İdman dünyasının lider şirkəti

İdman dünyasının lider şirkəti


İdman sağlamlığın açarıdır. Bu fikirlə, yəqin ki, bir çoxları razılaşar. İdman, artıq çəkidən azad olmağa, immunitetin güclənməsinə, orqanizmin möhkəmlənməsinə, beyinin daha da yaxşı inkişaf etməsinə kömək edir. Hər bir sahənin özünəməxsus geyim forması olduğu kimi, idmançıları da digərlərindən fərqləndirən geyimləri var.
Müasir dövrümüzdə idmançılar iştirak etdikləri yarışlarda xüsusi geyimlərlə diqqət çəkirlər. İdman geyimlərinin istehsalı ilə məşğul olan firmalar öz satış bazarını həmin idmançıların hesabına qurur. Bu sahədə püxtələşən, tanınmış idman geyimləri istehsalçıları ayrı-ayrı ulduzların uğurları hesabına nüfuz qazanırlar. Hal-hazırda idman dünyasında bu məqsəd uğrunda, sözün əsl mənasında, “soyuq müharibə” gedir. Sözügedən sahə üzrə fəaliyyət göstərən firmalar biri-biri ilə rəqabətə giriblər. Bəs hansı firma daha çox nüfuza sahibdir? Bu suala cavab vermək elə də asan deyil. Firmalar ayrı-ayrılıqda böyük uğur qazanmaq üçün uzun yol qət ediblər. Məsələn, hamının tanıdığı “Nike” şirkəti. Okeanın o tayında fəaliyyətə başlayan bu şirkət artıq bütün dünyada tanınır. Maraqlıdır ki, şirkət nə marketinq dahiləri, nə də ki, biznes nəhəngləri tərəfindən yaradılıb. Belə ki, “Nike” 1964-cü ildə Oreqona universitetini təmsil edən atlet Fil Nayt adlı bir tələbə və onun məşqçisi Bill Bouerman tərəfindən yaradılıb. Məlumdur ki, həmin dövrdə idmançıların ayaqqabı sahəsində bir o qədər də geniş seçim imkanı yox idi. Sadə idman ayaqqabılarının qiyməti 5 dollar idisə, “Adidas”ın ayaqqabıları 30 dollara satılırdı. Bir sözlə, “Adidas”ın ayaqqabılarını yalnız peşəkar və maliyyə durumu yaxşı olan idmançılar geyinirdilər. Sadə idman ayaqqabılarında məşq etdikdən sonra ayaqlar ağrımağa başlayırdı. Bu problemi aradan qaldırmaq üçün Fil Nayt yeni layihə üzərində işlədi. Amerikalı tələbə idman ayaqqabılarının istehsalı üçün Asiya ölkələrinə üz tutdu. Lakin böyük şirkət qurmaq üçün Fil Naytın ali təhsil alması da vacib idi. Buna görə də o, Stendford ştatında iqtisadi təhsillə yanaşı, müəllimi Frenk Şellenberqerdən fərdi marketinq dərsləri almağa başladı. Bu seminarların birində müəllimindən biznes startegiyasının inkişafı və marketinq planı hazırlamaq tapşırığı alan atlet, eyni zamanda, gələcək konsepsiyasını beynində qurub. Beləliklə, 1964-cü ildə yaranan şirkət qeyri-rəsmi olaraq “Blue Ribbon Sports” adı altında fəaliyyət göstərir. Şirkət fəaliyyətə başlamazdan əvvəl Fil Nayt işci güvvəsinin ucuz olduğu üçün Yaponiyaya yola düşür. Orada şirkət adından yerli “Onitsuka” şirkəti ilə ölkəsinə idman ayaqqabıları idxal etmək üçün müqavilə imzalayır. Nayt həmin ayaqqabıları öz mikroavtobusunda satırdı. Zaman keçdikcə Fil Nayt öz fəaliyyət dairəsini genişləndirməyə başladı. Özünə köməkçilər tapdı. O, dövrün istedadlı menecerlərindən biri olan Ceff Conson Nayta kömək etdi. Ceff öz işinin peşəkarı idi. Məhz buna görə də o, qısa müddət ərzində “idman dünyası”nda olan insanlarla ünsiyyət qurmağı bacardı. Peşəkar marketinqçi hər bir idmançı ilə şəxsən söhbət edib, onlar arasında sorğu keçirdi. Sorğu zamanı həmin idmançıların hansı idman ayaqqabılarından istifadə etdiklərini, həmin ayaqqabıların müsbət və mənfi cəhətləri haqda ətraflı məlumat topladı. Yaponiyadan idxal olunan idman ayaqqabılarını həmin idmançılar Naytın qarajında yoxlayırdılar.
1965-ci ildə Fil və Bill şirkətin adını qədim yunan qalibiyyət ilahəsi “Nikki”nin şərəfinə “Nike” adlandırdılar. Ceff Consonun sözlərinə görə, o, bir müddət əvvəl ilahəni yuxusunda görmüş və bundan sonra bu adı seçmişdi. Şirkətin adının dəyişməsi ilə yanaşı, “Nike”nin istehsal etdiyi idman ayaqqabılarının satışı daha da yüksəldi. Artıq “Nike” idman ayaqqabılarının idxalı ilə məşğul olmur, şəxsi məhsulunu istehsal edirdi.
Şirkətin loqotipini də sadə bir tələbə yaradıb. 1971-ci ildə Portlend universitetinin tələbəsi Karolin Devidson “Nike” üçün loqotipi, indiki məzənnə ilə hesablasaq, cəmi 30 ABŞ dollarına hazırlayıb. Onu da qeyd edək ki, şirkət fəaliyyətini gücləndirdikdən sonra Nayt Karolini şam yeməyinə dəvət edərək, aksiyaların bir hissəsini və brilyantlarla bəzədilmiş “Nike” loqotipinin heykəlini ona təqdim edib. Bununla o, həm loqotipi hazırlayan xanımın əməyini qiymətləndirib, həm də mətbuatda şirkətin şərəfini daha da ucaldıb. “Swoosh” adlanan həmin loqotip bugünədək şirkət tərəfindən istifadə olunur. Bu loqotipin üzərində Consonun yuxuda gördüyü “Nikki” ilahəsinin bir qanadı əks olunub.
1975-ci ildə “Nike” məşhur dalğavari ayaqqabı altlığı istehsalına başlayır. Bu fikir də istehsalçıların ağlına təsadüfən gəlib. Səhər yeməyi zamanı Bill Bourman şirkətin işləri barədə düşünərkən, təsadüfən gözü həyat yoldaşının vafli hazırlayan cihazına sataşıb. Cihazın işini izləyən Billin ağlına maraqlı bir fikir gəlib: “Əgər ayaqqabının altlığını dalğavari etsək, o zaman sıçrayış daha güclü və ayaqqabının çəkisi daha yüngül ola bilər”. Onun ağlına gələn bu fikir tez bir zamanda istehsalda tətbiq olunub. “Nike” bir müddət sonra dalğavari altlıqlı idman ayaqqabılarını ən tələb olunan məhsula çevirməyi bacarıb. 70-ci illərin axırlarında isə şirkətin istehsal etdiyi idman geyimləri və aksessuarlar “idman geyimləri bazarının” tam yarısını ələ almağı bacarıb. Şirkətin daha bir məhsulu, məşhur “Nike Air” yastığının istehsalçısı isə NASA alimi Frenk Rudi olub. Öz ideyası ilə bağlı bir çox şirkətlərə müraciət edən və rədd cavabı alan Frenk “Nike” şirkətinə müraciət etmək qərarına gəlib. Təəccüblü olsa da, şirkət təklifi dəyərləndirib. Məhz bu qərar şirkətin gələcək fəaliyyətində dönüş nöqtəsi olub.

1981-ci ildə “Blue Ribbon Sports” şirkəti rəsmi olaraq “Nike” adını qəbul etdiyini bildirib. 1984-cü ildə Los-Anceles şəhərində keçirilən Olimpiya oyunları zamanı 65 idmançı “Nike”dən olan idman ayaqqabıları ilə ölkələrinə qızıl medal qazandırıblar. 1985-ci ildə şirkət əfsanəvi basketbolçu Maykl Cordan ilə müqavilə imzalayıb. Bir müddət sonra isə, gözlənilmədən Cordana onun üçün hazırlanmış ayaqqabılarda meydana çıxmaq qadağan olunub. Buna səbəb qara-qırmızıya boyanmış ayaqqabıların həddindən artıq gözəçarpan olması idi. Sən demə, Fil Nayt bunu bilərəkdən edib. Qadağalara baxmayaraq, Cordan yarışlara məhz həmin idman ayaqqabılarında çıxır və hər dəfə 1000 dollar çərimə ödəyirdi. Hər kəs şirkətlə idmançının bu qalmaqalının sonunun necə olacaqını maraqla gözləyirdi. Beləliklə, hər kəsin diqqətini üzərinə çəkməyi bacaran Fil Nayt məhsulun istehsalını 4 milyard dollara çatdırıb. Bir müddət sonra istehsal olunan əfsanəvi “hava yastıqları” birmənalı olaraq, şirkətin vizit kartına çevrilib. İdman geyimləri “nəhəng”inin şüarını da şirkətin piar “gedişlərindən” biri hesab etmək olar. Şirkətin devizi sayılan “Just Do İt” (“Sadəcə bunu edin”) ifadəsi ilk dəfə soyğunçu-cinayətkar tərəfindən səsləndirilib. Belə ki, 1977-ci ildə ölüm hökmü almış Qeri Qilmaroya məhkəmədə sonuncu arzusunu demək üçün söz veriləndə, o, “sadəcə bunu edin” ifadəsini işlədib. “Nike”ın “həyatında” pis günlər də az olmayıb. Bildiyimiz kimi, bu növ idman ayaqqabılarının istehsalını “üçüncü ölkələr”də həyata keçirir. Həmin ölkələrdə şirkətin işçilərinə az əməkhaqqı (ayda 40 dollar) verilirdi. Ona görə, “Nike” qınaq obyektinə çevrilmişdi. Həmçinin bu şirkət uşaq əməyindən istifadə etməkdə günahlandırılıb.
2014-cü il sentyabr-noyabr aylarında şirkətin gəliri artaraq 665 milyon dollar təşkil edib. İdman geyimləri, ayaqqabıları, aksessuarları istehsal edən “Nike” şirkəti 2015-ci ildə “özübağlanan” qaytanlı idman ayaqqabısı istehsal etməyi planlaşdırır. İlk baxışdan fantastik kimi görünən bu ixtiranın reallaşması ilə bağlı “Nike” şirkətinin innovasiyalar şöbəsinin rəhbəri Tinker Hetfild xəbər verib. Məlumata görə, şirkət belə ayaqqabıların istehsalını hələ 2014-cü ildən planlaşdırıb. Qeyd edək ki, 1986-cı ildə ABŞ tərəfindən çəkilən “Keçmişə qayıdış” filmində gələcəkdə məhz belə ayaqqabılardan istifadə olunacağından bəhs edilmişdir. 1986-cı ildə çəkilən bu filmdəki hadisələr 2015-ci ili əks etdirdiyi üçün, “Nike” şirkəti həmin ayaqqabıları məhz bu il istehsal etmək qərarına gəlib.
Hazırda “Nike” dünyada ən məşhur idman geyimləri istehsalçılarından hesab olunur. Düz 51 il əvvəl yaradılan şirkətin banisi, 50 il əvvəl “Adidas” şirkətinin ayaqqabılarını almağa vəsait tapmayan Fil Nayt, hazırda ABŞ-ın ən varlı insanlarından biridir.

 

Türkay Niftəliyeva