Qalibə deyil, qurbana çevirən - dopinq

Qalibə deyil, qurbana çevirən - dopinq



Mötəbər yarışlarda qələbə qazanmaq hər bir idmançının arzusudur. Xəyal edilən qızıl medala sahib olmaq üçün idmançılar gecələrini gündüzlərinə qatıb aylarla məşq edirlər. Lakin bəzi idmançılar əlavə gücləndiricilərdən istifadə etməklə zəfərə gedən yolu qısaltmağa çalışırlar. Hər zaman ən aktual mövzularla bağlı yazılar hazırlayan "Olimpiya dünyası” qəzeti bu dəfəki sayında oxucularına dopinqin tarixi, qurbanları və əsrlərdir aparılan mübarizə barədə məlumat verəcək. Dopinqin ziyanları barədə demək olar ki, hər addımda məlumat verilməsinə baxmayaraq, məsələ illərdir ki, ən aktual mövzulardan biridir. Güclü təsiredici preparatların qəbulu atletin ürəyinin qəfil dayanmasına səbəb ola bilir. İdmançıların qadağan olunmuş maddələrin həddindən artıq dozasından istifadə halları 1800-cü illərin sonlarında qeydə alınıb. Lakin dünya dopinqin ölümcül nəticələrindən yalnız ötən əsrin 60-cı illərində xəbər tutub.
 

Qədimdə
dopinq

İdmançıların yarışlarda güc və dözümlük artırmaq üçün müraciət etdikləri gücləndiricilərdən istifadəsi eramızdan əvvəl 776-cı ildə Yunanıstanda təşkil olunan ilk Olimpiya Oyunlarından başlayır. Müasir dövrə gəlib çatan məlumatlara görə, antik Olimpiada iştirakçıları yarışlardan əvvəl bir qədəh şərab və yaxud bitkilərdən hazırlanmış şəfalı içki içərdilər. Qədim olimpiyaçılar ət məhsullarından da həddindən artıq çox istifadə edirdilər. Onlar heyvanların daxili orqanlarından da güc mənbəyi qismində yararlanırdılar. Maraqlıdır ki, yunan atletləri uzun məsafəyə qaçışda yorğunluq hiss etməmək üçün künçüt toxumlarının faydalı olduğunu düşünürdülər. Boksçular və güləşçilər isə birincilik uğrunda ağılasığmaz üsula əl atırdılar. Belə ki, onlar yarışa bir neçə dəqiqə qalmış muxomor (zəhərli göbələk) yeyirdilər. İdmançıların fikrincə, muxomor yarış zamanı onların reaksiyasının daha da yüksəlməsinə və rəqibin endirdiyi zərbəyə dərhal cavab verməyə kömək olur.
Qədim misirlilər də qələbə qazanmaq üçün demək olar ki, bütün üsullara əl atırdılar. Misirlilərin qeyri-adi "güc mənbəyi” bir çoxlarını təəccüb içərisində buraxır. Məsələ burasındadır ki, Misir atletləri yarışlarda yüksək nəticə əldə etməyin açarını əzilərək yağda qızardılmış və çəhrayı ləçəklərlə qarışdırılmış abissin uzunqulağının arxa pəncəsində görürdülər.



 

Qələbənin
yeni üsulu


Bəzi alimlərin təxminlərinə görə ingilislər "dopinq” sözünü Afrika qəbiləsi olan zuluslardan götürüblər. Fərziyələrə görə, Afrika qitəsinin əhalisi yerli spirtli içkini və ya dini ayinlərdə istifadə olunan psixotrop mayeni məhz belə adlandırırdılar. Elə buradan da, ingilis dilində "to dope” ifadəsi yaranıb. Bu ifadə hərfi mənada "atın yarışlarda daha yaxşı qaçması üçün onu narkotik maddələr ilə yedizdirmək” anlamına gəlir.
Digər alimlərin fikrincə, dopinq sözü dilimizdə qaraçıların sayəsində yaranıb. Belə ki, fərziyələrə görə onlar qarət etmək istədikləri insanlara dopinq deyilən durman otlarının toxumları ilə hazırlanmış tütün təklif edirdilər.

Müasir Olimpiya Oyunlarının başlaması isə atletlər və onların məşqçiləri üçün daha böyük uğurlar qazanmaqda yeni üsulların axtarışına səbəb oldu. Məsələn, fransız velosipedçiləri çaxır və koki yarpaqlarının ekstraktının qarışığını içməyi sevirdilər. Onların belçikalı rəqibləri isə səfərlər zamanı efir yağında isladılmış qənd parçasından istifadə edirdilər. Britaniyalı atletlər də rəqiblərindən geri qalmırdılar. Belə ki, ölkə idmançıları kokain və heroinin qarışımından hazırlanan "spidboll” preparatından yararlanırdılar. Kokainə həmçinin boksçular da xüsusi rəğbət bəsləyirdilər. Hətta onlardan bəziləri yarışlardan əvvəl bədənlərinə kokain tərkibli yağlar çəkirdilər.

 

"Çempionun səhər yeməyi”


1936-cı ildə Berlində (Almaniya) keçirilən Olimpiya Oyunları alman idmançılarının 89, ABŞ atletlərinin isə 56 medal qazanması ilə yadda qaldı. Müasir dövrdə alman idmançılarının qazandığı bu möhtəşəm nəticənin səbəbi ölkə alimlərinin bir il əvvəl icad etdikləri sintetik testesteron - yəni kişi hormonu olduğu qeyd olunur. Belə ki, daha güclü və aqressiv olmaları üçün nasist həkimləri bu hormonu əsgərlərə təyin edirdilər. İkinci dünya müharibəsindən sonra isə dinabol (yüksək xüsusiyyətli sintetik testesteron) erası başladı. Amerikalı Con Tsiqlerin dinabolu məhz ABŞ-ın ağırlıqqaldırma millisi üçün hazırladığı bildirilir.

Maddənin istifadəsindən sonra əzələlər sürətlə böyüməyə başlayır. Preparatın üstünlüyü isə ondan ibarət idi ki, istifadədən sonra onun gözəçarpan əks təsirləri hiss olunmurdu. Maraqlıdır ki, məşqçilər dinabolu böyük qablarda süfrəyə təqdim edirdilər və idmançılar onu ovuc-ovuc çörək ilə yeyirdilər. Bu isə "çempionun səhər yeməyi” adlanırdı.


 

Dünyanı ayağa
qaldıran dopinq


Bütün dünyanı cənginə alan dopinqlə aktiv mübarizə aparan ilk qurum Beynəlxaq Yüngül Atletika Federasiyası oldu. 1928-ci ildə federasiya idmançılarına gücləndirici preparatlardan istifadəni qadağan etdi. Lakin həmin vaxt dopinq nəzarət sistemi mövcud olmadığından bu addım ciddi dəyişikliyə yol açmadı. Amma bir neçə məşhur idmançıların ölümündən sonra vəziyyət kəskin şəkildə dəyişdi. Beləliklə, 1960-cı il avqustun 26-da danimarkalı velosipedçi Knut Yenssen Romada keçirilən Olimpiya Oyunlarında 100 kilometrlik yarış zamanı yerə yıxılaraq, dünyasını dəyişdi.

Həkimlərin araşdırması nəticəsində isə idmançının bədənində 20-ci illərin əvvəllərində icad edilmiş və İkinci Dünya müharibəsi zamanı aktiv istifadə olunan amfetamin aşkarlanmışdı. 1967-ci ildə "Le Tour de France” yarışı zamanı 1956-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısı velosipedçi Tommi Simpsonun qalmaqallı ölümü dopinq sistemində dəyişikliyə səbəb oldu. Belə ki, bu hadisədən sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıların qanında zərərli maddənin mövcudluğunu yoxlamaq üçün sidik analizinin mütləq olduğunu bəyan etdi. Bununla da, bütün dünyada dopinqə qarşı əsl mübarizə başladı.


 

Qurbana
çevrilən qaliblər


İdman aləmində dopinqin ilk qurbanı ingiltərəli velosipedçi Artur Lintondur. O, 1896-cı ildə Parisdə keçirilən 600 kilometrlik Bordo yarışındakı qələbəsindən 6 həftə sonra vəfat edib. İdmançının qarın yatalağı xəstəliyindən dünyasını dəyişdiyi bildirilsə də, velosipedçi yarış zamanı strixnin və heroindən hazırlanmış içkidən istifadə etdiyini gizlətmirdi. Maraqlıdır ki, həmin vaxt məhz bu tərkibli içki qələbə qazanmaq üçün ən yaxşı vasitə hesab olunurdu. Bu vasitəyə demək olar ki, ilk Olimpiadanın bütün iştirakçıları müraciət edirdilər. Tropik fındıq ağaclarının toxumlarından hazırlanmış strixnin yarış zamanı idmançıları ən yaxşı canlandıran maye hesab olunurdu.
Heroin və kokain isə yüksək fiziki güc nəticəsində yaranan aclıq və yorğunluğu aradan qaldırmaq üçün istifadə edilirdi. 1904-cü ildə ABŞ-da təşkil olunan Olimpiya Oyunları zamanı yarış marafonu lideri Tomas Hiks trassda yerə yıxılaraq, hər kəsi qorxuya salmışdı. Yalnız idmançının məşqçisi vəziyyəti nəzarətə alıb, hər kəsin gözü önündə idmançının bədəninə strixnin maddəsi yeritdi. Bundan sonra Tomas heç nə olmamış kimi ayağa qalxaraq, yarışa davam etdi. Lakin bir neçə dəqiqə sonra idmançı yenidən huşunu itirdi və prosedur təkrarlandı.

Heç kəsə sirr deyil ki, yarışlarda yüksək nəticə əldə etmək üçün idmançılar hormonal dərmanlara da müraciət edirdilər. Tarixdə hormonal dopinqin ən məşhur qurbanlarından biri isə 1986-cı ildə nüvəitələmə üzrə Avropa çempionu olan Haydi Kriqerdir. 16 yaşından həkimlər və məşqçilər tərəfindən yüksək dozalı preparatlar vurulan alman atleti 1990-cı ildə karyerasını bitirib. Uzun müddət depressiyada olan idmançı zamanla hansı cinsə mənsub olduğundan şübhə edirdi. Lakin bir müddət sonra Haydi özündə kişiyə xas xüsusiyyətlərin daha çox olmasını hiss edərək həyatını dəyişəcək bir qərar verdi. Beləliklə, o, 1997-ci ildə Haydi olmasına son qoymaq üçün əməliyyat masasına uzanır. Həmin vaxta kimi isə Haydinin istifadə etdiyi hormonal dərmanlar öz təsirini göstərməyə başlamışdı. Belə ki, bəzi hallarda insanlar onu əks cinsin nümayəndəsinə bənzədirdilər. Əməliyyatdan sonra Andreas Kriqer adı ilə həyatına davam edən idmançı dopinq qalmaqalında adları hallanan məşhur məşqçiləri təqsirləndirməyə başladı. Bir müddət sonra isə Andreas keçmiş qadın üzgüçü Ut Krauz ilə ailə quraraq, uşaq evindən övlad götürdü. Lakin nə dünya, nə də Almaniya Haydi Kriqeri unutmadı.

Belə ki, Almaniya hökuməti dopinqin "qurbanları”na çevrilən idmançıları "Haydi Kriqer” medalı təltif edir.
Bəzən əzələ artması üçün istifadə olunan preparatlar da gözlənilməz nəticə ilə bitir. Belə ki, daha da güclü olmaq arzusu kişi idmançılarda qadınlara məxsus əlamətlər yaradır. Məsələn, ABŞ idman tarixində ən çox nailiyyətə sahib olan, səkkizqat "Mister Olimpiya” yarışının qalibi olan bodibildinqçi Ronni Koleman illər keçdikcə qinekomastiyadan (zamanla idmançıda qadın sinəsinin formalaşması) əziyyət çəkirdi.
Keçmiş amerikalı boksçu Bob Heyzelton farmakologiyadan həddindən artıq çox istifadə etməsi nəticəsində hər iki ayağını itirərək, sözün əsl mənasında canını ölümün pəncəsindən güclə qurtardı. İdmançının ayaqlarında başlayan qanqrena infeksiyanın bütün bədəninə yayılmasına gətirib çıxardı. Bildirək ki, B.Heyzelton steroidlərin insan orqanizminə törətdiyi fəsadların ilk açılışını edib. İdmançı əzələ artırmaq üçün preparatları 1969-cu ildən qəbul edirdi. Bir ayağının amputasiya olunmasından sonra boksçu karyerasını bitirmək qərarına gəlir. Lakin o, şəxsi mühafizəçi işlədiyi dövrdə steroidlərin qəbulunu davam etdirir. Bunun məntiqli nəticəsi olaraq isə Bob ikinci ayağını da itirir.
Daxili orqanların və bədənin fərdi hissələrinin qeyri-mütənasib şəkildə böyüməsi steroidlərin qəbulu ilə mütəmadi məşqlərin nəticəsidir. Alman bodibildinqçi Markus Rül idman tarixində ağır atletlər arasında ən enli kürəyə sahib idmançı hesab olunur. Buna səbəb isə idmançının qəbul etdiyi preparatlar nəticəsində iç orqanlarının nəzarətdən çıxaraq böyüməsidir. Böyümə hormonları və anabolik preparatlar orqanizmin hüceyrələrinin təbii çoxalmasını stimullaşdırır. Bunun da əsasında xərçəng şişlərinin hüceyrələrinin çoxalmasına oxşar proseslər dayanır. Təsadüfi deyil ki, Amerika futbolu ilə məşğul olan Layl Alzado məhz xərçəng xəstəliyi səbəbi ilə vəfat edib. İdmançının sözlərinə görə, o, 26 il boyunca təhlükəli preparatlar qəbul edib. Bunun da nəticəsi olaraq, L.Alzado beyin xərçəngindən dünyasını dəyişib.

Düzdür, əsasən dopinqin psixoloji təsiri son olaraq xatırlansa da, farmakologiyanın təsiri altında idmançının beynində kimyəvi reaksiyalar da kədərli nəticələrə gətirib çıxarır. Dopinqin psixoloji qurbanlarından danışarkən isə WWF və WWE-nın keçmiş ulduzu kanadalı restler Kris Benucu xüsusi qeyd etmək olar. Belə ki, 2007-ci ildə polis Krisin evində həyat yoldaşının, oğlunun və idmançının cəsədlərini aşkar etmişdi. Rəsmi məlumata görə, restler həyat yoldaşını və oğlunu öldürdükdən sonra özünə qəsd edib. Məlumata görə, o, cinayəti mütəmadi şəkildə qəbul etdiyi testesteronun növbəti dozasından sonra aqressiya halında törədib.


 

Dopinqlə müasir mübarizə


Hazırda bütün dünya dopinqlə mübarizə aparır. Bunun üçün 1999-cu il noyabrın 10-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi və dünya ölkələrinin hökumətləri tərəfindən ictimai əsaslarla - Ümumdünya Antidopinq Agentiliyi (WADA) təsis edildi. Təşkilat "Lozanna bəyannaməsi” əsasında idmanda dopinqə qarşı mübarizənin təbliği, əlaqələndirilməsi və monitorinqi üçün yaradılıb.
2001-ci ildən WADA-nın mənzil-qərargahı Kanadanın Monreal şəhərində yerləşir. İdarəetmə orqanı tərkibinə 38 üzvü daxil edən təsisçilər şurasından ibarətdir.
Azərbaycanda da dopinqə qarşı mübarizə aparılır. Bunun üçün 2016-cı ildə ölkəmizdə antidopinq siyasətinin həyata keçirilməsinə cavabdeh olan vahid qurum - Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təsis edilib. Bu gün AMADA ən qabaqcıl təcrübələrdən faydalanmaqla Azərbaycan idmanının təmiz idman prinsiplərinə sadiqliyini gücləndirməyi bacarmış və antidopinq ictimaiyyətin qlobal inkişafına fəal töhfə verməklə beynəlxalq tanınma əldə etmiş etibarlı mötəbər bir təşkilatdır.

 


Hazırladı:
Türkay Niftəliyeva