I DÜNYA MÜHARİBƏSİ: ANTANTA DÖVLƏTLƏRİNİN TÜRKİYƏ  SİYASƏTİNDƏ ERMƏNİ MƏSƏLƏSİ 

I DÜNYA MÜHARİBƏSİ: ANTANTA DÖVLƏTLƏRİNİN TÜRKİYƏ  SİYASƏTİNDƏ ERMƏNİ MƏSƏLƏSİ 

Qafqazın işğalı

 

Birinci dünya müharibəsinin əvvəlində türk ordusunu dəyərincə qiymətləndirə bilmədiklərini müttəfiqlər Çanaqqala məğlubiyyətindən sonra dərk edə bilmişdilər. Müttəfiqlərin Rusiyaya kömək etməmələri nəticəsində təklənmiş Çar Rusiyasının çətin vəziyyətə düşməsinin və inqilabın (Oktyabr inqilabı) müvəffəqiyyətinin əsas səbəbi müttəfiqlərin Çanaqqaladakı məğlubiyyəti olmuşdur. 

İnqilab nəticəsində Rusiyanın qərb cəbhəsində yerləşmiş ordusunda başlayan pozuculuq Qafqaz cəbhəsində də özünü göstərmiş, cəbhədəki rus qüvvələri tutduğu yerləri erməni və gürcü qüvvələrinin ixtiyarına buraxaraq, geri çəkilmişdilər. 

Bu zaman erməni birliklərinin işğal etdikləri şəhər, qəsəbə və kəndlərdəki türk əhalisinə etdikləri zülm, törətdikləri qırğınlar və insanlıqdan kənar vəhşiliklər haqqında bu gün belə həyəcansız yaza bilmək, oxuya bilmək mümkün deyildir. 

Tarixi məlumatlar ermənilərin onlara vəd edilən bölgədə müstəqil Ermənistan dövlətini qurmaq üçün bölgədəki müsəlmanları tamamilə məhv etmək məqsədini güddüklərini aşkar edir. 

Rusiya (RSFSR, - redaksiyadan) Xalq Komissarları Soveti də 13 yanvar 1918-ci ildə Türkiyədə qurulacaq erməni dövləti haqqında qərar vermişdi. 

Üç türk korpusu bu qərarın həyata keçirilməsinə mane olmaq üçün sürətlə hərəkətə keçmişdi. 13 fevral 1918-ci ildə, Ərzincan azad edildiyi zaman türk əsgərləri dünya tarixində görünməmiş mənfur bir vəhşiliyin şahidi olmuşdular. Sağ qalmış çox az sayda türk qadın, uşaq və qocalarını yandırmaq üçün evlərə doldurmuş, lakin türk ordusunun qışa, qara, ermənilərin güclü müqavimətinə baxmayaraq sürətlə irəliləyərək şəhəri almaları üzündən, ermənilər bu vəhşiliyi həyata keçirməyə macal tapmayaraq qaçmışdılar. 

Türk qüvvələri tərəfindən əsir götürülmüş ərzincanlı bir erməni Tiqran Papazyan: «3-5 gün də keçsəydi, komitələrin aldıqları göstərişə əsasən Ərzincanı tamamilə yandırıb, bütün müsəlmanları və əsir əsgərləri öldürəcəklərini, lakin buna vaxt tapmadıqlarını» soyuqqanlıqla etiraf etmişdi. 

Papazyanın bu etirafı yalandır. Çünki komitəçilər bu istəklərini geniş miqyasda həyata keçirmişdilər.Türk ordusu Ərzincana girdiyi zaman sağ qalan türklərin sayı çox az idi. 

Rus podpolkovniki Tverdoxlebov öz məlumatından:

«Ərzincandan Ərzuruma çəkilməkdə olan erməni bandaları yollardakı bütün müsəlman kəndlərini və sakinlərini məhv etmişlər…

Ermənilər Ərzincanın xariclə əlaqə imkanlarını bütünlüklə kəsmiş və bundan sonra böyük sayda əhalini evlərində yandırmışlar…

Digərləri kilsəyə doldurularaq yandırılmışdı. Bundan başqa, bombalarla yeni cümə məscidini və bələdiyyə binasını uçurtmuşlar. Ərzincan ərazisində ermənilər 500 müsəlmanı əl və ayaqlarını bağlayaraq öldürmüşlər» deyərək həqiqəti söyləmişdi. 

3 mart 1918-ci ildə ruslarla bağlanmış Brest-Litovsk sazişinə əsasən, 1877-ci il müharibəsində zərərin ödənişi kimi Rusiyaya verilən şərq vilayətləri Türkiyəyə qaytarılacaq, hüdudlarda, bölgədə yaşayan xalqın arzusuna görə plebisit təyin ediləcəkdi. Lakin rus inqilabından sonra Qafqazda qurulan Federativ Qafqaz dövləti Brest-Litovsk sazişini qəbul etmədi, Osmanlı dövləti isə bu sazişə görə Qars-Ərdəhan və Batumun dərhal azad edilməsini tələb etdi. 

Hər iki tərəfin nümayəndələri Trabzonda toplandılar. Türk ordusunun belə sürətli hərəkəti qarşısında general Andronikin komandanlığındakı erməni qüvvələri şərq bölgəsində yaşayan türk əhalisini öldürərək, plebisitdə onların çoxluq təşkil etməməsi üçün əllərindən gələni edirdilər. 

Lakin türk ordusu da irəlilədikcə əllərinə keçən silah, sursat, qida və geyim ehtiyatlarından istifadə edərək hərəkəti daha da sürətləndirmiş və 11 martda İlıcanı, 22 martda Ərzurumu azad etmişdi. Sovet hökuməti Brest-Litovsk sazişini qəbul etmişdi. 

Türk ordusunun hərbi əməliyyatları davam etmiş, 2 apreldə Batum, 3 apreldə Sarıqamış, 25 apreldə Qars azad edilmişdi. 15 mayda Gümrü azad edildikdən sonra ermənilər sülh müqaviləsi bağlayaraq, İrəvan və Eçmiədzinin türk qüvvələri tərəfindən işğalının qarşısını aldılar. 

13 apreldə Federativ Qafqaz dövləti ruslardan ayrılmış, 27 aprel 1918-ci ildə Xalq Komissarları Soveti Lenin və Stalinin imzası ilə yeni bir qərar çıxararaq İstanbulun ruslara verilməsi və Türkiyədə Ermənistan dövlətinin qurulması haqqındakı saziş və qərarı qüvvədən düşmüş hesab etdiklərini bildirməklə, Rusiya müsəlmanlarını həmrəyliyə çağırmışdılar. 

11 may 1918-ci ildə Osmanlı dövləti və Federativ Qafqaz dövləti nümayəndələri Batumda görüşdülər. Lakin bu dövləti təşkil edən millətlərin bir-birilə yaxınlıqları mümkün deyildi. Belə ki, 26 mayda Gürcüstan, 28 mayda Azərbaycan və Ermənistan müstəqilliklərini elan edərək, demokratik cümhuriyyət oldular. 

Ermənilərə Göyçə gölü ətrafında 10.000 km 2 –lik ərazi verilməsi şərtilə, 3 iyun 1918-ci ildə Batum müqaviləsi imzalandı. 

Bundan sonra Qafqazı işğal edən ingilis qüvvələrilə müharibə başlamışdı. Türk qüvvələri 12 iyunda Xoy, 31 iyulda Urmiya, 18 avqustda Təbriz və 15 sentyabrda Bakını azad etmişdi. 

Lakin müharibənin əleyhimizə olan başlıca səbəbləri və müttəfiqlərimizin sülh tələbi qarşısında 30 oktyabr 1918-ci ildə Mudros sülh müqaviləsi imzalanmışdı. 

Bu sülh müqaviləsinin tələblərinə əsasən türk ordusuna əvvəlcə İranı, daha sonra Qafqazı tərk etməsi və 1914-cü il sərhədlərinə çəkilməsi əmri verilmişdi.