KÜTLƏVİ İDMAN NƏ DEMƏKDİR?

KÜTLƏVİ İDMAN NƏ DEMƏKDİR?


Siz hamınız yayda qaçmağı, idman meydançasına, dəniz sahilinə getməyi sevirsiniz. İdmanla məşğul olmaq fəal istirahət deməkdir.
Müasir elmlər – fiziologiya, gigiyena belə hesab edir ki, fəal istirahət əsl möcüzə yaradır. Gənclik illərində o, orqanizmin normal inkişafına, yetkinlik dövründə isə enerjinin, qüvvənin daha tez bərpa olunmasına kömək edir. Fəal istirahət yaşlı adamların bir çox xəstəliyə qalib gəlmələrinə, gənclik ruhunu uzun müddət qoruyub saxlamalarına imkan verir.
Bütün bunlar bir çox alimə, yazıçıya, incəsənət xadiminə, fəhlələrə, müxtəlif peşəli ustalara yaxşı məlum idi. Açıq havada yüngül fiziki iş, gimnastika, idman oyunları belə adamların həyat qabiliyyətini qoca yaşlarınadək mühafizə edir.
Şənbə və bazar günlərində yüz minlərlə, bəlkə də, milyonlarla ailə tam heyətdə piyada, velosipedlərdə, qayıqlarda turist səfərlərinə çıxır. Son vaxtlarda ölkəmizdə qaçmaq və beləliklə də, öz səhhətini möhkəmləndirmək istəyənlərin sayı kəskin artıb. Onlar açıq havada fəal istirahətin əhəmiyyətini yaxşı başa düşürlər, müəyyən dərəcədə bədən tərbiyəsi ilə məşğul olurlar.
Ölkəmizdə tələbələr və şagirdlər, fəhlələr və qulluqçular asudə vaxtlarının xeyli hissəsini mədəni istirahətə və əyləncələrə sərf edirlər. Beşgünlük iş həftəsinə keçilməsi nəticəsində onların dincəlmək və idmanla məşğul olmaq imkanları daha da artıb.
Yəqin ki, siz ayaqla xəstə üstünə tələsən, ucqar balıqçı qəsəbəsində, kəşfiyyatçılar düşərgəsində ağır vəziyyətə düşənlərə təcili yardım göstərən həkimlərin igidliyi haqqında çox eşitmiş və oxumusunuz. Bu işdə onlara nəinki cəsarətli olmaları, eyni zamanda idman vərdişləri kömək edir. Məgər azmı elə hadisələr baş verib ki, qayğısız halda relslərin üzərində oynayan uşağı məhz idmançı cəldliyi və çevikliyi sayəsində xilas etmək mümkün olub?
Gördüyünüz kimi, hər bir adam fiziki hazırlıq vərdişlərindən tez-tez istifadə edir. Deməli, siz də bədən tərbiyəsinin köməyi ilə sağlam, dözümlü, güclü, sürətli olmağa çalışmalısınız.
İnqilabdan əvvəl Azərbaycanda rəsmi məlumata görə 30 min idmançı var idi. Vətənimizdə idman əsl ümumxalq işinə çevrilib.
Azərbaycanda bir çox yerli, milli oyundan əlavə, idmanın 40-dan çox növü geniş yayılmaqdadır. Bunlardan yüngül atletika, güləş növləri, voleybol, futbol, şahmat, stolüstü tennis, idman balıqçılığı, gimnastika, üzgüçülük, basketbol, velosipedsürmə və idman ovçuluğu kütləvi hal alıb.
Texniki cəhətdən bir qədər çətin olan alpinizm, atıcılıq, güləşmə, boks və nisbətən «cavan» növlər – sualtı üzgüçülük, badminton, kamandan oxatma ilə məşğul olanların sayı ildən-ilə artır.
Lakin məsələ təkcə idmançıların sayında deyil. Ən mühüm cəhət budur ki, indi biz həyatımızı bədən tərbyiəsi və idmansız təsəvvür etmirik. Köhnə şəhərlər yenidən qurularkən, təzə şəhərlər və şəhərtipli qəsəbələr salınarkən layihələrdə mütləq stadionlar, üzgüçülük hovuzları, su stansiyaları, turist bazaları, idman meydançaları tikilməsi də nəzərdə tutulur. İdman qurğuları tamaşaçıların sayına görə yalnız kino-teatrlardan geri qalır. Qəzetlərdə, radio və televiziya verilişlərində idmana böyük yer ayrılır. Kino-teatrlarımızın, sağlamlıq zonalarımızın, sanatoriya və istirahət evlərinin, şəhər parklarının fəaliyyətində bədən tərbiyəsi mühüm yer tutur.
Bütün bunlar sevindiricidir. Bizim üçün gənclərin idman hazırlığı və möhkəmlənməsi ilk növbədə ona görə zəruri və qiymətlidir ki, mənəvi və fiziki mətinlik yaradılmasına kömək edir.

Respublikamızda idman məşqlərinin elmi cəhətdən əsaslandırılmış nəzəriyyəsi işlənib hazırlanıb. Bu nəzəriyyə ən güclü Azərbaycan idmançılarına təkcə ölkə daxilində deyil, həm də dünya miqyasında yüksək nəticələr qazanmaq imkanı verir. Ağırlıqqaldıranlarımızın, güləşçilərimizin, cüdoçularımızın, atıcılarımızın, boksçularımızın Olimpiya oyunlarında, Avropa və dünya birinciliklərində qazandıqları qələbələri xatırlayaq.
Yəqin ki, ən görkəmli idman ustalarının, çempionların, rekordçuların adları sizə yaxşı tanışdır. Buna görə də onları sadalamağa ehtiyac yoxdur. Yalnız onu qeyd edək ki, idmanla sağlamlıq və əyləncə xatirinə on illər ərzində məşğul olmaq mümkündürsə, beynəlxalq səviyyəli nəticələr göstərməyə az adam və nisbətən qısa müddətə qadirdir. Buna görə də bizə etibarlı ehtiyat qüvvəsi lazımdır.
Yarış idmanın zirvəsidir. Qüvvə və sürət, dözümlülük və məharət, zirəklik və qələbə əzmi məhz gərgin mübarizədə gerçəkləşir. Məktəb illərində bədən tərbiyəsinə laqeyd yanaşanların fiziki inkişafındakı nöqsanları düzəltmək sonra çox çətin olur. Məktəbdən instituta idman dərəcəsi nişanı ilə gələn, seçdiyi idman növü üzrə daha da təkmilləşməyə can atan gənclərlə məşğul olmaq isə bizim üçün nə qədər xoşdur. Təcrübə göstərir ki, belə tələbələr nəinki bədən tərbiyəsi normativlərinin, həm də «zehni fənlərin» öhdəsindən asanlıqla gəlirlər.
Yaxşı ümumi fiziki hazırlıq keçmədən, hər gün gimnastika hərəkətləri ilə məşğul olmadan, qaçmadan idmanın hər hansı bir növündə yüksək nəticələr qazanmağa ümid bəsləməyin! Bir də unutmayın ki, qadın orqanizmi, xüsusən inkişaf dövründə ehtiyatlı olmağı tələb edir.
Müəyyən bir idman növünün üzərində dayanmazdan əvvəl bir neçə müxtəlif növü sınaqdan keçirmək lazımdır. Məktəb, rayon, şəhər spartakiadalarında gimnastika, yüngül atletika və idman oyunları üzrə çıxış etmək çox faydalıdır. Bu, ən çox xoşunuza gələn və təbii imkanlarımıza müvafiq olan idman növünü seçməyə kömək edir.
Təbii imkanlarla hesablaşmaq çox vacibdir. Məsələn siz ucaboylusunuzsa, yaxşı tullana bilirsinizsə, çevik və sürətlisinizsə, yaxşı atlet, qılıncoynadan, avarçəkən, hokkeyçi, basketbolçu ola bilərsiniz. Qısa boylulardan isə yaxşı gimnast, suyatullanan, akrobat, yüngül çəki dərəcəli güləşçi və boksçu, stolüstü tennis ustası yetişə bilər.
İdman növü seçərkən, həmçinin ürəyin, sinir sisteminin vəziyyətini, uşaqlıqda tutulmuş olduğunuz ciddi xəstəlikləri nəzərə almaq lazımdır. Təkcə məşqçi ilə deyil, həm də həkimlə məsələhətləşmək çox vacibdir.
Oğlanlara da, qızlara da ən mühüm məsləhətimiz bundan ibarətdir ki, idmanla gənclik illərindən etibarən dostlaşsınlar. Bu, sadiq dost sağlam və gümrah olmağınıza, idman meydançalarında, qaçış yollarında və üzgüçülük hovuzlarında mübarizə və qələbə sevinci duymağınıza kömək edər.
Hamıya yaxşı məlumdur ki, sağlamlıq həyat rəhnidir, xoşbəxtliyin özülüdür. "İnsan üçün ən qiymətli şey nədir dünyada – var-dövlət, yoxsa şöhrət?” – sualına qədim filosoflardan biri belə cavab vermişdir: "Nə var-dövlət, nə də şöhrət hələ adamı xoşbəxt etmir. Sağlam dilənçi, xəstə varlıdan xoşbəxtdir”. İnsanın sağlamlığı yalnız onun şəxsi işi deyil; xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, o, «dövlət əmlakıdır» ki, onu da qorumaq lazımdır. Dövlətimiz tərəfindən xalq səhiyyəsinin daha da yaxşılaşdırılması tədbirləri haqqında xüsusi qərar qəbul edilmişdir. Bu sənəddə nəzərdə tutulmuş konkret tədbirlər həyata keçirilməkdədir.
Akademik A.A.Moqomolets hələ 1940-cı ildə yazdığı «Ömrün uzadılması» kitabında çox yaşayanlara dair maraqlı faktlar, misallar gətirir: 1774-cü ildə Venesiyada R.Ktsartan 185 yaşında ölüb, o zaman onun oğlunun 95 yaşı varmış. 1670-ci ildə Yorkşir şəhərində Disenkis 169 yaşında dünyadan köçüb. Kəndli Tomas Parr 152 il yaşayıb. 1797-ci ildə Norveçdə 160 yaşında vəfat edən İozef Surrintonun cavan dul arvadı, habelə bir neçə nikahdan çoxlu uşağı qalıbmış, böyük oğlunun 103, kiçiyinin isə 9 yaşı olub. Macar Con Rovel və onun arvadı 164 yaşında həyatdan gediblər. Norveç dənizçisi Drakenberq 146 il yaşayıb. Rəssam Keramer Drakenberqin 139 yaşında portretini hazırlayıb, bu portretdə Drakenberq yaşından xeyli cavan görünür.
Belə deyirlər ki, keçmişdə yaşlı adamlar daha çox olub. Lakin bu bir faktdır ki, bizim əcdadlarımızın həyatı sərt keçib, onlar ağır zəhmətlə yaşamaq üçün yol axtarıblar. Hətta nisbətən son zamanlar da orta ömürlülük aşağı olub.

Alimlərin fikirlərinə, mülahizələrinə müraciət etsək, insan ömrünün bir əsrə bərabər olduğunu, hətta ondan çox olmasını təsdiqləyən müddəalara rast gələcəyik. XVIII əsrin məşhur fizioloqu Qallerə görə, insanın yaş hüdudu 200 ildən az olmaya bilər. Digər alman həkimi Qufeland da bu fikirdəymiş. Görkəmli rus alimi İ.İ.Meçnikov güman edirdi ki, insan 150 ildən çox yaşaya bilər.
Əlbəttə, fəal yaradıcı həyat çox yaşamağın əsas səbəbidir. Əgər hər bir adam sağlamlığına biganə deyilsə, özü üçün firavən həyat təmin edə bilər və etməlidir. Belə həyat isə əməklə bağlıdır, yenə də konkret misallar gətirək: alman alimi Humboldt özünün «Kosmos» əsəri üzə¬rində 90 il işləmişdir. Sovet heykəltaraşı S.T.Konenkov 96 yaşınadək çalışmışdır. Professor B.Y.Bukleyev Kiyevdə 100 yaşında riyaziyyat kafedrasının müdiri idi: 96 yaşında ikən o, ali həndəsədən gözəl bir dərslik yazmışdır. Məlumdur ki, Arximed yandırıcı güzgüləri 75 yaşında kəşf etmişdir. Platon öz dialoqlarının çoxunu 80 yaşından etibarən tərtib edibmiş, Katon isə bu yaşda yunan dilini öyrənibmiş, 100-dən artıq faciə əsərinin müəllifi Sofokl 90 ilədək yaşamışdır. O, «Edip çar»ını 75, «Edip Kolonda»nı isə 89 yaşında yazmışdır. Sofoklun 83 yaşı olanda hərbi işlərdən yaxşı baş çıxardığı üçün Afinanın müdafiəsini təşkil etmişdi. Dünyanın ən qocaman fizioloqu İ.P.Pavlov 86 ilə yaxın ömür sürmüş, 73 və 78 yaşlarında ümumdünya şöhrəti qazanmış «Heyvanların ali sinir fəaliyyətinin obyektiv öyrənilməsinin 20 illik təcrübəsi», «Şərti reflekslər», «Beyin yarımkürəsinin işi haqqında mülahizələr» kimi əsərlərini yazıb yaratmışdır. Görkəmli rəssam İ.Y.Repin ömrünün 85-ci iilində dünyadan köçmüşdür.
Doğma diyarımız Azərbaycan uzunömürlülərlə rekord qazanmışdır. 160 illik yubileyində sinəsini Qırmızı Əmək Bayrağı ordeni bəzəyən Mahmud Eyvazov hələ də gümrah idi. 150 yaşı olanda demişdi: «Mənim çox yaşamağımın sirri yorğunluq nə olduğunu bilməməyimdir. Zəhmətlə uyuşan adamları torpaq qəbul etməyə heç də tələsmir».
1805-ci ildə dünyaya göz açan Şirəli Müslümov olduqca söhbətcil idi. Bağda – təsərrüfatda işləyib, 168 yaşında həyatdan köçüb. Şirəli babanın 128 yaşında 57 yaşlı arvadından sonuncu övlad dünyaya gəlmişdir. Kolxozçu Məcid Ağayevi pensiyaya yola salanda o özü belə qərara gəlib ki, hələlik işləsin və gözətçi olub. O, həmişə deyirmiş: «Əgər dəmir işlədilsə, pas onu tutmayacaq».
Belə misalların sayını artırmaq olar. Bir məsələni də xatırladaq ki, uzunömürlülüyün əsas sirri – əməkdir, fiziki hərəkətlərdir.

Ömrü uzatmaq mümkündürmü? Bu, nədən asılıdır? Ümumiyyətlə, çox ömür sürmək üçün nə lazımdır? Qafqaz bütün dünyada uzunömürlülər diyarı kimi tanınır. Bu regionda birincilik isə respublikamıza məxsusdur. Bunu nə ilə izah etmək olar? Əgər söhbət bilavasitə iqlim şəraiti ilə əlaqədardırsa, belə bir şərait dünyanın başqa yerində yoxdurmu?
Azərbaycan uzunömürlülər diyarıdır. Haqlı olaraq çox vaxt ortalığa belə bir sual çıxır: nəyə görə Azərbaycan bütün dünyada uzunömürlülərin sayına görə birinci yeri tutur? Ümumiyyətlə, uzunömürlülük bir sıra təbii, bioloji və sosial-iqtisadi faktorlar kompleksinin qarşılıqlı münasibəti ilə xarakterizə olunur, uzunömürlülüyə nail olmanın potensial imkanları sosial-iqtisadi həyat şəraiti və təbii-çoğrafi mühitdən asılıdır. Bu faktorlarn qarşılıqlı münasibəti müxtəlif ölkə və rayonlarda bir-birindən seçildiyindən uzunömürlülüyün də səviyyəsi müxtəlif olur. Lakin bu səviyyə müəyyən vaxt ərzində şəraitin dəyişilməsi ilə əlaqədar dəyişilə bilər.
Azərbaycanda uzunömürlülərin sayı 70-ci illərdə hər 100 min nəfərə 48,7 nəfər düşdüyü halda, həyat şəraiti həmişə yüksək olan ABŞ-da bu rəqəm 1,5 nəfər idi. Fransada 1,7, İngiltərədə 0,6, Yaponiyada isə 0,1 nəfər təşkil edirdi. Mütəxəssislərin fikrincə, uzunömürlülər Azərbaycanda təkcə yaşının çoxluğuna görə deyil, həm də bütün fizioloji keyfiyyətlərini saxladıqlarına görə fərqlənirlər.
Ötən əsrin sonlarınadək bütün dünyada uzunömürlülərin sayına görə birinci yerdə dayanmış Azərbaycanda bu gün yaşı 100-ü haqlamış çox az adam tapılar. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, uzunömürlülərin sayı göstərilən dövrlə müqayisədə çox aşağı düşüb. Ötən əsrin 70-ci illərində Azərbaycanda hər 100 min nəfərə yaşı 100-dən yuxarı 48,7 nəfər düşürdüsə, 1999-cu ildə bu rəqəm 27 nəfərə enib. Mütəxəssislər buna səbəb kimi bir neçə amil göstərsələr də, əsas problemi əhalinin düzgün qidalanmamasında görürlər.
Azərbaycanda uzunömürlülüyün yüsək səviyyədə olması məhz bu respublikaya xas olan bir sıra xarakterik fatkorlarla əlaqədardır. Bu faktorlara milli adət və ənənələrimiz, Azərbaycan xalqının psixoloji halı, təbii çoğrafi şəraiti, qidalanmanın xarakteri və s. aiddir.
Milli xüsusiyyətlər və milli adət-ənənələrin uzunömürlülükdə böyük psixoloji əhəmiyyəti vardır. Azərbaycan uzunömürlüləri adətən böyük, səmimi və mehriban ailə içərisində yaşayırlar. Ailənin bütün üzvləri onlara qarşı diqqətli, mehriban olur, uzunömürlü şəxs ailədə «ağsaqqal» kimi çıxış edir. Bu hal sosial-psixoloji faktor, təbii stimul kimi uzunömürlülərin əhval-ruhiyyəsini və ümumi həyat tonusunu yuxarı qaldırır.

Sağlamlığa mənfi təsir göstərən amillərdən biri də spirtli içki və nikotindir. Bunların hər ikisi zərərli adətdir və sağlamlığın qəti düşmənidir. Məlumdur ki, spirtli içkilərin təsirindən ürək, qan-damar, mədə-bağırsaq, əsəb sistemi ağır zədələnir. Belə adamların uşaqlarında da bu cür xəstəlik halları müşahidə olunur.
Azərbaycanın təbii çoğrafi mühitinin (iqlimin, relyefinin, bitki və heyvanat aləminin) də uzun ömürlülükdə rolu böyükdür. Bəzi alimlərimiz daha əlverişli iqlim şəraitinə malik olan dağ rayonlarında uzunömürlülələrə daha çox təsadüf olunduğunu göstərirlər. Lakin son illərin müşahidələri istər dağ və ya dağətəyi, istərsə də Aran rayonlarında uzunömürlülüyün səviyyəsində əsaslı fərq olmadığını göstərir.
Bu faktorlardan başqa, Azərbaycan milli xörəklərinin, Azərbaycan xalqının zəhmətkeşliyinin, əməksevərliyinin də uzunömürlülükdə rolunu kiçiltmək olmaz. S.N.Sergeyev Senskinin sözləri ilə desək, uzunömürlülüyün səbəbini əməkdə axtarmaq lazımdır. Nəhayət, uzunömürlülükdə irsi meylin, başqa sözlə desək, genetik amilin də mühüm rolu var. Aparılan tədqiqatlar göstərir ki, uzunömürlü şəxslərin ailələrində, hətta bir neçə nəsildə uzunömürlülərə tez-tez rast gəlmək olur.
Axırda belə bir faktı da qeyd etmək olar ki, bir çox milli adət və ənənələrin, iqlimin və s. çox oxşar olduğu qonşu ölkələrə nisbətən Azərbaycanda 100 yaşdan yuxarı şəxslər iki dəfə çoxdur.
Azərbaycanda oğlanlar at çapmağı, daş atmağı, güləşməyi, uzun taxta ayaqlar üzərində yeriməyi, ox-yayla oynamağı, şüvüllə tullanmağı, maneələri dəf etməyi, qayaya çıxmağı, xizək sürməyi, qaçış və cıdır yarışları keçirməyi sevirlər. Onlar xəndəyin və çayın üzərində köndələn qoyulmuş tirin ustü ilə yeriyib keçməklə müvazinətlərini saxlaya bilmək vərdişlərinə yiyələnirlər. Oyunlarımız elə düşünülüb-daşınılıb ki, bütün uşaqlar eyni vaxtda, hamılılıqla oyunda iştirak edə bilsinlər. Doğrudur, güləşdə iki nəfər iştirak edir. Lakin elə də olur ki, bir neçə kiçik uşaq bir böyük oğlanla güləşir.
Sağlamlığı möhkəmləndirmək üçün bədən tərbiyəsi və idman güclü vasitələrdən biridir. Bu, tərbiyənin ayrılmaz bir hissəsi olub, gənc nəsli yüksək məhsuldar əməyə hazırlamaq məqsədinə xidmət edir.
Böyük Oktyabr sosialist inqilabından əvvəl Azərbaycanda bədən tərbiyəsi çox az inkişaf etmişdi. İndi gənclərin geniş təbəqəsini əhatə edən bədən tərbiyəsi və idman ölkəmizin gəncləri üçün sağlamlıq məktəbi olub. Bununla, gənc nəslin mənəvi siması təkmilləşir, onda intizamlı olmaq və Vətəninə məhəbbət hissi daha da artır.
Bədən tərbiyəsi və idman, bir sıra tədbirlərlə yanaşı olaraq ölkəmizdə xəstəliklərin azalmasına səbəb olur. Təbii amillərdən istifadə edib müntəzəm surətdə keçirilən idman təlimi bədənin hərtərəfli inkişaf etməsinə, bədəndə olan bütün orqanların dürüst və ahəngdar işləməsinə müsbət təsir edir. Nəticədə bədəndə gedən bütün fizioloji proseslər təkmilləşir, insanın əhvali-ruhiyyəsi yaxşılaşır, cəsarəti artır. Bədən tərbiyəsi və idman insanın bədəninin möhkəmlənməsinə, ahəngdar inkişaf etməsinə, onun fiziki və mənəvi cəhətdən cavan qalmasına, məhsuldar işləməsinə kömək edir.
Bədən tərbiyəsi və idman zamanı, məsələn, ayrı-ayrı əzələ və ya ətrafları hərəkət etdirdikcə təkcə bu əzələlərin və ya ətrafların deyil, bədənin bütün üzv və sistemlərini ürək, ağciyər, qan dövranı, həzm aparatı, hərəkət-istinad üzvləri və sairənin işi təkmilləşdirilir, yəni məşq etdirilir. Nəticədə insanın bədəninin davamlılığı və əmək qabiliyyəti artır.
Yuxarıda göstərdiyimiz kimi, bədənin bütün üzvlərini mərkəzi sinir sistemi və onun ali şöbəsi-beyin qabığı idarə edir. Mərkəzi sinir sistemi bədənin ayrı-ayrı üzvlərinin, hissələrinin işini tənzim edir, uyğunlaşdırır və əlaqələndirir. Sinir sisteminin iştirakı olmadan bədən tərbiyəsi hərəkətlərini yerinə yetirmək olmaz.
Hər cür fiziki hərəkətlər zamanı əzələlər güclü surətdə işləyir. Deməli, fiziki hərəkətlər əzələlərin inkişafına təsir edir.
Məlum olduğu kimi əzələlərin hərəkəti zamanı əmələ gələn mexaniki enerji bütün toxumalarda daim baş verən mürəkkəb kimyəvi reaksiyaların məhsuludur. Əzələlər işlədikdə çoxlu miqdarda qidalı maddələlər və oksigenə ehtiyac olur. Bunlar əzələlərə qan və limfa gətirir. Buna əsaslanaraq deyə bilərik ki, fiziki hərəkətlər qan dövranını, ürəyin işini, ümumiyyətlə qan və limfa sistemini qüvvətləndirir.
Əzələlər gərgin işlədikdə oksigenə olan ehtiyac tənəffüsün tez-tez və dərindən baş verməsilə ödənilir. İnsan sakit halda ağciyərlərdən dəqiqədə 6-7 sm3-ə qədər, yüyürdükdə isə 100 sm3 və daha çox hava alır.

Fiziki hərəkətlərin ürək-damar sisteminin möhkəmlənməsi və təlimi üçün xüsusilə böyük əhəmiyyəti vardır. Məlum olduğu kimi, ürəyin iş qabiliyyəti aşağı düşdükdə adətən vaxtından əvvəl ölümə səbəb olur. Qeyd etmək lazımdır ki, hüceyrə və toxumaların normal fəaliyyəti düzgün qan dövranından, düzgün qan dövranı isə ürəyin işindən asılıdır. Burada qan damarlarının rolunu unutmamalıyıq. Ürək nə qədər güclü işləyərsə, bədənin orqan və toxumaları o qədər də qidalı maddələr və oksigenlə təmin olunur. Əksinə, gəzinti, qaçma, üzmə və başqa fiziki iş zamanı orqanlar çox işlədikcə bunları qidalı maddələrlə təmin etmək üçün ürəyin fəaliyyəti artır. Bundan başqa, qan «deposu» adlanan dalaq, qaraciyər, dərialtı sellüloz təbəqəsindən qan damarlarına ehtiyat halında qan daxil olur.
Ürəyin əzələsi zəif olduqda ürək lazımi qüvvədə yığılmadığından qan damarlarına kifayət qədər qan verə bilmir. Buna görə də idmanla məşğul olmayan adam fiziki iş görə bilmir və hətta az iş gördükdə və ya bir qədər qaçdıqda tez yorulur, ürəyi bərk döyünür, təngənəfəs olur və daha qaça bilmir.
Bədən tərbiyəsi və idmanla müntəzəm surətdə məşğul olanlar tamamilə başqa olur. Bu şəxslərin ürəyi fiziki hərəkətlərə çox yaxşı uyğunlaşır, əzələlərin gərgin işi zamanı ürəyin iş qabiliyyəti xeyli artır və daha aramla işləyir. Ürək hər dəfə yığılanda orta qan damarına daha çox qan verir.
Bədən tərbiyəsi və idman mərkəzi sinir sisteminin işini yaxşılaşdırır. Buna görə də nəinki əzələlərin, hətta ürəyin, qan damarlarının və başqa orqanların fəaliyyəti artır. İdman məşğələləri zamanı qanda böyrəküstü vəzinin ifraz etdiyi xüsusi maddənin - adrenalinin miqdarı artır. Adrenalin öz növbəsində ürəyin işini aktivləşdirir. Beləliklə, bədən tərbiyəsi və idmanla müntəzəm surətdə məşğul olduqda bədənin bütün orqan və sistemlərinin fəaliyyəti yaxşılaşır və artır.
Bədən tərbiyəsi ancaq müəyyən gigiyenik tələblərə müvafiq şəraitdə aparıldığı zaman sağlamlıq üçün böyük əhəmiyyət kəsb edə bilər. Rejimə riayət etməmək, həddindən artıq işləmək ürək fəaliyyətinin və qan dövranının müxtəlif pozğunluqlarına səbəb ola bilər.
Bədən tərbiyəsi və idmanla məşğul olmayan yaşlı adamların ürəyi müəyyən dərəcədə iş qabiliyyətini itirir, ürəyin əzələləri zəifləyir və ürək piylənir. Yaş artdıqca adətən qan damarlarının elastikliyi azalır, tez-tez darala və genişlənə bilir, ürək əzələsinin yığılma qabiliyyəti və gücü get-gedə azalır. Yaşlı adamların ürəyi fiziki işə çox gec uyğunlaşır. Məhz bUna görə də uşaq yaşlarından bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. 40-45 yaşından yuxarı yaşlı adamlar idmanla məşğul olduqda ehtiyatlı olmalı və idman oyunlarının növlərini həkİmin və ya idman təlimatçısının məsləhəti ilə seçməlidirlər.
Bədən tərbyiəsi və idmanla məşğul olanlarda tənəffüs prosesi yaxşılaşır. Ağciyərlərdən keçən havanın və tənəffüsün miqdarı artır, tənəffüs dərin olur, bir çox əzələlər tənəffüs prosesinə cəlb edilir, tənəffüsdə döş qəfəsinin çox hissəsi iştirak edir. Bədən tərbiyəsinin, xüsusilə idmanın qaçmaq, avar çəkmək, üzmək, boks kimi bəzi növləri ilə müntəzəm surətdə məşğul olduqda ağciyərlərin həyat tutumu çox olduqca insanın dözümlülüyü və əmək qabiliyyəti də bir o qədər artır.
Bədən tərbiyəsinin təsiri nəticəsində əzələlərdə baş verən dəyişikliklərlə – həcminin böyüməsi və gücünün yığılması, elastikliyinin və dartılma xüsusiyyətinin artması ilə yanaşı, sümüklərdə də dəyişikliklər əmələ gəlir, onların davamlılığı xeyli artır.
Fiziki hərəkətlərin təsirindən oynaqlar möhkəmlənir, bunların hərəkəti sərbəst olur və səlisləşir. İnsanın bədəni çevik, xarici görünüşü yöndəmli, forması gözəl, hərəkəti cəld və sərbəst olur, insanın gümrahlığı, cəldliyi, dözümlüyü, qüvvəti, zirəkliyi və öz qüvvəsinə inamı artır.
Öz yaşına uyğun olaraq həkimin məsələhəti ilə müntəzəm surətdə bədən tərbiyəsi hərəkətlərinin müxtəlif növlərindən istifadə edən hipertoniya xəstəliyi olan şəxslərdə qan təzyiqinin aşağı düşməsi sklerotik dəyişikliyi olanlarda onun inkişafının dayanması müşahidə olunub.
Bədən tərbiyəsi həzm üzvlərinə də yaxşı təsir edir. Üzmək, gəzmək, tullanmaq kimi idman oyunları qarın əzələlərini möhkəmləndirir, mədə və bağırsaq damarlarının yığılmasını qüvvətləndirir; bununla da həzm prosesini nizama salaraq qəbizliyin qarşısını alır.
Yuxarıda bədən tərbiyəsinin insanın həyat fəaliyyətində nə qədər faydalı olduğunu qısaca olaraq göstərdik. Hər kəs bədən tərbyiəsi ilə məşğul ola bilər və olmalıdır. Unutmamalı ki, bu, nəinki sağlamlığı qoruyur, hətta ömrü də uzadır.
Görkəmli sovet alimi akademik A.A.Boqomolets qocalma ilə mübarizədə bədən tərbiyəsi və idmana çox əhəmiyyət vermişdir. O demişdir: «Günü gimnastika və masajla başlayıb, onunla da qurtarmaq lazımdır». Hər gün bunun üçün sərf edilən 10-20 dəqiqə adamı bütün günü gümrah saxlayır, həm də ömrü bir neçə il uzadır. Sağlam bədən hələ lap qədim zamanlardan pərəstiş obyekti olmuşdur. Fiziki məşğələlər, idman bir çox xalqlar arasında təşviq edilmişdir. Qədim Yunanıstanda fiziki cəhətdən zəif olan oğlanların ali təhsil almağa ixtiyarı yox imiş.
Müşahidələr təsdiq edir ki, az-çox uzun ömür sürənlərin hamısı iradəli şəxsiyyətlər olmuşlar: Kant - 81 il, Tolstoy - 82 il, Höte - 82 il, Höbbs - 92 il, Şellinq - 80 il, Nyuton - 84 il, Spenser - 83 il, Platon - 81 il, Edisson - 82 il, H.Əliyev - 81 il və s.

Höte bir tanışının ölümündən sonra deyirmiş ki, insanlar gör nə qədər bədbəxt məxluqdurlar ki, uzun ömür yaşamağa da cürətləri çatmır…
Məhz iradə insanı mübariz əhval-ruhiyyədə saxlayır. Belə insana isə qocalıq yaxın düşə bilmir ki, ölümü də yaxına buraxsın.
Napoleonun generallarından biri şiddətli döyüşün sonunda atını çaparaq onun çadırına yetişib sevinclə deyir: «Biz qalib gəldik!» Napoleon onun başından ağır yaralandığını görüb: «Siz ölümcül yaralanmısınız, general» - dedikdə, general: «yanılırsınız, əlahəzrət, mən çoxdan ölmüşəm» - cavabını verərək atdan aşır və keçinir.
İnsanın nə qədər yaşayacağını onun səsindən təyin etmək mümkündür. Həzrət Əli buyurub ki, insan dilinin altında gizlənib. Böyük hissiyyat sahibi ona görə belə buyurur ki, həmin insan malik olduğu 142 övqatdan hansında olsa, onu səsində hiss etdirir.
Vaxtilə Makedoniyalı İskəndər də bədən tərbiyəsi ilə mükəmməl məşğul olmuşdur. O, hələ uşaq ikən özünü Troya müharibəsinin qəhrəmanı Axillesə oxşadaraq Bosfor boğazını üzüb keçmiş, yeniyetmə ikən vəhşi atı – Busəfalı ram etmişdir. O, çox sərbəst nizə atmağı bacarırdı. Orta Asiyada Amu-Dərya sahilində amazonkaların qoşununu darmadağın etdikdən sonra onlardan birini özünə arvad etmişdi.
Aktiv hərəkət rejimi olmadan insan uzun ömür sürüb, əmək qabiliyyətini saxlaya bilməz. İ.P.Pavlov deyirdi: «İnsan üçün ən qiymətli şey – hərəkətdir». Hərəkət orqanizmdəki bütün sistemlərin funksiyasını stimullaşdırır. Bir daha qeyd etmək istəyirəm ki, fiziki məşğələlərlə ciddi məşğul olmadan nə Suvorovun misilsiz yürüşü, nə Yuri Qaqarinin hünəri baş tutmazdı. Ayaqlarını itirmiş Aleksey Meresyev isə yenidən ordu sıralarına qayıdıb, döyüş təyyarələri ilə düşməni məhv edə bilməzdi.
Əzələləri sürətlə möhkəmlətmək üçün effektli üsul varmı? Bəli, var. Məşğələ zamanı əzələləri gərginləşdirməklə buna daha tez nail olmaq mümkündür.
Uzunömürlü olmaq üçün hərəkət rejimindən əlavə, qidanın, suyun və xüsusilə təmiz havanın da mühüm əhəmiyyəti vardır.
Uzun ömür sürmüş görkəmli rəssam İlya Repini bəzən yuxudan çarpayısına tökülmüş qar oyadarmış, çünki o, yatanda həmişə pəncərəni açıq qoyarmış. Yalnız mirvari axtaranlar suyun altında havasız beş dəqiqə qala bilirlər. Bu səbəbdən də onlar əzələlərini uşaqlıqda alışdırırlar. Yoqlar kimi onlar da ən yüksək nəfəsalma nöqtəsində tənəffüsü dayandırdıqları üçün onların toxumaları daha çox oksigen mənimsəyə bilir.

İnsan orqanizminin 65%-i sudur (hətta sümüyün də 22%-ni su təşkil edir). 10 faiz su itkisi bayılmaya, süstlüyə, laqeydliyə səbəb ola bilər. Çoxlu su itirdikdə isə orqanizm intoksikasiya nəticəsində məhv olur.
İnsanın əsl yaşını onun pasportu yox, qan damarlarının vəziyyəti müəyyən edir.
Bəs insanın damarlarını daraldıb, onun ömrünü qısaldan düşmənlər kimlərdir? Birincisi - tütün, ikinci düşmən alkoqoldur, üçüncü düşmən – stress, sarsıntı vəziyyəti adlanan haldır. Məsələn, məyusluq, ümidsizlik, inciklik, narazılıq, paxıllıq, qəzəb, qısqanclıq, qorxu…
Qaçış zamanı, dağa çıxarkən və ya odun yarandan sonra «tənbəl ürək» tələyə düşmüş sərçə balasının ürəyi kimi çırpınır. «İdmançı ürək» isə uzunmüddətli yorucu səfərdən və ağır işdən sonra da ahəngdar döyünür, daha tez normaya düşür və bərpa olunur.
«İdmançı ciyərlər»I də adi ciyərlərdən xeyli dözümlüdür. İdmançıların döş qəfəsi daha mütəhərrikdir, ciyərlərin tutumu və ventilyasiya qabiliyyəti xeyli yüksəkdir. Bu, tamamilə təbiidir: insan sakit vəziyyətdə hər dəqiqədə 4-7 litr hava qəbul edir, fiziki məşğuliyyət zamanı isə 2-3 dəfə çox oksigen işlədir.
Bəzən idmanla yenicə məşğul olmağa başlayanlar yüksək surət götür-dükdən sonra yorulur və tövşüyürlər. Tənəffüsü idarə etməyi öyrənmək lazımdır. Bunun üçün ahəngdar nəfəs almaq xüsusilə vacibdir. İdmanın bu növləri ilə məşğul olarkən tənəffüsün ahəngi hərəkətlərin ahəngi ilə uyğunlaşdıdırılmalıdır.
Yəqin ki, siz radio ilə səhər gimnastikası məşğələsi aparan müəllimin fasiləsiz olaraq «Sərbəst nəfəs alın» dediyinə fikir vermisiniz. Nəfəsinizi qıssanız, orqanizm kifayət qədər oksigen ala bilməyəcəkdir, karbon qazı isə bədəndən tamamilə çıxmayacaqdır. Nəfəsin qısılması çox vaxt hava buraxan əzələlərin gərginləşməsi ilə nəticələnir. Bu zaman adamın sifəti qızarır. Deməli, qanın başdan bədənə, döş qəfəsinə keçməsi çətinləşmişdir. Qan bir yerdə dayananda bədən üzvlərinin qidası azalır. Bu isə zərərlidir.
Sizə məlumdur ki, bədən tərbiyəsi mürəkkəb bir anlayışdır. O, həm tərbiyə, həm də sağlamlığın möhkəmləndirilməsi məsələlərini əhatə edir.
Körpə evlərində və uşaq bağçalarında balacaların düzgün fiziki inkişafına qayğı göstərirlər. Məktəb illərində siz məcburi bədən tərbiyəsi dəsrlərində, səhərlər dərs başlanmazdan əvvəl gimnastika ilə və tənəffüslərdə bədən tərbiyəsi hərəkətləri ilə məşğul olmaqdan əlavə, ayrı-ayrı idman növləri üzrə qruplarda və bölmələrdə də məşq keçmək imkanına maliksiniz (Təəssüf ki, heç də hamınız bu imkandan istifadə
etmirsiniz). Yuxarı sinif şagirdlərinin çoxu idman cəmiyyətlərində məşq edir.
Mənzil-istismar sahələrinin, mədəniyyət və istirahət parklarının idman meydançalarında minlərlə uşaq idman oyunları, gimnastika və akrobatika ilə məşğul olur. Məktəb turizmi – piyada yürüşlər, tarixi, mənzərəli yerlərə qayıqlarda, baydarkalarda, velisopedlərdə ekskursiyalar ildən-ilə geniş inkişaf edir. Uşaqların düşərgələrdə dincəlmələri də onları gümrahlaşdırır, bədən tərbiyəsi və idmanla daha çox məşğul olmalarına imkan verir.
Fiziki inkişafdan geri qalan və ya ciddi xəstəlik keçirmiş uşaqlar öz məktəblərində, yaxud rayon poliklinikası nəzdində yaradılmış müalicə bədən tərbiyəsi qruplarında məşğələ keçə bilərlər.
Gimnastika, idman və turizmin köməyi ilə orqanizmini mətinləşdirən, əzələlərini və iradəsini möhkəmləndirən adamlar həkimə nadir hallarda müraciət edirlər. Əsl bədən tərbiyəçisi yoluxucu xəstəliyə tutulduqda və ya soyuqladıqda xəstəliyi yüngül, ağırlaşmasız keçirir, məktəbə və ya işə daha tez qayıdır.
Buna görə də təcrübəli həkim xəstəyə dərman yazarkən mütləq əlavə edir: «Əsas məsələ isə budur ki, rejim gözələyəsiniz, normal qidalanasınız, açıq havada mümkün qədər çox olasınız». Sonra həkim bu və ya başqa fiziki hərəkətlərlə məşğul olmağı, bədəni su və günəş şüarları ilə möhkəmləndirməyi, ağır xəstəlik keçirənlərə isə gəzintiyə çıxmağı və bədəni yüngülcə ovuşdurmağı məsləhət görür.
Elmdə belə bir kəlam var: «Həyat-hərəkət deməkdir». Bu həqiqət bütün canlı təbiətə aiddir. Eyni zamanda hərəkət insanın bədən tərbiyəsinin əsasını təşkil edir.
Siz deyə bilərsiniz: «Onsuz da biz ömrümüz boyu nə isə bir iş görürük, daim hərəkətdəyik (əgər yatmırıqsa)». Doğrudur. Lakin orqanizmin düzgün inkişaf etməsi üçün təsadüfi hərəkətlər kifayət deyildir. Hərtərəfli, xüsusi olaraq seçilmiş hərəkətlərdən istifadə etmək lazımdır. Biz sağlamlıq, məşq və tərbiyə məqsədi ilə tərtib olunan, dəfələrlə təkrar edilən hərəkətlər kompleksini nəzərdə tuturuq.
Məktəbdə keçdiyimiz anatomiya və fiziologiya dərsindən sizə məlumdur ki, ətraf mühitin, habelə görülən fiziki və ya zehni işin təsiri ilə insan orqanizmində cavab reaksiyaları yaranır. Görkəmli fizioloq İ.P.Pavlov bunu «refleks» adlandırmışdır. Bu reflekslər tədricən möhkəm və daimi vərdişlərə çevrilir.
İ.P.Pavlovun şagirdi professor A.N.Krestovnikov yazırdı: «Fiziki hərəkətlərin təsiri altında bədənimizin bütün üzvlərinin işi, bütün orqanizmin fəaliyyəti yenidən qurulur». Hərəkət vərdişləri getdikcə təkmilləşir, əzələlərin hədsiz gərginliyi ləğv olur, insan səlis, sərbəst, dəqiq hərəkət etməyə başlayır. Nəhayət, biz lazımi hərəkətləri az qala avtomatik yerinə yetirməyə alışırıq, daha doğrusu, əsas rəhbərimizin – baş-beyin qabığının məcburi «əmrlərinə» ehtiyac qalmır.
Aydındır ki, sinir sistemimizin bu cür möhkəmləndirilməsi həm təhsil, həm əmək, həm də idman fəaliyyətimizi xeyli asanlaşdırır.
Açıq havada fiziki hərəkətlərin əhəmiyyəti bir də bundan ibarətdir ki, həmin məşğələ bədənimizin bütün üzvlərini və toxumalarını qan ilə təchiz edən iri damarlara və nazik kapilyarlardan ürəkdən zərərli maddələri daha tez çıxarır. Orqanizmin normal inkişaf etməsi və iş qabiliyyətinin uzun illər boyu saxlanması üçün bu «ventilyasiya» çox vacibdir.
İndi siz bədən tərbiyəsi və idmanla fəal surətdə məşğul olmağın həyat üçün əhəmiyyətini, bunun müalicə və gigiyena ilə sıx əlaqəsini, yəqin ki, təsəvvür edə bildiniz. Nahaq yerə demirlər ki, kütləvi bədən tərbiyəsi təbabətin doğma bacısıdır.

Bu gün biz bədən tərbiyəsi vasitələrinin köməyi ilə sağlamlığın qorunması barədə söhbət etdik. Bu, çox mühüm bir işdir, - deyə həkim öz fikrini yekunlaşdırdı. – Lakin bədən tərbiyəsi digər qiymətli keyfiyyətlər, xasiyyətlər, vərdişlər qazanmağa da kömək edir.
Hələ də bəzi adamlar bu fikirdədirlər ki, guya zehni əməklə məşğul olanlar üçün bədən tərbiyəsi heç də vacib deyildir. Ancaq əslində hərəkət saysız-hesabsız sinir impulsu yaradaraq beynə doğru yönəldir və bunlar beyni duyğularla, təəssüratla zənginləşdirir, onu normal vəziyyətdə saxlayır və inkişaf etdirir. Zehni işgüzarlıq ümumi işgüzarlıqdan və dözümlülükdən ayrılmazdır. Təsadüfi deyildir ki, böyük adamların hamısı fiziki əməyi və hərəkəti yüksək qiymətləndiriblər.
Havadan asılmış kəndir üzərində addımlayan ekvilibristin hərəkətlərini heyrət və həsəd hissi ilə izləyirik, lakin nədənsə özümüzün müvazinəti saxlamaq qabiliyyətimiz bizi təəccübləndirmir. Heç düşünmürük ki, nə üçün yeriyərkən yıxılmırıq? Halbuki bunun səbəbi var.. 300-ə yaxın böyük və kiçik əzələ insan skeletinin bir-biri ilə müəyyən vəziyyətdə qovuşmuş sümüklərini hərəkət zamanı möhkəm saxlamaq vəzifəsini yerinə yetirir. Bu zaman əzələlərin hər biri müəyyən qüvvə ilə yığılıb-açılır. Hətta bir addım irəli atmaq kimi sadə görünən bir hərəkətdə 5-dən çox əzələ iştirak edir. Onlar lazımi anda yığılır və ya açılır.
Əzələləri inkişaf etdirmək və möhkəmləndirmək üçün bədən tərbiyəsi ən güclü vasitədir. Güləşçilərin və ağırlıq qaldıranların sanki əzələlərdən yonulmuş sinələrinə və qollarına diqqət yetirin. Onlar antik heykəllərə bənzəyirlər, elə deyilmi? Bu idmançıların bədən quruluşu çox əzəmətli və gözəldir.
Çoxdan bəri müşahidə olunmuşdur ki, hər bir fiziki iş, o cümlədən də yeriş insanın davranışını və xasiyyətini bu və ya başqa dərəcədə əks etdirir. Dəqiq və inamlı addımlarla yeriyən adam barəsində dərhal demək olar ki, o, hərbi təlim görmüşdür. Avara adam küçədə tənbəl-tənbəl, yırğalana-yırğalana yeriyir. Birinin çiyinləri və başı aşağı əyilir, ayaqları dizdən bükülür və onlar sanki yer eşir. Digərinin qaməti düzdür, başı dik vəziyyətdədir, sinəsi qabarıqdır, qarnı tarım çəkilmişdir. İkinci oğlanın nə üçün belə şux göründüyünü anlamaq üçün düşünməyə ehtiyac yoxdur, o, kiçik yaşlarından bədən tərbiyəsi ilə məşğul olur!
Əziz dost, sən özün idmanı sevirsənmi? Bu məqalədə verilən məsləhətlərə əməl edirsənmi?
Yəqin ki, «Kütləvi idman nə deməkdir?»məqaləsini oxuyub başa çatdıqdan sonra bütün bunlar haqqında düşünəcəksən