Qədim türklərdə idman ənənələri

Qədim türklərdə idman ənənələri



Eramızdan əvvəl III minillikdə Ön (Azərbaycan, Anadolu və İran yaylası) və Orta Asiya (Türküstan) bölgələrində yaşayan türklərin həyat tərzində atın əhəmiyyətli rol oynadığı məlum həqiqətdir. Türklərin kiçik yaşlarından atla davranma qaydalarını mənimsəmələri barədə qeydlərə, həmin dövrün mənbələrində rast gəlmək olar. Türk qadınları da təsərrüfat işlərində atdan istifadə edirdilər.
Türklərin at minmə bacarığı atüstü oyunların və yarışların meydana gəlməsinə səbəb olub. Çovqan, Gök-Börü, Qız-Börü, Bəygə və sair oyunlar bu gün də Azərbaycan, Anadolu və Orta Asiyanın müxtəlif yerlərində sevə-sevə oynanılır.
Gök-Börü oyunu müxtəlif dialektlərdə Gökpəri, Qopgeri kimi də adlandırılır. Həmin oyunda əsas məqsəd kəsilmiş və içi təmizlənmiş oğlaqı və ya quzunu ayaqlarından tutub dördnala çapmaq və şikarı əldən verməmək şərti ilə bir dövrə vuraraq xal qazanmaqdır. Qıpçaqlar, bu yarışmanı su ilə doldurulmuş xəndəklər və təpələrlə bol olan ərazidə keçirərdilər. Oyunu izləyən və bir növ hakimlik edən ağsaqqallar isə ən mahir oyunçuya mükafat təqdim edərdilər. Bu oyunlar gənclərin asudə vaxtının təşkili ilə yanaşı, həm də onların atla davranma qabiliyyətini daha da təkmilləşdirirdi. Erkən orta əsrlərdə qıpçaq süvarilərinin hücumlarının kəskin və şiddətli olmasının əsas səbəbini, məhz bu cür yarışların təşkil edilməsində axtarmaq olar.
Qədim türklərin (əsasən, qıpçaqlarda) toy mərasimlərində təşkil edilən yarışlardan ən maraqlısı isə Kız-Börü oyunudur. Kəsilmiş və içi təmizlənmiş heyvan (çox zaman quzu) gəlin adamları tərəfindən qaçırılır. Bəy tərəfi isə qarşı tərəfdən heyvanı almağa çalışır.
Qədim oğuzların toy mərasimlərində bəy və gəlinin at yarışına çıxdığı barədə məlumatlara da tez-tez rast gəlirik. Bəygə adlanan bu oyunda tərəflər öz yaxınları ilə birgə əvvəlcədən müəyənləşdirilmiş məsafəni qət edərək hədəfə birinci çatmalıdırlar.
Qədim türklər arasında geniş yayılmış, hətta indi də öz populyarlığını saxlamaqda olan bir oyun da çovqan oyunudur. Adını tibet dilində top mənasını verən "pulu"dan alaraq sonradan "Polo" adlandırılan çovqanı, atüstü hokkey oyununun qədim variantı kimi qiymətləndirə bilərik. Böyük tarixi keçmişi olan bu oyunu türklərlə sıx təmasda olan tibetli və çinlilər, həmçinin bizanslılar da sevib.
Qədim yunan sərkərdələrindən Xenofonun eramızdan əvvəl 360-cı ildə yazdığı "Süvarilik sənəti" adlı əsərində türklərin atla oynanılan bir sıra milli oyunlarının təsvirinə geniş yer ayrılıb. Əsərdə at üstündə çaparaq hədəfi mizraq (nizə) ilə dəqiq nişan almaq oyunu haqqında daha ətraflı məlumat verilib. Qədim romalıların yüzillər boyunca oynadıqları və "Troya" adlandırdıqları oyun da buna bənzəyir.
Digər oyunda türklər taxtanı 1,5 metr hündürlükdən asır və sivri uclu mizraqlarla həmin taxtanı deşmək üçün mübarizə aparırdılar.
Eyni zamanda müxtəlif sosial tədbirlərlə əlaqədar olaraq (ölüm, doğum, toy, sosial yardım, bayram və s.) atlarla 10-14, hətta bəzən 100 kilometrlik məsafə yarışları da təşkil edilərdi.
Qeyd edək ki, toy mərasimlərində, bayramlarda yalnız atüstü yarışlar deyil, eyni zamanda başqa oyunlar da təşkil edilirdi. Məsələn, qədim türklərin el şənliklərini milli idman növü olan güləşsiz təsəvvür etmək mümkün deyil. Müasir dövrdə də istər Azərbaycan, istərsə də Anadolunun bir çox bölgələrində təşkil edilən toy mərasimlərində gənclərin cəngi sədaları altında qurşaq tutduqlarını görürük. Qazıntılar zamanı tapılmış müxtəlif bəzək əşyalarının üzərində güləş rəsmləri təsvir edilib. Müasir dövrdə el şənlikləri zamanı güləşçilərin geyindiyi şalvara, 1,5 min il yaşı olan və (işquz türklərinə aid) sümükdən düzəldilmiş güləşçi fiqurunda rəst gəlirik.
Qədim türklər şənlik zamanı oxatma yarışlarından da geniş istifadə edərdilər. Bu yarışlarda hədəfin böyük və ya kiçik olması məsafədən asılı olurdu.

Belə yarışların ən maraqlısı qədim oğuzlara aiddir. Oğuzların nişan mərasimlərində təşkil edilən oxatma yarışlarında subay gənclər ağsaqqalların xeyir-duasını aldıqdan sonra ağacın budağından iplə asılmış üzüyün ortasından ox keçirərdilər. Hədəfin məsafəsi isə qalib müəyənləşənədək uzadılardı. Sonda yarışın qalibi olmuş gənc, sevdiyi qıza elçi göndərmək hüququ əldə edərdi.
Qədim türklərdə at üstündə oxatma yarışlarından da geniş istifadə edilirdi. Bu cür yarışların tarixi ən azı 3000 ilə gedib çıxır. Bununla bağlı ən qədim tapıntılar eramızdan əvvəl I minilliyə aid olan və Tibet ərazisində tapılmış qədim freskalardır. At üstündə oxatma yarışları, əsasən, üç mərhələdən ibarət olurdu. İştirakçılar əvvəl qabaqdan, sonra yandan, axırda isə geriyə boylanaraq hədəfi sərrast nişan almalı idilər. Bütün bunlar sürətlə at çaparkən həyata keçirilməli idi. Bu tip yarışların nəticəsində türk döyüşçüləri, hətta geri çəkilərkən belə, geriyə sərrast ox atmaq qabiliyyətinə malik olurdular. Dünya hərb tarixində bu döyüş taktikası yalnız türklərə məxsus olub. Müasir dövrdə Yaponiya və Tibetdə keçirilən bəzi dini mərasimlərdə də buna bənzər yarışlar təşkil edilir.
Türklərə məxsus olan əyri və təküzlü qılınclarla oynanılan çoxsaylı rəqs və yarışlar da mövcuddur. Hazırda Türkmənistanda bu cür rəqs və oyun ənənələri davam etdirilməkdədir.
Eramızdan əvvəl I əsrə aid olan qədim Çin qaynaqlarında Amur bölgəsində məskunlaşmış türk tayfasının həyat tərzinə dair məlumatlar verilir. Həmin məlumatlardan birində qeyd edilir ki, türklər ayaqlarına 15 santimetr enində və 160 santimetr uzunluğunda taxtalar keçirərək qar və buzda ev heyvanlarını asanlıqla bir yerdən başqa yerə sürür və ova çıxırdılar. Tarixçi professor V.Eberhard bunu xizəkçiliyin ilk forması kimi qiymətləndirir. O, bu əlyazmalara əsaslanaraq qeyd edir ki, qədim türklərdə xizək və xizəkçilik mövcud olub. Yenə eramızdan əvvəl V əsrə aid Çin qaynaqlarında türklər haqqında "qarda gəzən taxta ayaqlılar" ifadəsinə rast gəlinir.
İsveçrəli professor Hess xizəkçiliyin tarixini araşdırarkən belə bir nəticəyə gəlir ki, "Bütün qışı qarla örtülü olan Sibirin xizəkçiliyin əsil vətəni olması təbii olduğu kimi, tarixi dəlillər də Sibirin ən şimal nöqtələrində məskunlaşmış türk tayfalarının xizəyi ixtira etmələrini söyləməyə ciddi əsaslar verir".
Qədim türklərin həyatında qaçış yarışlarına da kifayət qədər yer verilib. Qırğızların yeni doğulan körpənin şərəfinə keçirilən 265 kilometrlik bir məsafəyə qaçış təşkil etdiklərini, tunquzların toy mərasimlərində 107 kilometrlik yürüşünü, sürət alaraq cüt və tək ayaqla uzun məsafəyə tullanma yarışını buna misal çəkmək olar.
Qədim türklərdə gürzlə də yarışlar təşkil edilirdi. Saplı və ya zəncirli olan gürzlərin ağırlığı 256 kiloqram olurdu. Döyüşçülər hər səhər bu gürzlərlə idman edərdilər. Eyni zamanda gürzatma yarışları da təşkil edilirdi. Gürz dəyişik yönlərdə, müəyyən formalarda çevrilib sallanaraq və ya qaldırılıb endirilərək (həm sağ, həm də sol əllə) atılırdı.
Futbola bənzəyən və "Tepük" (təpik) adıyla Orta Asiyada məşhurlaşan oyun haqqında məlumata isə Mahmud Kaşğarlının "Divani Lüğətü-it Türk" (XI əsr) adlı ölməz əsərində rast gəlmək olar. Əli Quşçunun türk dilinə çevirdiyi "Tarihi Hata və Hoten" adlı əsərdə də (əsər naməlum səyyah tərəfindən yazılıb) bu cür məlumatlara yer verilib. Əsərdə qeyd edilir ki, türklər öküzün ödünü şişirdərək ayaq topu edir və oynayır, yaxud ata minərək əllərindəki dəyənəklə topu vurmaq kimi müxtəlif yarışlar təşkil edirlər.