İdmançı gənclərin mütaliəyə marağı böyükdür

İdmançı gənclərin mütaliəyə marağı böyükdür


Kitabxanaların yaradılmasında zəmanəsinin ağıllı hökmdar və ziyalılarının xüsusi rolu olmuşdur. Belə ki, orta əsrlərdə Nəsrəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında 1258-1261-ci illərdə fəaliyyət göstərmiş kitabxana Azərbaycanın məşhur elmi kitabxanalarından sayılırdı. Səfəvi hökmdarı I Şah İsmayıl tərəfindən yaradılmış Təbriz Saray Kitabxanasında Şərqin böyük klassiklərinin əsərləri mühafizə olunurdu.
XXI əsrdə mədəniyyətə müasir baxışlar sistemi formalaşıb. Artıq keçid dövrünün çətinlikləri arxada qalıb. Son illər quruculuq sahəsində gələcəyin inkişaf yolunu işıqlandıran, onun inkişaf istiqamətini, məqsəd və vəzifələrini müəyyənləşdirən proqram xarakterli bir çox sənədlər qəbul edilib. Bu sənədlər içərisində 6 oktyabr 2008-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” olduqca böyük tarixi əhəmiyyət kəsb edən bir sənəddir.
İnsanların mütailəyə marağını yönəltmək üçün Rumıniya hökuməti əhalinin kitab oxuması üçün maraqlı bir layihəyə imza atıb. Kluj-Napoka şəhər merinin yeni layihəsinə əsasən, yay mövsümündə nəqliyyatda kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq. Şəhərdə əhalinin kitaba olan marağını artırmaq təkcə bu təşəbbüslə bitmir. Çünki "Bookface” şirkəti də əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı addım atıb. Şirkətin şərtlərində bildirilir ki, "Facebook” hesabına kitabla çəkilmiş şəklini yerləşdirən hər bir sosial şəbəkə istifadəçisi ictimai iaşə obyektləri, kitab mağazaları və stomatoloji kabinetlərə güzəştlər əldə edəcək. Hər il aprelin 23-də Kluj-Napoke şəhərində Ümumdünya Kitab Günü keçirilir. Həmin gün əlində kitab olan hər bir şəxs Nəbatat bağını pulsuz ziyarət edə bilər.
Bu gün gənclik daha çox elektron kitablara üstünlük verir. Ona görə də kitabların, yazılı ədəbiyyatın təbliğata çox ehtiyacı var. Bu işə orta məktəbdən başlanmalıdır. Məsələn, Yaponiyada hər şagird həftədə bir dəfə kitabxanada olmalıdır. Bu, onun dərs balına təsir edir. Bu isə onların kitaba marağında rol oynayır.


Kitab xalqın mənəvi sərvəti, onun tarixidir
Qeyd edək ki, kitabın oxunması üçün bizim ölkəmizdə də müxtəlif tədbirlər həyata keçirilir. Hazırda V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili bu istiqamətdə atılan addımlardan biridir. Eləcə də, Təhsil Nazirliyinin bugünlərdə "Oxumağı vərdişə çevirək!” şüarı ilə keçirdiyi aksiya da maraqlıdır. "Bir vaxtlar kitab əlimizdən düşməzdi. Hara gedərdiksə, yanımızda mütləq oxumaq üçün kitab olardı”- fikirlərindən çıxış edərək cəmiyyətin diqqətini mütailəyə yönəltmək məqsədi daşıyan aksiyaya dəstək olanlar çoxdur.
Bu gün, çox təəssüf ki, kitab oxumaq mədəniyyəti cavanlar arasında az müşahidə olunur və unudulmuşdur. Halbuki, bu gözəl əməlin çox sayda faydaları vardır ki, sizı onunla tanış edirik: kitab oxumaq insan ömrünü uzada bilər. 2016-cı ildə mütəxəssislər tərəfindən aparılan tədqiqat göstərmişdir ki, o kəslər ki, kitab oxumağı sevirlər, onlarda vaxtsız ölüm riski başqalarından 20 faiz daha azdır. Bu gün həkimlər və mütəxəssislər bu qənaətə gəliblər ki, kitab oxumaq insanın cismi və ruhi xəstəliklərinin əlamətlərini azaldar. Qorxu, yuxusuzluq, çəkinin artması və xəstəxanalarda yatmaqdan qaynaqlanan iztirabları rahatlıqla aradan qaldıra bilir. Yatmazdan əvvəl kitab oxumaq adəti insanın rahat yatmasına şərait yaradar. Əvvəl bir-iki səhifə oxumağa çalışın və sonrakı günlərdə bu adətin yarandığını hiss edəcəksiniz. Mütəxəssislər deyirlər ki, oxuduğunuz kitab kağızdan olmalıdır, elektronik kitablar olmamalıdır. Tədqiqatlar göstərir ki, uşaqlar öyrəndikləri sözlərin təqribən 15 faizini mütailə vasitəsi ilə əldə edərlər. O uşaqlar ki, daha çox mütailə edirlər, onların lüğət dairəsi də geniş olur (Tebyan). İnsan oxuduğu dastan və hekayələrdə həmin mövzuya qapılaraq, personajların yaşadıqlarını hiss edir, yaşayır. Ona görə də mütailə etmək başqaları ilə həmdərd olmaq hissini gücləndirir. Tədqiqatlar göstərir ki, çay içmək 54 faiz, piyada yerimək 42 faiz stressi azaldır. Ancaq kitab mütailə etmək isə stressi 68 faiz azalda bilir. Biz kitab oxuyan zaman müxtəlif təbəqələrə malik olan insanların hissləri ilə tanış oluruq. Bu da ictimai əlaqələrdə bizə çox yardım edər. Həmin təcrübəyə istinadən, cəmiyyətdə rahat şəkildə əlaqə qura bilərik.

Son illər ərzində bu sahədə bir sıra mühüm sənədlər qəbul edilib. Ölkə Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarına əsasən ölkənin bütün kitabxanalarına latın qrafikası ilə çapdan çıxmış nəşrlər hədiyyə edilmişdir. Həmçinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də, Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafı, rabitə və informasiya texnologiyalarının inkişafı, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı ilə bağlı proqram sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi bu sahədə köklü dəyişikliklərin həyata keçirilməsinə səbəb olub. Proqramın reallaşdırılması üzrə Tədbirlər Planının”, Kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı” bölməsinə uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın İnformasiya Mərkəzi Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində xüsusi səy göstərir. Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, idmanın, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Məşhur hind kitabxanaşünası S.R.Rapqanatan kitabxananı inkişaf edən orqanizm adlandıraraq yazır ki, bir orqanizm kimi kitabxana daim inkişafda olmalı, kitabxana fondu aramsız olaraq yeni kitablarla zənginləşdirilməlidir. Kiçik su hövzələri, göllər ona tökülən çaylardan məhrum olduqda quruduğu kimi, hər hansı bir kitabxana da yeni kitablardan məhrum olarsa, öz elmi və mədəni əhəmiyyətini itirər. Kitabxanaların daim zənginləşməsinin mənəviyyatımızın yüksəlməsində böyük əhəmiyyətinə diqqət çəkən ümummilli lider Heydər Əliyev demişdir: "Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir”.

Yenidən qurulan kitabxana
İdman Akademiyasının rektoru Fuad Hacıyevin daxili əmrinə əsasən, 2015-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, ədəbiyyatın geniş təbliğini və bu sahədə xidmət işini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kitabxanasının yenidən qurulması və burada elektron kitabxananın yaradılmasıdır.
Akademiyanın idman tarixi elmi mərkəzinin kitabxana fondu 2019-cu ildə (fevral ayına qədər) 207.519 nüsxə təşkil etmişdir. Həmçinin kitabxananın fondunda müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda əsasən bədən tərbiyəsi və idman ədəbiyyatı üstünlük təşkil edir. Bununla yanaşı tibbə, iqtisadiyyata, siyasətə, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair elmi ədəbiyyat, bədii ədəbiyyat da vardır. Dövri mətbuat fondundan kitabxanaya respublikamızda və digər ölkələrdə çap olunan 12-dən artıq qəzet, 4-dən yuxarı jurnal və digər dövri nəşrlər daxil olur. Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə həm də kitabxanaya daxil olan nəşrlərin elektron versiyasının da mütləq şəkildə olması əsas götürülür. İstər hədiyyə kimi və istərsə də komplektləşdirmə yolu ilə kitabxanaya daxil olan nəşr növlərinin elektron versiyalarının imkan daxilində əldə edilməsi nəzərdə tutulub.
Bədən tərbiyəsi və idmanın təbliği ilə bağlı akademiyanın kitabxanasında həyata keçirdiyi tədbirlərdə başlıca məqsəd sağlam nəsil yetişdirməkdir. Bu zaman işin fiziki tərəfi ilə yanaşı mənəvi tərəfi də ön planda olmalıdır. Məlumdur ki, idmanla məşğul olanların böyük əksəriyyəti gənclərdir və bu sahədə böyük gənclik ordusu cəmləşmişdir. Deməli, idman cəmiyyətin ən aktiv təbəqəsi olan gəncləri öz ətrafına cəmləməklə pis vərdişlərə meyllənməyin qarşısını alır. İnternetin həyatımıza bu qədər sürətlə daxil olduğu, qloballaşmanın mənfi təsirlərindən qorunmağın bu qədər çətin olduğu bir zamanda idmanın təbliğ edilməsi çox aktualdır. Kitabxana işçiləri üçün önəmli məqamlardan biri tələbə-gənclərin uğurlarına, qələbələrinə sevinmək, onun təbliği sahəsində hər cür imkanlardan istifadə etməkdir. Tədbirlərin təşkilində Nərimanov rayonunda fəaliyyət göstərən dövlət orqanları, ictimai birliklər və müxtəlif qurumlar, idmanla bağlı idarə və təşkilatlarla akademiyanın kitabxana işçıləri sıx əlaqə saxlayır və öz köməklərini əsirgəmirlər.


Akademiyanın
tələbələri mütaliəyə
həvəs göstərirlər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman tarixi elmi mərkəzi tərəfindən hazırlanmış kitabxananın elektron bazasında Heydər Əliyev irsinin tədqiqi, Azərbaycanda bədən tərbiyəsi və idman haqqında qanunlar, sərəncam və fərmanlar (1918-2018-cı ıllər), dövlət proqramı, idmanla bağlı rəsmi sənədlər, idmanın tarixi, Olimpiya, dünya və Avropa çempionları və mükafatçıları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaranma tarixi, kitabxananın yaranma tarixi, şəhid idmançılar, milli qəhrəmanlar, generallar, filmlər, fotoqalereya xronoloji ardıcıllıq əsasında düzülmüşdür.
İdmanın təbliği, gənc nəslin sağlam gələcəyinin təmin edilməsi məqsədilə akademiyanın kitabxanasında kütləvi tədbirlərin müxtəlif formalarından istifadə edilir. Bundan başqa, hazırkı şəraitdə kitabxanaların çap imkanlarının həddindən artıq zəiflədiyi bir zamanda ayrı-ayrı görkəmli idmançıların yaradıcılığına, müxtəlif bədən tərbiyəsi və idmana aid ədəbiyyat nümunələrinə həsr olunmuş kiçik formatlı nəşrlər, kiçik tövsiyə biblioqrafik göstəriciləri, çap plakatları idmançıların nailiyyətləri haqqında soraq kitabçaları və s. hazırlamaq mümkun deyil. Ona görə də bədən tərbiyəsi və idmana aid ədəbiyyatın təbliği zamanı təsadüfi hallarda bu üsullara rast gəlmək olur.
Oxucularda vətənpərvərlik hisslərinin aşılanmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında mətbuatdan istifadə edərək bədən tərbiyəsi və idmana aid elmi əsərlərin təbliğat işini daim yaxşılaşdırmaq, onların hər bir oxucuya ən asan yolla çatmasına kömək etmək lazımdır. Bədən tərbiyəsi və idmana aid elmi əsərlərin, idman nailiyyətlərinin təbliğinin ən geniş yayılmış forması KİV-lərlə əlaqədir.
Akademiyanın kitabxanasında KİV-lər hər zaman oxucuların köməyinə çatır. Kitabxanaçı Zəminə Abbasova oxucularla fərdi iş apararkən, kitabxananın işi haqqında məlumat verərkən və kitab tövsiyə edərkən özünün şifahi söhbətinə əlavə olaraq oxucuya çap materialı da təqdim edir. Mətbuatda dərc olunan məlumatlar həm kitabların əyani təbliğatı zamanı sərgiləri tamamlayır, həm də görkəmli idmançılara, Olimpiya çempion və mükafatçılarının həyatına həsr olunmuş gecələrin, idmana aid kitabların icmallarının təşkili zamanı kütləvi işdə istifadə edilir.
Bədən tərbiyəsi və idmanın təbliğində kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni-yeni oxucular cəlb edilir. Bu da bədən tərbiyəsi və idmanın təbliğındə oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulması, istifadəçilərə keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda kitabxanada 941 istifadəçi elektron formada qeydiyyatdadır. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, mədəniyyətimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Əlbətdə bizim məqsədimiz tələbə gənclərin kitablara mütailəyə marağının artırılması, kitabın təbliğatı, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunması, kitabxanaların elmi və mədəni irsinin toplanıb qorunması, "Səyyar Kitabxana”nın fəaliyyəti, elmi müəssisələr arasında əməkdaşlığı inkişaf etdirməkdir. Çalışırıq ki, akademiyanın kafedraları və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirək, oxucularda vətənpərvərlik hisslərini tərbiyə edək. Fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etməklə, idmançı gənclərin informasiya tələbatının ədəbiyyatla təmin olunmasına yardımçı olaq.