Olimpiya Oyunlarının və Azərbaycan idman hərəkatının xronoloji yazarı

 

Olimpiya Oyunlarının və Azərbaycan idman hərəkatının xronoloji yazarı   

     

Abiyev Ağacan Qulam oğlu,

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, texnika elmləri namizədi, professor, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.

 

 

Artıq 30 ildir mən professor Dilqəm Quliyevi yaxından tanıyıram. Bizim tanışlığımız 1987-ci ilin sentyabr ayından baslayır. O zaman Dilqəm müəllim "Güləş və onun metodikası” kafedrasında baş laborant vəzifəsində işləyirdi. Sentyabr ayında o, tələbə-inşaat dəstələrinin yayda Rusiya Federativ Respublikasında gördüyü işlər haqqında hesabat verirdi. Dəstənin rəhbəri D.Quliyev həm də Keçici Qırmızı bayrağı da Bakıya gətirmişdi. O vaxt mən onun fəallığının şahidi oldum və ona müəllim vəzifəsinə keçməyi təklif etdim. Dilqəm müəllim elmi və tərbiyəvi işlərdə də həmin gənclik həvəsilə fəaliyyətə başladı və baş müəllim vəzifəsinə keçdikdən sonra 1994-cü ildə dissertant kimi çox aktual bir mövzuda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Mən, şəxsən Dilqəm müəllimin namizədlik dissertasiyasının müdafiəsində iştirak etmiş, ürək sözlərimi də söyləmişdim. Bir də onu qeyd etmək istərdim ki, o, dissertasiya materiallarını maşınkada özü yığmışdır.   

 Sonra, 2017-ci ildə bədən tərbiyəsi və idman sahəsində 1930-2018-ci illər ərzində yeganə və ilk dəfə olaraq Azərbaycanda "Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda pedaqogika üzrə elmlər doktorluq dissertasiyasını müdafiə etmişdir (7 noyabr 2017-ci il, Bakı ş.). 2018-ci il iyul ayının 4-də AAK tərəfindən pedaqogika üzrə elmlər doktorluq diplomu təsdiq olunub.

Professor D.Quliyev eyni zamanda tələbə gənclərin tərbiyəvi işlərinə də rəhbərlik edirdi. Onun bu fəaliyyəti nəzərə alınaraq, kollegiyanın qərarı ilə Akademiyanın tərbiyəvi işlər üzrə, sonra isə idman işləri üzrə prorektoru vəzifəsinə təyin olundu. 

Bütün bunlarla yanaşı, o tədris və elmi işlərini davam etdirirdi və bir cox dərslik, dərs vəsaitlərinin və elmi məqalələrin müəllifi kimi çıxış edirdi. Dilqəm müəllim yazdığı publisistik məqalələrə görə bir çox yüksək səviyyəli mükafatlara – 5 dəfə "İlin ən yaxşı tədqiqatçı jurnalisti”, 5 dəfə "İlin ən yaxşı idman yazarı” və "Qızıl qələm”mükafatlarına, 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” Fəxri ada layiq görülmüşdür.

Akademiyanın keçdiyi bu şərəfli yolda Dilqəm Quliyevin fəaliyyəti danılmazdır. Belə ki, 2001-ci ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -70», 2010- cü ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -80» və 2015-ci ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -85» salnamələrinin müəllifidir.

Dilqəm Quliyevin yazdığı kitablar dövlət tərəfindən qiymətləndirilmişdir. Belə ki, 2013-cü il mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» adlı kitabımın təqdimat mərasimi keçirildi. 2018-ci il mayın 25-də isə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabın təqdimat mərasimi keçirilib.

Dilqəm Quliyevin vətənpərvərlik və idman mövzusunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olmuşdur. O, 400-dən cox həm respublikamızda, həm də xarici mətbuatda dərc olunan elmi və metodiki əsərlərin, qəzet və jurnallarda dərc olunan 300-dən artıq tarixi və publisistik məqalələrin müəllifidir. 

Bu ugurları nəzərə alınaraq, 2004-cü ildə AAK tərəfindən D.Quliyevə professor adı verildi. Dilqəm müəllim eyni zamanda Milli Ensiklopediyanın idman şöbəsinə rəhbərlik edir və onu Olimpiya Oyunlarının və Azərbaycan idman hərəkatının xronoloji yazarı adlandırmaq olar.

Professor D.Quliyevin gördüyü islər dövlət tərəfindən də layiqincə qiymətləndirilmiş o, 2001-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən "Tərəqqi” medalına layiq görülmüşdür. 2006-ci ildə isə Azərbayan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” kimi yüksək ada layiq görülmüşdür.

Professor Dilqəm Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona saglamlıq, xoşbəxtlik və işlərində daha böyük ugurlar arzulayıram.

Olimpiya Oyunlarının və Azərbaycan idman hərəkatının xronoloji yazarı