ÖMÜRLÜK CƏZA ALANIN YUXULARI

ÖMÜRLÜK CƏZA ALANIN YUXULARI

 Ömürlük cəzaya məhkum ediləndə onun qırx yaşı yenicə tamam olmuşdu. Artıq üstündən xeyli vaxt keçmişdi. Həmişə hesab edirki ki, ədalətli cəza alıb. Eyni zamanda ağır günahların altına girdiyini də anlayırdı. İlk vaxtlar psixoloji sarsıntılar keçirsə də, sonralar cəzaçəkmə müəssisəsinin daimi sakini olması ilə barışdı. Qarşıda onu naməlum, sıxıntılarla dolu üzücü bir həyat gözlədiyini başa düşürdü. Ömürlük cəza alanın ən kiçik ümidləri belə ölür. Arabir qəlbinin dərinliklərində özünü qınasa da, artıq iş-işdən keçmişdi. Məhbəs həyatının acı günlərini ömrünün axırına qədər yaşamalı idi. Gələcəklə bağlı isə heç düşünmək belə istəmirdi. Ona elə gəlirdi ki, ömürlük cəza alanlar heç nə haqqında düşünməsələr, daha yaxşıdır. Axı, belələrinin sanki duyğuları da ölür.

   Zaman isə öz işindəydi. Hər ömür bir insan taleyinin içində əriyib gedir. O, artıq dəyişmişdi. Peşmançılıq hissləri onu daha çox əzməyə başlamışdı. Görəsən, niyə insanlar ağılsız başlarının, dayaz düşüncələrinin ucbatından belə bir ömürə məhkum edirlər özlərini...

   Hərdən uzaqlara dikilən gözləri dolurdu. Uşaqlığı Xəzərin sahillərində keçdiyindən dənizi çox sevirdi. Dənizin kükrəyib coşması, dalğaların bir-birini qova-qova hündürlüyə qalxaraq sahilə hücum çəkməsi, xəzri küləklərinin dənizin suyunun dəyişməsinə səbəb olması, narın qumlu çimərliklər tez-tez yadına düşürdü. Ötən çağları, Bakı Dövlət Universitetində keçirdiyi tələbəlik illərini xatırlayaraq fikrə dalardı.

Keçmişdə qalan gözəl günlərini, qəlbinin künc-bucağında saxladığı əziz xatirələri yada salıb kövrəlirdi. Göz yaşlarının sözünə baxmadığı anlar da olurdu. Bəlkə də yaşa dolmağından irəli gəlirdi. İnsan ömrünün, ruhi-psixoloji sarsıntılar keçirənin elə dönəmləri olur ki, bunları etiraf etmək, kimlərləsə bölüşmək istəyir. Elə cəzaçəkmə müəssisələrində də həmçinin. Lakin o, yenə də inadla heç kimə heç nə demirdi. Axı, o, azadlığa çıxması üçün başqaları kimi müddətini, vaxtını gözləmir, günlərini saymırdı. Onun evi artıq çoxdan bura idi. Heç bir gözləntisi də ola bilməzdi. Həyatı qismətinə yazılmış bu yerlərdə sona qədər davam etməliydi. Onun üçün gerçək dünya elə axıra qədər buralar olacaqdı. Cəza çəkənlər təsəllilərlə, ümidlərlə yaşayır, səbirsizliklə vaxtlarının bitməsini gözləyirlər. Ancaq bütün bu məsələlər onluq deyildi...

   Son dövrlər tez-tez qarmaqarışıq, əcayıb yuxular görür, səksəkə, təlaş içində diksinib ayılırdı. Dünyanın çox işləri gəlib dolardı yuxularına. Əslində yuxulara ehtiyacı yox idi. Sanki gördükləri bütün bu qəribəliklər özləri tapırdı onu. Yuxulara inanan vaxtları da deyildi. Amma ürəyində heç zaman mümkün olmayacaq bir istək gəzdirirdi: azadlıqda ölmək. Bu fikirlərlə yatıb ayıldığı vaxtlar da olurdu. Lakin yuxular da gücsüz idi. Bu aldadıcı görüntülər heç nəyi dəyişə bilməzdi. Başqalarından fərqli olaraq onun yuxuları yozula bilməzdi. Acılı-şirinli olmasının da ona heç bir aidiyyəti yox idi. Cəzaçəkənlərin bəziləri yozumlara ümid bağlaya bilərdi. O isə yox. Həyatı xəyallıq deyildi. Bu zalım həyatın ona bəxş etdiyi taleyinin qarşısında hər şey aciz idi. Nə etmək olardı... Ömrü sona yetəndə, yuxular da bitəcək. Ona görə də çalışırdı ki, əhəmiyyət verməsin, heç xatırlamasın gördüklərini... Buna nail ola bilmədikdə, özünü danlayırdı: "Nə yapışmısan bu yuxulardan. Birdəfəlik anla ki, digərlərindən fərqli olaraq heç arzularında da yola, səfərə çıxa bilməzsən. Hər kəs xəyallarında öz gələcək dünyasına uça bilər, səndən başqa. Əslinə qalsa, sənin yuxularının rəngi də birdir. Yox, yox! Daha bəsdir, bu mənasız istəklər barədə fikirləşdin... Nə axtarmağa yollanırsan bu gecə-gündüz gördüklərində? Axı, nə?!”

   Nəhayət, bir dəfə o, dini tələblərə əməl edən məhbusla bölüşməli oldu. Qısa müddət ərzində onların yaxşı münasibətləri yaranmışdı.

- Ömürlük cəza almışamsa, deməli Allah qarşısında günahlarım böyükdür. Amma yaxşı ki, günahlarımın cəzasını elə bu dünyada çəkirəm. Ölümdən qorxmuram. Ancaq burada ölmək istəməzdim. Bir də ömrümün dəyərsizliyinə təəssüflənirəm. Artıq yaş da öz işini görür. Buradakı həyat məni özümdən alıb tamam başqa bir adama çevirib. İndi məni həyata bağlayan heç nə yoxdur. Sanki gərəksiz bir əşya kimi qırağa atılmışam. Elə bil yaşamaqdan yorulmuşam. Amma dünya hələ ki, məndən bezməyib. Bəlkə də bezib, xəbərim yoxdur. Yəqin ki, çox yaşadım. Deyəsən, ölüm də məndən gen gəzir, məni axtarmır. Bəlkə də yaddan çıxarıb, yadına düşmürəm, yəqin. Heç nəyi də gözləmirəm, ölümümdən başqa. Mən hər şeydən əlini üzmüş birisiyəm. Vaxtıma nə qədər qalıb, bilmirəm, - deyə, bir qədər də yuxularından danışıb öz aləminə qapıldı.

   Onu fikirlərdən dindar həmsöhbətinin səsi ayırdı:

-Bütün hallarda ömür bizdən asılı olmadan verilən bir paydır. Biz bu payı necə gəldi yaşayarkən hansı günahlara batdığımızın fərqinə varmırıq. İnsan yaşlaşdıqça, bunu daha yaxşı anlayır. Ömür yolu hər kəsin yalnız özünə məxsusdur. Elə ömür yolumuz da gətirib bizi bura salıb. Ancaq ümid həmişə var. Bunu yaddan çıxarma. Bu dünyanın işlərini bilmək olmur. Belə deyirlər ki, son ümid qığılcımı qalana qədər yaşamaq, azadlıq inamı qalır. Heç sabahları görünməyən həyatın müxtəlif sürprizləri də bilinmir. İnsan bu dünyanın ağrı-acısına, böyük sınaqlarına, kədərlərinə məhkumdur. Həyatın yazılmış-yazılmamış qanunları insanı daim izləməkdədir. Çünki bütün sirrlər yalnız Tanrıya məxsusdur. O ki qaldı yuxulara... İnsanın ömrü bir yuxu kimidir. Yuxular isə həyatın reallıqlarından doğur. Bunu da məşhur Freyd deyib. Məsləhət görürəm ki, onun haqqındakı kitabı oxuyasan. Freyd haqlı olaraq yuxulara heç də əhəmiyyətsiz bir şey kimi baxmayıb.

   İllər keçdi. Buradakı kitabların çoxunu oxuyub qurtarmışdı. O cümlədən Freydi də. Altmış yaşdan sonra artıq səhhətindəki problemlər də onu tez-tez narahat edirdi. Psixoloji cəhətdən tarazlığını da itirmək üzrə idi. Daim gözlərinin dərinliyinə kədər çökürdü. Özünə daha çox qapanır, pis yatırdı. Əlbəttə, azadlığını əbədi itirən bir adam üçün belə psixoloji durum heç də təəccüblü deyildi. Həm də ki, yaşı da daha o yaş deyildi. Altmış beşi haqlamışdı. O, özünü canlı ölü sayırdı. Hissiz, duyğusuz kabus kimi gəzib-dolaşırdı. Başa düşürdü ki, aldığı cəza taleyinin üzərindən birdəfəlik qara bir xətt çəkib.

   Elə bu ərəfədə hamı dünyanı bürümüş koronavirusdan danışmağa başladı. Gündəlik xoşagəlməz xəbərlər bir-birini əvəz edirdi. Cəzaçəkmə müəssisəsində də qabaqlayıcı zəruri tədbirlər görülürdü. O, baş verənləri tam anlamasa da, digər məhbusların taleyi haqqında düşünür, koronavirus pandemiyası ilə bağlı məlumatları izləməyə çalışırdı. Eyni zamanda bədbin fikirlər yenə də onu tərk etmirdi. "Həqiqətən gələn günlərin özü ilə nələri gətirəcəyini heç birimiz bilmirik. Dünyanın sonunu nahaq yerə gözləyirik. Elə dünyanın sonudur, artıq deyəsən... Bəlkə də qiyamət yaxındadır. Bir tərəfdən də bu bəlanın gəlməsi yaxşı oldu. Deyirlər, yaşlı adamları daha tez yaxalayır. Tezliklə məni də aparar, beləcə canım qurtarar...”, - deyə həm də özünə bu cür təskinlik verirdi.

   Lakin, həyatın onun üçün bitdiyini zənn etdiyi bir vaxtda nadir hallarda gördüyü möcüzəli yuxulardan biri çin oldu. Respublika Prezidenti əfv sərəncamı verdi! O, qulaqlarına, gözlərinə inanmadı. Bəzi məhbuslarla bərabər o da bağışlanmışdı! İyirmi beş ildən sonra.. Ölkə başçısı ona qarşı böyük bir mərhəmət göstərmişdi. Bu, - humanizmin ən yüksək təzahürü idi!

   Bu xəbəri eşidəndə elə bil yerində dondu. Sanki nəfəsi də dayandı. Haçandan-haçana yaşla dolmuş gözlərini sildi. "İlahi, sən məni bu ucu-bucağı görünməyən əzablardan, sonu bilinməyən dəhşətlərdən xilas etdin”, - deyə pıçıldadı. Ətrafındakıların hamısı kövrəlmişdi. 

   ... Budur, o, cəzaçəkmə müəssisəsini tərk edir. Hamı sükuta qərq olmuşdu. Amma bu, başqa bir mənzərə idi. Arzuedilən, kövrək, təsirli... Qəhər onu boğduğundan susurdu. Vidalaşarkən nəsə demək istədi. Ancaq bacarmadı. Danışa bilmədi. Aramsız, hıçqırıqlı göz yaşları buna imkan vermədi...