Akademiyanın idman qurğuları sağlamlığın qorunmasına xidmət edir

Akademiyanın idman qurğuları sağlamlığın qorunmasına xidmət edir


Bir neçə ildir ki, mətbuat səhifələrində "sağlam həyat tərzi”, "fəal həyat tərzi” anlayışlarına tez-tez rast gəlirik. Həmişə də bu ifadələr dünya xalqlarının ümumi bəlasına çevrilmiş narkomaniya, alkoqolizm, siqaret çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağın ən vacib vasitəsini ifadə edirlər. "Sağlam həyat tərzi”, "fəal həyat tərzi” ifadələri bir-birinə yaxın olan anlayışlardır. Belə ki, fəal həyat tərzi keçirmək istəyən insanın başlıca məqsədi öz sağlamlığını qorumaqdan ibarətdir. Sağlam həyat tərzi keçirmək, fəal fiziki hərəkətlərlə məşğul olmadan mümkün deyildir.
Təəssüf ki, zəmanəmizdə sağlam həyat tərzi keçirənlərin sayı ildən-ilə azalmaqdadır. Cəmiyyət üçün ən dəhşətlisi odur ki, pis vərdişlərə qurşananlar arasında məktəblilər də vardır. Narkomaniyanın, alkoqolizmin necə fəlakət olması, insan sağlamlığını necə məhv etməsi yaxşı məlumdur. Bu yazıda məqsədimiz insanları belə zərərli vərdişlərdən uzaqlaşdırmağın yollarını tapmaq, sağlam həyat tərzinin təbliğ olunmasını təmin etməkdir.
Şəxsiyyətin hərtərəfli və harmonik inkişafının tərkib hissəsi olan fiziki tərbiyə yetişməkdə olan gənc nəslin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı yaranan bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanları siqaret və spirtli içkilərə olan aludəçiliklərdir. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmələri fiziki tərbiyə məşğələlərinə cəlb etməkdir. Bu işdə bədən tərbiyəsi müəllimləri digər fənn müəllimləri və valideynlər ilə əlbir fəaliyyət göstərməlidir. Sağlam həyat tərzinin əsası ailədən başlayır.

Ailədə olan sağlam münasibətlər və uşağın şüurunda dərin iz buraxır. Cəmiyyətin ilkin özəyi olan ailədə, uşaq bizi əhatə edən aləm haqqında ilk təsəvvürləri yaradır. Gənc nəslin fiziki tərbiyəsində məktəb böyük rol oynasa da, bu işdə ailə və ictimaiyyətin köməyi olmadan keçinmək mümkün deyil. Sağlamlıq həyat rəhnidir, xöşbəxtliyin özülüdür. "İnsan üçün ən qiymətli şey nədir dünyada - var-dövlət, yoxsa şöhrət?” sualına qədim filosoflardan biri belə cavab vermişdir: "Nə var-dövlət, nə də şöhrət hələ adamı xöşbəxt etmir. Sağlam dilənçi xəstə adamdan xoşbəxtdir. İnsanın sağlamlığı yalnız onun şəxsi işi deyil. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, o, "dövlət əmlakıdır” ki, onu da qorumaq lazımdır. Bu yaxınlarda prezident İlham Əliyev tərəfindən xalq səhiyyəsinin daha da yaxşılaşdırılması tədbirləri haqqında xüsusi qərar qəbul edilib. Bu sənəddə nəzərdə tutulmuş konkret tədbirlər həyata keçirilməkdədir.
Belə deyirlər ki, keçmişdə yaşlı adamlar daha çox olub. Lakin bu bir faktdır ki, bizim əcdadlarımızın həyatı sərt keçib, onlar ağır zəhmətlə yaşamaq üçün yol axtarıblar, vəsait tapıblar. Hətta nisbətən son zamanlar da orta ömürlülük aşağı olub. Belə ki, Qərbi Avropada XVI əsrdə orta ömür 21 il, XVII əsrdə 26 il, XX əsrdə isə 34 il qeydə alınıb. Rusiyada Böyük Oktyabr Sosialist inqilabına qədər orta həyat ömrü 33 il olduğu halda, bu rəqəm indi iki dəfə artıb. Alimlərin fikirlərinə, mülahizələrinə müraciət etsək, insan ömrünün bir əsrə bərabər olduğunu, hətta ondan çox olmasını təsdiqləyən faktlara rast gələcəyik. XVIII əsrin məşhur fizioloqu Qallerə görə, insanın yaş hüdudu 200 ildən az olmaya bilər. Digər alman həkimi Qufeland da bu fikiri bölüşür. Görkəmli rus alimi İ.İ.Meçnikov güman edirdi ki, insan 150 ildən çox yaşayacaqdır. Azərbaycanda uzunömürlülərlə rekord qazanmışdır. 160 illik yubileyində sinəsini Qırmızı Əmək Bayrağı ordeni bəzəyən Mahmud Eyvazov hələ də gümrah idi. 150 yaşı olanda o demişdi "Mənim çox yaşamağımın sirri yorğunluq nə olduğunu bilməməyimdir. Zəhmətlə çalışan adamları torpaq qəbul etməyə heç də tələsmir”.
1805-ci ildə dünyaya göz açan Şirəli Müslümov olduqca söhbətcil idi, bağda - təsərrüfatda işləyib 168 yaşında həyatdan köçüb.

Kolxozçu Məcid Ağayevi pensiyaya yola salanda o özü belə qərara gəlib ki, hələlik işləsin. Gözətçi işləyən Məcid kişi həmişə deyirmiş: "Əgər dəmir işlənirsə, pas onu tuta bilməyəcək”. Belə misalların sayını artırmaq olar. Bir məsələni də xatırladaq ki, uzunömürlülüyün əsas sirri - əməkdir, fiziki hərəkətlərdir. Azərbaycan uzunömürlülər diyarıdır. Haqlı olaraq çox vaxt ortalığa belə bir sual çıxır: Nəyə görə Azərbaycan bütün dünyada uzunömürlülərin sayına görə birinci yeri tutur? Ümumiyyətlə, uzunömürlülük bir sıra təbii, bioloji və sosial-iqtisadi faktorlarla bir-biri əlaqəlidir. Mütəxəsislərin fikrincə, uzunömürlülər Azərbaycanda təkcə yaşının çoxluğuna görə deyil, həm də bütün fizioloji keyfiyyətlərini saxladıqlarına görə fərqlənirlər.
Azərbaycanda uzunömürlülüyün yüksək səviyydə olması məhz bu respublikaya xas olan bir sıra xarakterik amillərlə əlaqədardır. Bunlara milli adət və ənənələrimiz, Azərbaycan xalqının psixoloji halı, təbii coğrafi şərait, qidalanmanın xarakteri və s. aiddir. Milli xüsusiyyətlərin və milli adət-ənənələrin uzunömürlülükdə böyük psixoloji əhəmiyyəti vardır. Azərbaycan uzunömürlüləri adətən böyük, səmimi və mehriban ailə içərisində yaşayırlar.
Azərbaycanın təbii coğrafi mühitinin (iqlimin, relyefin, bitki və heyvanat aləminin) də uzunömürlülükdə rolu böyükdür. Bəzi alimlərimiz daha əlverişli iqlim şəraitinə malik olan dağ rayonlarında uzunömürlülərə daha çox təsadüf olunduğunu göstərirlər. Lakin son illərin müşahidələri istər dağ və ya dağətəyi, istərsə də aran rayonlarında uzunömürlülərin sayında əsaslı fərq olmadığını göstərir. Bu amillərdən başqa, milli xörəklərin, zəhmətkeşliyin, əməksevərliyin də uzunömürlülükdə rolunu kiçiltmək olmaz. S.N.Sergeyev Senskinin sözləri ilə desək, uzunömürlülüyün səbəbini əməkdə axtarmaq lazımdır. Nəhayət, uzunömürlülükdə irsi meylin, başqa sözlə desək, genetik faktorun da rolunu kiçiltmək olmaz. Aparılan tədqiqatlar göstərir ki, uzunömürlü şəxslərin ailələrində, hətta bir neçə nəsildə uzunömürlülərə tez-tez rast gəlmək olur. Bu göstəricilərə əsasən belə nəticəyə gələ bilərik ki, zəhmətkeşlərin asudə vaxtının formalaşmasında fiziki tərbiyə gənc nəslin vərdiş və bacarıqlarını təkmilləşdirir və onları tədricən mürəkkəbləşdirir. Bununla yanaşı gənc nəsildə narkomaniya, alkoqolizm, papiros çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağa, yoldaşlıq, dostluq, təvazökarlıq, nəzarət, məsuliyyət və öz xalqının, vətəninin şərəfini qorumaq hisslərini möhkəmləndirir, təşəbbüskarlıq və intizam tərbiyə edir. Oyun, idmana, turizmə, səyahətlərə maraq və məhəbbət aşılayır. Ölkəmizdə idman inkişaf etdikcə onun maddi-texniki bazası da möhkəmləndirilir, Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikanın regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Habelə, səmərəli məşq üçün hər cür şərait olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni-yeni qurğular istifadəyə verilir.


Belə sağlamlıq zonalarından biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman bazalarıdır. Akademiyanın rektoru Fuad Hacıyev deyir: "Bədən tərbiyəsi və idmana dövlətin diqqət və qayğısı sahəsində ölkəmizdə gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, Olimpiya hərəkatının genişləndirilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Akademiyanın ixtisasçı tələbələri beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazanmışdır. Müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarının, dünya kuboku yarışlarının Azərbaycana salınması artıq ənənə şəklini almışdır”.
Hal-hazırda Azərbaycan təhsilinin günbəgün qazandığı uğurlar müxtəlif mərhələlərdə xüsusən 80-ci illərin əvvəllərində və respublikanın müstəqilliyi dövründə aparılan təhsil islahatlarının hazırlanıb həyata keçməsi ulu öndər Heydər Əliyevin əvəzsiz və böyük xidmətlərinin bəhrəsidir. Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olduğunu təsdiq etmiş İlham Əliyev ölkə Prezidentinin yeritdiyi siyasi xətti ardıcıl olaraq həyata keçirir”. Prezident İlham Əliyev milli dövlətimizi getdikcə möhkəmləndirilmək naminə həyatımızın bütün sahələrində öz bilik, bacarıq və qabiliyyətini göstərə bilən insanların fiziki cəhətdən sağlamlığının təmin olunması probleminin həllini həmişə cəmiyyətimizi təkmilləşdirməyin baş planı hesab edir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi "Hər bir dövlət üçün və həmçinin hər bir adam üçün də can sağlığından qiymətli sərvət yoxdur. Adamların sağlamlığının mühafizə və möhkəmləndirilməsi birinci dərəcəli əhəmiyyətli olan işdir”. 

Belə ki, bədən tərbiyəsi hər bir şəxsin marağı, istehsalın, təhsilin, gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanmasının amilləri nəzərə alınmaqla bu Qanunun müddəalarına uyğun olaraq formalaşdırlır və fiziki tərbiyənin təşkilinə yönəldilir. 2006-cı il yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bütün bunlar əlbəttə akademiyamızın professor və müəllim heyətinin və onların yetirmələrini daha yaxşı fəaliyyət göstərməyə sövq edir. Bu əməyin necə qiymətli və nəcib məqsədlərin həyata keçirilməsi ilə nəticələnməsi akademiya müəllimlərini daha coşqun və səmərəli işləməyə, uşaq və gənclərə böyük idmanın qələbəyə aparan yolunu göstərməklə, yüksək ixtisaslı bədən tərbiyəsi və idman müəllimləri hazırlamağa ruhlandırır.
Ali təhsilli bədən tərbiyəsi müəllimləri dedikdə özünün fiziki hazırlığı ilə yanaşı, fiziki tərbiyənin pedaqoji, psixoloji, fizioloji və tibbi aspektlərinə, habelə təlim metodlarına dərindən və hərtərəfli yiyələnmiş kadrlar nəzərdə tutulur. ADBTİA-nın öz pedaqoji fəaliyyət proqramına uyğun olaraq fəaliyyətinin islahatlar yolu ilə gedən inkişaf xəttini aşağıdakı kimi xarakterizə etmək olar. Vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilən akademiya rəhbərliyi və burada çalışan pedaqoji kollektiv öz vəzifələrini yerinə yetirməyə xüsusi qayğı və məsuliyyət hissi ilə yanaşır, yüksək ixtiaslı bədən tərbiyəsi müəllimləri hazırlamaqla yanaşı, ölkəmizdə bədən tərbiyəsi və idmanın şöhrətini yüksəltmək, respublika gənclərinin ictimai fəallığını gücləndirmək. Akademiyanın tələbələri Avropa, dünya birinciliklərində, çempionatlarında, beynəlxalq turnirlərdə və universiadalarda 76 medal qazanmışlar (2018-ci il). Təkcə 2018-ci ildə akademiyanın tələbələrindən 2615-i idman ustalığı normasının yerinə yetirib.
Müstəqillik illərində akademiyanın tələbələrindən 15-i əməkdar idman ustası, 90-ı beynəlxalq dərəcəli idman ustası, 1975-i idman ustası, 4802-i idman ustalığına namizəd normativlərini yerinə yetiriblər. Hazırda akademiyanın 12 idman qurğusu və kompleksi fəaliyyət göstərir: Onlar 1 güləş zalı, 2 gimnastika zalı, 1 atıcılıq zalı,1 şahmat otağı, 1 üstü açıq üzgüçülük hovuzu, 1 basketbol zalı, 1 həndbol zalı, 1 boks zalı, 1 ağır atletika zalı, 1voleybol zalı, 1500-ə qədər tamaşaçı tutan stadiondan ibarətdir. "Bakı şəhərində idmanın kütləviliyinə nail olunmasında bizim stadionun özünə məxsus yeri vardır. 1974-cü ildən bu arenada müxtəlif növlər üzrə məşqlər yarışlar keçirilir. Stadionda birinci növbədə akademiyanın tədris işləri həyata keçirilir. Asudə vaxtlarda əhalinin ixtiyarına verilir. Səhər saat 6:00-dan axşam 2000-a qədər stadion açıq olur. Burada müxtəlif yaş qruplarına aid insanlar öz sağlamlıqlarını qoruyurlar. 40 il əzrində keçirilən məşq və yarışların sayı-hesabı yoxdur. Gün ərzində yüzlərlə insan bizim stadiondan istifadə etməklə öz sağlamlıqlarını qorumaqla yanaşı idman ustalıqlarını artırırlar. Demək olar ki, onlar burada fəal istirahət edirlər. İdmanın müxtəlif növləri üzrə yığma və klub komandaları üçün də şərait yaradırıq. Stadionda yenidən quruma işləri 2015-ci ildə akademiyanın rektoru Fuad Hacıyevin göstərişi ilə həyata keçirilib. Qaçış cığırları, tribunadakı oturacaqlar yenidən təmir olunub. Bizim stadionda bu məqsədlə əsaslı təmir işləri görülmüşdür. 2300 oturacağı olan tribunanın genişləndirilməsi həyata keçirilmişdir. Bakı şəhərində idmanın kütləviliyinin artırılmasına nail olmaq üçün bizim kollektiv əlindən gələni əsirgəmir”.

TREND informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyir: Məlumdur ki, güc, cəldlik və dözümlülük insanın fiziki inkişafını səciyyələndirən əsas keyfiyyətlərdir. Bunları əldə etmək üçün isə qısa distansiyalara qaçışla məşq etmək, səhər gimnastikası və aerobika ilə məşğul olmaq lazımdır. Bununla həm xəstəlikləri törədən amillərin qarşısını almaq, həm də fiziki cəhətdən sağlam olmaq mümkündür. Eyni zamanda yaş öz sözünü deyir və bədənin möhkəmlənməsi ən güclü sağlamlaşdırıcı vasitədir. Bununla siz bir çox xəstəliklərdən uzaqlaşaraq ömrü uzatmağa nail ola bilərsiniz.
Mən və mənim dostlarım belə bir şəraiti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda əldə etmişik.Bu idman meydançasında İstər qaçış, istərsə də velosiped sürmək, müxtəlif idman qurğularında məşq etmək üçün hər cür şərait yaradılıb. Təşəkkürümüzü bildiririk. Yaxşı deyiblər "Sağlam bədəndə sağlam ruh olar”.
Polkovnik Əli Orucov deyir: Mən hər gün səhər saat- 6:30-da bu stadiona gəlirəm. 5 km yeriyirəm. Səhər gimnastikası ilə məşğul oluram. Bir sözlə mən həmişə hərəkətdə oluram. Haqlı olaraq deyirlər ki "Cəld və qıvraq olana xəstəlik də çata bilməz”.
ADBTİA-nın baş müəllımı, idman ustası Sadıq Sadıqov da idmanda qazandığı bütün nailliyyətlərə bu stadionda nail olduğunu bildirir. Qüvvənin qənaətlə sərf olunması, hərəkətlərə minimum enerji işlədilməsi hər hansı məsafəyə qaçarkən həlledici əhəmiyyətə malikdir.
Yüksək sürətlə qaçmağa başlamazdan əvvəl özündə ümumi dözümlülük xasiyyəti yarat. Bu, gücdən düşməyinin qarşısını alar. Qaçış texnikasını öyrənmək üçün ən yaxşı vasitə sürəti tədriclə artırmaqdan ibarətdir. Sürət hər dəfə artırıldıqca hərəkətlərin sərbəstliyi olduğu kimi qalmalıdır. Yorğunluq hiss olunan kimi sürətin artırılmasını dayandırmaq və bundan sonra ətalət qüvvəsi üzrə, mümkün qədər sərbəst qaçmaq lazımdır. Məşq üçün mümkün qədər yumşaq qaçış yolu seç. Ot və yumşaq qum üzərində qaçmaq çox faydalıdır. Yer bərk olsa, ayaqların ağrıyar və tez yorularsan. Bizim bu stadion bütün bu tələblərə cavab verir. Sağlamlığınızı artırmaq üçün, hamınızı bu stadiona dəvət edirəm. AzDBTİA-nın üzgüçülük kafedrasının baş müəllimi Vaqif Əliyev deyir: "Mənim bu yaxınlarda 75 yaşım tamam oldu. Üzgüçülük üzrə mütəxəssisəm. Mən hər gün ümumfiziki inkişafımı artırmaq üçün ixtisasçı tələbələrimlə birlikdə bu stadionda məşğul oluram. Bütün gənclərə mənim məsləhətim odur ki, üzgüçülük idmanı ilə məşğul olsunlar. Müntəzəm çimmək nəticəsində sinir və əzələ sistemlərinin tonusu yüksəlir, maddələr mübadiləsi yaxşılaşır orqanizmin soyuqdəymə xəstəliklərinə müqaviməti artır.

Çimmək mövsümünə suyun və havanın temperaturu 18-20 dərəcəyə çatanda başla. Havanın temperaturu 14-15 dərəcə, suyunku isə 10-12 dərəcə olanda çimməyi dayandır. Ən yaxşı çimmək vaxtı səhərlər və axşamlardır. Mahir üzgüçü olmaq istəyirsənsə hər şeydən əvvəl suda düzgün nəfəs almağı öyrən. Belə bir hərəkəti yerinə yetir: elə çöməl ki, su çənənədək çatsın nəfəs al və üzünü suya endir. Nəfəsini ağzın vasitəsilə yavaş-yavaş burax - elə bil ki, isti çayı üfürürsən. Bu hərəkətin ahəngi belə olmalıdır: "bir” sayında dərindən nəfəs al, "iki, üç, dörd, beş” saylarında üzünü suya endirib yavaş-yavaş nəfəsini burax. Suda tənəffüsün sirlərinə yiyələndikdən sonra "üzgüçünün əlifbası” hesab edilən aşağıdakı hərəkətləri öyrən: "Üzgəc”, "Meduza”, "Paltar yaxalanması”, "Dəyirman”, "Qayçı”, "Sinə üzərində sürüşmək” hərəkətlərini icra etmək.
Beynəlxalq dərəcəli hakim Süleyman Məmmədli deyir: Mənim rəhbərliyim etdiyim tələbələrimin nailiyyətləri məhz bu Akademiyanın idman zalı və stadionunda qazanılıb. Təkcə
2012-ci ildə tələbələrim vətənimizə 164 medal gətirmişdir. Mən və tələbələrim akademiyanın rektoru Fuad Hacıyevə bizə belə şərait yaratığına görə öz təşəkkürümüzü bilidiririk.