“Buzun kraliçası”- Sonya Heni

“Buzun kraliçası”- Sonya Heni


 

“Əgər siz özünüzü yüksək qiymətləndirmirsinizsə,
kainat sizə bir qram artığını təklif etməyəcək”


Sonya Heni



İdman dünyasında kifayət qədər nailiyyətə sahib və maraqlı həyatı olan idmançılar az deyil. Lakin hər kəsə Adolf Hitlerin malikanəsində şam etmək, üçqat Olimpiya çempionu, on qat dünya və dəfələrlə müxtəlif turnirlərin qalibi olmaq nəsib olmur. Daim məşhur idmançılardan maraqlı yazılar hazırlayan “Olimpiya dünyası” qəzeti oxucularına bu dəfə fiqurlu konkisürmədə fenomen olan Sonya Heninin ağılasığmaz uğurlarını və bir çox maraqlı məqamları təqdim edir.
Sonya Heni 1912-ci il aprelin 8-də Norveçin Hristianiya (indiki Oslo) şəhərində varlı bir ailədə dünyaya gəlib. Onun atası Vilhelm Heniyə anasından bir neçə zavod, atasından isə kürk biznesi miras qalmışdı. Sonyanın idmana qarşı olan sevgisi və istedadı da demək olar ki, məhz atasında keçib. Belə ki, Vilhelm Heni keçmişdə əla velosipedçi olub. O, hətta, 1894-cü ildə Antverpendə keçirilən velosiped yarışları üzrə dünya çempionu adını qazanıb. Konkisürənin anası isə Norveçə ağac daşıyan gəmilərin kirayəçisi olmuşdu. Ailənin Sonyadan başqa Leyf adlı bir oğul övladları da var idi. Heni ailəsinin evində Avropanın kral ailələrinə mənsub şəxslərə daim qonaqlıqlar təşkil olunurdu. Bir sözlə, Vilhelm Heninin varlığı hər kəsin dilində dastana dönmüşdü. Belə ki, 1905-ci ildə Norveçin paytaxtında bir çox sakinlər at arabası ilə hərəkət etdiyi vaxtda, Heni ailəsi “Horch” (müasir audi - T.N) markalı avtomobil sahibi idi.


 

Fiqurlu konkisürmədə sensasiya


Velosiped üzrə dünya çempionu olan Vilhelm həyat yoldaşı ilə birgə idmana olan sevgini övladlarına lap kiçik yaşlarından aşılayırdı. Bununla da, kiçik qızı Sonya artıq xizək idman növündə uğurlu nəticələr əldə edirdi. O, həmçinin beynəlxalq dərəcəli tennis, üzgüçülük ilə də məşğul olurdu. Maraqlıdır ki, Sonyanın fiqurlu konkisürmə növündə olan istedadını ilk olaraq, onun qardaşı kəşf etmişdi.
“Mən həmin vaxt Osloda hokkey oynayırdım. Bacımın beş yaşı var idi və o, bütün gün mənim arxamca gəzirdi. Sonya çox tərs olduğu üçün onu özümdən uzaqlaşdırıb, evə göndərmək qeyri-mümkün idi. Bir gün o, məndə ayaqqabılara bərkidilən köhnə dəmirli konkilərimin olduğunu gördü. Elə həmin ərəfədə uşaqlar arasında çempionat keçirildiyi barədə məlumat yayıldı. İnanılmaz olsa da, beş yaşında bir uşaq həmin çempionatın qalibi oldu”, - deyə Leyf Heni “Buzun kraliçası, kölgələrin kraliçası” adlı bioqrafik kitabda qeyd edib.

Sonyanın qələbə qazanadığını bilən atası isə ona dərhal yeni konkilər hədiyyə etdi. Məhz bu qələbədən sonra Vilhelm Heni qızını məşhur idmançı kimi yetişdirməyə qərar verdi. O, Sonyaya dərs demələri üçün evinə dünyanın ən yaxşı müəllimlərini dəvət edirdi. Hətta həmin müəllimlər arasında məşhur rus balerinası Tamara Karsavina belə var idi. Sonya Osloda yerləşən “Froqner” stadionunda məşq edirdi. Elə burada da o, asanlıqda bütün yerli yarışlarda qələbə qazanırdı. Qızcığaz 9 yaşında olarkən böyüklər arasında keçirilən Norvec çempionatında iştirak etdi. Artıq 11 yaşında isə Şamonidə (Fransa) I Qış Olimpiya Oyunlarını 8-ci pillədə bitirdi. 1927-ci ildə Sonya Heni dünya çempionatında ilk qələbəsini əldə etdi. Təəccüblü olsa da, bundan sonra o, 10 il ardıcıl dünya çempionatının qalibi oldu. Bir il sonra isə 1928-ci ildə idmançı Olimpiya çempionu adını qazandı. Sonya Heni 15 yaşında fərdi fiqurlu konkisürmə yarışlarında qələbə qazanmaqla idman aləmində əsl sensasiya yaratdı.
“Olimpiya Oyunlarında qazandığım qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Nəticələri elan etdikdən sonra mən soyunub-geyinmə otağında oturub xeyli ağladım. Həmin an özümü dağın zirvəsinə çatmaq üçün uzun yol qət etmiş kimi hiss edirdim. Lakin indi anlayıram ki, mənim zirvəyə yüksəlməyim bir göz qırpımında baş verdi. Amma həmin yolu keçmək mənə çox çətin oldu!”, - deyə sonralar Sonya xatırlayırdı.


 

Fiqurlu konkisürmədə qısa ətəkli geyim, ağ çəkmə və rəqs
xoreoqrafiyası istifadə edən ilk idmançı


1927-ci ildə Sonya Heni Osloda keçirilən dünya çempionatının qalibi oldu. Lakin bu qələbə asanlıqla əldə olunmadı. Belə ki, gərgin idman şəraitində keçən yarışmanın qalibi hakimlər tərəfindən uzun çəkən müzakirələrdən sonra Sonya olub. Sankt-Morisdə II Qış Olimpiya Oyunları başlayanda Sonyanın heç 16 yaşı tamam olmamışdı. Sonyanın həmin vaxt artıq dünya çempionu olmasına baxmayaraq, hər kəs avstraliyalı Frits Burqerin və ya amerikalı Beatris Lauqrenin qalib olacağını düşünürdü. Lakin nəticədə avstraliyalı idmançı ikinci, amerikalı konkisürən isə üçüncü pillədə qərarlaşdı. Olimpiya Oyunlarının qalibi isə Sonya Heni oldu. Sonya idman ustalığı ilə yanaşı, buzun üzərində nümayiş etdirdiyi artistik hərəkətləri və gözəlliyi ilə azarkeşləri heyran etmişdi. Möhtəşəm çıxışı ilə yeniyetmə qızcığaz II Qış Olimpiya Oyunlarının qəhrəmanına çevrildi. Həmin vaxt, bəlkə də, bəzi azarkeşlər Sonyanın 1972-ci ildə “Elizabet üçün yeddi gün” filmində debütünü izləmişdi. Bununla da, norveçli idmançının fantastik karyerasına start verildi. İdmançı ardıcıl olaraq 10 dəfə dünya çempionu (1927-1936-cı illər), altı dəfə Avropa çempionu (1931-1936-cı illər), iki dəfə isə Qış Olimpiya çempionu adını qazandı. O, mürəkkəb çıxışların və buzda tullanmanın qüsursuz ifası ilə məşhurlaşdı. Həmçinin Sonya çətin vəziyyətlərdə hislərinə hakim olmağı, buzun üzərində hər zaman özünə əmin şəkildə duruşu ilə azarkeşlərin qəlbinə yol tapdı. Qış Olimpiya Oyunlarında ilk qələbəsindən sonra məşhurlaşan Sonya Heniyə bütün dünyadan olan azarkeşlər heyranlıq məktublarını yollayırdılar. 1932-ci ildə keçirilən III Qış Olimpiya Oyunlarındakı qələbəsindən sonra isə o, azarkeşlərin məktublarını cavablandırmaq üçün atası Vilhelm Henini şəxsi katibi təyin etdi. Belə ki, yalnız atası qızının imzasını təqlid etməyi bacarırdı. Artıq hakimlərin fiqurlu konkisürmə yarışlarında ən yaxşı kimin olduğuna dair şübhələri yox idi. Düzdür, 1936-cı ildə Almaniyanın Qarmiş-Partenkirhe şəhərində keçirilən IV Qış Olimpiya Oyunlarında qalmaqalın yaranmasının qarşısı güclə alındı. Belə ki, Sonyanın idman dünyasındakı düşmənləri MOK-un ikiqat Olimpiya çempionunu diskvalifikasiya edilməsini müzakirəyə çıxarmışdılar. Buna səbəb isə onların Sonyanı idman vasitəsi ilə gəlir əldə etməyi qadağan edən Olimpiya xartiyasını pozmasında təqsirli bilirdilər. Həmin vaxt isə fiqurlu konkisürən müxtəlif filmlərdə rol almağa davam edirdi və buzun üzərində öz mükəmməl çıxışlarını nümayiş etdirirdi. Lakin bütün idman növlərində lider olan Norveç millisi Sonyaya arxa-dayaq çıxaraq, onun oyunlardan diskvalifikasiya edildiyi təqdirdə Qış Olimpiya Oyunlarını boykot edəcəyini bəyan etdi. Təbii ki, belə bir seçim qarşısında qalan Beynəlxalq Olimpiya Komitəsi (BOK) geri addım atmağa məcbur qaldı. Yaşananlardan sarsılamayan Sonya Heni isə 24 yaşında üçüncü dəfə Olimpiya çempionu adını qazandı. 1936-cı ildə Sonya Heni karyerasını başa vuraraq həyatında yeni səhifə açdı. Gözəlliyi və cazibəsi ilə dillərdən düşməyən idmançı filmlərdə çəkilmək üçün Hollivuddan təklif aldı və ABŞ-a köçdü. Bu qərar onun məşhurluğunu birə-beş artırdı.
Sonya Heni karyerası ərzində 11 filmdə rol alıb. Onlar arasında ən yaxşısı isə 1941-ci ildə lentə alınan “Günəş vadisinin serenadası”dır. Təbii ki, filmdə baş qəhrəmanın buzun üzərindəki solo ifalarına da xüsusi yer ayrıldı. Buna görə də, Sonyanın fiqurlu konkisürmə məşqləri, demək olar ki, heç vaxt dayanmırdı. Gərgin məşqlər və yarışlarla yanaşı, o, fiqurlu konkisürmə sərgilərinin iştirakçısı kimi Avropa ilə yanaşı, Amerikada da böyük məşhurluq qazanmışdı. Hətta Praqa və Nyu-Yorkdakı çıxışları zamanı onu azarkeş kütləsindən qorumaq üçün polisə müraciət olunmuşdu. Qızlarının ən böyük fanatları olan Vilhem və onun həyat yoldaşı Norveçdə olan xəz biznesini oğulları Leyfə həvalə edərək, Sonyanın bütün səfərlərində müşayət edirdilər. Sonya Heni fiqurlu konkisürmədə qısa ətəkli geyim, ağ çəkmə və rəqs xoreoqrafiyası istifadə edən ilk idmançı hesab olunur. Onun buz üzərindəki texnikası, etdiyi yeniliklər və məftunedici tərzi bu növü həmişəlik olaraq dəyişdi.

 

Adolf Hitlerin
“hava opüşü”


1936-cı ildə Berlində keçirilən sərgi zamanı baş verən hadisə hər kəsin diqqətini növbəti dəfə Sonyaya yönəltdi. Belə ki, gözlənilməz olsa da, Sonyanın çıxışını izləmək üçün Adolf Hitler, Herinq, Qibbrls və digər yüksək rütbəli şəxslər arenaya gəlmişdilər. Mötəbər qonaqların gəldiyini öyrənən idmançı, buz üzərinə çıxmağa bir neçə saniyə qalmış fürerin harada əyləşdiyini dəqiqləşdirdi. Sonya buzun bir başından o biri başına sürətlə sürüşərək tam A.Hitlerin qarşısında dayandı. O, qolunu qaldıraraq nasist salamlaşması ilə alman dilində “Hay Hitler!” deyə ucadan qışqırdı. Adolf Hitler isə onun bu hərəkətinə qarşılıq olaraq, ona “hava opüşü” yolladı.

Növbəti gün Norveç qəzetlərində iri şriftlərlə “Sonya nasistdir?” başlıqlı məqalələr dərc olunmağa başladı. Sonya isə bu xəbərə “nasistləri deyil, Almaniyanı salamlayırdım” deyə münasibət bildirmişdi. Bu cavabdan sonra məsələ ətrafında qalmaqal yavaş-yavaş səngiyirdi. Amma Adolf Hitlerin ordusunun Norveçə daxil olanadək onun Sonya ilə dostluğu davam edirdi.
Maraqlıdır ki, Sonya Heninin Berlində üçüncü dəfə Olimpiya çempionu olmasından sonra (1936-cı il) Adolf Hitler onu öz malikanəsinə nahar yeməyinə dəvət etdi. Hitler orada idmançıya şəxsi imzası olan portretini bağışlamışdı. Təsadüf yoxsa qismətdən məhz bu portret gələcəkdə Sonyanın ata evini almanlar tərəfindən viran edilməsindən xilas etdi. Belə ki, alman ordusu evdə Adolf Hitlerin imzalı portretini görəndə evdən heç nə götürməmiş və evə heç bir ziyan vurmamışdılar.

 

“Buzun kraliçası”
məşhurluğun
zirvəsində


Sonya Heni 1936-cı ildə 24 yaşında idmanı tərk edib buz üzərində hollivud baletinin ulduzu oldu. Hər zaman qızına dəstək olan atası bu dəfə də onu tək buraxmadı. O, qızının daha da tanınması üçün Hollivudda xeyriyyə konsertləri təşkil edib bütün məşhur ulduzları bir araya toplayırdı. Tezliklə prodüser Derril Zanuk Sonyanın filmdə əsas qəhrəmanı canlandıracağı hər bir film üçün 75 min dollarlıq, beş illik müqavilə təklif etdi. Beləliklə, Sonya Heninin aktrisa karyerasında ilk uğuru “Milyonda bir” filmi oldu. 1927-1958-ci illərdə S.Heni 15 filmə çəkildi.
Bununla yanaşı o, Artur Virs ilə buz üzərində balet turu müqaviləsi imzalamışdı. Məşhurluğun zirvəsində olan zaman Sonyanın keçirdiyi turlar ona illik 2 milyon dollar gəlir qazandırırdı. Bundan əlavə “buzun kraliçası” konyak, geyim, zinət əşyaları reklamlarından da külli miqdarda gəlir əldə edirdi. Həmin dövrdə o, dünyanın ən varlı qadınlarından biri idi. Sonyanın qardaşı Leyf bacısını təsvir edərək, onun pul və yüngül həyat tərzi keçirməyi sevdiyini vurğulayırdı.
Həmçinin Leyf Heni “Buzun kraliçası, kölgələrin kraliçası” kitabında Sonyanın qəliz xasiyyəti olduğunu və şəxsi mənafeyi üçün insanları, hətta yaxınlarını belə rahatlıqla istifadə etdiyini qeyd edib. Deyilənə görə, tibb bacısı Sonyaya onun anasının artıq can verdiyini bildirdiyi anda o, heç də kədərlənməmişdi. Əksinə, sakit tərzdə katibindən anasının zinət əşyalarını götürməsini tələb etmişdi.

 

Üç nikah və
gözlənilməz ölüm


Üç rəsmi nikahla yanaşı, Sonyanın xeyli sevgi macəraları olub. Məşhur idmançının tərəfdaşları sırasında fiqurlu konkisürənlər Cek Dann, Stüart Rebern və aktyor Van Conson var idi.
Sonyanın sonuncu həyat yoldaşı norveçli gəmiqayırma ustası, elm və mədəniyyətin inkişafı üçün təmənnasız yardımlar edən Nils Unstad olub. Deyilənə görə, yalnız Nils Sonyanın iradəsinə müqavimət göstərə biləcək yeganə insan idi. S.Heninin əvvəlki iki həyat yoldaşından fərqli olaraq, biznesmen N.Ustad həyat yoldaşının maddi dəstəyinə ehtiyac duymurdu.
S.Heni həyat yoldaşını onun yanında, yəni qərb sahilində yaşamağa məcbur edirdi. Amma onun təkidlərinə baxmayaraq, Nils bununla razılaşmadı və Sonya şərq sahillərinə köçmək məcburiyyətində qaldı. Nils ən sevimli gəmisini Sonyanın şərəfinə adlandırmışdı. O, həyat yoldaşının çətin xasiyyətinə və qohumları ilə olan söz-söhbətlərinə həyatının sonuna kimi dözməyə hazır idi. Məhz Nils həyat yoldaşına incəsənətə investisiya qoymaq ideyasını təklif etdi. Bununla da, 1968-ci ildə onlar “Heni-Ustad” incəsənət mərkəzi açdılar. Həyat yoldaşların kolleksiyası kimi saxlanılan muzeyi hər il yüz min insan ziyarət edir.
Əgər nağıllarda əsas qəhrəmanlar xoşbəxt və uzun ömür yaşayırlarsa, Sonyada bu belə olmadı. Belə ki, leykomiyadan əziyyət çəkən Sonya Heni 1969-cu ilin oktyabr ayında Parisdən Osloya uçarkən təyyarədə 57 yaşında dünyasını dəyişdi.

 

Hazırladı:
Türkay Niftəliyeva