Bədən tərbiyəsi və idman həyatımızın ayrılmaz hissəsidir

Bədən tərbiyəsi və idman həyatımızın ayrılmaz hissəsidir

Hələ 1969-cu ildə ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi vaxtda digər sahələrdə olduğu kimi, idmanın da maddi-texniki bazasının gücləndirilməsində böyük işlər görmüşdü. Xüsusilə mərkzədə və regionlarda şahmat məktəblərinin açılmasında, idman kompleksləri və qurğularının tikilib istifadəyə verilməsində ölkə idmanının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdi.
1971-ci ildə bədən tərbiyəsi və idman sahəsində dönüş yaradılması üçün Heydər Əliyev tərəfindən plenumda məsələ müzakirəyə çıxarıldı, bütün ictimai qurumlar və bədən tərbiyəsi təşkilatları qarşısında vəzifələr müəyyənləşdirildi.
Müstəqillik dövründə yenidən hakimiyyətə gəldikdə yaranan xaosu sabitliyə çevirəndən sonra yenə də idmanı diqqət mərkəzinə gətirdi.
1994-cü ildə ölkədə idmana və gəncliyə dövlət qayğısını gerçəkləşdirəcək qurum - Gənclər İdman və Turizm Nazirliyi yaratmaqla o, bu sahəyə qayğını önə çəkdi, idmana və idmançılara qayğını bilavasitə öz üzərinə götürdü. Onun məqsədi gəncləri pis vərdişlərdən, zərərli adətlərdən çəkindirmək idi. Ulu öndər deyirdi: “Gənclərimiz nə qədər bədən tərbiyəsi və idmanla məşğul olarlarsa, gəncliyimiz sağlam olacaq, ordumuz güclü, qüdrətli olacaq”. Bunun üçün də bütün ümumtəhsil məktəblərində, orta və ali təhsil müəsissələrində bədən tərbiyəsi dərslərinin artırılmasına xüsusi önəm verdi.
Təməli H.Əliyev tərəfindən qoyulan hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf, tərəqqi cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunəsi olaraq, Azərbaycan idman ölkəsi kimi, digər inkişaf etmiş dünya ölkələri sırasındadır, ən mötəbər idman tədbirləri bizim ölkəmizdə keçirilir, ali idman oyunları olan Olimpiya Oyunlarının keçirilməsinə namizəd olan ölkələr sırasındadır.
Son illər ali təhsil müəsissələrində idman kafedraları ləğv olundu, onların yerinə könüllülük əasında müxtəlif idman növlərinin keçilməsi ilə idman klubları yaradıldı. İdman klublarında bir neçə ali təhsil müəsissəsi istisna olmaq şərtilə, idman məşğələlərinin tələbələrin istəklərinə və müvafiq tələblərə uyğun keçirilməsinə imkan yoxdur. Hazırda texnologiyanın inkişaf etdiyi bir dövrdə yeniyetmə və gənclərimiz demək olar ki, günlərinin çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Hərəkətsizlik, saatlarla eyni vəziyyətdə oturub sosial şəbəkələri izləmək yeniyetmə və gənclərimizdə bəzi fiziki qüsur və xəstəliklərə gətirib çıxarır. Hazırki dövrdə pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlərin, qapanmaların, onlayn dərslərin, bu kimi halların yeniyetmə və gənclərimizə də mənfi təsiri böyükdür. Orta ümumtəhsil məktəblərində, bədən tərbiyəsi, hərbi hazırlıq dərslərinə xüsusi yer verilməsi bu günün ən aktual məsələlərindən biridir. Məktəblilərimiz hələ uşaq yaşlarından, uşaq bağçalarından bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Hazırki dövrdə qızlarımızın çoxu passiv həyat tərzi nəticəsində təbii yolla ana ola bilmirlər, oğlanlarımızın isə fiziki və hərbi hazırlıqlı olmaları gələcəyin əsgərləri kimi çox vacibdir. Baxmayaraq ki, bu gün Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində bizim güclü ordumuz var, biz qalib xalq, qalib dövlət kimi tanınırıq. Onu da yaddan çıxarmaq olmaz ki, biz həmişə öz mənfur niyyətlərindən əl çəkməyən bir qonşu ilə yaşamalı olacağıq. Bunun üçün də orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi dərslərinin sayını və keyfiyyətini artırmaq, məktəbyanı sahələrdə sadə idman qurğuları quraşdırmaq, məktəblərdə əvvəllər fəaliyyət göstərən “Tir”-in, hərbi hazırlıq dərslərinin məhəllədaxili fiziki idman və mütəhərrik oyunların bərpasına nail olmaq, ali təhsil müsəssisələrində yenidən bərpa etmək lazımdır. Sinifdaxili və məktəbdaxili idman oyunlarını genişləndirmək, mütəmadi yarışlar təşkil etmək lazımdır. Ümumiyyətlə, bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən bizi narahat edən ahıllarımızla bağlı olan məsələdir. Hazırki dövrdə vətəndaşlarımız təqaüd yaşına çatanda, sanki ömürlərinin fəaliyyət dövrlərini başa vurmuş kimi özlərini hiss edirlər. İllərlə müəyyən sahələrdə çalışan vətəndaşlarımız təqaüdə çıxdıqdan sonra depresiyaya düşürlər, özlərinə qapanırlar. Özlərini cəmiyyətdən təcrid olunmuş, lazımsız kimi hiss edirlər. Yaxşı olardı ki, təqaüdçülərimiz üçün hər rayon, bölgə üzrə yerlərdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin nəzdində sağlamlıq zonaları yaradılsın. Onlar öz asudə vaxtlarını müəyyən stolüstü oyunlar, uyğun idman növləri, açıq havada gəzintilər, müvafiq idmanla məşğul olmaqla keçirsinlər. Bizim gənc müstəqil dövlətimizə sağlam nəsillə bərabər, sağlam ahıllar da lazımdır.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir vətəndaşımızın ruhu qarşısında baş əyirik, Allahdan onlara rəhmət diləyirik. Qazilərimizi də unutmamalıyıq. Qazilər üçün Olimpiya İdman komplekslərinin nəzdində klublar açmaq, mövcud şəraiti olan idman zallarında, hətta orta məktəblərin idman zallarında onlara lazımi şərait yaratmaq, onların fiziki fəallığını inkişaf etdirmək, gələcəkdə qazilər arasında rayon, şəhər və respublika yarışlarının keçirilməsini təşkil etmək lazımdır. Onların sosiallaşması, cəmiyyətə inteqrasiyası üçün lazimi tədbirləri həyata keçirmək ən vacib məsələlərdən biridir. Bizi yaşadanları biz də yaşatmağa borcluyuq.

Cavanşir Qurbanov
Azərbaycan Respublikası Bədən tərbiyəsi və idman xadimi