100 ilin zirvəsində

100 ilin zirvəsində


Adi günlərdən biridir. Metro stansiyasından çıxaraq əzəmətli Bakı Dövlət Universitetinin Gəncənin qoşa qala qapılarını xatırladan darvazasına doğru addımlayıram. Dörd-beş mühafizə əməkdaşı içəri girənlərdən vəsiqə tələb edir: "Vəsiqələri göstərin”, "Hər kəs tələbə biletini təqdim etsin”...Mən də tələbə biletimi orta yaşlı mühafizə əməkdaşına göstərirəm. Təbəssümlə "Artıq səni tanıyırıq, keç”, deyir. Əlbəttə, mən də onları tanıyıram. Hər halda dörd ildir ki, bir-birimizi görürük. Dərsimin 13:50-də başlamasına baxmayaraq, xeyli tez gəlmişəm. Telefonumdakı elektron saata baxıram, hələ saat yarım vaxtım var. Universitetin həyətində gəzməyə başlayıram. Uzaqdan şux qaməti ilə mənə doğru gələn mülki müdafiə və həyat təhlükəsizliyi kafedrasının müəllimi Vasif Piriyevi görürəm. Görüşürük. Adəti üzrə "Cavan oğlan, necəsən?” deyə soruşur. İllər keçsə də, müəllimlərimiz heç dəyişməyiblər. Eyni səmimilik, eyni sadəlik...

Birinci və ikinci kursda oxuyanda dərslərdən sonra həmişə universitetin həyətindəki "Pepsi” adlı kafeyə gedərdik. Burada səmimi söhbətlər edər, bir çayniki iyirmi qəpiyə olan çayla sanki yorğunluğumuzu çıxarardıq. Ancaq, əlbəttə, əsas məsələ çay yox, məhz elə həmin söhbətlər idi. Sonradan buranın adı dəyişildi, ardınca isə kafe ləğv edildi. İndi həmin ərazidən keçəndə istər-istəməz köhnə xatirələr yadıma düşdü və xeyli mütəəssir oldum. Təkcə mənim üçün yox, bütün tələbələr üçün ən doğma məkanlardan biri idi, yəqin ki, bu kafe.
Universitetin əsas tədris binasında məşhur bir tələbə yeməkxanası var. Amma, vallah, daha çox restorana oxşayır. Kifayət qədər böyükdür. Bir çox hallarda burada yer tapmaq da müşkül məsələyə çevrilir. Həmişəki kimi yenə də içəridə xeyli tələbə var. Düz beş dəqiqəlik axtarışdan sonra, nəhayət ki, boş bir masa tapa bilirəm və bir stəkan çay alıb otururam. Adətən, ad günlərini burada keçirərdik. O qədər çox xərcimiz də çıxmazdı. 10-15 stəkan çay, bir də balaca tort. Axı tələbənin, necə deyərlər, gücü ancaq aldığı təqaüdə çatır. Masa kasıb olsa da, özümüz o qədər bəxtiyar idik ki. Çünki qayğısızdıq. Yeganə problemimiz ilk dərsə gecikməmək təlaşı, bir də bəzən seminarlara yaxşı, daha doğrusu, müəllimin tələb etdiyi səviyyədə cavab verməmək qorxusu idi. Bu düşüncələrlə çayımı içərkən yan masadan bir nəfər tələbə yaxınlaşdı. Hiss olunur ki, birinci kursdur: "Bağışlayın, biz burda ad günü keçirəcəyik. Stul çatışmır. Sizin masadan götürə bilərik?”. Təbəssümlə başımı tərpədərək razılığımı bildirirəm. İki-üç dəqiqədən sonra həmin tələbə əlində plastik boşqaba qoyulmuş bir dilim tortla gəlir: "Buyurun, bu da sizin”, - deyir. Nədənsə, bu tələbə yeməkxanasında kəsilən tortlar həmişə dadlı olur. Tortu yedikdən sonra buradan çıxıram. Nədənsə mənə elə gəlir ki, bu böyük yeməkxanada tək oturmaq elə də yaxşı deyil.
Universitetimizin muzeyinə gedirəm. İlk dəfə birinci kursda oxuyanda üç tələbə yoldaşımla birlikdə gəlmişdim bura. Bu, ikinci gəlişimdir və yəqin ki, bəlkə də sonuncudur. Doğrudur, muzey o qədər də böyük deyil. Lakin burada təkcə universitetin yox, eləcə də, bütünlüklə Azərbaycanın tarixini özündə əks etdirən eksponatlar var.
Ardınca kitabxanalara yollanıram. Vaxtı ilə o qədər dərslik və dərs vəsaiti götürmüşük ki bu kitabxanalardan. Heç vaxt əliboş qayıtmamışam. Bəzən mənə elə gəlir ki, burada axtardığın bütün kitablar var. Kimi kitabları götürüb evdə oxuyur, kimi də ali məktəbin oxu zalında. "Oxu zalı” demişkən, burada da cəmi bir dəfə olmuşam indiyə kimi. Qrup yoldaşımla birgə gedib mülki müdafiə fənninin fərdi işlərini yazırdıq. Nə az, nə çox, 15 səhifə yazmışdıq. Çox yorulmuşduq. İndi daha çox-40, 50 səhifə yazmağa razıyam. Bircə qoynuna sığındığım bu qocaman universitetdən ayrılmaq vaxtı çatmayaydı...

Saatıma baxıram. Artıq dərsin başlamasına az qalıb. Ləngimədən təhsil aldığım fakültənin yerləşdiyi tədris binasına tərəf irəliləyirəm. Qəfildən bir səs eşidirəm: "Salam, necəsən, bala?”. Üzümü çevirirəm ki, ilk müəllimlərimizdən biri olan, filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılovadır. Onu görüb sevinirəm. Dərslərimlə maraqlanır. Her şeyin qaydasında olduğunu, artıq məzun olmağa hazırlaşdığımı deyirəm. Xeyir-dua verir və ayrılırıq. Həqiqətən, ötən illər ərzində o, ən yaddaqalan müəllimlərimizdən biri idi. İndi təsadüfən onu görməyim birinci kurs xatirələrimi yadıma salır. İlk vaxtlar bu böyük universitet həyəti, işıqlı dəhlizlər bizə necə də yad idi... Sürətlə oxunulan mühazirələrə, on ballıq qiymətləndirmə sisteminə öyrəşə bilmirdik. Orta məktəb üçün darıxırdıq. Lakin indi mənə elə gəlir ki, 100 ildir buradayam. Bəlkə də, gəncliyimin və bütövlükdə ömrümün ən gözəl xatirələri bu ali təhsil müəssisəsinə bağlıdır. Vaxt necə gəldi, necə keçdi bilmədim. Sanki dünən qəbul imtahanı verirdim. İndi isə artıq məzun olmaq ərəfəsindəyəm. O qədər hadisə olub ki, ötən illər ərzində. Yazsam, kitab olar. Bəlkə də, nə vaxtsa yazaram. Kitabın adını da elə "Mənim universitetim” qoyaram. Bu düşüncələrlə binaya daxil olur, gənc mühafizə işçisinə "Sabahınız xeyir” deyir və pillələrlə üçüncü mərtəbəyə qalxıram. Budur, göy fonda "Jurnalistika” yazılan banerlə üzbəüzəm. "Jurnalistika”- 11 hərfli bu söz həyatımın mərkəzindədir. Yəqin ki, həmişə də belə olacaq. Ötən illər ərzində müəllimlərim-dekanımız Vüqar Zifəroğlu, professor Cahangir Məmmədli, dosentlər Zaur Babayev, Rəhilə Kəsəmənli, Sima Rəhimova və digərlərindən öyrəndiklərim bunu deməyə əsas verir. Həm də ən böyük uğurlarım, ən xoş xatirələrim seçdiyim ixtisas, nəzəriyyəsinə və təcrübəsinə yiyələndiyim bu peşə ilə bağlıdır. Dəhlizdə dayanıb zəngin vurulmasını gözləyəndə fakültəmizin ən yaşlı və özünün səmimiliyi ilə fərqlənən müəllimlərindən, dosent Mahmud Mahmudovu görürəm. Zarafatla "Ay Kənan, sən məndən çox fakültədə olursan. Ne tez gəlmisən”-deyir. Qeyri-müəyyən cavab verirəm: "Çünki getməyə az qalıb...”
Dərsin başlanmasına işarə edən zəng vurulan kimi auditoriyaya daxil oluram. Hələ birinci kursdan tanıdığım professor Allahverdi müəllimin-Allahverdi Məmmədlinin dərsidir. Dərs həmişəki kimi maraqlı, müzakirələrlə zəngin oldu. Ardınca da digər fənnin-online medianın seminarı başlayır. Dərs bitəndən sonra fakültəni tərk etməyə, evə getməyə hazırlaşıram. Havanı müəyyənləşdirmək üçün auditoriyanın pəncərəsindən bayıra boylananda yenə keçmiş müəllimlərimizdən birini - filoloq, professor Ramiz Əskəri görürəm. Kiminləsə qızğın müzakirələr aparır. Bəlkə də, elə Türk ədəbiyyatından danışır. Axı o, görkəmli türkoloqdur.
Qaranlıq dəhliz, demək olar ki, səssizdir. Sadəcə açılıb- bağlanan qapıların cırıltısı səssizliyi pozur. Tələsmədən aşağı düşürəm. Həyətə çıxanda bir anlıq çevrilib arxaya baxıram. Universitet binası o qədər nəhəng görünür ki. Sanki məni kölgəsində saxlayır, müdafiə edir. İri hərflərlə yazılan "Bakı Dövlət Universiteti” sözlərini dəfələrlə oxuyuram. Qeyri-iradi gülümsəyir və öz- özümə pıçıldayıram: "Universitetimin 100 yaşı tamam olur. Mən isə məzun olmağa, bu doğma məkanla vidalaşmağa hazırlaşıram.” Bilmirəm, onun bir əsrlik yubileyinə sevinim, ya daha BDU ilə yolumuz kəsişməyəcəyinə görə kədərlənim. Bir anlıq çox möhkəm külək əsdi və mənə elə gəldi ki, qarşısında dayandığım bina canlı imiş kimi, hərəkət edərək məni küləkdən qorudu. Geridə çətin, enişli-yoxuşlu və fərəhli bir 100 illik tarix qoyanda belə olur, yəqin. Daş-divar belə, hərəkətlənir, hətta, bəlkə də, danışır, eşidir. Kaş mənim ona olan ehtiramımı, sevgimi də hiss edə. Bir də ki, axı adi daş-divar deyil. Neçə tarixi hadisənin, o cümlədən Azərbaycanın müstəqillik qazanmasının şahididir. Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır. Müxtəlif zamanlarda xalqımıza, millətimizə Məhəmməd Əmin Rəsulzadə kimi yüzlərlə şəxsiyyət bəxş edən təhsil müəssisəsidir. Yəni bütöv bir Azərbaycan, bütöv bir vətəndir Bakı Dövlət Universiteti. Hər daşında, həyətindəki hər ağacında, hər fakültəsində hiss olunur bu. Ola bilsin, elə bu səbəbdən də mənə belə əziz, doğma gəlir. Allah bu təhsil ocağının əsasını qoyanlara qəni- qəni rəhmət etsin. O qədər böyük bir xəzinə bəxş ediblər ki, Azərbaycana, hətta bütün Qafqaza və bəlkə də, dünyaya. Sevindiricidir ki, buranın məzunları arasında ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyət, yüzlərlə, minlərlə görkəmli alim var.
Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən BDU 100 illik yubileyi ərəfəsindədir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunub. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanıb.
BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib. Sərəncamda ali təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun qarşısında duran missiya, inkişaf hədəfləri də öz əksini tapıb.
BDU-da təhsil alan tələbələrin sayının ildən-ilə artması da birbaşa olaraq onun beynəlxalq aləmdə əldə etdiyi uğurlarla bağlıdır.
Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin həmyaşıdı, böyük tarixi şəxsiyyətlərin bizdən əvvəlkilərə, bizə və gələcək nəsillərə qoyub getdikləri ən böyük mirasdır. İndi burada təhsil alan gənclər, o cümlədən xarici tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin misilsiz xəzinəsi ilə tanış olduqlarına görə sevinirlər.
Bakı Dövlət Universiteti ötən illər ərzində çox çətin, lakin şərəfli bir yol keçib və nəhayət, zirvəyə çatıb-100 ilin zirvəsinə! Elə bir zirvə ki, buradan Azərbaycanın 1919-cu ildən bu günə kimi olan tarixi açıq- aydın görünür. Elə bir zirvə ki, fərqli vaxtlarda bu müqəddəs təhsil ocağı ilə yolu kəsişən hər kəs-istər müəllimlər, istərsə də tələbələr buranın məzunu olmuş ümumilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” sözlərini fərəhlə yada salaraq qürur duyurlar.


Kənan Novruzov,
"Olimpiya dünyası” qəzetinin əməkdaşı

Bakı Dövlət Universitetinin "100 ilin zirvəsində”
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.