Ömrünü idmana həsr edən pedaqoq

Ömrünü idmana həsr edən pedaqoq


Dilqəm Qasım oğlu Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. 1958-1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. Dilqəm müəllim əmək fəaliyyətinə 1967-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhləliklə başlayıb.
Hərbi xidmətini 1968-1970-ci illərdə Lipetski şəhərində keçib.
D.Quliyev beşnövçülük üzrə idman ustası normasını 1970-ci ildə yerinə yetirib, 1972-ci ildən isə sərbəst güləş üzrə idman ustasıdır. Həmin il Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1973-74-cü illərdə Naxçıvan MR Şərur Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışıb. 1972-1974-cü illərdə əvəzçilik üzrə Naxçıvan MR «Spartak» Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
1978-ci ildə təyinatla həmin institutun «Güləş və onun metodikası» kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu) dissertantı olub.
1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim vəzifəsində çalışıb. 1991-2001-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tərbiyə işləri üzrə prorektoru, 2001-ci ildən indiyədək isə idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı, məşqçilik fəaliyyətini də davam etdirib.
1994-cü ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısı adlarına layiq görülüb.
2004-cü ildən Azərbaycan Milli Ensikilopediyasının Bədən Tərbiyəsi və İdman bölməsinin tərtibçisidir.
2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sədr müavinidir.
Pedaqoji elmlər namizədi, əməkdar məşqçidir. AAK-ın qərarı ilə 1996-cı ildə dosent, 2004-cü ildə isə professor adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2001-ci ildə «Tərəqqi» medalına, 2006-cı ildə isə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adına layiq görülüb. Azərbaycan Olimpiya Akademiyasının "Kütləvi İdman” bölməsinin sədri, ADBTİA-nin «İdmançı» qəzetinin baş redaktorudur.
Dilqəm Quliyev 2017-ci il noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki BD.02.061 Dissertasiya Şurasının iclasında "Azərbaycan Respublikasinda müstəqillik dövründə bədən tərbiyəsi və idmanin inkişaf istiqamətləri” (1991-2015-ci illər) (5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2017-ci il fevralın 6-da 38 №-li Ali Attestasiya Komissiyasının əmri əsasında, 12 iyun 2017-ci ildə ADPU-nun nəzdində elmlər doktoru elmi dərəcəsi almaq üçün semnardan keçib. 2018-ci il 4 iyulda AAK tərəfindən pedaqogika üzrə elmlər doktoruluk diplomu təsdiq olunub.
Dilqəm Quliyevin indiyədək 300-ə yaxın əsəri və 300-dən yuxarı elmi-pedaqoji və publisistik məqalələri (86 kitab, 3 dərslik, 24 monoqrafiya, 7 dərs vəsaiti, 7 tədris vəsaiti, 21 metodik vəsait, 10 metodiki göstəriş, 3 metodiki tövsiyə, 29 jurnal məqaləsi, 2 dərslik məqaləsi; 1 proqram) çap olunub.
O, idman və vətənpərvərlik mövzusunda bir sıra kitabların, o cümlədən, «Şəhid idmançılar», «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi», «XX əsrin qan yaddaşı», "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili”, "İlqar İsmayılovun şəhidlik zirvəsi”, "Azərbaycan ulduzları Olimpiya Oyunlarında», «Bədən tərbiyəsi və idmana dövlət qayğısı», «Azərbaycanda cüdo», «Azərbaycan idmanının dünəni və bu günü», "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu”, "Azərbaycanın ustad pəhləvanları”, "Helsinkidən başlayan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və digər kitabların müəllifidir.
Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə «İlin ən yaxşı tədqiqatçı jurnalisti», 2007, 2008, 2009 və 2010-cu illərin ən yaxşı "İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülüb. Müxtəlif illərdə "Azərbaycan komsomolu”nun fəxri fərmanı, "ÜİLKGİ MK"nın fəxri fərmanı və döş nişanı, "General Həzi Aslanov” adına fəxri fərman, "Kamil sənətkar” fəxri diplomu, "İnam və Şərəf” diplomu, "Azərbaycan bayrağı” mükafatı, "Nurlu qələm ustası”, «Qızıl qələm» media mükafatı və digər mükafatlara layiq görülüb.
Pedaqogika üzrə fəlsəfə elməri doktoru, professor Dilqəm Quliyev Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvüdür.
Avqustun 6-da Pedaqogika elmlər doktoru, professor Dilqəm Quliyevin 69 yaşı tamam olur. Tanınmış mütəxəssisi ad günü münasibəti ilə təbrik edir, ona cansağlığı və işlərində müvəfəqiyyət arzulayırıq.