləşir. Komandaların hər birinin heyətində 18 futbolçu yer alır. Oyunda əsas məqsəd topla irəliləmək və topu rəqib qapısından keçirməkdir. Adətən, top əldə aparılır. Lakin topla 15 metr qaçan futbolçu bu məsafədə ən azı bir dəfə topa ayağı ilə toxunmalıdır. Qapıya əllə vurulan topa görə 1 xal verilir. Daha kiçik olan qapıya ayaqla vurulan qol isə 6 xalla qiymətləndirilir. Onu da deyək ki, Avstraliya futbolu çox sərt bir oyundur. Oyunçular topu rəqibindən almağa çalışarkən müəyyən kobudluğa yol verə bilərlər. Bununla belə, zədələnmələrin qarşısını almaş üçün xüsusi qaydalar mövcuddur.
Avstraliya futbolu üzrə ən populyar yarış Avstraliya Futbol Liqasının (AFL) keçirdiyi çempionatdır. Çempionatda 16 komanda mübarizə aparır. Təkcə Viktoriya şatatından bu yarışlara 10 komanda qatılır. Digər komandalar isə Avstraliyanın ayrı-ayrı şəhərlərini təmsil edirlər. Maraqlıdır ki, bəzən Avstraliya futbolu kriket maydançasında keçirilir. Məhz buna görə də, bu futbolun oynanıldığı meydançanın ölçüləri tez-tez dəyişdirilə bilir. Məsələn, meydançanın uzunluğu 135-dən 185 metrə, eni isə 110-dan 155 metrə qədər artırıla bilər (qeyd edək ki, kriket qaydaları bu oyunun konkret ölçülü stadionlarda keçirilməsini tələb etmir). AFL-in təşkil etdiyi final oyunları, adətən, Melbrun şəhərində yerləşən "Melbrun Kriket Qraund” stadionunda olur. Bu stadion 100 min tamaşaçı tutumuna malikdir.
Avstraliya futbolu bu ölkənin milli idman növü hesab olunur. Bu növdə ən məşhur idmançı İtaliya əsilli avstraliyalı Ron Barassidir. 1950-1960-cı illərdə futbolçu kimi çıxış edən Barassi sonradan məşqçi kimi fəaliyyət göstərib.



 

Sumo


Sumo güləşinin ənənəsi qədim yapon dini sinto ilə uzlaşır. Sumoçuların yarışdığı meydança (dohya) dairəvi rinqdən ibarətdir və bu rinqin ətrafında qoyulan bütün əşyalar sinto simvolları ilə eynidir. Təsadüfi deyil ki, hər bir sumoçu yarışdan əvvəl müəyyən ayinləri icra edir. Bu, qəzəbli ruhları qovmaq və uğur qazanmaq üçün həyata keçirilir. Mübarizə məhz bu ayini yerinə yetirdikdən sonra başlayır: sumoçu rəqibini yerə yıxmağa və ya onu rinqdən kənara çıxmağa çalışır. "Rikisi” (sumoçuları belə adlandırırlar) arxadan və öndən budları örtən sarğıdan (mavasi) ibarətdir. Sumo güləşçilərinin saçları başın yuxarı hissəsində bir yerə yığılır və xüsusi sancaqla (oityomage) bərkidilir. Bu cür saç düzümü yerə yıxılan sumoçunun başını zədələrdən qoruyur. Bu növbə yaş həddi və dərəcə yoxdur: sumoçuların hamısı öz gücünü nümayiş etdirən peşəkarlardır.

"Rikisilər” il ərzində 6 turnirdə mübarizə aparırlar. Bunlardan üçü Tokioda (may və sentyabr ayları), digərləri Osaka (mart ayı), Naqos (myul ayı) və Fuku-Oke (noyabr ayı) şəhərlərində keçirilir. Qadın sumoçular ənənəvi turnirə buraxılmırlar. Lakin "zərif” sumoçular idman sumosunda qüvvələrini sınaya bilirlər (idman sumosu təkcə Yaponiya deyil, müxtəlif ölkələrdə də təşkil olunur). Yeri gəlmişkən deyək ki, sumo güləşi yalnız Yaponiyada peşəkarların iştirakı ilə keçirilir. Digər ölkələrdə isə həvəskar sumo inkişaf etdirilir.
Çəkilərinin çoxluğuna baxmayaraq, sumoçular cəld, çevik olurlar. Onlar formalarını qorumaq və yüksək nəticələr qazanmaq üçün gərgin məşq edirlər. Bu növə maraq göstərən gənclər ilk addımlarını sumo məktəbində atırlar. Əgər yeni sumoçu çətinliklərə dözür, sınaqlardan çıxırsa, karyerasının sonuna qədər bu məktəbdə yaşayır. "Rikisi”nin peşəkar səviyyədə karyerası 20-30 il davam edir. O, yalnız peşəkar karyerası başa çatdıqdan sonra ailə qura bilər.